"Aşıq musiqisi yalnız
sazın müşayiəti ilə ifa edilməlidir"
Lətif Həsənov: "Digər
musiqi alətinin sazı bütünlüklə əvəz
etməsi və ya ona müştərək qoşulması ilə
aşıq musiqisində olan ənənəvi dəyərlərin
tam qorunması mümkün deyil"
Aşıq sənətinin regionlardakı fərqli inkişafı, eləcə də bu sahədə mövcud problemlərlə bağlı cəsarətli tənqidi fikirləri ilə seçilən professional aşıq sənətinin tədqiqatçısı Lətif Həsənov oxucularımıza yaxşı tanışdır. Qonağımızla bu dəfəki söhbətimizin mövzusu aşıq sənətindəki saz-balaban müştərəkliyindəndir. Bu müştərəkliyin qeyri-ənənəvi xarakter daşıdığını iddia edən L.Həsənov nə dərəcədə haqlıdır, təbii ki, bunu sənət bilicilərinin və oxucuların ixtiyarına buraxırıq.
- Lətif müəllim, çıxışlarınızda dəfələrlə aşıq sənətində saz-balaban müştərəkliyinin qeyri-ənənəvi xarakter daşıdığını demisiniz. Bunu konkret nə ilə əsaslandırırsınız?
- Məncə, burada elə bir anlaşılmazlıq yoxdur. ümumiyyətlə, nəinki balabanın, eləcə də digər musiqi alətlərinin aşıq sənətinə müdaxiləsi, yəni saza müştərək qoşulması aşıq havalarının quruluşuna xeyli dərəcədə dəyişiklik gətirir. Bu, hamıya məlum olan bir məsələdir. Daha dəqiq desək, digər alətlər aşıq havalarının melodik və metro-ritmik ölçülərini öz texniki imkanlarına uyğunlaşdırmaqla onu sözün əsl mənasında törəmə bir formaya salır. Daha doğrusu, ifa zamanı havacatın ənənəvi deyil, bir növ ona oxşar bir nümunəsini, prototipini yaradır. Təbii ki, bu da mürəkkəb və qarışıq bəhrli aşıq havalarının ifası üçün yolverilməzdir. Aşıq musiqisi yalnız ənənəvi qaydada, yəni tək sazın müşayiəti ilə ifa edilməlidir. Əslində bu konkret olaraq nə mənə, nə də kimlərəsə aid olan orijinal bir fikir deyil. Məsələ ondadır ki, aşıq musiqisi bütün tarix boyu məhz bu prinsipə əsaslanmaqla inkişaf edib və bugünkü mükəmməl formasına çatıb. Görkəmli alim Əminə Eldarovanın sözləri ilə desək, bu inkişaf yaradıcı prosesin tərkib hissəsi olan yalnız sazın texniki quruluşu və konstruksiyası ilə bağlı olub. Digər alətin, o cümlədən də balabanın bu inkişafla heç bir əlaqəsi olmayıb.
- Ümumiyyətlə, balabanın aşıq sənətinə qatılması hansı zərurətdən yaranıb?
- Əvvəla, bu prosesin elə
də uzun bir tarixi yoxdur. Balabanın aşıq sənətinə
ayaq açması yalnız son yüzilliklərə aid olan
bir hadisədir. ümumiyyətlə, bu proses tarixən daha
çox xanəndəlik sənətinin inkişafı və
toylarda, el şənliklərində müxtəlif musiqi alətlərinin
sazla birgə iştirakı zəminində baş verib. Məsələn,
Qarabağ aşıqlarından Aşıq Nəcəfqulunun,
həmçinin onun şəyirdi və Aşıq Valehin nəvəsi
Aşıq Abbasqulunun dəstəsində nəinki balaban, hətta
kamança da var idi. Yəni Qarabağ həm də bir
muğam mühiti olduğundan burada alətlərin
qarşılıqlı inteqrasiyası daha geniş miqyasda
baş verib. Yeri gəlmişkən, Şirvan aşıq sənətinə
digər alətlərin müdaxiləsi də məhz belə
bir şəraitin tələblərinə uyğunluğundan
irəli gəlib. Baxmayaraq ki, burada regional və etnik xarakterli
digər bir çox zəruri şərtlər də var idi.
