Sultan bəy və silahdaşları...

 

Sultan bəyin anadan olmasının 140 illiyinə

 

Sultan bəy xalqı qarşısında gördüyü vətənpərvərlik işlərinə görə dəyərini 90 il öncə alıb və sözün həqiqi mənasında xalq qəhrəmanı hesab edilib, gələcəkdə də belə olacaq. Bununla yanaşı, o, dövlət səviyyəsində hələ də layiq olduğunun yolunu gözləyir.

Zəngəzurun, Laçının, Yuxarı Qarabağın və digər bölgələrimizin tarixini araşdıran, xeyli elmi kitabların, müxtəlif yazıların, ermənilərlə bağlı faciələrin araşdırıcısı kimi, eyni zamanda mənəvi haqqı olan bir vətəndaş kimi məsuliyyətlə deyə bilərəm ki, Sultan bəy irsinin araşdırılması, onun bu gün təbliği Azərbaycan üçün çox gərəklidir. Bu isə ən çox tarixi sənət və sübutlara söykənən dəlillərlə, təkcə xalqımıza deyil, bütün dünyaya çatdırılmalıdır. çünki xalqımızın, dövlətimizin və ictimaiyyətin buna böyük ehtiyacı var.

Sevindirici haldır ki, 29 yanvar 2011-ci il tarixdə Prezident Aparatının məsul əməkdaşı Rövşən müəllim və Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılovun rəhbərliyi ilə laçınlı ziyalıların, mətbuat işçilərinin, digər insanların, Sultan bəyin yaxın qohumlarının iştirakı ilə Sultan bəyin anadan olmasının 140 illiyinə həsr olunmuş ilk yığıncaq keçirildi, insanlar öz fikirlərini bölüşdülər.

Məlum oldu ki, tədbir və gələcəkdə görüləcək işlər ölkə rəhbərliyinin siyasi iradəsinin nəticəsidir.

Sultan bəyin əməyinin dəyərləndirilməsi üçün, mənim fikrimcə, onun əhatəsi, yaşadığı mühit və bölgə, keçdiyi yollar, göstərdiyi xidmətlər tarixi sənədlərə söykənən məlumatlar əsasında olmalıdır. Bu barədə kifayət qədər sənədlər var. Burada bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, onun qardaşı Xosrov bəyin keçdiyi yol, atası Paşa bəyin, İbrahim bəyin, Cəlil bəyin, xanımının qohumları olan dəyərli bəylərin xidmətləri ilə birlikdə aparılan araşdırmalar olmalıdır. Digər vacib məsələ Azərbaycan xalqının 300 illik qatı düşməni, Azərbaycanın əzəli torpaqlarında məskunlaşan, havasını udan, suyunu içən, çörəyini yeyən, bu xalqdan qayğı görən, lakin kürəyinə arxadan xəncər saplayan, qız-gəlinlərimizi əsir alan, döşlərini kəsən, gözünü çıxardan, dərisini soyan, diri-diri quyulara dolduran, məscidlərə yığıb yandıran, çılpaq kürəyə qaynar samovar bağlayan, körpələri nizəyə keçirən, parçalayan və s. insanlığa yad olam əməllər törədən ermənilərin hansı qüvvələrlə Sultan bəy və onun tərəfdarları ilə üzbə-üz gəlməsi məsələləridir.

Sultan bəyin böyüklüyünü təkcə 1918-ci il Zəngəzur hadisələri ilə məhdudlaşdırmaq olmaz. O, müxtəlif zamanlarda müxtəlif şəhər və kəndlərin əhalisinin müdafiəsində əvəzsiz xidmətlər göstərmiş şəxsdir.

Tarixi sənədlər, müxtəlif cür qeydə alınmış hadisələr, real həqiqətlər göstərir ki, ermənilərin istər Cənubi Azərbaycanın şəhər və kəndlərində, istər Şimali Azərbaycan torpaqlarında, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Naxçıvanda, Borçalıda, Dərbənd vilayətində, Zəngəzurda, Kür-Araz və Kars Demokratik Cümhuriyyəti torpaqlarında ermənilərə layiq olduqları cəzaları Sultan bəy səviyyəsində heç kim verməyib.

Budur Sultan bəy böyüklüyü!

Sultan bəy çox cavan yaşlarında da atası Paşa bəylə, Araflıdan olan İbrahim bəylə Şuşada, Yuxarı Qarabağda, Zəngəzurda, Laçın bölgəsinin həm Qərb, həm də Şərq hissəsində sərhəd kəndlərində erməni hücumlarına qarşı müdafiə işlərində fəallıq göstərib.

