"Hasarın o üzü" -
görünməyən üzü
Bu, Əli Əmirlinin özü demişkən, həm də
hasarın o üzü haqqında düşünməsinə
bir işarədir
Son zamanlar müasir Azərbaycan ədəbiyyatında sanki bir boşluq hiss olunur. Maraqlı, oxunaqlı, yaddaqalan əsərlər olduqca azdır, yazılanların isə təbliği və satışı təşkil edilmir. Digər tərəfdən, teatr tamaşalarına baxışın sayı azalıb. Bəlkə də elə adamlar var ki, on illərdir bir dəfə də olsa teatra, kinoya getməyib. Əlbəttə, bunun bir sıra səbəbləri var. Xüsusilə ciddi və maraqlı səhnə əsərlərinin olmaması da əsas səbəblərdən biridir.
Bu mənada,
dramaturq Əli Əmirlinin ədəbiyyata gəlişi teatra
yeni ab-hava gətirib. Ə.Əmirlinin əsərlərini
oxuculara, tamaşaçılara sevdirən cəhətdən
biri onu əsərlərinin cazibədar bir üsulda, şirin
dillə yazılması, təsvir və dialoqların oxucu və
tamaşaçının qəlbini fəth etməsidir.
Dramaturqun yaratdığı obrazlar yenilikçi və
mübarizdirlər.
Dramaturqun müasir və
tarixi mövzuda yazdığı pyeslərində dünəni,
bu günü, gələcəyi və milli varlığı
uğrunda mübarizəsi öz dramatik təcəssümünü
tapıb. Dramaturqun pyesləri nəinki milli
teatrımızın, hətta qonşu xalqların da teatr səhnəsində
tamaşaya qoyulub və qoyulmaqdadır.
Əli Əmirlinin bədii yaradıcılığı öz zəngin fikirləri, milliliyi və ümumbəşəriliyi ilə müasir ədəbiyyatımızda özünəməxsus bir səhifə təşkil edir. Fikrimizi əsaslandırmaq üçün nümunələrə müraciət edək.
Əli Əmirlinin "On beş pyes" kitabından sonra oxuculara təqdim edilən "Hasarın o üzü" müəllifin ikinci kitabıdır. Kitabda fərqli mövzulardan bəhs edən "Mesenat", "Ağa Məhəmməd şah Qacar", "Hasarın o üzü", "Köhnə ev", "Varlı qadın", "İyirmi ildən sonra", "Sevən qadın", "M.S.S. - mən səni sevirəm", "Əli və Nino" kimi pyeslər yer alıb.
Kitaba daxil edilən ilk əsər
"Mesenat" adlanır. Pyes xeyirxah işləri və
mesenatlığı ilə xalqımızın dərin
hörmətini qazanmış, yaddaşlarda pozulmaz izlər
qoymuş Hacı Zeynalabdin Tağıyevin ailə dramına həsr
edilib.
Əsərdə
Hacının özü ilə yanaşı, həyat
yoldaşı - Əsilzadə Sona xanım, onun qulluqçusu
Raisa, Hacının övladları - Leyla, Sara, Sürəyya,
Məhəmməd, Bakı milyonçuları Ağa Musa
Nağıyev, arvadı Liza xanım, Murtuza bəy Muxtarov,
arvadı Luiza xanım, Nəriman Nərimanov, Mirzə Abuturab
Axund, Fətulla bəy, falçı və digər obrazlar
var.
