Azərbaycan -Türk
poeziyasının qüdrətli sənətkarı
Yeni nəşrə
hazırladığımız Osman Sarıvəllinin
"Qüdrətli şair, ustad sənətkar" kitabı haqqında
düşüncələrim
Aşıq Ələsgər sonu bitib-görünməyən aşıq yaradıcılığının, Azərbaycan poeziyasının, ümumilikdə türk şeirinin on doqquzuncu yüzillikdə yetişən ən qüdrətli sənətkarlarındandır. İndi onun anadan olmasının iki yüz ili tamam olur. İllər, əsrlər keçdikcə o, bizə daha da yaxınlaşır. Sazı, sözü ilə ədəbiyyatımızın, sənətimizin meyarına çevrilir. Bütün türk ellərini dolaşır, haqqında müxtəlif səciyyəli rəvayətlər, əhvalatlar yaranır. Hər il Aşıq Ələsgər günü adı ilə tədbirlər keçirilir.
Aşıq sənəti min illərə gedib çıxacaq uzun və zəngin bir yol keçmiş, tarixin ayrı-ayrı mərhələlərində müxtəlif adlarla adlanmışdır. Şaman, ozan, varsaq, yanşaq, son olaraq aşıq adı buna nümunədir. Hansı adla adlanmasından aslı olmayaraq xalqla birlikdə yol gəlmiş, onun ağrılarının, sevincinin şərikinə çevrilmişdir. Dirili Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Ağ Aşıq, Aşıq Alı və s. kimi qüdrətli nümayəndələri olmuşdur. Aşıq sənəti bu ustadların yaradıcılığı ilə zənginləşmiş, yeni-yeni dəyərlər kəsb etmişdir. XIX əsrdən sazı-sözü ilə yaxın-uzaq elləri dolaşan Aşıq Ələsgər də məhz bu ənənənin davamçısı kimi böyük ad-san qazanmışdır.
O, özlüyündə Göyçə aşıq mühitində yetişmişdir. Bu mühit sazın-sözün beşiyi olan məkanlardandır. Müqəddəs kitabımız "Kitabi-Dədə Qorqud"da adı gedən bu məkan aşıq sənətinə, ədəbiyyatımıza Ağ Aşıq, Aşıq Alı, Şair Məmmədhüseyn, Şişqayalı Aydın, Mirzə Bəylər, Aşıq Nəcəf, Növrəs İman, Zodlu Abdulla və s. kimi onlarla istedadları vermişdir. Onların hər birisi öz yaradıcılıqları ilə ədəbiyyatımızı zənginləşdirmiş, bir növ inkişafına təkan vermişlər. Son olaraq Göyçə adı ilə məşhur olan mühiti formalaşdırmışlar.
Aşıq Ələsgər bu mühitin zirvəsidir. Onun yaradıcılığı hələ on doqquzuncu yüzilliyin ortalarından ədəbi mühitin, bir sıra söz, sənət sahiblərinin marağına səbəb olmuşdur. "Kavkaz" qəzetində 1851-ci ildə Y.H.Polonskinin məqaləsi çap olunur. Orada Aşıq Ələsgərin yaradıcılığı, sazı, səsi, mahnıları haqqında söhbət açılır. Hətta ustadın söylədiyi "Əsli və Kərəm" dastanının onda böyük təsir buraxdığı vurğulanır. Sonrakı çağlarda, eləcə də iyirminci əsrin əvvəllərində, sovetlər dönəmində bu işlər həmişə çoxalan istiqamətdə getmişdir. "Dan ulduzu", "Yeni kənd", "Ədəbiyyat" qəzetləri, ayrı-ayrı folklorşünaslar bu sahədə böyük işlər görmüşlər. H.Əlizadə onun şeirlərini toplayıb keçən əsrin otuzuncu illərində üç dəfə çap etdirmişdir. Son olaraq aşığın nəvəsi İslam Ələsgərovun bu istiqamətdə ardıcıl işlər aparmışdır. Bir məqamı vurğulayaq ki, Azərbaycan folklorşünaslığında Aşıq Ələsgərlə bağlı söz deməmiş hansısa tədqiqatçıya təsadüf etmək çətindir. Xalq şairimiz Osman Sarıvəlli də "Qüdrətli şair, ustad sənətkar" adlı kitabını böyük sənətkarın həyat və yaradıcılığının öyrənilməsinə həsr etmişdi. Dədə Ələsgərin adına layiq böyük iş görmüşdür.
