"Qızıl Aypara" müəmması
Qurum rəhbərliyinin fəaliyyəti barədə
dolaşıq fikirlər və rəylər adamı
çaş-baş salır...
Beynəlxalq Qızıl Xaç
və Qızıl Aypara Federasiyası tərəfindən
Qızıl Aypara Cəmiyyətinə Hacıqabulun Nəvai kəndinin
seldən zərər çəkmiş insanlarına
yardım üçün ayırdığı 120.977 ABŞ
dolları vəsait hara qeyb olub?
(Əvvəli ötən sayda)
...Bəli,
Hacıqabul rayonunun Nəvai kəndinin sakini M.Axundovun
redaksiyamıza göndərdiyi şikayət məktubu təqdim
edilən bu araşdırma yazısının
hazırlaasında vacib səbəb oldu. Düzdür, əvvəlllər
də bu mövzu ətrafında çox
düşünürdüm. Xüsusən də mənim də
yaşadığım Sabirabad rayonunda sel daşqınları
arxasız camaatı çaşqın vəziyyətə
salanda düşünürdüm ki, bundan da ağır vəziyyət
olacaqmı? Niyə humanitar kömək göstərilməsində
ad çıxarmış bir sıra təşkilatların, o
cümlədən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
konkret fəaliyyəti və köməyi görünmür?
Dövlətin işi başqa problemləri həll etməkdir.
Amma hesabatlarından da görürük ki, Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin hər bir rayonda
şöbələri var, cəmiyyətin az qala Afrikanın
da humanitar təşkilatları ilə sıx əlaqələri
mövcuddur... Bəs konkret və səməri iş? Bəs
fövqəladə hallarda zərərçəkmiş
insanlara mənəvi dayaq? Mən maddi köməyi də
qoyuram bir kənara. Bunlar yoxdur. Varsa da, görmürük.
Vallah görmürük, Qurana and olsun, tələb olunan yerlərdə
görmürük, hörmətli Novruz müəllim!
Hesabat sənədlərindən
keçən humanitarlıq
...Mən 60-70-ci illərdə orta məktəbdə oxuyurdum. Məktəbimizə Sabirabad rayon Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gəlmişdilər. Onlar məktəbimizin direktoru ilə gələrək bildirdilər ki, Vyetnamda və Monqolustanda kasıb, imkansız uşaqlara kömək lazımdır. Və bizə markalar payladılar. Biri 30 qəpik idi. Mən iki marka aldım ki, vyetnamlı uşaqlara daha çox kömək etmiş olum...
O illərdən xeyli keçib. İndi az qalıb ki, Vyetnam bizə, yəni müharibədən və seldən zərər çəkən uşaqlara kömək etsinlər. Edirlər də. Məsələn, ötən yazıda təqdim etdiyimiz Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabatından da (hələ 2009-cu il üzrə)görünürdü ki, təşkilat "...Təhlükəsiz Oyun Meydançası proyektindən (Almaniya QX) 50 700,00 manat, Fandreyzinqdən (ianə qutularından), təşkilatlardan və ayrı - ayrı şəxslərdən 268.010,80 manat, 39 580,60 manat digər mənbələrdən ianələr almışdır..."
İldə də Azərbaycanın Dövlət Büdcəsindən (2009-cu ilin) 72 min manat aparatın saxlanmasına pul ayrılır. Bundan əlavə, əgər 2008-ci ildə 650.5 min manat pul mədaxil edilibsə, 2009-cu ildə bu rəqəm 623.4 min manat olub... Həmçinin cəmiyyətin "İnkişaf" programı çərçivəsində Ucarda "Quşçuluq", Mingəçevir rayonunda "EXO" aparatı, İnternet və kompyuter kursları, Sumqayıtda internet klubu, Bakının Nərimanov rayonunda "Gözəllik salonu", Nəsimi RB "UZİ" aparatı, İsmayıllıda "Diş kabineti" kimi gəlir gətirən subyektləri var.
Hesabatda daha bir maraqlı məqam
yer alıb. Məlum olur ki, cəmiyyətin rayon və şəhər
bölmələri üzrə yığılan ümumi
üzvülük haqqı vəsaiti 2008-ci ildə 743.2 min
manat, 2009-cu ildə 691.1 min manat təşkil edib. Beləcə,
QHT olan bir cəmiyyətə hər il dövlət tərəfindən
ayrılan 72 min manat büdcə vəsaitindən əlavə,
həm də kifayət qədər ianələr,
yardımlar, üzvülük haqqları və s. iş
görmək üçün yetərlidir. Amma...