Qərb bölgəsində
isə balaban aşıq sənətinə bir qədər
dolayısı yolla, daha doğrusu, ilkin olaraq oyun
havalarının ifası məqsədi ilə qəbul edilib.
Yəni məclislərdə yeri gəldikdə belə bir
ehtiyacı ödəmək üçün. Lakin bu,
yalnız başlanğıc olaraq belə idi. Qısa müddət
ərzində bu bölgənin hər yerində balaban
sazın ən yaxın və daimi müşayiətçisinə
çevrildi.
Bütün bu dəyişikliklər
müxtəlif formalarda təzahür etsə də,
yuxarıda qeyd etdiyimiz kimi, bunların hamısı
başlıca olaraq xanəndəlik sənətinin, daha
doğrusu, şifahi - professional musiqinin inkişafı ilə
bağlı idi. Belə ki, xanəndəlik sənəti
professional qaydada inkişaf etdikcə aşıq musiqisi
ifaçılığında olan bütün qüsur və
çatışmazlıqlar da tədricən üzə
çıxırdı. Xüsusən də, saz
çalğısındakı olduqca sadə və primitiv
müşayiətçilik tərzi. Təbii ki, belə olan
halda, digər alətlərin, həmçinin balabanın
müdaxiləsi bu qüsurları qismən də olsa, aradan
qaldırır, harmoniya yaradır və belə demək
mümkünsə, ifalara müəyyən qədər
"şirinlik" gətirirdi. Daha dəqiq desək,
aldadıcı bir şirinlik. Onu da qeyd etmək lazımdır
ki, bu cür proseslər bütün aşıq bölgələrində
baş verib, yalnız Borçalı bölgəsindən
başqa. Borçalı bölgəsində saz
ifaçılığının özünün peşəkar
qaydada inkişafı, o cümlədən sazın
bütün müşayiətçilik məsuliyyətini
öz üzərinə götürməsi bu bölgədə
belə bir ehtiyacın yaranmasına imkan verməyib. Toylarda, el
şənliklərində lazım olan oyun havaları isə
yalınz müstəqil fəaliyyət göstərən digər
ifaçılar, zurnaçılar, balabançılar tərəfindən
icra edilib.
- Səhv etmirəmsə,
Borçalı ilə həmsərhəd olan Qazax-Tovuz
bölgəsində də aşıqlar balabanla oxuyurdular.
- Əslində Qazax-Tovuz
bölgəsində saz-balaban müştərəkliyinin
tarixi digər bölgələrə nisbətən daha
yaxındır. O cümlədən də Qarabağ və
Şirvan bölgələri ilə müqayisədə.
Aşıq, şair-publisist Məhərrəm Hüseynlinin
dediyinə görə, bu bölgədə balabanın sazla
ilk müştərək çıxışı yalnız
XX əsrin birinci yarısına təsadüf edir. Həmin
vaxta qədər bu bölgənin aşıqları da
yalnız ənənəvi qaydada, daha doğrusu, tək
sazın müşayiəti ilə oxuyublar. Yəni digər
bölgələrdə olduğu kimi, Qazax-Tovuz bölgəsində
də saz-balaban müştərəkliyinin heç bir
möhkəm tarixi dayaqları yoxdur. Ona görə də əminəm
ki, bu bölgədə ənənəvi qaydaların, yəni
tək sazın müşayiəti ilə, balabansız ifa tərzinin
yenidən bərpası daha tez bir zamanda baş verəcək.
- Lətif müəllim,
saz-balaban müştərəkliyinə məlum
mövqeyinizin səbəbini ikinciyə olan qeyri-obyektiv
münasibətinizlə əlaqələndirənlər də
var...
- Qoy olsun. Lakin təvazökarlıqdan
kənar olsa da, bir həqiqəti əminliklə deyə bilərəm.