Aşıq Ələsgərlə bağlı yaranan nümunələrin birində "Ələsgəri səslədim, hay verdi Göyçə mənə" deyilir. Ancaq indi Ələsgəri səslədikdə təkcə Göyçə deyil, bütünlükdə türk elləri hay verir. Çünki bu ustadın şeirləri, aşıq yaradıcılığına verdiyi töhfələr açıldıqca, ədəbi ictimaiyyətə, xalqımıza çatdırıldıqca onun böyüklüyü daha aydın görünür. Və insanların içərisində bir Ələsgər sevgisi yaranır. Məhz bu səbəbdən də Aşıq Ələsgər haqqında yazılanların siyahısını sadalasaq özü böyük bir kitab əmələ gətirər.
Aşıq Ələsgərdən Dədə Ələsgər olmaya böyük bir yol var. Bu dədəlik, dədələşmə, müdriklik yoludur. Hələ çox-çox əvvəllərdən bu yolun dədələşən nümayəndələri olub. Tarix bəlkə də onların böyük bir hissəsini bizlərə çatdırmayıb. Ancaq olanlar, bu yolun əvvəlki nümayəndələri Dədə Qorqud, Dədə Yadigar, Dədə Kərəm və s. var. Onlar bütün fəaliyyəti ilə xalqın simvoluna, ədəb, əxlaq kredosuna çevriliblər. Haq-taaladan böyük vergi alıblar. Tanrı onların ürəyinə ilham verib. Məsələn, "Kitabi-Dədə Qorqud" dastanlarında Dədə Qorqudun keyfiyyətləri, hansı yüksək mənəvi dəyərlərə sahib olması sadalanır və xüsusi olaraq vurğulanır ki, o, Oğuzun bilicisi idi, nə desə olardı, qeybdən dürlü xəbərlər verərdi. Aşıq Ələsgər də el atası idi. Elin sevincinin, ağrılarının tərcümanı idi. Onun sazı bütün incəliklərinə qədər xalqın ruhunu daşımışdır. Məmləkətin bir növ ötən rübabı olmuşdur. Şeirlərinin birində o, aşıqlıq haqqında danışır, sənətin və aşıq olmanın şərtlərini göstərir. "Aşıq olub tərki-vətən olanın əzəl başdan pür kamalı gərəkdi" söyləyir. Ustadlar Dirili Qurbani, Miskin Abdal, Abbas Tufarqanlı, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Alı hamısı məhz pür-kamal olmadan keçib gəlmişlər. Adlarını xalqın yaddaşına, aşıqlığın tarixinə yazmışlar.
H.Əlizadə aşıq şeirlərini, eləcə də Aşıq Ələsgərin şeirlərini toplayarkən bir məsələyə toxunur. Bu ustadın yaradıcılığının vaxtında yazıya alınmaması məsələsidir. Və xüsusi olaraq vurğulayır ki, Aşıq Ələsgər ömrünün son vaxtlarında şeirlərini bir yerə toplamaq istəyində olmuşdur. Ancaq edə bilmədiyi üçün itkilərə məruz qalmışdır. Məhz indi əlimizdə olanlar ayrı-ayrı aşıqların, xalq ədəbiyyatı bilicilərinin yaddaşından toplanaraq yazıya gətirilmişdir. Bədahətən söz demək qabiliyyətinə malik olan, müxtəlif məclislərdə bədahətən şeirlər deyən ustadın şeirləri heç şübhəsiz tam şəkildə yazıya gətirilməmişdir. Lakin əlimizdə olanlar onun zəngin yaradıcılığı, böyük istedad sahibi olması haqqında tam təsəvvür yaradır.
