Sultan bəy və silahdaşları...

 

Sultan bəyin anadan olmasının 140 illiyinə

 

Sultan bəyin yeganə qurtuluş yolu Laçın əhalisi və onun qeyrəti idi

 

(Əvvəli ötən sayda)

 

...Sultan bəy üçün çox çətin idi. Silah yox, təcrübəli ordu yox, silah olanda da adamlar ondan istifadə etməyi bacarmırdı. Digər tərəfdən, o, qardaşı Xosrov bəydən nə yardım, nə də Cümhuriyyətdən heç bir silah-sursat, əsgəri qüvvə ala bilmirdi. Zəngəzurun bütün çevrəsi erməni silahlıları, təlim görmüş ordu ilə əhatələnmişdi. Belə bir şəraitdə bu mühasirəni yarıb çıxmaq sual altında idi. Sultan bəyin yeganə qurtuluş yolu Laçın əhalisi və onun qeyrəti idi.

Daşnak Andranikin qoşunlarının kifayət qədər silahları, o cümlədən topları var idi. İndi olduğu kimi, Fransa, İngiltərə, Yunanıstan, Rusiya, ABŞ və digər dövlətlər erməniləri silahla, paltarla, pulla, qida ilə təmin edir və ADR-nın dirçəlməsinə imkan vermək istəmirdilər.

Sultan bəyin Laçın bölgəsinin bir çox kəndlərində apardığı görüşlər sayəsində top və dövrün yaxşı silahlarını almaq üçün insanlar Sultan bəyin dəstəsinə kömək etməyə başlayırlar. Qaratel xanım Paşa bəy qızı danışırdı ki, Sultan bəyə bir ətək qızıl-gümüş verdik ki, top ala bilsin. Bu yardım sayəsində Sultan bəy bir ədəd top alıb Qaragöl tərəfdə qoymaqla Andranikin qoşunlarını Laçın (Abdallar kəndi) şəhərinin ətəyindəki Zabux çayında məhv edənə qədər Gorus şəhərini nəzarətdə saxlamaq mümkün olmuşdu. Elə bu top da Andraniki məcbur etmişdi ki, Sultan bəylə danışığa getsin. (Z.N "Türkəm, Tanrıçıyam və ya dön geriyə bax"). Həmin vaxtlarda aşağı Zəngəzurda 1918-ci ilin ancaq yayın axırı və payızda müsəlmanların başlarına gətirilən faciələri isə Azərbaycan Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının Gəncə Quberniyasına aid olan Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzası üzrə müsəlman kənd və insanlarının ermənilər tərəfindən başlarına gətirilən faciələri araşdıran komissiyanın üzvü Mixaylovun üzdən tərtib etdiyi və bütün faciələri tam əks etdirməyən məruzəsində deyilir: "Hazırkı məruzədə sizə Qarabağın Cavanşır, Şuşa, Cəbrayıl və Zəgəzur qəzalarında baş vermiş faciəli bədbəxt hadisədən məlumat verəcəyik. Deməliyik ki, oktyabr 1918-ci ilə kimi Azərbaycan Respublikasının Bakı, Quba, Şamaxı, Lənkəran və s. qəzalarında ermənilərin yerli müsəlman əhalisinə verdikləri dəhşətli qırğınlar azalsa da, Gəncə Quberniyasının dörd qəzasında - yəni Cavanşır, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında bu faciələr hələ də davam etməkdədir. Bu qəzalarda insan təfəkkürünə sığışmayan vəhşilikləri yerli ermənilərlə yanaşı, İrəvan quberniyasından gələn ermənilər və silahlı əsgərlər, Türkiyə vilayətlərindən gətirilmiş silahlı, böyük silah-sursata malik Andranikin rəhbərlik etdiyi nizami erməni qoşunları və bu torpaqları, onun insanlarını, erməni respublikasına tabe etdirmək istəyən və erməni hökumətinin təşkil etdiyi erməni hərbi birləşmələri törətməkdə davam edirlər. (Mixaylovun məruzəsindən açıqca görünür ki, Sultan bəy hansı erməni qüvvələri ilə üzbə-üz idi). Zəngəzur qəzası hazırda dediyimiz dörd qəzadan daha da ağır vəziyyətdə olanıdır. Belə ki, ermənilər Zəngəzuru Cəbrayıl və Şuşadan ayırıblar və hiss edirlər ki, onlar silah-sursatdan, əsgəri qüvvədən müsəlmanlarla müqayisədə çox üstündürlər və bu imkandan bəhrələnərək Zəngəzurun kəndlərini yandırmaq, qarət etmək, insanlarını məhv etməklə torpaqları ələ keçirmək niyyətindədirlər. Bununla yanaşı, Andranik erməni hökuməti ilə birləşərək Ermənistan hökumətinin imzaladığı direktivi də əsas sənəd kimi müsəlman kəndlərinin boşaldılaraq Ermənistana tabe olmağı tələb edirlər. Savadsız kəndliləri aldadaraq toparlayıb vəhşiliklə məhv edir, guya xristianlığı qəbul etdirmək məqsədi ilə məscidlərə yığdıqdan sonra yandırırlar. Onlar müsəlman kəndlərinin bir-biri ilə əlaqəsini kəsdiyindən heç yerlə əlaqələri yoxdur, onları müdafiə edən qüvvələrə malik deyillər, əhalinin özü silahsızdır. Ermənilər öz hökumətlərinin torpaq sahələrini genişləndirmək üçün hətta öz evlərini, mal-mülkünü ataraq qaçanlara da aman vermir, boş evləri belə, tam yandırmadan əl çəkmirlər. Müsəlman kəndlərindən Sisiyan (Qarakilsə) mahalının 1-ci polis sahəsi, 2-ci sahənin əksəriyyəti, 3-cü, 4-cü və 5-ci polis sahələrinin hamısı tam məhv edilmişdir. Ermənilər tutduqları bu torpaqlarda hətta təcili müəyyən əkin işləri də aparırlar. Bu kəndlərdən olan əhalinin sayı bizdə 50.000 mindən çox olan və sağ qalmış müsəlmanlardır ki, onlar da Cəbrayıl qəzasının 4-cü sahəsində acınacaqlı vəziyyətdədir, məhv olmuş və adları siyahıya düşmüş müsəlman kəndlərinin sayı 115-dir (üQAOR Azer.SSR, f.970,OP. 10, d. 161,11. 1-9)".