Müəllif əsərin əsas
qəhrəmanı Hacı Zeynalabdin Tağıyev oxuculara məlum
olan məlumatlarla yanaşı, onun yeni səciyyəvi cəhətlərini
təqdim edərək, gəncləri, oxucuları
Hacının yolu ilə getməyi, təmənnasız xidmətlərindən
öyrənməyi tövsiyə edir. Hacı vaxtilə Əlimərdan
Torçubaşovu, Nəsib bəy Usufbəyovu, Xan Xoyskini, Bədəl
bəy Bədəlbəyovu, Nəriman Nərimanovu, Məşədi
bəy Əzizbəyovu Almaniyaya, Sankt-Petenburqa, Parisə,
İsveçrəyə göndərib oxutdururdusa, indi də
dövlətimiz gənclərimizi xaricdə təhsil
almağa göndərir. Hacı millətin təhsilini, elmini
hər şeydən üstün tuturdu. Hacının
başına var-dövlət yağış kimi
yağır, nəyə əl vururdusa qızıla, sərvətə
dönür, yoxdu-nədi bilmirdi. Bakıya Şollar suyu
çəkdirir, yetim uşaqlara kömək edir, fəqirləri
aclıqdan xilas edir, aclara çörək, işsizlərə
iş verir, qızlar üçün məktəb
açdırır, məscid, mədrəsə tikdirir, Novruz
bayramında kasıbları sevindirir.
Pyesdə -yaddaqalan
milyonçular, xeyirxah adamlar, Hacının ağıllı,
təhsil görmüş ailə üzvləri, habelə
insanlara qəm-qüssə, kədər, qorxu hissi gətirən
falçı obrazları var.
Kitaba daxil edilən ikinci pyes
"Bütün deyilənlərə rəğmən və
ya Ağa Məhəmməd şah Qacar"dır.
Dramda - Ağa Məhəmməd
şah Qacar, anası - ağıllı,
dünyagörmüş Ceyran xanım, qardaşı - Cəfərqulu
xan, Cahanbani, Şeyx Cəfər Tonkabuni, Kərim xan Zənd,
Axund Hacı Babək kimi bitkin obrazlar var.
Dramaturq Qacarın mürəkkəb
taleli şəxsiyyətini olduğu kimi bütün rəngləri
ilə verib.
Əsərin giriş hissəsində
- taleyinə bədbəxtlik möhürü vurulmuş
hökmdarın üz-gözündən nigaranlıq, gərginlik,
qaraqabaqlıq, zəhmlik, qansızlıq yağır.
Başında ağırlığı uzaqdan hiss olunan
şahlıq tacı, əynində qara libas var. Səhnənin
əvvəlindən ona dönük çıxanlara o, aman
vermir, hətta öz doğma qardaşları - Rzaqulu,
Mustafaqulu, Murtuzaqulu xanı məhv edir. O, örtülü
qapıdır, qıfılı bağlı, açarı
özündə. Olduqca insafsız, rəhmsiz adamdır.
İran şahzadələrinin ən igidi, gözəllikdə
Yusifi-Kənana, döyüş məharətində Rüstəmi-Zala
tən gələn Tütfəli xan Zəndin dilini kəsdirir,
gözlərini çıxartdırır.
Qacar özü etiraf edir ki,
insan əzabları, tökülən qanlar, kəsilən
başlar, çıxarılan gözlər onun əhvalını
pozmur, tükün də tərpətmir. O, Qarabağı məhv
etmək, İbrahim xanı hüzurunda qolubağlı görməyincə,
molla Pənah Vaqifi məhv etməmiş özünü rahat
hiss etmir. O, arzusuna çatır. Şuşanı, onun
adlı-sanlı adamlarını məhv edir.
Ağa Məhəmməd
şah Qacarın monoloqunda xəbisliyi daha çox hiss olunur:
- Mən öz naqisliyimin əvəzini
hakimiyyət, hökm, şahlıq taxtına sahib olmaqla xudavəndi-aləmdən
mükafat kimi aldım. Mənə nə qadınsan, nə
kişi deyib həqarət edənləri zəlil elədim,
bütün zəndiyələrə, qanı qanımdan olan
insafsız qardaşlarıma, fürsət düşən
kimi mənə diş qıcayan Qacarlara sübut elədim ki,
kişi olmaq üçün uşaq əkmək azdır,
kişilik təpər, cəsarət, ağıl və fənddədir.
