Aşıq sənətinin Dədə Şəmşiri

 

Nizami Cəfərov: "Aşıq Şəmşir yaradıcılığının ortaya çıxmasında Səməd Vurğunun xüsusi rolu olub"

 

Millət vəkili, akademik Nizami Cəfərovun müsahibəsi

 

- Nizami müəllim, sizcə, aşıq sənəti tarixində özünə görə yer tutan Aşıq Şəmşiri yaradıcı nəsillər arasında bir körpü hesab etmək olarmı?

- Aşıq sənəti Azərbaycan mədəniyyətinin ən mühüm qollarından biri olmaqla yanaşı, şifahi xalq ədəbiyyatımızın, epos təfəkkürümüzün əsas daşıyıcısı, eyni zamanda klassik ədəbiyyata keçiddir. Bu proses mədəniyyətimiz tarixində uzun müddət davam edib.

Xatırladım ki, aşıq sənətinin ustadı, Azərbaycan aşıqlarının birincisi kimi Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım s. tanınır. Aşıq Ələsgər yaradıcılığında zirvəyə çatan aşıq sənəti sonradan XX əsrin 20-30-cu illərindən sonra tənəzzülə uğrayır. Doğrudur, bu zaman da kifayət qədər aşıqlar yetişmiş, amma bu aşıqların yaradıcılığında artıq əvvəlki ənənəvi mövzular, ideyalar dəyişmişdir. Elə aşıqlar da oldu ki, aşıq sənətini sovet ideologiyasının təsiri, təzyiqi altında "yeni cəmiyyət quruculuğu"nun eyforiyası adı altında məhv etdilər.

Aşıq sənətinin nəhəng simalarından olan Aşıq Şəmşir böyük bir ənənənin varisidir. Aşıq Şəmşir aşıq sənəti tarixində ona görə qiymətli bir şəxsiyyətdir ki, o, sovet dövründə, yəni 30-50-ci illərdəki aşıqlıq ənənəsinin davamçısı, tək davamçısı deyil, həm ənənəni davam etdirib, nəsildən-nəslə ötürən sənətkar olub. Aşıq Şəmşir yaradıcılığının ortaya çıxmasında Səməd Vurğunun xüsusi rolu olub. Onun məhz S.Vurğunla görüşü, deyişməsi hələ yaddaşlarda iz salıb. Mən demirəm ki, Aşıq Şəmşir S.Vurğunla görüşməsəydi böyük sənətkar kimi aşıq sənətimizin, aşıq ədəbiyyatımızın tarixinə düşməyəcəkdi. Bu qədər zəngin yaradıcılığa, novatorluğa malik olan böyük bir sənətkar onsuz da Azərbaycan ədəbi-mədəni ictimaiyyətində öz layiqli yerini tutacaqdı. Təbii ki, bu görüşün, bu söhbətlərin, deyişmələrin dəyərini azaltmaq olmaz.

Aşıq Şəmşir uzun illər yaşadı yalnız S.Vurğunla deyil, ədəbiyyata S.Vurğundan çox-çox sonralar gələn xalq ruhlu sənətkarlarımızla da dostluq edib. Məsələn, bu gün Aşıq Şəmşir yaradıcılığının təsiri şair Zəlimxan Yaqubda da, o nəsildən olan şairlərdə sənətkarlarda da var. Bu onu göstərir ki, Aşıq Şəmşir təkcə özünün yaradıcılıq psixologiyasını ortaya qoyan sənətkar deyil, həm o yaradıcı nəsillər arasında bir keçid, ötürücü rolunu oynayan bir sənətkar idi. Onun yaradıcılığına nəzər salsaq, öz humanizmi, ənənələrə sadiqliyi, eyni zamanda müasirliyi ilə aşıq yaradıcılığının XX əsrdəki inkişaf tempinə uyğun idi bəzən bu tempi müəyyənləşdirirdi.

- Aşıq Şəmşir çox gözəl bir ailə sahibi kimi aşıq yaradıcılığı tarixində qalıb...

- Vaxtilə Aşıq Ələsgər müəyyənləşdirmişdi ki:

 

Aşıq olub tərki vətən olanın

Əzəl başdan pür kamalı gərəkdir.

Oturub-duranda ədəbin bilən,

Mərifət elimində dolu gərəkdir.

 

Aşıq Şəmşirin böyük sənətkar kimi parlamasında bu yaradıcılıq əxlaqı, həyat əxlaqı aşıqlığın mədəniyyətini, səviyyəsini, keyfiyyətini öz şəxsində göstərmək, təzahür etdirmək qabiliyyəti məhz mühüm rol oynayıb.

