Tədqiqatçı sənətşünaslara
cavab verdi
"Tutulan iradlar və yol verilən
səhvlər eyni mahiyyət daşıyır. Hər ikisinin
yazısı bəlkə də milyon dəfələrlə
deyilmiş, hamıya məlum, yorucu və təbii ki, eyni mənbədən
qaynaqlanan, bir növ sovet iclaslarındakı ümumi
çıxış mətnlərinin az qala təkrarından
başqa bir şey deyil..."
"Məsələ ondadır ki, bu gün cəmiyyətdə, ümumiyyətlə, özünü aşıq sənətinə, onun elminə daha yaxın, daha bağlı, bəzən də onun sahibi hesab edən üç qrup sənət adamı, üç zümrə var"
Bunu "Təzadlar"a müsahibəsində tədqiqatçı Lətif Həsənov son günlər mətbuatda ona qarşı yönələn haqsız tənqidlərə münasibət bildirərkən dedi.
Qəzetimizdə aşıq sənətinin regionlardakı fərqli inkişafı, eləcə də bu sahədə mövcud problemlərlə bağlı yazıları dərc edilən professional aşıq sənətinin tədqiqatçısı Lətif Həsənov son günlər bir-birinin ardınca sənətşünasların tənqid atəşinə tuş gəlib. Belə demək mümkünsə, tədqiqatçı L.Həsənovun "Reytinq" qəzetinin 13 fevral 2011-ci il tarixli sayında dərc olunan müsahibəsindəki bəzi fikirlər sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadənin və sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Köçərlinin səbr kasasını daşdırıb. Və qarşı tərəf - sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadə ("525-ci qəzet"inin 22.02.2011-ci il tarixli sayında) və sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Köçərli ("Reytinq" qəzetinin 27.02.2011-ci il tarixli sayında) tənqidi məqalələrlə cavab veriblər. L.Həsənov isə qarşı tərəfin mövqeyi ilə razılaşmır.
Tərəflər nə dərəcə də haqlıdır, bunu sənət bilicilərinin və oxucuların ixtiyarına buraxırıq.
- Lətif müəllim, sizi "Reytinq" qəzetinin 13 fevral 2011-ci il tarixli sayında dərc olunan müsahibənizdən sonra qarşı tərəfin mövqeyindəki qane etməyənlər nədir?
- öncə sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Köçərlinin fikirlərinə münasibət bildirmək istəyirəm. Açığını deyim ki, İradə xanımı həm istedadlı bir alim, həm də xalqımın sənətsevər, ziyalı bir qızı kimi yaxşı tanıdığım üçün onun yazısına çox böyük diqqətlə yanaşdım. Təəssüflər olsun ki, məqaləni oxuyarkən məsələlərə heç də sırf elmi aspektdən deyil, bəzən kinayəli, bəzən də şablon ifadələrlə, tamamilə qeyri-obyektiv bir mövqedən yanaşıldığını gördüm. Görünür, fikirlərim müəllif üçün tam aydın olmadığından bir çox məqamlar ətrafında mülahizələr bəzən aidiyyəti olamayan istiqamətlərə daha çox yönəlir, nəinki nəzərdə tutduğum və bir müsahibənin imkanları daxilində şərhinə çalışdığım vacib nüanslara.
- Konkret olaraq söhbət nədən gedir və hansı fikirlərinizə düzgün yanaşılmayıb?
- Demək olar ki, çox məqamlara.