On səkkiz ildir adına İran deyilən bir məmləkətdə
farsı və Azərbaycanı bir elədim, elə bir vəhdəniyyət
yaratdım ki, uzun illər xalqı zinhara gətirmiş hərc-mərcliyə
xitam verdim... Gecələr dua elədim, namaza durdum,
gündüzlər baş kəsdim, qan tökdüm, savab əvəzinə
günahlar yığdım üstümə, amma bu, mənim
günahım, mənim təqsirim deyildi, bu, hər bir
hökmdarın tale yazısıdır, zira hakimiyyət və
mütləq ədalət, bunlar bir-birindən nə qədər
uzaqdır Əhli-iman olaraq güclü, müdrik, fərasətli
elə millətimi, ya yeri-göyü yaradan, eşidən-görən
xaliqi-mütləq …
Lakin saray həyatının
xəyanəti Qacarın özünü də məhv edir.
Xidmətçisi arxadan xəncəri Qacarın kürəyinə
sancır.
Dramaturq əsərdə
Qacarın xarakterini onun öz dili ilə oxuculara təqdim edir.
Qacar:
- Mən yaxın
adamlarımı itirə-itirə İran taxtına
çıxmışam. Məhəmməd Həsən xan
kimi atanı, Ceyran xanım kimi ananı, dünyalar qədər
sevdiyim Cəfərqulu xan kimi qardaşı itirmişəm. Nəhayət,
mən dünyanın ən ləzzətli nemətini -
kişiliyimi itirmişəm.
Qacar qəddar olduğu kimi,
həm də xəsisdir. Xidmətçi ona şam yeməyi gətirərkən
məcməyidə tərəzi də gətirir. Xidmətçinin
qızıl cama tökdüyü şərbətdən
bir-iki qurtum içir, hamısını içmir. Çörəkdən
kəsib tərəziyə qoyur. Yeyəcəyini tərəzidə
çəkir. Şərbətin şirəsini az elətdirir
ki, şirin şərbət şəkərə ziyandır.
Qacar vəliəhdi Cahanbaniyə
özünə uyğun olmayan nəsihətlər də
verir. O, deyir ki, ədalətli ol, əhalini vergi ilə
boğma, günahı cəzasız, xidməti
mükafatsız qoyma, məcbur olmasan, müharibə aparma.
Dramda digər
ağıllı məsləhətlərə, nəsihətlərə,
atalar sözü və məsəllərə də rast gəlirik:
- Kişi kəpənək
deyil ki, gördüyü hər çiçəyə qona.
- Şahdan elə məsafədə
dayan, yaxın olma ki, səni yandıra, çox uzaq da olma ki,
donasan.
- Hökmdar heç kimə
alışmamalıdır.
- Şahın dostu yoxdur, onun
yalnız xidmətçiləri var.
- Bir kəsin belini qırmaq
istəyirsənsə, onu tərif edin.
- İki şey mümkün
deyil: qismətdən artıq yemək, əcəl
çatmamış ölmək.
- Ağlasan
hönkür-hönkür ağla, gülsən şaqqanaq
çal
Ə.Əmirlinin kitaba daxil
edilən üçüncü əsəri "Hasarın o
üzü" adlanır. Əsərdə bir ailə daxilində
dinə iki baxış təsvir edilir.
Ailənin başçısı
Qəribdir. O, ali təhsilli həkimdir. Çox müalicə
edib. Lakin bir xəstə onun ömrü boyu həyatının
gərgin keçməsinə səbəb olur. 16 yaşlı
bir qızın beyin qabığında şişi görəndə
sarsılır, həyəcanlanır, qızın çox
yaşamayacağına qəti şəkildə inanır.
Lakin Qəribin həyat yoldaşı Humay doktora məsləhət
görür ki, o, Allaha yalvarsın, namaz qılsın, Allahdan
imdad diləsə, özü də yaxşı olar, xəstəsi
də. Qərib axirətə, dinə inanmır. Humayın gecə-gündüz
namaz qılmasına, müxtəlif ayələrdən misal gətirməsinə
etiraz edir. Humay əbədi həyatı qazanmaq
üçün bu dünyada insanları axirət qorxusu ilə
çəkindirir. Yaradana itaət edir, adamları
inandırmağa çalışır ki, onu imanla, kamil qəlblə,
açılan bəsirət gözü ilə görmək
mümkündür. Yaradan onlarla başa düşdükləri
dildə danışır. Əsas hikmətsə
örtülüdür, onu imanla, kamil qəlblə, son nəticədə
açılan bəsirət gözü ilə görmək
mümkündür.