Mixaylovun yazılarından da görünür ki, Qarabağın dilbər guşələrindən olan Zəngəzur sultanlığı hansı faciələr görmüş və Laçın əhalisi, onun müdafiəçisi Sultan bəy hansı cəsarət sahibi olmuşdur. Sultan bəyin erməni silahlı qüvvələrinə qarşı atdığı addımlar və onların nəticələri onu Azərbaycan tarixində unudulmayan çox böyük bir xalq qəhrəmanı səviyyəsinə yüksəltsə də, biz hələ də onun layiq olduğu dəyəri verməmişik. O, çoxdan yüksək səviyyədə təbliğ olunmalı idi. Onun adı ilə mükafat təsis olunmalı, Sultan bəy ordeni, medalı olmalı, adına bütün bölgələrdə küçələr olmalı, istirahət parkları salınmalı, yeni tikilən kənd və qəsəbələrə onun adı verilməli, mətbuatda, televiziyada həmişə ona həsr olunmuş verilişlər verilməli, görkəmli bir yerdə əzəmətli heykəli qoyulmalı idi və s. Bunun sayəsində də gənc nəsl vətənpərvərlik ruhunda təlim almaqla, Sultan bəy ruhlu olmağı arzu edərdilər. Yeri gəlmişkən demək istərdim ki, metrostansiyalardan birinə Sultan bəyin adının verilməsi onun anadan olmasının 140 illiyinə çox gözəl töhfə olardı. Xatırladım ki, Sultan bəyin nəvəsi Elburs bəy uzun illərdir Bakı Metropolitenində məsul vəzifədə çalışır.

Bu yazının müəllifi neçə il öncə Sultan bəyin qardaşı - həkim, Zaqafqaziya seyminin, Azərbaycan Parlamentinin üzvü, AXC dövründə ilk hərbi nazir, ikinci hökumətdə əkinçilik naziri, Qarabağın general-qubernatoru, Müsavat hökumətini dəstəkləyən "İttihad" partiyasında başqan müavini, mühacirətdə "İttihad"ın sədri - siyasətçi, 2-ci dünya müharibəsində öz qohumu olan Sovet hərbçisi İsrafil bəyin vasitəçiliyi ilə türk-müsəlmanı alman əsirliyində olan insanların sobalarda yandırılmasının qarşısını alanlardan biri və ən nəhayət, öz əziz canını ancaq vətəninə qurban verən Xosrov bəyi araşdırdıqca Sultan bəy haqqında insanlarımıza məlum olmayan xeyli məlumatlar ortaya qoymuşdur. Bu məlumatlar da Sultan bəyin 1902-1923-cü illər arasında vətəni uğrunda, Qarabağ, Zəngəzur, Cənubi Azərbaycan, Qərbi Azərbaycan uğrunda ermənilərlə apardığı bir çox mücadilələrlə tanış olmaq imkanı yaradır. Sadalanan bölgələrin hamısında Sultan bəyin dostları, qohumları, həmfikirləri olmuşdur ki, onlar da vətən savaşında Sultan bəyə yardımçı olmuşlar.

Sultan bəyə Xosrov bəyin 1919-cu ilin 21-30 martında Əsgəran döyüşündə daşnak generalı Dronu məğlub etməsi hələ də ermənilərin Laçına basqınının davam etməsinin qarşısını almaqda böyük dayaq olmuşdu. Azərbaycanın daxilindən bolşevik-daşnak qoşunlarının, Qərbdən isə Ermənistanın şeytan qüvvələrinin bu bölgədən əl çəkmədikləri hər iki qardaşa gün kimi aydın idi.

