Mühacirət
(Memuar oçerk)
İsnovluya hay gərək,
Minməyə xam day gərək...
Bu sözləri də Ayna bibimiz deyərdi, həm də xüsusi vurğu ilə. Nədənsə, bu kinayəli atmacanı o yönsüz mühacirətdən nişanə sayıram. Adətən, qərəzsiz deyilmiş sözü obyektiv qəbul edirlər. Əgər kəndçilərimiz barədə bu acı deyimi bizimlə qonşu türkdilli kəndlərin sakinləri demişlərsə, ardıcıl müşahidələrdən doğub. Səmimi deyilib, qərəzsiz deyilib. Yox, bibimin öz sözüdürsə, aldanmış, bir ildən çox yollarda əzab-əziyyət çəkmiş bir real şəxsin duyğu-düşüncələri, ah-vayı, son qənaətidir. Deməli, doğrudur, obyektivdir.
Bu vaqiə milad tarixi ilə ötən əsrin başlanğıcında özgə yerdə yox, elə bizim öyüb-öydüyümüz, vəsfinə elektron vasitələr axtardığımız İsnov kəndində baş verib. Nə zəlzələ olub, nə vulkan püskürüb; yatıb-durublar, küyə düşüblər: köçürük Türkiyəyə. Vay-veyla! Urus gəlir. Din əldən gedir, müsəlmançılıq tapdanacaq, şəriət murdarların tapdağı olacaq...
Qaynayırlar, daşırlar; Türkiyənin ünvanına görməzə-bilməzə tərif tökürlər. Aşkarda babamın qudası, Ruhiyyə bibimin qaynatası Hacı Əli kişi köçün təşkilatçısıdır. Məkkə ziyarətindən gəlmiş, "Hacı" titulu qazanmış kəndin ən varlı, mötəbər şəxsi sayılan Hacı Əli kişi inanca dönür. Çünki Hacı hamıdan əvvəl malını, mülkünü dəyər-dəyməzinə satıb, ailə üzvlərini, o cümlədən Ruhiyyə bibimi köçün qabağına çıxarır.
Niyə? Niyəsini bu gün açıb-ağartmaq olar. Belə məlum olur ki, kəndçilərimizin Türkiyəyə mühacirətinin idioloqu birbaşa hacı Əli kişi olmayıb. Din, məzhəb pərdəsi altında adamların kövrək duyğularını təhqir ediblər, aldadıblar. Bu gün vahabilik kimi "hicabın" müdafiəçisi kimi cövlan edən idioloqlar insan haqlarının müdafiəçisi rolunda çıxış edərkən özlərinin naqis-haqsız olduqlarını bilirmi? Məkkə ziyarətindən yeni qayıtmış Hacı Əli kişinin isti yuvasından didərgin salan lənətə layiq deyilmi?!
Söhbətdən məlum olur ki, kəndçilərimizin köçü Gürcüstandan - Batumdan gəmi ilə baş tutub və bir neçə gün sonra Türkiyə hökumətindən güya xəbər gəlir ki, yer verdim onlara. Getsinlər Taripozana (ehtimal ki, Trabzon). Adyaman onların olsun... Köç əhli yerli adamlardan soraqlaşıb, hallaşıblar. Bəlli olur ki, "Adyaman - özüyamandır. İlan mələyir orda" cavabını alırlar. Mühacirlər "yox" deyib, getməyiblər Trabzona - Adyamana...
Sonra lap nağıllarda olan kimi, iqtidardan güya xəbər gəlir: Adyamanı istəmirlərsə, qayıtmaq üçün mən onlara sahib deyiləm, özləri bilsin... Dava düşüb, köç dağılıb. O köçdə olan iki bibim axırıncı dəfə görüşüb ayrılırlar. Əcəb, indiyəcən sahib kim idi? Hacı Əli kişinin etiqadı daha güclü, ailədə sözü kəsərlidir, deyə Ruhiyyə bibim cınqırını çəkmir. Ayna bibi əri Şıxı kişini qabağına qatıb: - Dala baxma, bir başa kəndə gedirik, - deyir, - Məni isti yuvamdan çıxarıb bura niyə gətirmisən?