Hasarın o biri üzü də
var, görünməyən üzü. Əsərdə təsvir
edilən ailə üzvləri bir-birin eşitmir. Qadın ərini,
ailənin yeganə qızı Zərif isə nə atanı,
nə də ananı eşidir, özünü sərbəst
hesab edir, evə gec gəlir, əxlaqsızlıq edir,
atasız uşaq doğur. 16 yaşlı qızın bu
özbaşınalığı ailənin
dağılmasına gətirib çıxarır. Xəstə
Humay xanımın real hesab etdiyi bu dünyada
inandığı din adlı hasar ailə üzvlərinin hərəsini
hasarın bir tərəfinə atır.
Kitaba daxil olunan 4-cü əsər
- iki hissəli dramatik komediya "Köhnə ev"
adlanır. Əsərdə keçən əsrin 60-70-ci illərində
tikilmiş təzə və köhnə ev təsvir olunur.
Xüsusi sifarişlə haçansa düzəldilmiş iri
bir otaq qeyri-standart mebellər diqqəti cəlb edir. Adamlar
bir-birilə dəyintili danışır, qeyri-iradi hərəkətlər
edirlər. Qüdrət Mələyi danlayaraq deyir ki, ölkə
dağılıb gedir. Millət düşüb küçələrə
qarışqa kimi qaynayır, bir tikə çörək
axtarır, siz də stol bəzəyib, süfrə açırsınız...
Komediyada iştirak edən Qüdrət, Mələk, Cana,
Sahib, Zəhra, Kamran, Böcək bir-birini saymır, yarı Azərbaycan,
yarı rus dilində bir-birinə toxunan sözlər deyir, biri
ağlayır, biri gülür, özlərini sanki
keçmişdə, köhnə evdə hesab edirlər. Musiqi
çalınır, Böcək göbək rəqsi edir,
üst paltarını soyunur, göbəyi açıq
qalır. Ailənin ağsaqqalı Qüdrət kişinin bu hərəkətlər
xoşuna gəlmir, onları danlayanda "ə niçevo ne
ponimaö" deyir.
Ailədə
özbaşınalıqdı, Qüdrət kişinin xəbəri
olmadan arvadlar evi başqasına satırlar. Aydın olur ki,
bunlar zavallı, aciz, bədbəxt adamlardır.
"Varlı qadın"
ekssentrik qara komediyanın zəngin səhnə həyatı
var. Əsər Dövlət Gənclər Teatrında, Akademik
Milli Dram Teatrında, Sumqayıt, Gəncə, Lənkəran,
Qazax, Qusar, Cəlilabad xalq teatrında, habelə Düşənbə
şəhərində, Dövlət Rus Dram teatrında
tamaşaya qoyulub. Əsər Alma-Ata şəhərində
Orta Asiya ölkələrinin II Beynəlxalq teatr
festivalında iki nominasiya üzrə qızıl medala layiq
görülüb.
Dramaturqun "İyirmi ildən
sonra" iki hissəli melodramı ilk dəfə Dövlət
Gənclər Teatrında, sonralar isə Qazax Dövlət Dram
Teatrında, "Tədris" Teatrında, Sumqayıt Dövlət
Dram Teatrında tamaşaya qoyulub. Əsərdə - Otello,
Qoca, Səfir, Ofeliya, Hamlet kimi maraqlı obrazlar var.
"Sevən qadın"
iki hissəli melodramda Elmina, Qalib, Müxbir, Mina, Şölə
kimi maraqlı obrazlar var. Əsər iki dəfə - 2009-cu ildə
Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Əsərdə
- yumşaq xalçalar, ağ güllər, yığcam
mebellər, incə zövqlə bəzədilmiş otaqlar
sanki tamaşaçının gözünü qamaşdırır.
