Güney Azərbaycan davası BMT-nin diqqət mərkəzində

 

Qulamrza Səbri Təbrizi: "Özünü islam və şəriət dövləti elan etmiş İran unudur ki, müqəddəs "Qurani-Kərim"də qadın ən ali varlıq və təbəqə kimi dəyərləndirilir"

 

Tarixdə ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatı Güney Azərbaycanda milli və insan hüquqları məsələsində xüsusi komissiya yaradıb. Yaxın müddətdə bu komissiya Güney Azərbaycanda mövcud olan bu problemlərlə bağlı fəaliyyətə başlayacaq. BMT kimi nüfuzlu bir dünya təşkilatının belə bir qərara gəlməsinin əsas səbəbi isə ötən il yaradılmış GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatının rəhbəliyində təmsil olunan, Avopra dövlətlərində və Amerikada yaşayan nüfuzlu və məşhur alimlərimizin və ziyalılarımızın səmərəli fəliyyətinin nəticəsi kimi qəbul etmək lazımdır. GAMAC-ın təsisçilərindən biri, Edinburq Universitetinin professoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Qulamrza Səbri Təbrizi ilə görüşərək bütün bunlara aydınlıq gətirməsi üçün onunla söhbət etdik.

-  Qulamrza müəllim, bu il aprel ayının 15-də ABŞ, Kanada, Norveç, İngiltərə, Fransa, Almaniya, Danimarka, Avstriya, İsveç və digər dövlətlərdə yaşayan, uzun illər Güney Azərbaycan davasını aparan, onun problemlərini dünyaya tanıtdırmağa çalışan nüfuzlu alim və ziyalılarla birlikdə BMT-yə mürəciət edərək bu problemin daha qlobal şəkildə həlli istiqamətində yanaşılmasını istəmisiniz...

-  Hal-hazırda bütün dünyada demokratik proseslər elə bir forma və məzmunda inkişaf edir ki, hər hansı bir millət bununla ayaqlaşdıqda öz  mövcudluğunu qorumaqla yanaşı, həm də öncül toplumlardan birinə çevrilir. Bu demokratik prosesdə başlıca yer tutan amillərdən biri də insan haqları və azadlıqları, hər bir millətin öz ana dilində təhsil almaq, milli-mədəni dəyərlərini qorumaqla yanaşı, bunun inkişaf etməsində yaxından iştirak etməsi vacib məsələlərdən biri hesab olunur. 1925-ci ildən 1977-ci ilə qədər İranda hakimiyyətdə olmuş Pəhləvi sülaləsinə məxsus diktatorluq rejimi Güney Azərbaycanda milli hüquq və azadlıqların tanınmasını tamamilə yasaq etmişdi. 1978-ci ildə baş vermiş 22 Bəhmən İnqilabından sonra düz 31 ildir indiki İran rejimi də bu siyasəti fərqli bir baxışda davam etdirir. İndi Afrika, Asiya, Avropa, Amerika qitəsində ən kiçik xalqların belə, milli hüquqları tanınmaqda, onların milli adət və ənənələrinə dövlət səviyyəsində sayğı və diqqət göstərilməkdədir.

