Sultan bəy və silahdaşları...

 

Sultan bəyin anadan olmasının 140 illiyinə

 

"Sultan bəy Andranikin növbəti hiylə işlətdiyini dərk etdiyindən çox əsəbiləşir və nümayəndələri məhv etmək istəyir"

 

(Əvvəli ötən saylarda)

 

...Xosrov bəyin təyinatı ancaq 15 yanvar 1919-cu ildə baş tutur. O, quberniyanın mərkəzi olan Şuşaya 12 fevral 1919-cu ildə gəlir və ilk müşavirəsini fevralın 15-də həyata keçirə bilir. Söylənilən tarixi həqiqətlər də bir daha sübut edir ki, Sultan bəy hansı çətin şəraitdə mərdlik, mübarizlik, sərkərdəlik qabiliyyəti göstərməklə xalqına, vətəninə xidmət etməkdən geri çəkilməmiş, Laçın əhalisini tam olaraq öz ətrafında toparlaya bilmişdir.

Bu dövrlərdə bütün Qərbi Azərbaycan (indiki Ermənistan), Naxçıvan, Zəngəzur, Yuxarı Qarabağ qan içində idi. Belə bir mühitin mərkəzində Zəngəzurun bir parçasını müdafiə etmək hər sərkərdəyə nəsib olmur. Sultan bəyə dayaq ola biləcək Xosrov bəy yalnız 1919-cu ilin avqust ayında Qarabağ ermənilərinin yığıncaq keçirərək Azərbaycan hökumətinə tabe olması qərarını qəbul etdirə bilmişdi. AXC 23 noyabr 1919-cu ildə ABŞ-ın köməyi və vasitəçiliyi ilə erməni-müsəlman münaqişəsinə son qoyulması məqsədi ilə Azərbaycan hökuməti ilə Ermənistan arasında müqavilə bağlanılır. Lakin bağlanmış müqavilədən az sonra ermənilər Zəngəzurda və Qarabağda azərbaycanlılar yaşayan kəndlərə yenidən hücumlar edirlər. Heç bir qayda-qanunu qəbul etmək istəməyən nə Andranik, nə də Ermənistan ən azı Zəngəzurla Qarabağı birləşdirmək fikrindən çəkinməmişdilər. Andranik növbəti kələyinə əl atır və Sultan bəylə əlbir olmaq istəyir, onun yanına elçi adı ilə xəfiyyə göndərir.

Sultan bəy Andranikin növbəti hiylə işlətdiyini dərk etdiyindən çox əsəbiləşir və nümayəndələri məhv etmək istəyir. Lakin təbiətcə sakit, hövsələli olan atası Paşa bəy oğlu Sultanı sakitləşdirir və "elçiləri" qayda-qanunla yola salmağı və möhlət istəməyi məsləhət görür.

Elə də edirlər. Onlardan sonra Paşa bəy, oğlu Sultan bəyə müraciətlə bildirir ki, bu işi təkbaşına görmək olmaz, ağıllı kişiləri dəvət edib məsləhətləşmək çox vacibdir, xalqsız qərarın faydası olmaz. Çünki sənin gücün bu camaatdadır. Sultan bəy sakitləşir və Paça bəyin tədbirini gözləməli olur. Paşa bəy münasib bildiyi insanlardan 8 nəfərini Sultan bəyin "aran otağı" adlanan və Şəlvə çayının sahilində Böyük Zəngəzurun rəhbəri, Qarabağ qoşunlarına rəhbərlik etmiş Cəbrayıl bəy Vəli bəy oğlunun mülkü ilə üzbəüz çay axarının solunda olan evinə toplayır. Sultan bəyin, digərlərinin və deyilən 8 nəfərin iştirakı ilə böyük bir məşvərət yığıncağı keçirilir. Fikirlər haçalaşır, mülahizələr çoxalır, qəti qərar çətinləşir. Paşa bəy sakitlik yaratdıqdan sonra qohumluq əlaqələri olan Alməmməd Sultanın qardaşı nəvəsi, 16 il Bağdadda ali ruhani təhsili almıs, Odessa Tibb Universitetini bitirmiş, Böyük Zəngəzura rəhbərlik etmiş, Şeyx Şamillə dostluq etmiş, Azərbaycandan Şeyx Şamilə müxtəlif vasitələrlə yardım etmiş Azərbaycandan yeganə şəxs Cəbrayıl bəyin oğlu Cəlil bəyə müraciət edərək, onun da öz fikrini söyləməsini istəmişdir.