Ziyafət geyimində görünən Elmina əvvəldən
axıra qədər tamaşaçının diqqətindədir.
O, həyatdan zövq alır. İki sevən gəncin rəmzi
olan bir cüt şamı özü ilə hərləyir.
Stol bəzəyir, o, hər şeydə məhəbbət
axtarır. Qalibi dəlicəsinə sevir. "Məhəbbətsiz
qadın, yandırılmamış şam kimidir" deyir. O,
Qabilsiz həyatını düşünmür. Vəsiyyət
edir ki, öləndə onun baş daşına bu sözləri
yazsınlar: "Gəldim, gördüm, getdim",
"Sevdik, evləndik, öldük".
Məhəbbət xərçəng
xəstəliyi kimi Elminanı yeyir, didir. Lakin Elminanın həyatında
yeni hadisələr baş verir. özünü öldürmək
istəyir. Elmina qəzet müxbirinə rast gəlir. Onun həyatında
yeni dəyişiklik baş verir.
Əsərdə tez-tez
dramatik-komik hadisələr baş verir ki, bu da oxucunu,
tamaşaçını güldürməklə
yanaşı, həm də düşündürür.
"M.S.S. - Mən səni
sevirəm" iki hissəli məktəb dramı dramaturqun
müasir mövzuda yazdığı əsərlərdən
biridir. Əsər müəllim-şagird-valideyn münasibətlərindən
bəhs edir. Uşaqlar sinifdə dərs keçmək əvəzinə,
sevgidən, məhəbbətdən danışır,
öpüşür, qucaqlaşır, biri sinifdə palaz
salır yerə namaz qılır, biri divara M.S.S. - sözlərini
yazır. Gənc sinif rəhbəri Sabah müəllim
uşaqları mədəni, ləyaqətli, həqiqətin,
düzlüyün tərəfində olmağa
çalışır. Lakin sinifdəki uşaqlar müəllimi
eşitmir. Hay-küy salır, müəllimi ələ
salır, telefonla danışır, bir-birinə
sataşırlar.
Ata-ana da öz
övladlarının tərbiyəsiz hərəkətlərinin
qarşısını ala bilmirlər. Məktəb sevgi-məhəbbət
yuvasına çevrilib.
Kitaba daxil edilən iki hissəli
məhəbbət dramı "Əli və Nino" Q.Səidin
eyniadlı romanının motivləri əsasında
yazılıb. Dram - Azərbaycan Dövlət Gənc
Tamaşıçılar Teatrının repertuarına daxil
edilib.
"Səhnədə məhəbbət"
iki hissəli lirik telekomediya Əli Əmirlinin kitaba daxil edilən
sonuncu əsəridir. Əsər Azərbaycan Dövlət
Musiqili Komediya Teatrı üçün yazılıb.
Tamaşa on ildən çoxdur ki, teatrın
repertuarındadır.
Hesab edirəm ki, dramaturq Əli
Əmirli öz dram əsərləri ilə müasir ədəbiyyatımızın
dramaturgiyasına yeni ab-hava, yeni insan obrazları gətirib.
Göründüyü kimi,
müasir mövzu, müasir həyat hadisələrinin təsviri
Əli Əmirli dramaturgiyasında əsas yer tutur. Onun əsərlərində
müasirlərimizin surətləri psixoloji planda, həyati
ixtilaflar, mənəvi sarsıntılar əsasında
canlanır. Surətlərin mürəkkəb psixoloji dəyişmələrlə
təqdimi, xarakterlərin realist cizgilər cəhətdən
zənginliyi dramaturqun peşəkarlığından xəbər
verir.
Dramaturq Əli Əmirliyə
yeni yaradıcılıq uğurları arzulayıram.
Səlim Əzimov
Təzadlar.- 2011.- 12-15 mart.- S.14.