Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi

 

Bu münaqişə, obrazlı şəkildə desək, Azərbaycan dövlətçiliyinin bir doğuş qüsurudur

 

Mövzuya giriş olaraq öncə Qarabağ münaqişəsinin qərb elmi-ictimai dairələri tərəfindən təqdimatı məsələsinə qısaca toxunmaqda fayda görürəm. Düşünürəm ki, ilk növbədə burada bir məsələni özümüz üçün aydınlatmalıyıq. Bildiyimiz kimi, geniş mənada həqiqətin, gerçəkliyin necə olmasından onun necə qavranılması, görünməsi daha önəmlidir. Bununla bağlı beynəlxalq ədəbiyyatlardan bizlərə ingilis dilində perception, reception (qavrama, qəbul etmə) kimi məfhumlar yaxşı məlumdur.

Bu cəhətdən, Dağlıq Qarabağ münaqişəsinin qərb elmi-ictimai dairələrində təqdimatının da ilk növbədə bir qavranılma məsələsi olması qənaətinə gəlmək olur. Buna bariz misal kimi bir alman məktəb dərsliyindən bir sitatı xatırlamaq istərdim. 2000-ci ildə Berlin şəhərinin orta məktəbləri üçün çap olunmuş 8-ci sinif coğrafiya dərsliyində Qarabağ münaqişəsinə dair "Doğru inam uğrunda mübarizə" başlıqlı qısa informasiyada deyilir:

Sitat: "Azərilər islam dininə riayət edirlər və buna görə də erməniləri "erməni kimliyindən" məhrum etmək istəyirdilər. Onlar dincə xristian olan ermənilərə ana dilində təhsil almağı, habelə erməni tarixini və coğrafiyasını öyrənməyi qadağan etmişdilər. Bundan başqa, onlar xristian dinini icra etməyə də əngəl yaradırdılar (Heimat und Welt, Klasse 8)". Sitatın sonu.

Beləliklə, bu dərslik misalında görünüşün oluşdan nə dərəcədə fərqləndiyi özünü aydın şəkildə büruzə verir. Xüsusən ona görə ki, bu cür qavrayışlar çox vaxt səthi, təsadüfi və ya səhv məlumatlara əsaslanır. Hər bir məsələ kimi, Qarabağ məsələsi də yaxınlığından və uzaqlığından, habelə "istiliyindən" və "soyuqluğundan" asılı olaraq müxtəlif ölkələr və dairələr tərəfindən fərqli qəbul olunur, qavranılır. Buna görə düşünürəm ki, münaqişənin düzgün qavranılması üçün qərb elmi və siyasi dairələrinin təfsilatlı məlumatlandırılması sahəsində görülməli işlər hələ çoxdur. Burada müsbət nümunə kimi Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin fəaliyyətini qeyd etmək istərdim.

 

Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan milləti

 

Burada Dağlıq Qarabağ münaqişəsinin biz azərbaycanlılar üçün nə demək olması məsələsinə dayanmaqda bir fayda görürəm. Qarabağ münaqişəsi, obrazlı şəkildə desək, Azərbaycan dövlətçiliyinin bir doğuş qüsurudur. Bəlkə də bu metafer çoxlarımız üçün gözəl səslənməyə bilər, amma düşünürəm ki, bu problemin mahiyyətini ifadə etmək baxımından uğurlu seçilmiş bir obrazdır. Belə ki, sanki bir millət, bir dövlət kimi dünyaya gələrkən (və ya yenidən gələrkən) bir əzamız şikəst edilmişdir. Və biz bir millət olaraq illərdən bəri bu qüsuru özümüzlə daşımağa məcbur olmuşuq. Bununla belə, ümid etmişik ki, tezliklə bunun müalicəsi mümkün olacaq, xüsusən də burada, necə deyərlər, xarici "həkimlərin" köməyinə inanmışıq.

Hal-hazırda yaşadığım ölkənin - Almaniyanın tarixi bəşəriyyətə, insanlığa bir çox ibrətlər vermişdir. Məncə, bu ibrətlərdən müsbət mənada ən nəzərəçarpanı odur ki, bir millətin, bir dövlətin sahib olduğu ən böyük, ən dəyərli sərvəti onun (xüsusən də gənc) insanlarıdır. Məhz bu düşüncəyə, bu məntiqə sığınaraq 2-ci Dünya müharibəsində hər cür itikilərə, o cümlədən böyük torpaq itkilərinə məruz qalan gənc alman dövləti oz insanlarının qabiliyyətinə, potensialına güvənmiş və yenidən dünya dövlətləri sirasında layiqli öncül yerini tuta bilmişdir.