Yəqin ki, çoxsaylı milli musiqi alətlərimizdən
olan balabanımızın tarixi, onun bir musiqi aləti kimi
funksional mahiyyəti və dəyəri haqqında mən daha
çox məlumata malik olaram, nəinki belə
düşünənlər. Balaban xalqımızın ən
qədim musiqi alətlərindəndir. Balabanın olduqca zəngin
boyalı, qeyri-adi bir səs tembri var. Hətta bu xüsusiyyəti
onu bəzən digər musiqi alətlərindən də
üstün edir. Elə ona görədir ki, bir çox dahi sənətkarlar
balabanı daim diqqət mərkəzində saxlayıb və
yeri gəldikcə onu müxtəlif ansamblların, həmçinin
orkestrlərin tərkibinə daxil ediblər. O cümlədən
də böyük üzeyir Hacıbəyov, Əhmədxan
Bakıxanov, Səid Rüstəmov və digərləri.
Lakin məsələ
ondadır ki, qeyd etdiyim kimi, ənənəvi aşıq
musiqisi ifaçılığı üçün ən məxsusi
keyfiyyətlərə, o cümlədən spesifik səs
tembrinə, abertona malik yeganə musiqi aləti yalnız
sazdır. Digər musiqi alətinin sazı bütünlüklə
əvəz etməsi və ya ona müştərək
qoşulması ilə aşıq musiqisində olan ənənəvi
dəyərlərin tam qorunması mümkün deyil. Həmçinin
ifalarda melodik obrazlığın yaradılması və s.
ümumiyyətlə, sazdan başqa digər musiqi alətlərinin
aşıq musiqisi ilə qarşılıqlı münasibəti
məhz belədir. Yəni burada söhbət tək balabandan və
ona olan səmimi, yaxud qeyri-səmimi münasibətdən
getmir. Yeri gəldikdə balabanın və digər musiqi alətlərinin
də öz üstün xüsusiyyətləri var. Hansı
ki, onlar da sazda yoxdur.
- Yeri gəlmişkən,
balaban alətinin tarixi haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə,
bütün dünya xalqlarının musiqi
yaradıcılığı praktikasında belə bir
ardıcıllıq var. Daha doğrusu, musiqi alətlərinin
yaradılması və inkişaf xronologiyası
baxımından. Bu ardıcıllığa görə, tarixdə
ilkin olaraq zərb, sonra nəfəsli, daha sonra isə simli və
digər konstruksiyalı musiqi alətləri mövcud olub. Zərb
və nəfəsli alətlər həm də ona görə
ilkin idilər ki, onları bəzən insanlardan öncə təbiətin
özü də yaradırdı. Yəni insan onları ilkin
olaraq bəzən təbiətin özündə
tapırdı. Məsələn, yağış
damcılarının mütəmadi düşməsi ilə
ritmik bir ahəng yaradan müxtəlif cisimlərdən, qaya
daşlarından tutmuş, külək əsdikcə səslənən
qarğı-qamış kollarına qədər bir çox
nümunələri məhz bu cür ibtidai "musiqi alətləri"nə
misal göstərmək olar. Sadəcə olaraq, insanlar sonradan
bu nümunələrin yenilərini və daha mükəmməllərini
özləri yaratdılar. Bəzən isə onların
özlərini təkmilləşdirdilər. Lakin simli alətlər
zərb və nəfəsli alətlərə nisbətən
daha inkişaf etmiş insan zəkasının və insan təxəyyülünün
məhsulu kimi meydana gəliblər. Bir faktı da demək
lazımdır ki, hər bir xalq-çalğı aləti
ilkin olaraq yalnız müstəqil fəaliyyətli bir alət
kimi yaradılıb. Yəni düzəldilərkən bu alətlərin
heç birinin sonrakı fəaliyyət dairəsi və konkret
təyinatı nəzərdə tutulmayıb. Bu alətlərin
müəyyən profil xüsusiyyətələri yalnız
sonrakı inkişaf prosesində üzə çıxıb.
Və ya onlar bu istiqamətdəki müəyyən norma və
tələblərə uyğun bir formada təkmilləşdiriliblər.