Cəlil bəy təbiətcə çox sakit adam idi, Sankt-Peterburqda Texniki Universiteti bitirmişdi, Bakıda neft sənayesində çalışmışdı, Paşa bəyin Bakıda neft sənayesində işləyən oğlu Rüstəm bəylə dostluq etmiş, eyni sahədə işləmişdilər. Cəlil bəy bir az fərqli düşündüyünü bildirir və məclis əhlinə üzrxahlıq edib öz düşüncələrini açıqlamışdır (Bu barədə Araflı bəyi Süleyman bəyin "Bəyliyin tarixi" əsərində ətraflı məlumatlar var). O, bildirmişdir ki, "ermənilər Sultan bəyə nə təklif edirlərsə növbəti görüşdə onu ikiqat artırmaq və qəbul etmək lazımdır. Ancaq ən böyük şərt Andranikin qoşunlarının silahlarının sökülərək çuvallara yığılıb elə erməni əsgərlərinin öz atlarına yüklənməsini təklif etmək gərəkdir. Qoy, hər bir əsgər öz atının cilovundan yapışaraq aparsın. Bizim atmağı yaxşı bacaran adamlarımız isə Zabux dərəsindən Gorus tərəfdə olan Dik qayadan başlamış, Abdalları (indiki Laçın şəhərini) keçməklə Qaladərəsi kəndinə qədər erməni əsgərlərinin sağ-salamat keçməsini öz boynuna götürsün. Bununla yanaşı, ən vacib yerlərdə pulemyotçularmız da gizlənmiş halda pusquda durmalıdırlar.

Ermənilər Abdallara (Laçına) çatanda onların istiqaməti Şuşa tərəfə deyil, bizim tərəfə - Pircan tərəfə yönəldilməlidir. Hər yüklü atın yanında erməni əsgəri ilə yanaşı, bizim də silahlı adamımız olmalıdır. Ermənilər həqiqəti başa düşənə qədər çox sakitcə, mehribanlıqla bu iş davam etdirilməlidir. Ermənilər tərəfdən təşviş başlandıqda hər bir silahlı adamımız onun əlində olan ermənini məhv etməli və Abdallar poçtundakı pusquda duranlarımız, çayın o biri tayındakı adamlarımıza işarə olaraq göyə atəş açmalıdırlar. Bu zaman Dikqayadan və Abdallar poçtunda yollar bağlanmaqla ermənilər atəşə tutularaq məhv edilməlidirlər".

Təklif Paşa bəyə o dərəcədə xoş gəlir ki, durub Cəlil bəyi qucaqlayaraq öpür və hündürdən deyir: "A kiş,i dedim axı danış. Sən bəksən, (Paşa bəy bir az şirindanışan idi) sən danış, Sultan bəy, gördün, bax bu başqa məsələ... " ümumi razılıqdan sonra Sultan bəy Andranikə xəbər göndərir, yığıncağın yekun qərarı öz qaydası ilə həyata keçirilir.

Andranikə gəldikdə isə əsl həqiqət bi idi ki, o təcrübəli, yol keçmiş hərbçi idi, üstəlik, erməni idi. Andranik əsgərlərini qabaqca yola salır, özü isə qazalaqla - bir dəstə əsgərlərlə hamıdan axırda gəlir. O, hiss etdikdə ki, Zabux yolu kəsilib, geri dönüb Gorusa tərəf qaçmağa başlayır. Sultan bəyin bir neçə adamları Andranikin ardınca xeyli getsələr də, əsas məqsəddən yayınmamaq üçün öz yoldaşlarına köməyə dönəmli olurlar.

Əvvəldə qeyd edildiyi kimi, son 300 illik tariximizdə ermənilərə qarşı aparılan döyüşlərin ən effektlisi, ən böyüyü və ermənilərin ən çox əsgər, silah-sursat itirdikləri döyüş bu döyüş - Sultan bəyin döyüşü olmuşdur. Burada Dikqayadan Abdallara (Laçına) qədər olan uzun bir məsafədə heç bir erməni əsgəri canını Sultan bəyin döyüşçülərinin əlindən qurtara bilməmişdir. Qırğının ən çox olduğu məkan isə Zabux çayından körpüdən keçən yerdə - körpünün hər iki sahilində olmuşdur. Sultan bəyin dəstəsi çox az itki vermişdir.