Altı aya çətinliklə, ehtiyacla dönüblər geri. Yolda eşidiblər ki, Bakı-Dərbənd dəmir yolu işə düşüb. çarxıya qədər qatarla gəliblər. çəltik biçininin vaxtı imş. İşə girişib, çəltik biçiblər, köməyə gələn ruzi qazanıblar. Mühacirətdə olan isnovlulardan sonralar da tək-bir qayıdan olub. Ancaq hamı yox. Yərəliyev Həmidin atası Haczədə kişi o vaxt cavan olub, qayıdıb gələndən sonra evlənib və kəndin dağ sahəsində yaxşı armud bağı salıb...
***
İsnovlu mühacirlərin müsibəti
sözə sığmaz
və təsəvvürə
yatmazdır. Ancaq ötən yüz ildə nə gedənlər doğma yurdu, "dini əldən getmiş"
bacı-qardaşını anıb, nə də əcdadının küllüyündə qurcalanan
axsaq-uxsaq mömin, cənnətməkan həmkəndlilərinin
sərgüzəştini... Müxtəsər: "Məndən
çıxdı, qardaşıma
dəydi, elə bildim bir çuval
samana dəydi".
Bu da isnovlunun bir
xasiyyətidir. Bir kimsə baiskarı
aramayıb. Bir kimsə
sabitqədəm olmadığına
şübhə etməyib.
Əlbəttə o qayıdan 2-3 nəfəri
"kafi" sayıb,
mənə irad tutanlar olar. Mənim də o qayıdanlara mehrim güclüdür.
Onlar aclığa, səfalətə
dözə-dözə, aylarla
məhrumiyyət çəkib
"Keçən yurdun
qədrini düşən
yerdə bilərlər"
hökmünü doğrultmuşlar.
Ancaq özlərinə məlum
tərzdə öz üzərlərində peşmançılıq
hissləri duymuşlar.
Ötən yüz ildə isnovlu dünyanın uc-bucağına gərdiş
edib, müharibə görüb, özgə-özgə
xalqlarla ünsiyyətdə
olub. Amma xasiyyətləri
həmən-həməndir... Bir dəfə zarafat tərqində Ayna bibidən soruşublar:
- Buradakılar
məlumdur, urus borşu içiblər. Bə o gəzib-gəldiyin yer-yurdda
necə əməlisaleh
müsəlman gördünmü?
Bibi müxtəsər
cavab verib:
- İlanın
ağına da, qarasına da...
Sonrakı əlavəsi
də müəmmalı
olub bibimin:
- Yeddi ərə getdim, bir dad anlamadım.
Özgə yerdə
yenə mühacirətdən
söz düşəndə
bir gəlinin gözləri dolmuşmuş,
pərək düşmüş
köçün halına
ağlayırmış və
nəqafil bibiyə deyibmiş:
- Sizdən
bir soruşan olmadı ki, hansı ağılla bu dağ-daşa düşmüsüz?
- Oldu, bizi çox məzəmmət elədilər.
Qəlbində Allah xofu
olan adam,
- deyirdilər, - hər
yerdə müsəlmandır.
Ayna bibi keçən əsrin birinci yarısından bir il az yaşadı və ində bizim ailə məzarlığında uyuyur...
O ki qaldı mənim mömin Hacı Əli kişinin sərgüzəşti
barədə son sözümə,
Hacı Əli kişi bəlkə
də səhvini başa düşüb, daxilən vicdan əzabı çəkib,
ancaq kütlə qarşısında səhvini
etiraf etmir, sınır, əyilmir. Molla İbrahimxəlil Kimyagər çımxırdı:
"Nəbadə meymunu
yada salasınız!"
Bəlkə elə burada
susacaqdım, ancaq Qamış oğlu Qamış macal vermədi.
- Xeyir ola - dedi, -
tərəfgirlik edirsən?
Kor-kor, gör-gör!
Biz də çörəyi
qulağımıza dürtmürük
ha! Bir kəlmə: Mömin Hacı Əli kişi
"ruzisi gündə
bir xurma olan Şeyx Nəsrullahın" əshabələrindəndir.
Bizim kefli İsgəndərin pədəri Hacı Həsənağanın prototipidir.
Tat Qüdrət
Təzadlar.- 2011.- 10-12 mart.-
S.12.