Müqəddəslik zirvəsi

 

Dədə Şəmşiri görmək, onunla həmsöhbət olmaq mənə nəsib olub. Hələ gənc çağlarımda Kəlbəcərdə çıxan "Yenilik" qəzetində müvəqqəti olaraq çalışdığım vaxt onu görmüşəm. Sanki Dədə Şəmşirin danışığı, tələffüzü belə nəğmə idi. Onun səsindəki mülayimlik, şirinlik, doğmalıq insanı ilk andan böyük sənət dünyasına aparırdı.

Bir dəfə ərəb əlifbası ilə yazdığı şeirlərini oxuyurdu. Hansısa şeirinin "çoban tütək çalır meyli-məzəli" misrası 40 ildən bəridir ki, qulaqlarımda səslənir (Yeri gəlmişkən, Dədə Şəmşirin "Yenilik" qəzetində dərc olunmuş, kitaba salınmamış şeir nümunələrini M.F.Axundov adına kitabxanada saxlanılan "Yenilik" qəzetindən də toplamaq mümkündür). Arıq, amma ümumi görkəmində böyük sənətkarlara xas olan qeyri-adilik bir yandan adamı valeh edirdi.

Dədə Şəmşirin bir hərəkəti yaddaşımdan silinməyib. Günlərin bir günü şəyirdləri ilə birgə Kəlbəcərin əsas küçəsində gəzişirdi. Görünür, harasa getmək üçün maşın gözləyirdi. Əlində bir dənə qızılgül vardı. Arabir gülü qoxlayır, uzaqlara baxırdı. O zaman içimdən bir söz keçdi: "Şəmşir kişi xəyalında şeir yazır". Bəlkə düz hiss eləmişdim. Yox, mütləq belə idi. Aşıq, şair gülü belə məhəbbətlə qoxlamazdı.

Uşaq idik, qarğı, küləş yığmağa, ya da harasa gəzməyə gedəndə oxuyardıq. Kim ağzını açırdısa: "Aşıq Şəmşir, Dəlidağdan keçəndə..." misrası ilə başlayan, Səməd Vurğunun məşhur "Xəbər al məni" qoşmasını zümzümə edərdi. Dədə Şəmşirin varlığı bütün elatın canına sinmişdi. O, Kəlbəcərin simvoluna çevrilmişdi əlbəttə ki, indi belədir.

İndi danışacağım əhvalatı Gəncədə Qənbər Şəmşiroğluna söylədim. Xatırladı, gülümsünüb:

- , yadıma düşdü. Həmin o köhnə klubda

həmin o köhnə klubda Kəlbəcər aşıqları çıxış edirdilər. Dədə Şəmşir şəyirdlərinin oxumalarını həyəcanla izləyirdi. Ö narahat idi. Hiss olunurdu ki, çıxışlardan razı qalmayıb. Birdən özü səhnədə göründü. Qınayıcı, təhnizli baxışları ilə şəyirdlərini süzdü :

- Bir "Misri" oxuyacam, - dedi.

O, arıq, ilk baxışda zəif görünən sinəsindən sanki vulkan püskürdü. Onun bənzərsiz, gur eyni zamanda mülayim səsi zala yayıldı. Oxuduqca da sanki ucalırdı, zirvələnirdi. "Misri" qurtaranda ön sırada oturan oğlu Qənbər müəllim dedi:

- O bir "Səməndəri" oxumuşdun, yadındamı?

Sakit, az qala pıçıltı ilə deyilən bu sözləri Şəmşir kişi eşitdi. Oğlunu sındırmadı. Bayaqkı coşqunu sanki bir bulaq zümzüməsi əvəz elədi. Dədə Şəmşir "Şirin-şirin" rədifli qoşmasını həmin havanın üstündə oxudu. "Oxudu" sözü o dadı, o ləzzəti çatdıra bilmir. Şəmşir kişinin şirin ləhcəsi, məlahətli səsi bal kimi, şərbət kimi ürəklərə yayıldı.

Sonralar mən bu havanı heç kəsdən eşitmədim...

Bir dəfə ağlıma qəribə fikir gəldi. Dədə Şəmşirlə Qədir Rüstəmovun ifalarını ardıcıl lentə köçürdüm. Sonra bir mahnı Dədə Şəmşirdən, ardınca Qədir Rüstəmovdan dinlədim. Məni qınamayın, məhz həmin anda Şəmşir ifaçılığının qədər qədim, eyni zamanda müasir, orijinal qənirsiz olduğunu bir daha anladım. Bu iki böyük sənətkarı dinlədikcə adama elə gəlirdi ki, oxuyan onların hansısa biridir. İfa tərzi, səs oxşarlığı özümü heyrətə saldı. Bu haradan, niyə, hansı səbəbdən ağlıma gəlmişdi, indi mat qalmışam.