Onlardan biri ADMİU-nun "Aşıq sənəti"
ixtisası üzrə tədris proqramı ilə bağlı
olan fikirdir. Hansı ki, bu haqda konkret məlumata malik
olmadığımı müsahibədə açıq
şəkildə demişəm. Həmçinin bu məsələ
ilə bağlı qənaətimdə yalnız universitetin
ayrı-ayrı məzunları ilə apardığım söhbətlərə
istinad etdiyimi də bildirmişəm. O məzunlarla ki,
aşıq sənətindən, xüsusilə də havacat məsələsindən
söz düşəndə qədim Babil əhli kimi hərəsi
"bir dildə" danışırdı. Daha doğrusu,
böyük bir tədris müəssisəsinin
diplomlarını ciblərində gəzdirən bu gənclərin
heç biri hələ də bölgə səciyyəli təsəvvürlərindən
kənara çıxa bilmir. Müsahibədə dediyim kimi,
eyni bir havaya birisi "Ağır şərili", digəri
"Aran gözəlləməsi", digər bir havaya birisi
"Yüngül şərili", digəri
"Göyçə gözəlləməsi" və s.
deyirdi. Yaxud eyni bir havanı birisi tək sazın, digəri saz
və balabanın, başqa birisi isə dəf,
qoşanağara, qarmon və sintezatorun müşayiəti ilə
ifa etməyin daha məqsədəuyğun olduğunu iddia
edir. Yəni ayrı-ayrı bölgələrdəki, o
cümlədən Şirvan aşıq məktəbinin
ifaçılıq normalarına uyğun üslublarda. Hələ
mən "Gözəlləmə", "Dübeyti" və
digər havaların elə də fərqli xüsusiyyətlərə
və melodik quruluşa malik olmayan onlarla variantları
üstündə başlanan mübahisəni demirəm.
İndi özünüz
deyin, bu qədər pərakəndəliyin, reqlamentsizliyin və
sistemsizliyin qarşısında milyonlarla dinləyici, İradə
xanımın sözləri ilə desək, "musiqiçi
olmayan adam" bu gənclərin elmi səviyyələri və
aldıqları təhsil haqqında hansı fikirdə
olmalıdır? O cümlədən də mən özüm?
Yaxud bu gün bu qüsurları ayrı-ayrı tədris
ocaqlarında çalışan mütəxəssislər
aradan qaldırmırsa, bəs onda kim qaldırmalıdır?
Yoxsa alim elə təkcə ondan ötrüdür ki,
aşığın yaratdığı, ərsəyə gətirdiyi
hazır materialı götürüb tədqiq etsin, nota
köçürsün və ya müdafiə edib ad
alsın?! Lakin mənim fikrimə cavab olaraq məqalə
müləlifi yazır: "Aşıq sənəti hansı
şəkildə tədris edilməlidir? Hansı yol
seçilməlidir? Biz Ü.Hacıbəylinin tövsiyə
etdiyi yolu seçdik, muğam ifaçılığı sənətinin
tədrisi təcrübəsindən yararlandıq".
Axı mən müsahibədə
bu gün ADMİU-də tətbiq olunan ümumi tədris
qaydası, tədris metodikası haqqında
danışmamışam. Mən yalnız vahid proqram ifadəsini
işlətmişəm. Vahid proqram dedikdə isə, heç
də tədrisin ümumi qaydasını deyil, bir qədər
gülməli də səslənsə, tədris olunan
materialın "qaydasını" nəzərdə
tutmuşam və bu haqda şərh vermişəm. Yəni hər
biri ayrı-ayrılıqda hamı tərəfindən qəbul
ediləcək vahid melodik və ritmik quruluşa, həmçinin
vahid ifa tərzinə malik aşıq mahnılarının təmsil
olunduqları bir proqramı. Axı burada elə də anlaşılmaz
bir şey yoxdur. Belə çıxır ki, sadəcə, hər
kəs bu fikri öz bildiyi və irad tutmağa yalan-gerçək
söz tapacağı bir səmtə yönəltmişdir. Nəticədə
çox sadə və konkret bir fikir az qala bütöv
universitetin fəaliyyəti ilə əlaqələndirilmişdir.
Əslində isə belə deyil. Əlbəttə ki,
aşıq sənətinin nəinki ADMİU-də, həmçinin
digər tədris müəssisəsində, məktəbdə
gəncələrimizə öyrədilməsi hamı kimi məni
də sevindirir. Sadəcə, bu tədris ocaqlarında
çalışan bəzi mütəxəssislərin, müəllimlərin
bir qədər məqsədyönlü fəaliyyətləri,
həmçinin dərs proseslərində yuxarıda dediyim məzmunda
tərtib edilmiş vahid proqrama istinad etmələri gərəkdir.
