Tarixşünaslığımızın əsas problemləri
Zaur Qasımov:
"Məşhur erməni-amerikalı
tarixçisi Ronald Syuni yazır ki, ermənilər XIX əsrdə İrəvanda
heç də çoxluq təşkil etmirdilər"
2007-ci ildə bir qrup azərbaycanlı tələbə və doktorant "Jahrbuch für Aserbaidschanforschung", yəni Azərbaycanşünaslıq illik məcmuəsini yaradıblar və o, ildə bir dəfə Berlində nəşr edilir.
Almaniyanın Mayns Universitetinin tarix müəllimi, Mayns Tarix İnstitutunun elmi əməkdaşı, tarix elmləri doktoru Zaur Qasımovun "Təzadlar" qəzetinə müsahibəsi
- Zaur bəy, ermənilər tarixən Qarabağın onlara məxsus olduğunu sübut etməyə çalışırlar. Ümumiyyətlə, Avropanın tarix arxivlərində Dağlıq Qarabağın ermənilərə məxsus olması ilə bağlı hansısa bir mənbəyə rast gəlmisinizmi?
- Azərbaycan tarixşünaşlığı ilə müqayisədə erməni tarixşünaslığı daha zəngin və qədim ənənəsinə sahibdir. Erməni tarixinə, dininə aid kitablar artıq XVI-XVII əsrlərdə Venetsiyada, Romada və Madrasda yazılıb nəşr olunurdu. Buna mən heç bir qiymət verməzdim. Bu, sadəcə, faktdır. Ermənistan, erməni dili və erməni tarixi ilə bağlı Avropa kitabxanalarında minlərlə kitab var. Eyni zamanda Avropa coğrafiyaşünaslarının və tarixçilərinin də xəritələri var. Bunlar təkcə Qarabağı yox, bütün Qafqaz bölgəsini təsvir edirlər. Bu ənənə XVI-XVII əsrlərdə yaranıb və bu günəcən davam edir. Bu, danılmaz faktdır.
Mən xüsusi olaraq Qarabağ tarixini araşdırmamışam, amma ümumqafqaz tarixi ilə maraqlanarkən bəzi məsələlərə rast gəldim. Məsələn, məşhur erməni-amerikalı tarixçisı Ronald Syuni yazır ki, ermənilər XIX əsrdə İrəvanda heç də çoxluq təşkil etmirdilər. Ermənilər XIX əsrdə Qafqaza İrandan mühacirət edib. Buna dəstək verən də çar Rusiyası olub. Bu da faktdır. Onların çox hissəsi Tiflisdə və Qarabağda məskunlaşdırılıb. Qərbli tədqiqatçılar da bunu danmırlar. Eyni zamanda 1918-ci ildə Tiflis kimi metropoliyada ermənilər bir neçə rayonda tam əksəriyyət təşkil edirdilər. Erməni dili, əlifbası, dini və s. özünəməxsus olması ilə seçilirdi.
Azərbaycan tarixşünaslığına
görə isə ermənilərin dövləti
heç vaxt yox idi. Bu da səhvdir. Vardı, amma on əsr bundan əvvəl, indiki şərqi Anadoluda. II Tiqran dövründə də erməni dövləti mövcud idi. Bunun Qarabağla bilavasitə əlaqəsi
yoxdur. Eyni zamanda
Azərbaycan tarixçiləri
"İran dövləti
yox idi, İran Azərbaycanın imiş" deyərkən,
ermənilərin özünəməxsusluğunun
mövcudluğunu danmaqla
Qərbdə heç
vaxt qəbul edilməyəcəklər. Çünki
əsassız, istinadsız,
qaynaqsız, arxivsiz və emosional yazırlar. Elmdə düşmənçiliyə və
subyektivliyə yer verilməməlidir. Almaniyada
hər bir böyük universitetdə
iranşünaslıq var,
eyni zamanda türkşünaslıq bölümü
də mövcuddur. Mədəniyyətlərarası sərhədlər betonlu divar sərhədləri deyil, xeyli pəncərəli
divarlardır.