1902-1907-ci illər arasında demək olar ki, ermənilər Azərbaycanın hər yerində əhaliyə silahlı basqınlar edib, qırğınlar, dağıntılar törədiblər. Ruslar Rusiyanın özündə xüsusi mərkəzlər təşkil edir və burada erməni döyüş hazırlıqları keçir, silah-sursatdan və digər vasitələrdən istifadəni öyrənib Azərbaycana göndərilirdi.

Artıq 1904-cü ildə Bakıda, 1905-ci ildə İrəvanda, Naxçıvanda, Təbrizdə, Xorasanda, Şuşada, Şuşa ətrafı kəndlərdə, Tiflisdə, Gəncədə, 1905-ci ilin oktyabr ayında yenidən Bakıda, 1906-cı ildə Qarabağın Malıbəyli, Xankəndi, Qaybalı, Pirəmikidə, Xəlifəlidə, Paprəvənddə, Əsgəranda, Gülablıda, Abdalda, Qacarda, xüsusən də aşağı Zəngəzurda - onun Qarakimsə (Sisyan), Bağadü, Molla Əhmədlidə, Quşçuda, Fərəcanda, Əliyanlıda, 2-ci Fərəcanda, Qaragöldə, Hacılarda, Güləbirddə, Mığrıda, Mədəndə, Sadınlarda, Cicimlidə, Qarakimsədə, Ağbulaqda, Fərraşda, İrçəndə və s. yaşayış məntəqələrində ermənilər silahlı qırğınlar törədir, kəndləri yandırır, kəndlərin var-dövlətlərini talan edir, ələ keçən insanları insanlığa yaraşmayan üsullarla, yandırmaqla məhv edirdilər.

Sultan bəy bu "qaynar qazan"ın içində idi. Bu dövrlərdə yerli hakimiyyətin zəif olmasından, rusların ancaq müsəlmanları günahlandırması, silahsız və hətta silahdan istifadəni hamının bilməməsi çox faciələrə gətirib çıxarırdı. Zəngəzurun mərkəzi Gorusda isə hakimiyyəti təmsil edən azərbaycanlılar qovulmuş, oradakı müsəlman əhali məhv edilmişdi. Bu dövrlərdə insanlara ən böyük köməyi Mir Möhsüm Nəvvabın və digərlərinin yazdığına görə, Zəngəzurda, Şuşada, Laçında və Qarabağın bir çox yerlərində ermənilərə layiq olduqları cəzanı Laçının Araflı kəndindən olan İbrahim bəy Alməmməd bəy oğlu, Paşa bəy Murad oğlunun sərkərdəliyi ilə özlərinin yaratdığı dəstələr vermişdir. Təbii ki, bu döyüşlərdə Sultan bəy də arxa cəbhədə fəallıq edir, əlaqələndirici qismində iştirak edirdi. İbrahim bəyin başına isə ermənilər qiymət qoymuşdular.

 

***

 

Ümumilikdə, bir çox tarixi məqamlarda Laçın əhalisi arasından çıxmış xeyli sayda xalq qəhrəmanları olmuşdu. Bunlardan biri də Sultan bəyin dostluq etdiyi İbrahim bəydir. 1906-cı ilin iyul ayında Şuşada erməni-müsəlman davası zamanı şəhərin ermənilər tərəfindən mühafizəsini 1-ci yaran İbrahim bəy olmuşdur. Onun ardınca Sultan bəy şəhərə girmişdir (Mir Möhsüm Nəvvab).

Bu döyüşdə İbrahim bəy şəhid olaraq böyük hörmətlə xalq qəhrəmanı kimi Gövhər Ağa Məscidinin həyətində dəfn edilmişdir. Sultan bəylə Paşa bəy İbrahim bəyin rəhbərlik etdiyi igidləri öz dəstləri arasında yerbəyer edərək Şuşanı erməni qəsbkarlarından azad etmişlər. Paşa bəy bu və ya digər mübarizə meydanlarında vuruşa-vuruşa böyük sərkərdə və xalq qəhrəmanı səviyyəsinə yüksəlmişdir.

Nəvvab qeyd edir ki, "sonralar bu işə Paşa bəy və Sultan bəy də qoşulmuşlar, torpaq uğrunda böyük mübarizlik göstərmişlər (Yəni İbrahim bəy digər bəylərdən sonra)".