Vətəni vətən edən iki mühüm amil var: bizi əhatə edən insanlar və üzərində yaşadığımız torpaq. Buna görə torpaq itkisi təbii ki, hər bir insan, hər bir vətənsevər üçün çox ağrılıdır. Digər tərəfdən düşünürəm ki, bizi əhatə edən insanların itkisi bundan daha da ağrılıdır. Mən əsla bizləri "şikəst edilmiş" Qarabağımızın itkisi ilə barışmağımızın mümkünlüyünü demək istəmirəm. Sadəcə, bunun müalicəsinin, xüsusən də tam sağalmasının çox çətin bir proses olaçağını obrazlandirmaq, bununla, bir millət olaraq bu məsələdə ağıllı və səbirli olmağımızı istərdim.

Ağıllı və səbirli olmaq burada mənim üçün, sadəcə, gəlişi və səslənişi gözəl sözlər deyil. Bu sözlər Qarabağ münaqişəsinin çözümü ilə bağlı mənim konkret təsəvvürlərimi ifadə edir. Belə ki, Qarabağ münaqişəsi Azərbaycan üçün ilk növbədə çox çətin bir problemdir.

 

Dağlıq Qarabağ problem kimi

 

Qarabağdan problem kimi danışarkən, öncə problem olaraq nəyi anlamalı olduğumuzu qisaca izah etmək istərdim: problem ilk növbədə (arzu olunan) məqsədə çatmağı əngəlləyən bir maneədir və onun gözəçarpan əsas əlaməti isə çətinliyidir. Problem, obrazli şəkildə desək, getdiyimiz yoldakı qara daşdır ki, o ya aradan qaldırılmalı, ya da ondan yan keçilməlidir (work around).

Burada xüsusi olaraq problem şüuru məsələsini vurğulamaq istərdim, yəni (faktiki, gercək) mövcud durumla arzu olunan durum arasında əhəmiyyətli fərqin fərqinə varmaq qabiliyyətini. Həyatda (a) ya problem qabağımıza çıxır, bu mənada, o, bizə əngəl törədir, bizi "incidir" (obyektiv problem qoyuluşu, bu mənada, dözüm həddi məsələsi önəmlidir), (b) ya da biz bir şeyi özümüzə problem edirik, yəni qabağımıza problem qoyuruq (subyektiv problem qoyuluşu), çünki mövcud durum bizi artıq qane etmir.

Burada digər mühüm bir məsələ isə ondan ibarətdir ki, problem varsa, onun həlli də olmalıdır, belə ki, hər bir problem həm də öz həllini gözləyir. Bu mənada, gözümüz önündə çox asan həll olunan problemdən tutmuş çox çətin həll olunan problemə qədər geniş bir spektr canlanır. Elmi ədəbiyyatlarda bir qayda olaraq problemin aşağıdakı həll növləri göstərilir:

- problemin son, qəti həlli və ya müvəqqəti həlli;

- problemin ideal, optimal həlli və ya real, suboptimal həlli;

- problemin paket həlli və ya mərhələli həlli.

Bu tipologiya əsasında güman etmək olar ki, yolumuza çıxmış, daha doğrusu, qoyulmuş Qarabağ probleminin yaxın gələcək üçün son, optimal və paket həlli xüsusilə çətindir. Bu xüsusi çətinliyi nəzərə alsaq, düşünürəm ki, problemin Azərbaycan hökumətinin tərəfdar çıxdığı mərhələli həlli ən çox uğur vəd edən bir yoldur. Burada özəlliklə bir məsələni unutmamalıyıq ki, hər hansı problemin mövcudluğu özlüyündə "problem" deyil, əslində onun həlli imkanlarına malik olmamaq "problem"dir.

Digər tərəfdən, Qarabağ problemi həm də bizim milli kimliyimizlə bağlı olan bir məsələdir. Burada bu bağlantiya da toxunmaqda fayda var. Zaman-məkan müstəvisində baxdıqda milli identitet məsələsini vaxt axarında müəyyən ərazi və onun üzərində yaşayan toplum arasında baş verən bir inkişaf dialektikası kimi nəzərdən keçirmək olar. Bizlərin vətənimiz Azərbaycanı da məhz bu müstəvidə axtarmasının tərəfdarıyam. Burada Azərbaycana (ana) vətən olaraq münasibətimiz özünü iki formada ifadə edə bilər: Bir tərəfdən, bizlər vətənə praqmatiq, rasional münasibət bəsləyə və bu zaman Almaniyanın keçmiş federal prezidenti Gustav Heinemannın sözləri ilə, "mən vətəni deyil, yalnız xanımımı sevirəm" deyə bilərik.

 

***

 

Digər tərəfdən isə, vətənə münasibətimiz emosional, sevgi münasibəti formasında ortaya çıxa bilər: məsələn, burada xalq şairi Məmməd Arazın aşağıdakı məşhur misralarını xatırlamamaq olmur: "Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim".