Laçın rayonunun ən uzunömürlü 1-ci katibi, başçısı işləmiş Muradxan Cabbarov söyləyirdi ki, mənim atam Zabux körpüsünün alt tirlərindən Yapışmaqla 24 saata yaxın orada asılı vəziyyətdə qalmışdır. Onu çox çətinliklə oradan xilas edə bilmişlər. Yəni Zabux dərəsində çox ciddi döyüşlər baş vermişdir. Bununla da ermənilər geri çəkilməyə məcbur olmuşlar. Özündən çox müştəbeh olan Andranik bu heyifi çıxmaq üçün Azərbaycanın digər əlisilahsız bölgələrinə hücum məqsədilə qoşun toplamağa başlamışdır. Məğlubiyyətə uğramış Andranik Ermənistanın yeni rəhbərliyi ilə də "dil" tapa bilməmiş, Şaumyana əli çatmamış və beləliklə, Azərbaycanın ayrı-ayrı torpaqlarında soyqırım aparan erməni qüvvələri onun kimi tədricən dağılmağa başlamışdı.

Laçınlı Sultan bəyin Azərbaycanın ən qəddar düşmənlərindən biri, ermənilərin isə çox böyük önəm verdiyi Andranik üzərindəki qələbəsi hərb tariximizin çox şərəfli səhifələrindən biridir. Sultan bəyin və qardaşı Xosrov bəyin xidmətlərindən biri də Zimistan Həsənovun və Məhəmməd Nərimanoğlunun 2001-ci ildə çap etdirdikləri "Kəlbəcər Azərbaycanın qala qapısı" kitabında göstərdikləri - Göycə mahalında ermənilər tərəfindən faciələrlə qovulan və Kəlbəcərlə Basarkeçərin dağ aşırımında kütləvi şəkildə öldürülən müsəlmanlarla, Basarkeçərin və Kəlbəcərin müdafiəsində gördükləri işlərdir. Göyçə, Kəlbəcər, Basarkeçər bölgələri ilə bağlı digər bir mənbə "Qəbələ" qəzetinin 13 aprel 2000-ci il tarixli sayındakı "Onlara güzəşt oluna bilməzdi" yazısıdır. Kəlbəcərli Müslüm Şahhüseynovun bu yazısından məlum olur ki, Göyçədə, Basarkeçərdə və Kəlbəcərdə Andraniklə 2-ci erməni generalı Silikov çox böyük qırğınlar törətmiş, insanları qaçqın salmışlar. Ermənilərin qarşısını almaq, onları cəzalandırmaq üçün gələn Sultan bəy və onun silahlı dəstəsinin Zar və Zəyilik əhalisi qarşılamışdır. Sultan bəy bu insanları silahlandırmış və Göyçəyə istiqamət götürmüşdür. Məsələdən xəbər tutan ermənilər Zodda olan Alban kilsəsinə doluşaraq ağ bayraq qaldırırlar. Zodlu ağalar da qan tökülməsini istəmirlər, ürəyi yumşaqlıq göstərirlər. Ermənilər azad buraxılır, bu bölgələr Sultan bəy tərəfindən azad edilir və o, Laçına qayıdır. Lakin çox keçmədən Andraniklə Silikovun qoşunları bu bölgələrə dönür və böyük qırğınlar törədirlər, Göyçənin 32 kəndini yandıraraq məhv edirlər, Basarkeçərdə isə demək olar ki, əhali qalmır. Sağ qalmış göyçəliləri öz torpaqlarına qaytarmaq üçün Məşədi Cəmil adlı bir mülkədar Sultan bəyə və Xosrov bəyə müraciət etməklə xeyli silah-sursat əldə edirlər və erməniləri bu bölgələrdən sıxışdırmaqla erməni generalı Silikovu Basarkeçərin Qumlu bulaq deyilən ərazisində keçtəkli döyüşçülər tərəfindən öldürülür.