Əks halda, mövcud qüsurları görənləri
susdurmağa çalışmaqla heç də iş bitmir.
Təbii ki, mən sussam da, bu qüsurları başqaları
görəcək və yeri gəldikcə deyəcək.
- Yeri gəlmişkən, bu
gün müxtəlif musiqi alətlərinin tədrisi ilə
bağlı konkret məktəblər var. Sizcə, "Saz məktəbi"
də açmaq mümkün deyilmi?
- Əlbətt,
mümkündür. Bunun üçün elə bir qadağa
da yoxdur. Heç bir "sazçalan aşıq" və ya
sazdan dərs deyən müəllim bundan qəti narahat
olmasın. Lakin təəssüf doğuran odur ki, bu prosesin
aşıq sənətimizin yaşaması və
inkişafı üçün heç bir əhəmiyyətverici
rolu yoxdur. Əksinə, müxtəlif məktəblərdə,
tədris ocaqlarında saz ifaçılığının
müstəqil bir sənət kimi təqdim və tədris
edilməsi xüsusilə gənclərimizi ənənəvi
aşıq musiqisi ifaçılığından daha da
uzaqlaşdırır. Daha dəqiq desək, onlarda ənənəvi
aşıq musiqisi haqqında tamamilə yanlış təsəvvürlər
oyadır.
Ümumiyyətlə, saz aləti
solo instrumental ifaçılıq üçün nəzərdə
tutulmur. Sadəcə, sazın xüsusilə Şərq
zövqünə uyğun olduqca xoşagəlimli və unikal
bir səs tembri var. Təbii ki, bu da sazın texniki quruluşu,
konstruksiyası və akustik xüsusiyyətləri ilə
bağlıdır. Bəzi sənətkarlar isə məhz bu
imkandan istifadə edərək aşıq
mahnılarını sırf instrumental formada ifa edirlər.
Lakin məlumdur ki, aşıq musiqisində instrumental partiya
heç də bir mahnı həcmində deyil. Ona görə
də "sazçalan aşıqlar" öz solo
ifalarında bu boşluğu vokal hissələrin instrumental əvəzlənməsi
hesabına doldururlar. O cümlədən də öz
improvizasiya qənaətləri və digər musiqi
janrlarına məxsus nümunələrdən
götürülmüş melodik epizodlar hesabına. Məsələn,
Aşıq Alının 210 illiyinə həsr olunmuş
yubiley konsertində aşıq Fəzail Miskinli bir "Dilqəmi"
havasının ifası üçün milli musiqimizin
üç janrına müraciət etdi. Yəni bir qədər
muğam, bir qədər xalq mahnısı və bir qədər
də "Şikəstə"lərdən ("Kəsmə
şikəstə") götürülmüş melodik hissələr,
nümunələr, ibarələr hesabına bir havanı, nəhayət
ki, başa vura bildi. Təbii ki, əgər aşıq Fəzail
oxuya bilsəydi, onun bu cür xətalara yol verməyə nə
ehtiyacı olardı, nə də imkanı.
- Məqalədə bəzi
dastanlarımızın tarixini düzgün göstərmədiyiniz
də qeyd olunub...
- Böyük ustadlar, o
cümlədən dahi Ələsgər 72 aşıq
havasının olduğunu demişdi. Əslində isə belə
deyil. Yəni bu şərti, daha dəqiq desək, mifik
qaynaqlardan götürülmüş bir rəqəmdir. Əlbəttə,
xalq yaradıcılığında - folklorda dəqiq say olmur.
