"Tanrı cəzası"ndan
qaçmaq sadəlövlükdür
Camal Zeynaloğlunun eyniadlı
kitabı haqqında oxucu təəssüratları
Hörmətli
Azərbaycan cümhuriyyəti!
Mən sözün müstəqim mənasında ədəbiyyat dəlisiyəm. Ancaq nə yazıqlar ki, son iyirmi ildə, yəni dünyanı bürümüş postmodern və şou-biznes xaosundan sonra nə dünya, nə də milli ədəbiyyatımızda ələgələsi bir mətn tapıb oxuya bilməmişəm. Nobel mükafatı verildikdən sonra tanıdığım Orxan Pamuku oxumaq istədim, əgər belə demək mümkünsə, gördüm ki, donuz itdən murdar!.. Mən bu müstəvidə tək deyiləm, tanıdığım ədəbiyyatsevərlər də qənaətimi bütürün bölüşür. ("Nobel"in ona verilməsinin məlum səbəblərini sonradan bəllədim).
Bu yaxınlarda dostlarımdan biri mənə işdə iki kitab verdi: "Aşiqənin aşiqlik tornadası" və "Tanrı cəzası". Kitabları tələsik vərəqlədim, cəlbedici təsir bağışlayırdılar. Evə gələn kimi öncə bir stəkan çay içib, özümü "Tanrı cəzası"na bələdim. Demək olar ki, saat "01" radələrinədək birnəfəsə oxuyub başa vurdum. Dünyada ən güclü şeyin yuxu olduğunu, şübhəsiz, siz də bilməmiş deyilsiniz. O biri kitabı yarıya vurmuşdum ki, yuxu mənə güc gəldi. Ertəsi gün işdən icazə alıb, bu kitabın da axırına çıxdım. Kitab məni çox mətləblərdən agah etsə də, müəllifi qohumum olduğu üçün ikinci kitab, daha doğrusu, təkcə kitaba ad seçilmiş povest haqqında oxucu mülahizələrimi sizinlə bölüşməyi özümə borc bildim. Çünki kitab özü bütövlükdə peşəkar tənqidin predmetidir. Tənqid də bizdə, göz dəyməsin, "itidən itidir". Amma bir həqiqəti diqqətə çatdırmasam olmaz: peşəkar tənqidin nə olduğunu bilmək üçün elə həmincə "Aşiqəni..." və orada seçmələr verilmiş "Əsarət" roman-trioepopeyasının proloq və epiloquna nəzər yetirmək kifayətdir.
Məni "Tanrı cəzası"nda
cəlb edən ən əsas meyar bədii əsər
üçün öncə tələb olunan dil
faktıdır. Burada toplanan bütün başqa povest və
hekayələrdə olduğu kimi, sözügedən povest də
uğurlu alınmasına görə, düşünürəm,
müəllifinin lakonik və dolğun dilinə minnətdar
olmalıdır. Məncə, bu məqamda daha aydın təsəvvür
yaratmaq üçün köklü müqayisəyə
ehtiyac var. Həmin ehtiyacı ödəməkdən
ötrü həmin povestin, yetmişi çoxdan
adlamış məşhurlardan birinin əsərinin və barəsində
danışmaq istəmədiym romanın preambulasını
örnək gətirmək yerinə düşərdi:
"Tanrı cəzası"dan: "Səbinə bir Şərq gözəli idi. Abrı, isməti, məkr və şərdən uzaq olan mənəviyyatı insanlara müsbət energi verən bu gözəlliyi yetərincə tamamlayırdı. Hətta çoxları bəşəri dəyərlərin aşılandığı, murdarlandığı zaman kəsimində belə qənirsiz gözəl yaradığı üçün Yaradana şükranlıq edirdi".
Məşhurun romanından: "... amma qəfilcən sükut çökdü. Yuxunun seyrək toranlığı içində o hətta bir qədər təəccübləndi də. Axı necə oldu ki: böyük hotelin bütün hay-küyü, yad, özgədilli danışıqların hənirtisi, haradansa, çox uzaqlardan eşidilən musiqi sədaları (saksafon, royal, zərb alətləri çalırdılar), liftin hərəkəti - bütün başqa səslər - qəfilcən qeyb oldu və bütün bu tanış səslərlə birlikdə okeanın da uğultusu kəsildi.