Sultan bəy atası Paşa bəyin və digər insanların söylədiklərindən də çox məlumatlı idi. Sultan bəyə yaxşı məlum idi ki, 1877-ci ildə ermənilər üçkilsədə (Eçmiədzində) pul kəsən maşın tapıb, 9 milyon qəlp əskinaz pul kəsdikdə, 48 yaşlı Cəbrayıl bəy (Zəngəzurun sultanı, Qarabağ qoşunlarının rəhbəri) dövlətə yardımçı olaraq, qəflətən tökülüb həmin pulları və çap maşınını müsadirə etməkdə, pulkəsənləri və kəsdirənləri tutub dövlətə təhvil verməkdə ad çıxarmışdır. Sultan bəy bölgədə gedən və əvvəllər törədilmiş erməni qırğınları, onların havadarları haqqında da məlumatlı idi.

1918-ci il yayın axırı və payızda erməni daşnağı, qulağı kəsik Andranikin qoşunları Cənubi və Şimali Azərbaycanın, Türkiyənin, Gürcüstanın bir çox yerlərində bacardığı qədər faciələr törətdikdən sonra öz qoşunlarını aşağı Zəngəzurda cəmləmişdi. Məqsədi Zəngəzurla Aran Qarabağı birləşdirmək, Şaumyanın məktubuna uyğun olaraq Azərbaycan türklərini biryolluq məhv etməklə "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq planını həyata keçirmək idi. Bu plan çoxdan var idi və erməni kilsəsindən idarə edilir, məsləhətlər verilirdi. Andranik sadə hərbçi deyildi, Türkiyədə döyüşlərdə iştirak etmişdi. Rusiyada oxumuş və hərbi təcrübə keçmişdi, general-mayor hərbi rütbəsini almışdı. Qatı millətçi idi, türkü görməyə gözü yox idi. Qriqoryan kilsəsindən "xeyir-dua" almışdı, o dövrün hərb qaydalarını yaxşı bilirdi.

Qeyd edək ki, həmin dövrlərdə tarixən Qarabağ xanlığına, Gəncə, Təbriz bəylərbəyliyinə daxil olan Zəngəzur parçalanmış, Arazdan cənuba olan torpaqlar Tehrana tabe idi. Yuxarı hissə isə iki-üç hissəyə bölünmüşdü və Yuxarı Zəngəzura Hacısamlı dərəsi adı verilmişdi. Qarabağın general-qubernatoru Xosrov bəyin qardaşı Sultan bəy Hacısamlı sahəsinin bəyi idi. 1918-ci ildə bu torpaqlarda ümumi vəziyyət də erməni basqınları səbəbindən acınacaqlı idi. İnsanlar təsərrüfatları ilə məşğul ola bilmir, Aran Qarabağ elatının dağa çıxa bilməməsi ucbatından Qarabağın həm aranında, həm də dağında, ümumilikdə, Zəngəzurda, o cümlədən Laçın bölgəsində vəziyyət ağır idi, heç yerdən kömək yox idi. Orada silah, silahdan istifadə edəcək insanlar yetərincə deyildi. Qarabağla əlaqə kəsilmişdi, Qarabağın qubernatoru ancaq Şuşa, Ağdam, Cəbrayıl və s. yerlərdəki faciələri yoluna qoymaqla məşğul idi və Zəngəzura kömək iqtidarında deyildi, qüvvələr yetərincə deyildi. Zəngəzurda isə tayqulaq Andranikin və digər erməni qruplaşmalarının vəhşiliklərinin həddi-hüdudu yox idi. Sultan bəy də bu işlərin içində idi, bir tərəfi müdafiə edəndə 2-ci tərəfdən ermənilər tam silahlanmış güclü ordu ilə hücuma keçirdilər. İnsanlar vahimə içərisində yaşayırdılar. Sultan bəy öz dəstəsi ilə Gorus-Abdallar (Laçın)-Şuşa yolunun müdafiəsində olduğundan istifadə edən ermənilər Hacılar, Qaragöl, Minkənd tərəfdən hücuma keçərək bir neçə kəndi viran qoymuş, insanları vəhşiliklə qətlə yetirmiş, girov götürmüş, onların var-dövlətini, mal-qaralarını aparmışdılar.

Sultan bəyin hansı faciələrlə üzbəüz dayandığını dərk etmək üçün Laçının Daşbulaq deyilən hissəsində baş vermiş faciəni misal göstərə bilərik.