Ümumilikdə isə tanınmış alman yazarı Thomas Mannın məntiqilə vətənə həm də belə bir tərif verməyin tərəfdarıyam: mən haradayamsa, Azərbaycan oradadır, mən Azərbaycanımı özümlə daşıyıram. Fikrimcə, bu yanaşma özəlliklə qürbətdə yaşayan diaspora azərbaycanlıları üçün əsas həyat prinsipi olmalıdır. Belə ki, nə xoşbəxt o azərbaycanlı ki, dünyanın harasında yaşamısından asılı olamayaraq Azərbaycanını özü ilə daşıyır. Bu yerdə təəssüf ki, müəllifini xatırlamadığım bir kəlam da yada düşür: "Ruhumuzun bədənimizə ən yaxin olduğu məqam soyuq havada üşüdüyümüz andır". Mən deyərdim ki, Qarabağsızlığımızın illərdən bəri özü ilə gətirdiyi "soyuq abu-hava" isə bir millət olaraq bizləri üşüdən andır ki, bu da xüsusən qürbətdə, diasporada yaşayanlarımızı vətənimiz Azərbaycana son dərəcə yaxın edir və ya etməlidir.

 

Nəticə əvəzi: siyasət peşə kimi

 

Düşünürəm ki, Qarabağ münaqişəsi ilə bağlı hər bir gənc Azərbaycan ziyalısı "siyasi" davranış biçiminə də malik olmağı bacarmalıdır. Bundan dolayı nəticə əvəzi olaraq sosial elmlərin klassiklərindən olan Maks Veberin "Siyasət peşə kimi" əsərinə müraciət etmək istərdim. Veber deyirdi ki, siyasətçinin əsasən ən böyük zəif cəhəti onun özünü bəyənmişliyidir. Bu xarakter onu çox zaman qərarlarında qeyri-obyektiv və məsuliyyətsiz olmasına gətirib çıxarır. O burada siyasətçini aşağıdakı üç əsas müsbət keyfiyyətə can atmağa çağırırdı: Bunlara siyasətçinin iş coşqusu, məsuliyyət hissi, hadisələrin gedişini gözəyarı qiymətləndirmə bacarığı aiddir.

Daha sonra Veber siyasətdə iki əxlaq növünü fərqləndirirdi:

1. Prinsip əxlaqını. Burada, siyasətçi qəbul etdiyi qərarlarda ilk növbədə prinsiplərinə sadiqlik göstərir və bu zaman onun niyyəti və motivi etdiyi hərəkətin konkret uğurundan, nəticəsindən üstün dəyərə malik olur.

2. Məsuliyyət əxlaqı. Burada isə söhbət nəticələrə "sadiqlik"dən gedir: Bu zaman siyasətçi hər şeydən öncə verdiyi qərarların konkret nəticələrinin məsuliyyətini düşünür. O, qərarlarını, necə deyərlər, sonuna qədər fikirləşir və burada yekun nəticəni göz önünə almağa çalışır.

Əgər biz bu yerdə prinsip əxlaqını tənqid etmək istəsək, məqsədlə nəticə arasında çox vaxt bir uyğunsuzluq olduğunu deyə bilərik. Belə ki, yaxşı niyyətli davranış həmişə yaxşı nəticələnmır. Burada ən sadə misal kimi "ayı xidməti" ibrətini xatırlatmaq, məncə, yerinə düşərdi. Məsuliyyət əxlaqını isə əsasən o cəhətdən tənqid etmək olar ki, nəticəni öncədən görə, qiymətləndirə bilmək həmişə mümkün deyil. Belə ki, son nəticəni göz önünə ala bilmənin praktiki çətinliyini həyatda hər birimiz yəqin ki, çox yaşamalı olmuşuq.

Bundan dolayı Veber qeyd edirdi ki, yaxşı siyasətçi o kəsdir ki, özü üçün prinsip və məsuliyyət əxlaqı arasında doğru bir balans yarada bilsin. Amma o mübahisəli, kritik məqamlarda siyasətçinin məsuliyyət əxlaqına üstünlük verməsini tövsiyə edirdi.

Beləliklə, Maks Veberin anlamıyla vətənimiz Azərbaycanın həm siyasi, həm də ziyalı elitasının Qarabağ problemi ilə bağlı prinsiplərmizindən imtina etməyərək həmişə məsuliyyətli qərarlar verməyə və bu qərarların son nəticələrini göz önünə almağa çalışmasını arzulamaq istərdim. Bu məsuliyyət nəinki xalq qarşısında, habelə tarix, gələcək nəsillər qarşısında məsuliyyəti də özündə ehtiva etməlidir. Düşünürəm ki, bu zaman ilk növbədə cəmiyyətmizə, ətrafımızdakı insanlara müsbət nümunələr, örnəklər verməyə çalışmalıyıq. çünki ətrafdakılarımıza verə biləcəyimiz ən gözəl şey, fikrimcə, məhz müsbət, yaxşi nümunələr ola bilər.

 

 

Azər Babayev,

siyasi elmlər doktoru,

Frankfurt Sülh Araşdırmaları

İnstitutunun (HSFK) elmi əməkdaşı

 

Təzadlar.-2011.- 15-17 mart.- S.8.