Aşıq Ələsgər bir ustad kimi aşıqlığın keşiyində durmuş, ustaddan dərs almışdır. Ustadı Aşıq Alı ona aşıqlıq sənətinin sirlərini öyrətmiş və sənətkar kimi yetişməsində əlindən gələni əsirgəməmişdir. Aşıq Ələsgər də öz növbəsində bu ənənəni davam etdirmiş, neçə-neçə sənətkarların yetişməsində əvəzsiz rol oynamışdır. Özü də şeirlərində "adım Ələsgərdi mərdi-mərdana, on iki şagirdim gəzər hər yana" söyləyirdi. Bu ustadın birbaşa yanında yetişdirdiklərinin xatırlanmasıdır. Lakin onun təsirində olanların siyahısı bundan qat-qat çoxdur. Bir qədər dəqiq desək, Aşıq Ələsgərin mühitində olanların hamısının üzərində demək olar bir Aşıq Ələsgər təsiri olmuşdur.
H.Əlizadədən sonra Dədə Ələsgərin şeirləri aşıq yaradıcılığı ilə bağlı bütün toplularda özünə yer tapmış, haqqında söhbətlər açılmışdır. İ.Ələsgərovun, Ə.Axundovun, M.H.Təhmasibin bu sahədə xidmətlərini xüsusilə vurğulamaq lazımdır. 1972-ci ildə çıxan ikicildlik bu nəşrlər içərisində daha əhatəlisidir. Həmin kitaba folklorşünas M.H.Təhmasib geniş bir ön söz yazmışdır. Burada aşığın həyatı, yaradıcılığı şeirlərinin mövzu və ideya istiqamətləri təhlil olunmuşdur. Ə.Axundov "Aşıq Ələsgərin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası yazmışdır.
Dədə Ələsgərin nəvəsi İ.Ələsgərov bu mühiti bütün təfərrüatı ilə işləmək məqsədində olmuşdur və kifayət qədər uğurlu işlər görmüşdü. Son dövrlərdə, Azərbaycanın müstəqilliyindən sonra bu işlər daha da çoxalmışdır. Ustadın şeirləri, Göyçə folkloru bir ardıcıllıqla toplanıb çap olunmuş, müxtəlif tədqiqat əsərlərinin yazılması ilə nəticələnmişdir. Aşıq yaradıcılığının gözəl bilicisi, bütün varlığı ilə bu ruhda yaşayıb yaratmış görkəmli xalq şairimiz O.Sarıvəllinin Aşıq Ələsgərin həyat və yaradıcılığına tədqiqat əsəri həsr etməsi təsadüfi deyildir. Bu ustadın zəngin irsinə, onun böyük istedad sahibi kimi poeziyasına olan sevgidir. Kitabdakı ayrı-ayrı başlıqlar problemlərin müxtəlif bölmələr üzrə qruplaşdırılması bir tərəfdən O.Sarıvəllinin tədqiqatçılıq qabiliyyətindən, aşıq yaradıcılığının bilicisi olmasından xəbər verirsə, digər tərəfdən Dədə Ələsgərə olan sevgini ifadə edir. Bu kitab ustadın haqqında yazılmış tədqiqatların ən yaxşısıdır. O.Sarıvəlli Aşıq Ələsgərin zəngin irsini bütün tərəfləri ilə izləmiş, onun aşıq yaradıcılığında, eləcə də Azərbaycan poeziyasında hansı ucalıqda durduğunu zərgər dəqiqliyi ilə göstərmişdir. Bir növ Dədə Ələsgərin adına layiq bir abidə ucaltmışdır. Ustadın anadan olmasının iki yüz illiyi ərəfəsində bu kitabın təzədən çapı isə həm Dədə Ələsgər, həm də O.Sarıvəlli ruhuna ehtiramdır.
Nailə İbrahimova,
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Təzadlar.- 2011.- 12-15 mart.- S.15.