"Bəs Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin nizamnaməsinə və məramnaməsinə
uyğun fəaliyyəti niyə gözdən və
könüldən uzaq düşüb? Cəmiyyəti ərköyün
edən səbəblər hansılardır?"
Ötən yazıda bu
suallara cavab istəmişdik. Əslində, bu cavablar məlum
idi. Amma Hacıqabul rayonunun Nəvai kəndinin köməyə
ehtiyaclı sakininin redaksiyamıza gileyli məktubuna diqqət
edəndə söz vermişdik ki, məsələyə
aydınlıq gətirək.
Məsələ isə deyəsən
xeyli qəlizdir. Belə ki, şikayətçinin sözlərinə
görə, hələ 2 il əvvəl sel
daşqınları ilə bağlı adıçəkilən
kəndin sakinlərinə yardım ayrılıb...
Yardım yetişdimi?
...Şikayətçinin
sözlərinə görə, onlara yardım ediləcəyi
barədə kənd icra nümayəndəliyindən xəbər
gəlib: "...Biz də çox sevindik. Gözlədik. Sonra
eşitdik ki, guya kimlərəsə edilib. Amma konkret kimlərə
deyən və faktı ortaya qoyan olmadı..."
Araşdırarkən məlum
oldu ki, 2009-cu ildə Hacıqabulda seldən zərərçəkənlərə
yardım göstərmək üçün Qızıl
Aypara Cəmiyyətinə 120 min dollar yardım ayrılıb.
Rəsmi məlumatlarda qeyd edilirdi ki, "...Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Federasiyanın
Fövqəladə Hallarda Təxirəsalınmaz Yardım
Fondu (DREF) Azərbaycan Qızıl Aypara Cəmiyyətinə
Azərbaycanın Hacıqabul rayonunda seldən zərər
çəkmiş insanlara yardım göstərmək
üçün 120 977 ABŞ dolları (82 665 avro) yardım
ayırıb".
"APA-Ekonomiks"in
yaydığı xəbərdə isə fakt təsdiqlənirdi
və məlum olurdu ki, bu barədə Beynəlxalq Təşkilat
olan DREF-in özü məlumat yayıb: "...Məlumatda
bildirilir ki, ayrılmış vəsait sentyabrın 21-də
leysan nəticəsində zərər çəkmiş
Hacıqabul rayon sakinləri üçün nəzərdə
tutulur. Bu vəsait hesabına Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Nəvahi kəndində 300 ailəyə (1200 şəxs) qida
və qeyri-ərzaq yardımları göstərəcək.
Yardımlar iki ay - dekabrın 1-dək davam edəcək..."
Yeri gəlmişkən, cəmiyyətin
2009-cu il üzrə hesabatında təsadüfən bu
yardımın taleyinə aydınlıq gətirilən
faktlara rast gəldik. Məsələn, hesabatın bir hissəsində
belə bir qeyd var idi: "Hacıqabul rayonunun Nəvahi qəsəbəsinin
zərər çəkmiş sakinlərinə yardım
göstərmək məqsədilə 600 rezin çəkmə,
300 səyyar qaz plitəsi, 300 elektrik qızdırıcı,
300 plastik örtük, 600 kanistr, 1600 yataq dəsti, 600 döşək,
300 dəst gigiyenik dəsti və 600 bağlama ərzaq
alınmışdır..."
Bəs bu yardımların
ümumi məbləği 120 977 ABŞ dolları (82 665 avro) təşkil
edirmi? Bax bu suallara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
sədri, millət vəkili Novruz Aslanın rəsmi
açıqlamasında tanış ola bilərik. Çalışacağıq
ki, həmin suala birgə cavab tapaq.
Sel qurbanlarına yardım necə
çatdırılıb?
Ötən yazıda Sabirabad
və Saatlı rayonlarının seldən zərər çəkən
sakinlərinə göstərilən yardımlara da
toxunmuşduq. Cəmiyyətdən "Trend" agentliyi
müxbirinin sualına verilən cavabda isə deyilir ki,
"...Kür çayında suyun səviyyəsinin
qalxması ilə bağlı baş verən təbii fəlakətlər
nəticəsində zərərçəkmiş insanlara
yardımın göstərilməsi üçün Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti
2010-cu ilin may ayının 13-də Göygöl rayonuna,
Hacıkənd qəsəbəsinə və Zərdab rayonuna
səfər ediblər.