Tarix boyu həmişə aşıq havalarının da həm
yeni yarananları, həm də repertuarlardan uzaqlaşaraq tədricən
yaddaşlardan silinənləri olub. Yəni hər bir halda,
bütün aşıq havalarını nə
bütövlüklə qədimi, nə də
bütövlüklə gənc hesab etmək olmaz. Bu mənada,
mövcud olan aşıq havalarının əksəriyyətinin
dastanlarımızla birgə yarandıqlarından onların
çox da böyük bir ömrə, yaşa malik
olmadıqlarını demişəm. Təbii ki, bu fikrin
bütün dastanlarımıza aid olmadığı halda, belə
səslənməsi mexaniki səhvdir. Onsuz da kamil oxucu söhbətin
konkret hansı dastanlarımızdan getdiyini başa
düşür. Əlbəttə ki, bunlar daha çox
aşıq sənətinin intibah dövründə yaranan
dastanlarıdır. Lakin İradə xanımın fikrincə,
bu havaların bağlı olduqları dastanlarımızın
hər birinin minilliklərlə tarixi və yaşı var. O
cümlədən də "Şah İsmayıl və
Gülzar", "Abbas və Gülgəz", "Koroğlu",
"Əsli və Kərəm", "Yəhya bəy və
Dostu xanım" və bir çox dastanlarımızın.
Axı bugünkü dastan havalarının böyük əksəriyyəti
məhz bu dastanların poetik mətnləri üzərində,
onların ideya-tematik xüsusiyyətlərinə uyğun
olaraq yaranıb.
Çox qəribədir,
İradə xanım musiqi təhsilimin olması məsələsinə
şübhə ilə yanaşır. Görəsən,
ayaqüstü bir müsahibədən fərqli olaraq
düşünülə-düşünülə
yazılmış bir məqalədə yol verilən bu
cür səhvə görə bəs mən kimin elminə
şübhə ilə yanaşmalıyam?
- Yəqin ki, sənətşünaslıq
namizədi Abbasqulu Nəcəfzadənin də sizə
ünvanlanan məktub-yazısından xəbərsiz
deyilsiniz...
- Əlbəttə, xəbərdaram
və bunu da təbii hesab edirəm. Qeyd edim ki, Abbasqulu müəllimlə
İradə xanım həmkar olduqlarından hər ikisi tərəfindən
tutulan iradlar və yol verilən səhvlər eyni mahiyyət
daşıyır. Hər ikisinin yazısı bəlkə də
milyon dəfələrlə deyilmiş, hamıya məlum,
yorucu və təbii ki, eyni mənbədən qaynaqlanan, bir
növ Sovet iclaslarındakı ümumi çıxış
mətnlərinin az qala təkrarından başqa bir şey
deyil. Bununla belə, Abbasqulu müəllimə istedadlı bir
sənətkar kimi böyük hörmətim var. Təbii ki,
elə nüanslar var ki, onu doğrudan da Abbasqulu müəllim
bilir, amma mən bilmirəm. Lakin elələri də var ki, onu
da mən bilirəm, Abbasqulu müəllim bilmir.
- Məsələn, nəyi?
- Ənənəvi
aşıq musiqisi və bütövlükdə aşıq
yaradıcılığı, onun orijinal dəyər və
xüsusiyyətləri, praktikası ilə bağlı elə
məqamlar var ki, onu mən bilirəm, amma nəinki Abbasqulu
müəllim, hazırda çoxları bilmir.
- Yaxşı, Abbasqulu müəllimin
bildikləri və sizin bilmədikləriniz nədir?
- Ud çalmağı.
- Abbasqulu müəllimin
"məktubunda" daha çox nələrlə
razılaşmırsınız?