Sultan bəy mütəmadi Xosrov bəylə çətin də olsa əlaqə saxlaya bilmişdi. Bu işdə Sultan bəyə Laçının Araflı bəyləri, Arduşdu və Haxnəzər kəndlərinin insanları yardımçı olurdurlarsa, Şuşadan Xosrov bəyin müavini, Laçın qəzasının Qubadlı yaşayış məntəqəsindən olan çingiz bəy (çingiz İldırım) fəaliyyətdə idi. Bu əlaqələndirmə hər iki qardaşa böyük faydalar vermişdir. ümumi işin xeyrinə olsun deyə bu işlərə Şuşanın qəza rəisi Abış bəy Qalabəyov, Zəngəzur qəza rəisi Camal bəy Sultanov, Cavanşir qəzasının rəisi Bəhram bəy Məlik-Abbasov da öz imkanları ilə hər iki qardaşı qabaqcadan məlumatlandırırdılar.

Sultan bəy və Xosrov bəyə çətinlik yaradan amillərdən biri də ingilislərin indi olduğu kimi, ikibaşlı siyasət aparmaları, Andranikin tərəfini saxlamaları, Zəngəzura və bütövlükdə Dağlıq Qarabağı Erməni Milli Şurasına təhvil vermək istəkləri idi. Digər bir amil isə Sultan bəyin ixtiyaratında qoşunun olmaması və hətta AXC qoşunlarının tabeçiliyinin Xosrov bəyin səlahiyyətində olmaması idi. Xosrov bəy bu məsələ uğrunda da AXC ilə inandırıcı söhbətlər aparmalı idi. Hətta məsələ o yerə gəlib çıxmışdı ki, Xosrov bəy istefa vermək məsələsini qaldırmışdı. Xosrov bəy daha sonra hərbi hissələri Zəngəzura yeritmək, eyni zamanda ermənilərin İrəvandan Azərbaycan torpaqlarına hərəkətinin qarşısını kəsmək üçün də hökumətdən icazə istəmək məcburiyyətində qalmışdı. Belə bir vəziyyətdə Sultan bəyin ancaq yerli əhalinin gücünə, torpaqları ölənə kimi döyüşməklə saxlamaqdan başqa bir yolu yox idi.

Bütün bunlar xalq qəhrəmanından böyük iradə, inadkarlıq və əzmkarlıq tələb edirdi və belə də oldu. O, öz iradəsini axıra kimi saxlaya bildi, Dağlıq Qarabağ erməniləri ilə Andranik və Ermənistan qoşunlarının daşnak-bolşevik S.Şaumyan qoşunları ilə birləşməsinin qarşısını aldı. Sultan bəyin, onun müdafiə dəstələrinin polad iradəsi hesabına ermənilər məğlub edildi, Qarabağ və Zəngəzurun xeyli hissəsi 1992-ci ilin 18 mayına kimi Azərbaycan Respublikasının tərkibində saxlanıla bildi.

İndi bir yox, bir neçə Sultan bəy və Xosrov bəy yetişdirmək gərəkdir ki, təkcə Qarabağı, Zəngəzuru yox, bütövlükdə Qərbi Azərbaycanı daşnaklardan azad etməklə Naxcıvan torpaqları ilə qucaqlaşaq, ermənilərin dənizdən-dənizə torpaqlarımızın titmasına imkan verməyək.

Mixaylovun məruzəsinə əsasən, Andranik Zəngəzurda 115 kəndi insanları ilə biryolluq məhv etdiyi (bəzi mənbələrdə bu kəndlərin sayı 164-dür) tarix 1918-ci il yayın axırı - payız aylarına düşürdü. Onun məqsədi həm də becərilmiş məhsulların kəndlilərin evlərinə yığması ilə əlaqəli olmuşdur. ABŞ-dan, Fransadan, Rusiyadan və digər ölkələrdən gələn qida məhsulları orduya çatmırdı. Ermənistan özü ac idi, Andranikə ordusunu yedirmək üçün tam kömək edə bilmirdilər. Ermənilər tarixən kənd təsərrüfatı məhsulları yetişdirməyə meylli olmamışlar. Ata-babaları qaraçı olduğundan dilənmək ermənilərin səcərə peşələri olmuş və bu xislət indi də davam etməkdədir. Bunu yaxşı bilən Andanik Qarabağa, oradan da Gəncəyə yürüş etmək istədiyindən Zəngəzuru məhv edərkən, istəyinin biri də əhalinin evlərinə yığdığı məhsulu mənimsəmək, ordunu yaşatmaq idi, Xosrov bəyin Qarabağa general-qubernator təyin edilməsini isə dəqiq bilmirdi. Sultan bəyin isə bu məsələlərdən xəbəri var idi. Bu məqsədlə də Sultan bəy əsasən müdafiə olunmağa üstünlük verməyə məcbur idi.

 

 

(Davamı var)

 

Ziyadxan Nəbibəyli,

Azərbaycan Yazıçılar və

Jurnalistlər birliklərinin üzvü,

tarix elmləri doktoru, professor

 

Təzadlar.- 2011.- 12-15 mart.- S.13.