Mən onun övladlarını da tanıyıram. Nəvəsi, millət vəkili Cavid Qurbanovla isə dostam. Burada bir məqamı xatırlatmaq istəyirəm. Bir dəfə Milli Məclisdə deputat həmkarlarımızla söhbət edirdik, hamı ədəbiyyatdan danışırdı. Dedim ki, mən bilirdim əvvəl-axır sizin hamınız gəlib ədəbiyyata çıxacaqsınız (çünki onların heç biri ədəbiyyatçı deyildi). C.Qurbanov cavab verdi ki, "mən çoxdan ədəbiyyatdayam, ədəbiyyatdan çıxmamışam da". Bu mənada, Aşıq Şəmşirin ailəsi, onun yetirmələri sözün əsl mənasında ədəbiyyatla, sənətlə bağlı insanlardır. Bu da o deməkdir ki, Aşıq Şəmşir yalnız özünəqədərki aşıq yaradıcılığının üstün keyfiyyətlərini, sadəcə, özündə daşımaqla yanaşı, həm bu ədəbiyyata, sənətə, mədəniyyətə xüsusi məhəbbəti olan bir nəsil yaradıb ki, bu, Azərbaycan mədəniyyətinin tərkib hissəsidir.

- Aşıq Şəmşir kimi böyük sənətkarlar həmişə öz yaşadıqları regionun, yerin, torpağın ruhunu daşıyırlar.

- Aşıq sənəti üçün bu, çox mühüm hadisədir ki, onlar həm öz konkret regionuna bağlı olurlar, o yerin mənəvi zənginliklərini daşıyırlar, həm onu bütövlükdə Azərbaycana, türk dünyasına, dünyaya çatdıra bilirlər. Bu da onu göstərir ki, bəzən bizim kifayət qədər intellektli, sənət texnologiyalarına bələd olan elə yaradıcılarımız olur ki, onlar elə birdən-birə özlərini birbaşa dünyanın "övladına" çevirirlər. Mənim yadımdadır ki, orta məktəbdə oxuyanda Aşıq Şəmşir haqqında, onun həyat yaradıcılığı, xüsusilə Səməd Vurğunla olan görüşləri barədə gedən söhbətlərdən zövq alırdım. Söz yox ki, mən ədəbiyyatçıyam, istər-istəməz bu məsələlərlə maraqlıyam, amma S.Vurğun bizim eloğlumuz, qazaxlı olduğuna görə S.Vurğunla kim, harada, necə görüşübsə, şəxsən mənim üçün, ümumiyyətlə, ədəbiyyatla az-çox maraqlanan qazaxlılar üçün diqqəti cəlb edib:

 

Aşıq Şəmşir Dəlidağdan keçəndə

Kəklikli daşlardan xəbər al məni.

 

Mən bu misraları ədəbiyyatçı kimi əzbərləməmişəm, sadəcə, o dövrdə bu misralar geniş yayılmışdı, istər-istəməz, yaddaşlara həkk olunan bu misralar ədəbiyyat, sənət, şeir zövqümüzə təsir edirdi. Sonrakı illərdə , universitetdə təhsil alanda da mən xalq ədəbiyyatı ilə məşğul olduğum üçün Aşıq Şəmşirlə, onun həyat yaradıcılığı ilə dərindən maraqlandım bu zaman çox maraqlı faktlar üzə çıxdı.

Aşıq Şəmşir haqqında deyilən, yazılan çoxlu fikirlərin içərisində xüsusilə bir məqam diqqət çəkir ki, XIX-XX əsrdə yaşayan aşıqlar içərisində Aşıq Ələsgərdən başqa heç kimə "Dədə" deyilməyib. Yalnız Aşıq Şəmşirə Dədə Şəmşir deyiblər. Bu da onun yaradıcılığının həm əxlaqi, həm mənəvi-mütəfəkkir tərəfləri, yaradıcılığının intellekti ilə bağlı olan məsələdir. Onun öz ailəsinə, xüsusilə həyat yoldaşına olan münasibəti ibrətamiz bir örnəkdir. Dədə Şəmşirin həyat yoldaşına sədaqəti, həyatının sonunacan ona gözəl şeirlər həsr etməsi diqqətçəkən bir məqamdır:

 

öpəndə üzündən, qələm qaşından,

Bizdə olan etibarı görəydin.

 

Aşıq sənətində "Dədə" olmağın əsas şərtlərindən biri əgər böyük sənətkarlıq məharətidirsə, söz demək eşqidirsə, ikinci çox mühüm cəhət mənəvi mükəmməllik müdrikdirdir ki, bu da Aşıq Şəmşirdə vardı. Odur ki, Aşıq Şəmşir bu gün kifayət qədər çap olunur, nəsildən-nəslə ötürülür.

 

 

Cəmilə Çiçək

 

Təzadlar.- 2011.- 10-12 mart.- S.11.