Burada ermənilər bir həyətdə əli silahsız dörd kişini ağaca sarımış, cavan əliuşaqlı gəlini növbə ilə zorlamış, sonra qaynar samovarı onun çılpaq kürəyinə sarımış, döşünün birini kəsərək körpənin ağzına tıxamış, gəlinin əllərini sarıyarpaq ayağından sicimlə hörükləmişlər. Gəlin hörükdən xilas ola bilməmiş, qaynar samovar onu öldürənə qədər çırpınaraq ah-nalə çəkmişdir. Anaya və bu kişilərə verilən cəzalardan ən dəhşətlisi isə o idi ki, ermənilər tərəfindən uşaq onların gözü qarşısında nizəyə taxılmış və nizənin 2-ci tərəfi yerə basdırılmaqla, nizəyə taxılmış körpə gödə qalmışdır. Sonra kişilərdən üçünün qolunu, ayaqlarını, başını ayrıca kəsərək bədənlərini ağaca sarınmış saxlamışlar. Dördüncü kişinin isə ayıb yerini kəsərək ağzına tıxamış, gözünün birini çıxarmış, sağ əlinin içinə atəş açmışlar. Sultan bəyin köməyə gələn dəstəsi hadisənin şahidi olmuş, digər məqamları isə can üstə olan kişi başa salmaqla həyatını dəyişmişdir. Hadisə insanları dəhşətə gətirmiş, hətta bəziləri özünü saxlaya bilməyib, hönkürtü ilə ağlamışdır.

 

***

 

Həmin ərəfədə Sultan Araflıda Alməmməd Sultanın (Zəngəzurun sultanı) nəvəsi Mirzə Həmid bəyin evində idi və özünümüdafiə dəstələri düzəltməklə məşğul idi.

Yuxarıda dediyimiz faciəni yaxşı bilən Sultan bəy göstəriş verir ki, gəlinə, uşağa və parçalanmış kişilərə heç nə etmədən, necə var eləcədə gətirsinlər Araflıya (Alaflıya).

Sultan bəy Mirzə Həmid bəyin tövləsinə ermənilərlə döyüşdən yayınan xeyli adam da saldırmışdı. Sultan bəy meyitlərə bir-bir diqqətlə baxdıqdan sonra göstəriş verir ki, fərariləri Mirzə Həmid bəyin xırmanının ətrafına dairəvi şəkildə düzsünlər. Sultan bəylə onun bir neçə dəstə başçısı Əvil bəy, Ədil bəy, Xosrov bəy, Camal bəy və s. fərarilərin qarşısına çıxırlar. Mirzə Həmid bəy də əlində ipək parçaya bükülmüş Quranla birlikdə Sultan bəyin sağında dayanır. Mirzə Həmid bəy həm də Məşədi idi, islamı yaxşı bilirdi, əsl Allah adamı idi.

Sultan bəy fərarilərə müraciət edərək deyir ki, "mən sizə heç nə deməyəcəm, heç bir cəza da nə indi, nə də gələcəkdə verməyəcəyəm, inanmasanız Mirzə Həmid bəyin Quranına da and içəcəm, amma indi sizlərə bir şey göstərəcəklər baxıb dağılışarsınız evlərinizə". Sultan bəy göstəriş verir ki, o kilimlərlə-cecimləri gətirin qoyun bəyin xırmanın ortasına.

Elə də edirlər. Ətrafdakı insanlar döşü kəsilmiş, kürəyində samovar olan qadını və nizəyə taxılmış bələkdəki uşağı, eybəcər hala salınmış və bir-birinə qarışmış kişi qollarını, başlarını, qılçalarını və s. gördükdən sonra çox pis hala düşürlər və bir-bir Sultan bəyə baş əyərək Mirzə Həmid bəyin əlindəki "Qurani-Kərim"ə əl basaraq and içirlər ki, bu qan yerdə qalmayacaq, hamı bir nəfər kimi ölənə qədər döyüşəcəklər. Bu hadisə bütün təfərrüatı ilə Hacısamlıya, Yuxarı Zəngəzura yayılır. Hadisədən sonra bir çox insanlar öz xoşları ilə Hacısamlı özünü müdafiə dəstələrinə qoşulurlar.

 

(Davamı var)

 

Ziyadxan Nəbibəyli,

Yazıçılar və Jurnalistlər

birliklərinin üzvü, tarix

elmləri doktoru,

professor

 

Təzadlar.- 2011.- 10-12 mart.- S.14.