Səfər zamanı təbii
fəlakətin baş verdiyi ərazidə zərərçəkmiş
insanlara humanitar yardım göstərilib. Zərdab rayonu və
Göygöl rayonu, Hacıkənd qəsəbəsində
ümumilikdə 150 ailəyə 27.810,17 manat dəyərində
yardımlar edilib. Yardımlar - ədyal, çadır,
gigiyenik dəst, rezin çəkmə, səyyar qaz sobası,
mətbəx dəsti, kanistr, yataq dəsti, elektrik
qızdırıcısı, əriştəkəsən,
palaz, yataq kisəsi, döşək, qadın paltarı və
ərzaq bağlamalarından ibarət olub..."
Doğrudanmı belə bir
humanitar yardım ünvanına çatdırılıb? Bu
suala da cavab tapmağa çalışırıq.
Mənə də yardım
edin!
Yenə də cəmiyyətin
pəsmi hesabatına istinad edirik. Məlum olur ki, "...2009-cu
ildə Azərbaycan QAC tərəfindən müxtəlif fəlakətlərdən
zərər çəkmiş 414 nəfərdən ibarət,
ümumilikdə, 120 ailəyə 18.099,91 manat məbləğində
humanitar yardım göstərilmişdir.
2009-cu ilin sentyabrında
Hacıqabul rayonunda baş vermiş fəlakətlə əlaqədar
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının "Fövqəladə Hallara Cavabvermə
Fondu (DREF)" tərəfindən ayrılmış maliyyə
vəsaiti hesabına daha 1287 nəfərdən ibarət 300
ailəyə 72.848,20 manat məbləğində humanitar
yardım göstərilmişdir..."***
Cəmiyyətin Regional Mərkəzləri
üzrə də yardımlar olunduğu barədə rəsmi
hesabatda rəqəmlər göz oxşayır. Məsələn,
hesabatda yazılır ki, "...Bakıda 412 ailəyə(1650
nəfər) 90.948,11 manat, Mingəçevirdə 4 ailəyə
332,22 manat, Lənkəranda 2 ailəyə 184,12 manat, Sabirabadda
2 ailəyə 380,68 manat, cəmi- 91.845,13 manat yardım
göstərilib".
Bəs, görəsən, həmin
ailələr kimlərdir?
Humanitar leksiya?
Hesabatda diqqətimizi daha bir
maraqlı məqam cəlb etdi. Məsələn, qeyd olunur ki,
"...Azərbaycanın bölgələrində AzQAC tərəfindən
aparılan səhiyyə maarifi işi və təbliğat
kompaniyalarının təşkil olunması zəruriliyi nəzərə
alaraq, ay ərzində AzQAC Sumqayıtda fəaliyyət
göstərən "Ana və Uşaq" İçtimai
Birliyi ilə birgə Bakı və Sumqayıt şəhərlərində
qaçqın və məcburi köçkünlər məskünlaşan
məhəllə və yataqxanalarında yaşayan qadınlar
üçün "Süd vəzisinin xərçəngi"
adlı təlimlər keçirilmişdir. 250 nəfər
qadın bu problemin qarşısının alınması,
özünü müayinə etmə üsulları barədə
biliklər əldə etmişlər. 4 nəfər qadın
isə süd vəzilərində dəyişiklikləri qeyd
etmişdir ki, onlar Milli Onkologiya Mərkəzinə tibbi
müayinəyə göndərilmişdir. AzQAC-ın əməkdaşları
Qaradağ rayonunun əhalisi arasında "H1N1 qripi
haqqında maarifləndirmə işləri aparmış,
informasiya materialları paylamışlar. Tədbirdə
Qaradağ Rayon İcra başçısının
müavini, Taun əleyhinə mərkəzin mütəxəssisi
iştirak etmişlər. AzQAC-ın prezidentinin şəxsi təşəbbüsü
ilə Bakıda "Mərhəmət sorağında"
adlı pilot layihəsi davam etməkdədir. Layihənin məqsədi
Bakının 11 rayon bölməsinin əməkdaşları
və fəaliyyət göstərən tibb
bacılarının iştirakı ilə həmin ərazidə
yaşayan və qeydiyyatda olan tənha kimsəsiz olan qocalara
humanitar yardım və tibbi-sosial xidmətin göstərilməsidir.
Bu insanlara tibbi sosial xidmətlərdən dərmanların qəbulu,
təzyiqin ölçülməsi, iynələrin
vurulması, gigiyenik tədbirlər və digər təmizlik
işləri aparılır".
Vallah, hesabatdakı rəqəmləri
və tədbirlərin siyahısını görəndə
adam tənha və kimsəsiz qoca olmaq istəyir...
Araşdırmamız davam
edir.
Eldar Sabirabadlı
Təzadlar.- 2011.- 15-17 mart.- S.9.