XIX əsrin
İrəvanında on minlərlə
türkdilli müsəlman
əhali vardı, İrəvanda şiə məscidi də var, eləcə də Bakıda erməni kilsəsi tikilib. Tiflisdə erməni kilsəsi Azərbaycanın şiə
məscidinin yanındadır.
Qafqaz xeyli millətlərdən və
dinlərdən ibarət
idi, əslində elə də olmalıdır.
Onu bildirim ki, Nizami həm
Azərbaycan, həm İran, həm də Şərq mədəniyyətinin ayrılmaz
hissəsidir. Sayat
Nova, Sergey Paracanov Şərq
mədəniyyətinin, həm
də Qafqaz mədəniyyətinin ayrılmaz
hissəsidir, eləcə
də Zeynəb Xanlarova, Nani Breqvadze və s.
- Siz əsasən hansı tarixi dövrü tədqiq edirsiniz?
- Azərbaycan
və Gürcüstanda
sivil cəmiyyətin inkişafı ilə bağlı araşdırmalar
aparmışam. Əbülfəz
Elçibəyin və
Zviad Qamsaxurdiyanın siyasi baxışlarını
müqayisə etmişdim.
Bunun əsasında bir neçə elmi məqalə yazmışam. Sonralar -
1918-20-ci illərdə Gürcüstan
və Azərbaycan milli ordularının inkişafına dair məqalə yazdım, eyni zamanda Qafqazda
Almaniya və Rusiya tarixi siyasətlərini
təhlil edirdim. Əsas tədqiqat layihəm Polşa tarixi ilə bağlı idi. Bunun üçün Varşavaya tez-tez ezam olunurdum. Orada işləyərkən
Rəsulzadənın Polşa
və ümumiyyətlə,
Avropada elmi və publisistik fəaliyyəti ilə bağlı maraqlanmağa
başladım. Bununla
bağlı həm Polşada, həm də Almaniyada elmi məqalə yazdım.
- Bu gün
Almaniyanın tarixi arxivlərində Azərbaycan
tarixi ilə bağlı açılmamış
tarixi mənbəələr
varmi ki, hələ də tədqiqatçılarımızın yolunu gözləyir?
- Alman arxivlərində (məsələn,
Münhen şəhərindəki
çağdaş Tarixi
İnstitutu arxivində)
azərbaycanlı legionçulara
aid materiallar var. 1930-cu illərdə
azərbaycanlı mühacirlər
tərəfindən nəşr
edilmiş publikasiyalar,
yəni Rəsulzadə
və Hilal Münşinin kitabları
var. Həmin dövrdə
dərc olunan jurnal və dərgilər də Almaniyada saxlanılır.
- Bəs,
alman tarixçilərinin
Qafqaza marağı necədir? Onlar bölgənin öyrənilməsinə
maraq göstərirlərmi?
- Qafqaza olan maraq getdikcə
artır. Almaniyada gürcü, erməni və Azərbaycanşünaslıq
ənənəsi var. Hələ
1920-ci illərdə Layptsiqdə
ermənişünaslıq elmi jurnalları təsis olunub, fundamental əsərlər çap
olunub. 1970-ci illərdə
Yena şəhərində
"GEORGİCA" jurnalı, müasir gürcüşünaslıq
dərgisi təsis olunub. Onu yaradan
Tiflisdə təhsil almış alman gürcüşünas Haynts
Feynrix idi. Yena şəhərində
Gürcü və Qafqazşünaslıq kafedrası
da fəaliyyət göstərir. 2007-ci illərdə
bir qrup azərbaycanlı tələbə
və doktorant "Jahrbuch für Aserbaidschanforschung", yəni
"Azərbaycanşünaslıq İllik Məcmuəsini"
təsis ediblər və həmin illik məcmuə ildə bir dəfə
Berlində nəşr
edilir.
