Sirli-soraqlı ömür...

 

Qiymət Bayram qızı Bağırova. Bu ad Qazax Borçalı mahalında çoxlarına tanışdır. Çünki əmək fəaliyyətinə bu ellərdə başlayıb, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla, neçə-neçə insanın layiqli pedaqoq kimi yetişməsində gərgin əməyi olub. Baş müəllim Qiymət Bağırova hazırda Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında Azərbaycan dili ədəbiyyatını tədris edir. Şeirə, sənətə hədsiz vurğun olan Qiymət xanım bu günlərdə "Sirli-soraqlı ömür" kitabını oxuculara  təqdim edib.

Tanınmış qələm sahibi Heyran Vəkilovanın redaktorluğu ilə ərsəyə gələn 160 səhifəlik kitabda yazıçının "Talehin sərt oyunu" adlı memorial hekayəsi, müxtəlif janrda yazdığı şeirləri tanınmış insanların müəllif haqqında söylədikləri fikirlər yer alıb. "Talehin sərt oyunu" hekayəsi yazıçı-publisistin öz həyatından bəhs edir, keşməkeşli ömür yollarından söz açılır. Müəllif hekayədə gəncləri zəhmətdən qorxmamağa, həyatın gözünə dik baxmağa çağırır, onları alın təri hesabına böyüməyə, ata-ananın qədrini bilməyə, həm müqəddəs ana hesab edilən vətəninə qarşı layiqli övlad olmağa səsləyir.

Həyatda gördüklərini şeirlərində daxilən yaşayan Q.Bağırova poeziyaya bir qədər ehtiyatla yanaşaraq şeirin təravətini itirməməyə çalışıb istəyinə nail olub.

 

Q.Bağırova yazır:

 

Damcılar, damcılar, inci damcılar,

Görün haralara çəkir fikrimi,

Gəl bir görüşək, bir rastlaşaq,

Damcılar görüşüb birləşən kimi.

 

Yaxud:

 

Ara qatıb, koma yıxmaq günahdır,

Yaxşılara ləkə yaxmaq günahdır,

Düz deyilən bir söz varsa, o, haqdır,

Sözün varsa, üzə desən yaxşıdır.

 

Gücün çatmır əlbəyaxa tutaşma,

Yaltaqlanıb varlı kəsə yanaşma,

Adamların arxasınca danışma,

Sözün varsa, üzə desən yaxşıdır.

 

 

Hesab edirik ki, Qiymət Bağırovanın oxuculara təqdim etdiyi bu ilk kitabı maraqla qarşılanacaq.

 

 

İlham HACALI

 

Təzadlar.- 2011.- 12-14 may.- S.15.