Deyilənlərə onu da əlavə edək ki, indiki Kəlbəcər bölgəsinin, Basarkeçər və Göyçə torpaqlarının xeyli hissəsi Qarabağ xanlığı yaranarkən Zəngəzur torpaqlarına qatılmış və əvvəldən də Zəngəzur sultanı olmuş, xanlığın ilk baş sərkərdəsi Murtuza bəyin olmuşdur. Murtuza bəyin oğul-uşaqlarının Araflı ətrafında, Qaragöldə, Hacısamlıda 35-dən artıq yaşadıqları yaşayış məskənləri olmuş, bir çox yerlərdə torpaqları olmaqla - heyvandarlıqla, əkinçiliklə, qoyunçuluqla, atçılıqla məşğul olmuşlar. Bu əhalinin xeyli hissəsi dediyimiz torpaqlara - yaylaqlara çıxmış və məskunlaşaraq orada qalmışlar. İndiki Laçın bölgəsindən getmiş bu insanlar Laçında yaşadıqları kəndlərin adını Kəlbəcərdə məskunlaşdıqları yerlərə vermişlər. Bunlara nümunə kimi Bəylik, Ağcakənd, Qaracanlı, Seyidlər, Alıbəyli, Vəlibəyli, Nəbili və s. kəndləri göstərə bilərik.

Yuxarıda söylənilən Göyçə-Basarkeçər və s. döyüşlərində fəallıq göstərənlər arasında əslən laçınlı onlar da çoxluq təşkil etmişlər.

Daşnak Andranik heç nə ilə razılaşmır, əli hər yerdən çıxdıqdan sonra bolşevik Rusiyası ilə danışıqlar aparır, dəstək alır, yeni silahlı dəstə yaratmaqla Zəngəzura, Qarabağı və Gəncəni tutmaqla yenidən S.Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyətini genişləndirmək istəyi bu dəfə də Sultan bəy və Xosrov bəy qardaşlarının səyi ilə heçə endirilir.

Məlum olduğu kimi, xarici və daxili qüvvələrin basqıları altında AXC hökuməti 1920-ci ildə hakimiyyəti bolşeviklərə verməli oldu. Bununla da Şimali Azərbaycanda ağaların, bəylərin, mülkədarların, islam din xadimlərinin faciəli günləri başladı. Təbii ki, Azərbaycan xalqına çox baha başa gələn bu proses digər bəylərlə yanaşı, Sultan bəy və Xosrov bəydən də yan keçmədi. Ermənilərin məlumatları əsasında bu qardaşlarla yanaşı, ermənilərlə mübarizə aparmış, öz xalqına mərdanəliklə xidmət etmiş insanlar və bu döyüşdə iştirak edən digər insanlar ən yaxşı halda Sibirə, Qazaxıstana və digər yerlərə sürgün edildilər. Sultan bəyə, Paşa bəyə və əslində öz xalqına, vətəninə xidmət etmiş Cəlil bəy də bolşeviklər tərəfindən tutularaq, millətçi kimi, müsavatçı kimi Laçın şəhərinin yuxarı hissəsində, Laçındağda üçlük tərəfindən güllələnmişdir.

Sultan bəy bolşeviklərə qarşı da xeyli mübarizə aparmışdır. Hətta Sultan bəyə öz yaxnı, qohumu vasitəsilə suiqəsd də təşkil etmişlər. Bütün bunlara baxmayaraq, Sultan bəy vətənini tərk etmək istəmədi və onun bolşeviklərlə əməl birliyi yaratmaq səyi də baş tutmadı. Ermənilərin şikayəti əsasında tutulan Xosrov bəy Sultan bəyə ölkəni mütləq tərk etməyi vacib bildi, türmədən çıxdıqdan sonra İrana keçdilər. İranın Azərbaycan türkünə tarixi münasibətini dərk edən qardaşlar Türkiyəyə keçməli oldular. Xosrov bəy orada siyasi fəaliyyətini davam etdirmiş, Sultan bəy isə təsərrüfatla məşğul olmağa üstünlük verdi və hər iki qardaş ömürlərini qardaş Türkiyədə başa vurdular.

 

 

Ziyadxan Nəbibəyli,

Azərbaycan Yazıçılar və

Jurnalistlər birliklərinin üzvü,

tarix elmləri doktoru, professor

 

Təzadlar.- 2011.- 15-17 mart.- S.13.