- Bizim tarixçilərin alman tarixçiləri ilə ünsiyyəti hansı səviyyədədir? Ümumiyyətlə,
gələcəkdə Almaniyada
Azərbaycan tarixinə
maraq yaratmaq üçün hansı layihələri həyata keçirmək olar?
- Azərbaycanlı
tarixçilərin alman
tarixçiləri ilə,
demək olar ki, heç bir əlaqəsi yoxdur. Azərbaycanlı tarixçilərin əksəriyyəti
rus dilindən başqa heç bir xarici dil
bilmir, xaricə konfranslara, demək olar ki, getmir,
hətta emaillərdən
də belə, istifadə etmirlər. Alman həmkarları onlarla necə əlaqə qursun?
Məncə, bəzi
məsələləri bir
rəfə salmaq olmaz. Qafqaz vaxtilə
Osmanlının, İranın,
Rusiyanın, qədim Romanın əyaləti idi. Vaxt vardı,
gürcü kraliçası
Tamara, demək olar ki, bütün bölgəni idarə edirdi... Bugünkü gündə buna istinad edib gələcəyi
qurmaq mümkün deyil. İndiki Polşa Vrotslav şəhəri, Bressheheri
vaxtilə Breslau idi, Kalininqrad Königsberg idi, bu o demək
deyil ki, Almaniya Polşaya və Rusiyaya qarşı iddialar irəli sürsün. Eləcə də Dərbənd şəhəri
və ya Zaqatala bölgəsi. Birinciyə Azərbaycan tərəfi, ikincisinə
Gürcüstan iddia edə bilərdi. İran da deyə
bilər ki, 1813-28 illərə qədər bütün Qafqaz İranin əyaləti idi... Yəni bu, perspektivsiz və zərərli yanaşmadır.
- Müasir
Azərbaycan tarixşünaslığının
əsas problemlərini
nədə görürsünüz?
- Əsas
problemi aşağıdakı
amillərlə bağlayardım:
- peşəkarsızlıq;
- xarici dilləri bilməmək;
- region dilləri
və region tarixini zəif bilmək;
- Avropa və beynəlxalq tarixçiləri ilə əlaqələrin zəif
olması (Azərbaycan
alimlərinin hətta
qonşu ölkələri
ilə heç bir əlaqəsi yoxdur);
- Zəif
təhsil, kitabxanalarda
lazımi ədəbiyyatın
yoxluğu.
- Bəs,
erməni və alman tarixçilərin əlaqələri necədir?
- Bu sahədə
mütəxəssis deyiləm,
amma müşahidələrim
elədir ki, erməni tarixçilərin
ümumi səviyyəsi
azərbaycanlı həmkarlarından
qat-qat üstündür.
İrəvanda güclü
mütəxəssislər var. Qafqazla məşğul olan tarixçilər nəinki ermənicə və rusca, eyni zamanda türkcə,
ingiliscə bilənlər
az deyil. Azərbaycandakı tarixçilərin
əslində ikiqat dil problemi var:
Çoxusu farsca bilmir, halbuki Azərbaycanın tarixi məhz İran və fars mədəniyyət
dairəsi ilə sıx bağlı idi. Eyni zamanda
azərbaycanlı tarixçilər
erməni və gürcü həmkarlarından
fərqlənir - bəzi
azərbaycanlı tarixçilər
hətta araşdırdığı
ölkənin dilini, yəni Azərbaycan dilini də bilmirlər. Bu da bir qədər təəssüf doğurur:
məsələn, Rusiyada
Elmlər Akademiyasında
kiminsə rus dilini bilmədən rus tarixini araşdırmasını
təsəvvür etmək
olmaz. Eləcə də Tiflisdə və ya İrəvanda.
Azərbaycandakı vəziyyət
bu məsələdə
Orta Asiyadakına oxşardır.
Elnur Eltürk,
"Təzadlar"
qəzetinin xüsusi müxbiri
Təzadlar.- 2011.- 12-15 mart.-
S.9.