"Aşiqənin aşiqlik tornadası"ndan: "Bu nə bəla idi, mübtəla olmuşdu, uyğusundan heç cür qurtula bilmirdi. Həftələrlə düşünüb-daşındı, ürəyində nələr atlatdı, beynində nələr çatlatdı, bir özünə çatdı, bir Tanrısına. Axır yumruğunu düyüb gərildi: "Əsla yox, qisası Qiyamətə yükləmək yalnız Allahın səlahiyyətində olan cəza kompleksidir! Allahınsa səbri geniş - geniş olmasaydı, satıq səhl sumbatların törəmələri, köləliyin bənzərsiz, əbədi və alfons simvoluna çevrilmiş etnik haykanaklar əzəmətli babəki türkünün başında zaman-zaman qətliamlar gerçəkləşdirib də (xatırladım ki, adicə sərçə də filin qulağına girməklə, onu öldürür), qeyri millətləri dünən ağacdan düşmüş meymun yerində təsəvvür edən sionaklar aborigen fələstinlilərin anasını mələr qoya bilməzdi. Yerləri, dünyanı çapıb-talamaqdan nəfsi doymayıb, göylərə, kosmosa da diş qıcadan, xalqları bir-birinə qırdırıb da, torpaqlarını qanla doyuzduran masonaklara, onların havdarlıq etdiyi - vətəndaşı olduğu ölkəni minimüharibə regionuna çevirən pekakanaklara həddini tanıdardı".
Mətnlərdən estetik zövq və mənəvi qida almağı həmkar soydaşlarımın öhdəsinə buraxıb, mətləbin episentrinə qayıdıram... Təbii ki, ilahi sözdən yoğrulan sənət əsərinin dəyərlilik əmsalı həm də onun replika və dialoqlarından keçir. "Tanrı cəzası"da bəsit replika və dialoqlara çox nadir hallarda rast gəlinir ki, bu da povestin əsas qanını-canını təşkil edən dolğun dialoq və replikaların müqabilində hiss olunmur...
"- Sənəm xala, mənə elə gəlir ki, Elşadın işini düzüb-qoşmaq olar. Bu günlərdə prezidentin bayramla bağlı əfv fərmanı olacaq. Oğlunuzu da bağışlananların siyahısına salmaq mümkündür.
- Əlbəttə, hər şey pulun başının altındadır, Tamilla. Pul olandan sonra nə var ki... - deyə Sənəm xala münasibət bildirdi..."
Söhbət burada şəksiz ki, yalınz replikaların qeyri-bəsitliyindən getməməlidir. Hər bir replika müəyyən sosial gücə malik olmalıdır ki, müəllif buna da bəyənilən tərzdə nail olub. Belə ki, təqdim edilən ətli-qanlı replikalarda bir neçə mətləb qabardılmışdır. Birincisi, türmələrdə rüşvətin at oynatdığına, əfv fərmanının heç də obyektiv xarakter daşımadığa işarə edilmiş, ikincisi, bu minvalla ölkə başçısının nüfuzuna xələl gətirilməsi ortaya qoyulmuş, üçüncüsü, bütün zamanlarda olduğu kimi, pulun-paranın yenə əlahəzrət hökmdar rolunu oynadığını qabartmışdır.
Povestin süjet xətti ənənəvi təhkiyədə təqdim olunsa da, məzmun tamamilə yenidir. Mən geniş mütaliəli oxucu kimi deyə bilərəm ki, ayrı-ayrı nüans və elementləri istisna edilməklə, əsərdə cərəyan edən hadisələrə nə qeyri kitabda, nə də həyatda təsadüf etmişəm. Bu isə təbii ki, yazarın bədii təxəyyülünün güclü olmasından irəli gələn reallıq kimi qəbul edilməlidir.
Povestin əsas mütəhhərik qəhrəmanı Səbinədir. Kimdir Səbinə? Müəllif suala əsərin əvvəlində qismən cavab versə də, sözsüz, bununla kifayətlənə bilməzdi. Odur ki, hadisələr inkişaf etdikdə, Səbinənin iç dünyasının bu və digər amplualarda, variantlarda açılmasını təmin edir: "Tamilla bilirdi ki, Səbinə ərini çox istəyir, onun həbsxanadan çıxması üçün vurnuxur, özünü oda-közə vurur. Amma çıxış yolu tapa bilmir. Saf qadındı, amma avamdır, üzü üzlər görməyib. Beləsini asan tora salmaq olar".
Müəllif bütün personajlarını, beləcə, qısa abzasda təqdim və təlqin etməyi bacarır: "Müstəntiq İntiqamın həm də oliqarx məmurlardan birinin oğlu ilə yaxın dostluq əlaqəsi var idi. Tamilla o oğlana bir dəfə 15 say-seçmə qız gətirmişdi. Oliqarxın oğlu qızların hamısı lüt-ətcəbala soyundurmuş, axırda birini seçmişdi. Tamilla kimlərisə onun səxavətinə inandırmaq üçün deyirdi: "O, təkcə soyunmağa görə, qızların hər birinin döşünə yüzlük yapışdırırdı".
Yəqin siz də razılaşarsınız ki, bu epizod oxucunun təsəvvüründə hansı konkret oliqarxları və onların harınlamış gülbalalarını canlandırır.