- Onun dediyinə görə,
eyni bir aşıq mahnısının ayrı-ayrı bölgələrdə
müxtəlif adlar altında, həmçinin müxtəlif
melodik və ritmik quruluşlarda fərqli tərzdə ifa edilməsi
tamamilə qanunauyğun haldır. Sual olunur, görəsən,
müəllifin özü kimi, neçə-neçə
müəllimdən dərs almış yüzlərlə,
minlərlə gənc aşığın bir-birilə
heç cür uzlaşmayan, sistemsiz və pərakəndə
ifaları necə? O da qanunauyğundurmu? Abbasqulu müəllimin
sözlərindən belə çıxır ki, onda
böyük üzeyir bəyin Şərqin 84 muğam
kökü, muğam ladı əsasında sistemləşdirdiyi
7 muğam dəstgahımız qeyri-qanunidir. Yəni 84 də
olmalı idi. Biz də düzgün oldu-olmadı,
hamısını öyrənməyə
çalışmalıydıq. Gülməlidir, deyilmi? Yeri gəlmişkən,
bu fikir üzeyir bəyin tövsiyələrinə daha
çox istinad edən İradə xanıma da
ünvanlanmalıdır. Daha bir maraqlı məqam isə
müəllifin "Saz məktəbi" mövzusu ilə
bağlı şərhində sazı digər musiqi alətlərimizlə
tamamilə eyniləşdirməsi, həmçinin bir musiqi aləti
kimi sazın ənənəvi dəyər və funksional
mahiyyəti məsələsinə toxuna bilməməsi idi.
Güman edirəm ki, bu ifadədən sonra əlavə şərhə
ehtiyac qalmır.
- Yeri gəlmişkən, Lətif
müəllim, siz hansısa bir musiqi alətində ifa edə
bilirsinizmi?
- Söz verirəm ki,
yaxın vaxtlarda sizin redaksiyaya qonaq gələcəm,
özü də tək sözümlə yox, həm də
sazımla.
- Sizcə, müsahibənizin
bir-birin ardınca tənqidə tuş gəlməsi bir təsadüfdür,
yoxsa?..
- Əslində bu, təkcə
mənə yox, cəmiyyətin hər bir üzvünə
yönəlməsi mümkün olan iradlardır. Sadəcə,
hədəfə çevrilmək üçün bu gün
aşıq sənətində mövcud olan müəyyən
problemlərə yalnız obyektiv mövqedən yanaşmaq və
bəzi həqiqətləri olduğu kimi demək
lazımdır. O ki qaldı sualınıza, güman edirəm
ki, bunu konkret olaraq bir və ya bir neçə nəfərin
şəxsi mənafeyinə uyğun olan bir addım kimi qiymətləndirmək
düzgün olmazdı. Yəni bu münasibətlərin əhatəsi
daha geniş olmaqla, həm də tək mənim fikirlərimə
qarşı yönəlmir.
Məsələ ondadır
ki, bu gün cəmiyyətdə, ümumiyyətlə,
özünü aşıq sənətinə, onun elminə
daha yaxın, daha bağlı, bəzən də onun sahibi
hesab edən üç qrup sənət adamı, üç
zümrə var. Bunlardan biri musiqiçilər, digəri ədəbiyyatçılar,
başqa birisi isə bəzi üzdəniraq
aşıqlardır. Musiqiçilərin fikrincə,
aşıq sənətindəki mövcud problemlər
haqqında nəinki fikir söyləmək, hətta onu
görmək üçün belə, mütləq peşəkar
musiqiçi, ədəbiyyatçıların fikrincə,
peşəkar ədəbiyyatçı, bəzi
aşıqların fikrincə isə, yalınz aşıq
olmaq lazımdır. Yəni bu üç zümrənin hər
biri özü-özlüyündə aşıq sənətini
bir növ "özəlləşdirib". Ona görə də
onların təbirincə, bu sənəti tarixlər boyu
yaşadaraq, qoruyaraq bugünkü nəsillərə
çatdıran bu xalqın digər heç bir
övladının onun taleyi ilə maraqlanmağa belə
ixtiyarı yoxdur. Xüsusən də o adamların ki, onlar
aşıq sənəti haqqında bu üç qrup elm və
sənət adamlarının bəzilərindən daha
çox bilir və bu sənətdəki bütün problemlərə
daha obyektiv mövqedən yanaşırlar. çox təəssüf...
Elbar ŞİRİNOV
Təzadlar.- 2011.- 17-19 mart.- S.13.