Təbii ki, əgər alətin öz texniki və bədii
göstəriciləri buna yol veribsə. Minilliklər öncə
yaradılarkən əlbəttə ki, heç kim balabanın
da xanəndəni və ya aşığı müşayiət
edəcəyini heç də nəzərdə tutulmayıb.
Yəni balaban da digər alətlər kimi tam müstəqil
alət olaraq yaradılıb.
- Bu günün özündə
belə, balaban aşıq sənətində qalır. Sizcə,
bunun səbəbi nədir?
- Bir çox səbəblər
var. Lakin ən başlıcası, yenə də saz
ifaçılığında olan qeyri-peşəkarlıq,
daha doğrusu, bu istiqamətdə yol verilən qüsurlarla
bağlıdır. Bir qədər də dəqiq desək, bəzi
aşıqlarımızın özlərini ənənəvi
qaydada, yəni tək sazla mükəmməl bir tərzdə
müşayiət edə bilməmələri ilə. Məhz
bu səbəbdəndir ki, bu gün nəinki balaban
aşıq sənətində qalır, hətta digər bir
çox alətlər, o cümlədən də qarmon,
sintizator və başqaları da çox asanlıqla
aşıq sənətinə ayaq aça bilirlər. Yəni
saz ifaçılığında olan qüsurlar məhz bu alətlərə
ehtiyac yaradır. çox təəssüf...
- Ancaq gözəl saz
çalan aşıqlarımız da var...
- Çox güman ki,
"gözəl saz çalmaq" dedikdə siz
solo-instrumental saz ifaçılığını nəzərdə
tutursunuz. Konkret desəm, bu yönümlü fəaliyyəti,
ümumiyyətlə, aşıq musiqisi
ifaçılığı kateqoriyasına aid etmirəm.
- Bu fikirlərinizdə daha
çox nəyə əsaslanırsınız, nəzəriyyəyə,
yoxsa praktikaya?
- Hər ikisinə.
- Elə isə, nəzərdə
tutduğunuz ən üstün ifaçılıq xüsusiyyətlərini
hansı aşıqda görürsünüz?
- Aşıq Əmrah
Gülməmmədov və Aşıq Sadıq Sultanov
ifaçılıq irsinin layiqli davamçısı, istər
harmonik tərzli instrumental - saz, istərsə də zəngin
improvizasiyalı və emosional obrazlı ən yüksək
vokal - səs ifaçılığı bacarığına
malik olan Aşıq Kamandar Əfəndiyevdə.
- Təəssüf ki, bədxah
qonşularımız olan ermənilər balabanımıza da
sahib çıxırlar. Sizcə, onların musiqisində
balabana nə dərəcədə yer var?
- Əslində onların
musiqisində balabana kifayət qədər yer var. Çünki
onların musiqisinin özü də balabanımız kimi tarix
boyu zaman-zaman mənimsənilib, bütöv Azərbaycan milli
musiqisinin kökləri üzərində qurulub. O cümlədən
bu musiqinin böyük əksəriyyətini indinin
özündə belə, məhz sırf Azərbaycan xalq
musiqisi nümunələri təşkil edir. Xalq
mahnılarımzdan tutmuş, oyun havalarımza qədər. Yəni
dən də bizimdir, dəyirman da. Ona görə də ermənilər
müstəqil bir üslubda, yəni özləri bildikləri
kimi (improvizə ilə) çalmaq istədikdə balabanın
yalnız ən unikal üstünlüklərinə istinad edirlər.
Elə ona görədir ki, onların balaban çalmaqları
çalmaqdan daha çox dəm tutmağa bənzəyir. Yəni
ifa zamanı balabanın öz səsi daha çox melodik ahəng
yaradır, nəinki barmaq işlətmələri. Amma insafla
desək, onlar bu işin öhdəsindən çox
ustalıqla gəlirlər. Çünki bu yönümlü
fəaliyyət prinsipləri onların milli-psixoloji və
genetik xüsusiyyətlərinə çox uyğundur. Yəni
özündən qabaqdakılara və güclülərə
"dəm tutmaq" ustalığı. İstər incəsənətdə,
istərsə də siyasətdə...
Elbar ŞİRİNOV
Təzadlar.- 2011.- 7-12 may.- S.14.