Dədə Şəmşir aşıq musiqisinin Cabbar Qaryağdıoğlusu, Seyidi, Xanı idi. O qədər sərbəst, rahat, yerli-yerində, doğru-duzgün oxuyurdu ki, onu başqa heç bir kəslə müqayisə etmək olmazdı olmaz da. Səs gücənmələri, yersiz zəngulə, alqış qazanmaq xatirinə uzun-uzadı nəfəs nümayişi, yüngül hərəkətlər ona yad idi. Kim deyir-desin, Dədə Şəmşir ozan-aşıq sənətinin sonuncu mogikanı, yiyəsi, sahibi, padşahı idi. Firudin Şuşinskinin bir sözü heç yadımdan çıxmaz: "Əgər mən Aşıq Şəmşirə ağılla-başla qulaq assaydım, Azərbaycan musiqisinin tarixinə, sirlərinə, ifaçılarına muğamdan yox, aşıq musiqisindən başlayardım. Heyif! Böyük bir fürsəti fövtə vermişəm".

Bu sözləri muğam sənətinin ən böyük bilicilərindən, tədqiqatçılarından birinin deməsi, çox mətləblərdən xəbər verir.

Bir cəhəti qeyd etmək istərdim. Dədə Şəmşir, adətən, bəlkə , həmişə yalnız sazla oxuyardı. Yəni balaban, digər müşayiətedici alətlərə meydan verməzdi. Ozan-aşıq sənətinin ilki, özəyi, canı-qanı necə idisə, elə yaşadırdı. onun sazı həmişə... qara köynəkdə saxlanardı.

20-21 yaşlarından el şənliklərində, sınaq meydanlarında ad-san qazanan Şəmşir sonucda Dədə Şəmşir oldu. Sözün, sazın, sənətin dədəsi. Ona yüzlərlə şeir həsr olundu. Şeirlərinə musiqilər bəstələndi. Layiqli, ləyaqətli oğlu-qızı, nəvələri adına layiq oldu. El-oba, millət, xalq onu yaşatdı.

Xain düşmən onun yurdunu viran qoydu. Minlərlə əlyazmalarını oda çatdı... Atası Qurbanın, bəlkə Ələsgərin, daha kimlərin, kimlərin hələ çap olunmamış şeirləri onun arxivində yanıb kül oldu. Amma...

Dədə Şəmşirin arzuları gül oldu, gülüstan oldu. Azərbaycan müstəqillik qazandı. Millət sevincə büründü. bu millət Dədənin uşaq qəbiristanlığındakı (bu sirdə bir hikmət var) məzarını ziyarətgah biləcək. Ona yalnız ozan, şair, sənətkar kimi deyil, həm müqəddəs bir varlıq kimi pənah aparacaq. Ondan kömək diləyəcək. çünki o, müqəddəsdir. Bütün həyatı, sənəti, şeiri, səsi, ailəsi, şəcərəsi... ilə müqəddəsdir.

... sonda Məmməd Aslanın söylədiyi bir xatirəni sizin bilmənizi istəyirəm. Məmməd müəllim deyir ki:

- Dədə rəhmətə getmişdi üstündən bir neçə il keçmişdi. Kəlbəcərdə olanda dedim ki, gedim Ağdabana, dədənin məzarını ziyarət eləyim. Qış təzəcə girirdi. çətinliklə olsa, bacıoğlum Qubadla gedib mənzilə yetişdik. Birdən gözlərimə qəribə bir varlıq dəydi. Dədənin məzarı üstündə ağappaq, bircə əlçim ağappaq duman vardı. Göyə baxdım. Göy üzü tərtəmiz idi. Amma məzar başındakı o duman... Yaxınlaşıb görsəm yaxşıdı, Güllü nənə ağappaq saç-larını açıb, ömür-gün yoldaşının - Dədə Şəmşirin məzarına sərmişdi. Dinməz-söyləməz ağlayırdı. Saçlarını onun sinəsinə töküb, sanki vəfalı ömür-gün yoldaşını yaxınlaşan qışdan, soyuqdan-sazaqdan, qardan-borandan qorumaq istəyirdi. Allah! Allah! Bu mənzərə sevginin, məhəbbətin, əhdin-ilqarın canlı heykəli idi. Dedim, bir azdan gələrik, keçib getdik. Güllü nənəni o sevgi dünyasından ayırmaq istəmədim. Həm elə bil qorxdum. Dedim, nənə saçlarını yığıb bağlayar, Dədə Şəmşirə... soyuq olar. Yadımdadı, zərif, şüşə kimi müqəddəs bir varlıq idi...

Redaksiyadan: Cəmilə çiçəyin ədəbi ictimaiyyətdə tanınmış ziyalıların Dədə Şəmşirlə bağlı xatirələri yer alan "Saz qalası" kitabı yaxın günlərdə işıq üzü görəcək.

 

 

Hidayət Elvüsal

 

Təzadlar.-2011.- 15-17 mart.- S.11.