Adətən, dolğun fikir izhar etmək üçün on və daha artıq sözdən istifadə etməyə üstünlük verir. Bu özünü daha çox F.Hüsnanın mətnlərində göstərir. Ədəbi-bəddi yaradıcılıqda daha bir mühüm çalar üç-dörd sözdən ibarət dolğun və lakonik dialoqlar qurmaq qabiliyyətindən rişələnir. Bu sıradan, S.Zeynaloğlu daha çox müvəffəq olur desəm, yəqin ki, səhv etmiş olmaram...
"- Tanımadınmı: a Səbinə xanım?
- Düzünü deyim ki, tanımadım...
- Oy, oy, səsimi nə tez unutdunuz?
- Axı kimsiniz, nə istəyirsiniz?
- Heç nə, sizin məlahətli səsinizin tilsimində rahat uyumaq istəyirəm!.."
Bir neçə kəlmə də yəqin ki, tələskənliyə yol verildiyindən, kifayət qədər rəndələnməmiş povestin sərlövhəsilə bağlı təəssüratlarımı yuxarıda adıgedən ikinci kitabdan iqtibas gətirməklə sərgiləmək istərdim: "Deyirlər, Allah qarğa deyil ki, gəlib hansısa caninin gözünü çıxarda. O öz cəza kompleksini bu və başqa şəkildə həm fani, həm də əbədi dünyada ortaya qoyur. Məsələn, var-dövlətdən doymayanların, insanların Tanrıdan gələn haqqına şərik olanların fani dünyada cəzasını elə dünya malından doymamazlıqla verir. Halbuki Məhəmməd peyğəmbər hələ adi süfrədəki nemətlərdən doyunca təam etməyə qadağa qoyub. Bu sıradan, bəyənmədiyimiz avropalılara qibtə etmək olar. Onlar bizdən beş-altı dəfə az qida qəbul edirlər".
Sözümün canını ona gətirirəm ki, C.Zeynaloğlu sadəlövh türk banusunun Tamilla və İntiqam kimi soydaşları tərəfindən alçaldılmasını heç də seyrçi kimi qəbul etmir. Onları Tanrının ötən əsrdə yaratdığı cəza kompleklərindən biri - avtoqəza vasitəsilə cəzalandırır (Yəni heç kəs özünü Tanrı nəzarətindən gizlində olduğunu zənn edib arxayın olmasın). Amma bununla da kifayətlənmir - povestin əvvəlində utancaq, qarışqanı tapdalayanda belə, Tanrıdan bağışlanmasını istəyən Səbinəni sonda hadisələrin, başına gətirilən müsibətlərin məntiqi nəticəsi olaraq, hətta onun ismətilə alver edənləri boğazlayıb öldürmək səviyyəsində mübariz qadına çevirir. Etiraf edək ki, bu, özü də bir uğurdur.
Haşiyə çıxım ki, mən bu sətirlərə bələnməklə ədəbi tənqidimizin (görən doğrudanmı, mənəvi təsərrüfatımızda elə bir şey var) vəzifəsinə müştərəklik etmək istəməzdim. Ancaq onun məişət qayğılarından başını itirdiyi, bülbüloqrafomaniyaya aludə olduğunu nəzərə alıb vaxtınızı yordum. üzürlü bilin.
Nəhayət, icazənizlə təəssüratlarıma hər üç mənbədən nümunə gətirdiyim povest və romanların bitirilməsi məqamı ilə son verim...
"Bu müqəddəs ailəni qəfil yaxalayan tufan onun nizamını pozdusa da, gərgin anlar yaşadıb, məhrumiyyətlərə düçar etdisə də, məhv edə bilmədi. Fəqət, mənhus izini Səbinənin ay işığı tək qənirsiz simasının qırışlarında, bir də mavi gözlərinin dərinliklərində ilişib qalmış kədər notlarında qoymağa macal tapdı..."
"Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi, elə bil baxışlarıyla divarı deşib, harasa, çox-çox uzaqlara baxırdı, sonra qəfilcən belə bir kəlam bəyan etdi:
- Əgər adamlar başa düşsəydilər ki, təpəgözün başının arxasında da gözü ola bilər, onda nə vardı ki..."
"Aşiqə xanıma elə bil cənnəti bəxş etdin. Eşitdiyinə inanmırmış kimi, əvvəl nə edəcəyini bilmədi. Sonra hökmdarını bitib-tükənməz sevgi anları vəd edən aşiyanə baxışlarla süzdü və eşqin bəyaz ənginliklərində pərvaz edəcəyindən vəcdə gələn şövqlə ayağa qalxıb işığı söndürdü..."
"Tanrı cəzası" ilə baş-başa qaldıqdan sonra məndə belə bir inam yarandı ki, Camal Zeynaloğlunun daha geniş diapazonlu əsərlərə imza atmağa kifayət qədər potensialı var.
Fateh Hüsna
Təzadlar.- 2011.- 17-19 mart.- S.14.