Avropa dövlətlərində ən azsaylı toplumlar belə özünün milli-mədəni hüquqlarına sahibdirlər. Bu xalqların milli varlığını qorumaq üçün hətta dövlət büdcəsindən xüsusi maliyyə vəsaitləri belə ayrılır. Bir sözlə, cəmiyyətdə xalqların milli mövcudluğuna maraq göstərməklə bəşəriyyət qarşısında humanizmin və milli ləyaqətin nə qədər əziz və doğma olması üçün bir nümunə nümayiş etdirilir. Belə bir anlama qatı totalitar rejimlərdə, despotizmə söykənən dövlətlərdə rast gəlinməz. Güney Azərbaycandakı bütün problemlərin əsas mənbəyi də bu amilə görə mövcuddur. Biz bir qrup ziyalı olaraq Londonda toplantı keçirərək Güney Azərbaycanda indi yaşanılan problemləri, 35 milyon nəfər sayı olan bir millətin öz ana dilində təhsil almaq hüququndan məhrum edilməsi, öz milli hüquqlarını tələb edən insanların həbsxanalara salınması, hətta onların terror olunaraq öldürülməsi, küçə və meydanlarda, xüsusi cəza mərkəzlərində vətənpərvər insanların edam olunması kimi faktları beynəlxalq birliyin diqqətinə çatdırmaq üçün bu addımı atmışıq. Bizim həmin müraciəti imzalamaqda əsas məqsədimiz dünyada bu haqsızlıqlara tərəqqipərvər qüvvələrin maraq dairəsinə yönəltməkdir. Biz inanırıq ki, bu müraciəti imzalayan ziyalıların və alimlərin beynəlxalq səviyyədə olan nüfuzu milli problemlərimizin həllində müstəsna dərəcədə əhəmiyyətli olacaq. Biz bu müraciətimizdə şəffaf şəkildə göstərmişik ki, Güney Azərbaycanda insanlar altı yaşından etibarən məktəbə getməyə başlayarkən artıq fars şovinizminin aparteid siyasətinin zülmünə məruz qalırlar. çünki altı yaşına qədər ailəsində doğma türk dilində danışmağı öyrənən uşaqlar məktəbə getdiyi zaman ancaq fars dilində oxuması, bu dildən savayı başqa bir dildə danışmaması tələb edilir. Altı yaşlı uşaq üçün bunu qavramaq olduqca çətindir. Bu mənəvi işgəncəyə digər bir əzablı siyasət də əlavə olunub. Bu, fars dilində yazmağı və danışmağı bacarmadığına görə altı yaşlı uşaqların mənəvi terrora məruz qalmasıdır. Belə bir milli faciənin əsas fəsadlarından biri də odur ki, Güney Azərbaycan türklərində kütləvi səviyyədə savadsızlıq baş alıb getməkdədir. çünki altı yaşından başlayaraq belə bir zülmlə rastlaşan uşaqlar, artıq orta və ali məktəbdə təhsil almaq düşüncəsindən uzaqlaşmağa məcbur olurlar. Bu körpələrin düşüncəsində artıq hər hansı bir məktəb elm mərkəzi deyil, zülm və işgəncələr ocağı kimi başa düşülür. Həmin uşaqlar buna görə də məktəbə getməyə, təhsil almağa meylli olmurlar. Bilirisinizmi, bunun nəticəsi milli bir faciənin əsas təməli deməkdir. Bu, həm də Güney Azərbaycanda kütləvi savadsızlığın başlıca təməlinə çevrilib. Altı yaşlı uşaqların körpə qəlblərində bir ikiləşmə mövcuddur. Bir tərəfdən valideyn öz övladını məcbur edir ki, məktəbə təhsil almağa getsin və gələcək həyatına görə savadsız qalmasın, digər tərəfdən isə bu uşaqları məktəbdə gözləyən daha ağır işgəncələrin qorxunc üzü çox əzablı bir mənzərə yaradır. Bütün bunları elə özüm yadıma salanda məni dəhşət bürüyür. Dünyanın çox ölkələrində olmuşam, ancaq bunca bir millətə qarşı aparılan ağır məşəqqətlərə rast gəlməmişəm. 

- Bəs bu problemləri öz təcrübənizdən çıxış edərək dünyanın başqa ölkələrində necə anlada bilirsiniz?

- İngiltərənin Lids Universitetində olarkən mən bu ölkənin böyük elmi mərkəzlərində və nüfuzlu siyasi çevrələrində onlara anlatdım ki, hər hansı bir milləti təmsil edən kiçik yaşlı uşağın zorla ingilis, fransız, alman və ya başqa dildə təhsil alması üçün onun məcbur edilməsini bir necə dəyərləndirərdiniz, sualımı onlar belə cavablandırıblar: "Nəticədə həmin uşaq həmin dilə, Avropa dövlətinə elə həmin yaşdan ürəyində kin və nifrət bəsləyəcək. Belə bir siyasət aparmaqla təkcə başqa bir milləti təmsil edən, başqa bir dili bilməyən uşaqların özünü deyil, elə onun təmsil etdiyi xalqı təhqir etmək deməkdir. Bu uşaqlar sabah böyüyəndə hamıya qarşı aqressiv olacaqlar. Hamıdan uşaqlıqda ona verilən işgəncələrə görə intiqam almağa çalışacaqlar. Avropa dövlətlərinin təməl prinsipi isə demokratiya, xalqların hüquq və azadlıqlarının tanınmasından ibarətdir".

Bu fikirləri digər dövlətlərin ziyalıları və alimlərindən də çox eşitmişəm. Onların çoxunun hələ də Güney Azərbaycanda 35 milyonluq bir toplumun öz ana dilində nə bir dənə məktəbinin, qəzet və dərgisinin, radio və televiziyasının olmadığını eşidəndə hətta inanmaq belə istəmirlər. 21-ci yüzillikdə böyük bir millətə bunca qəddar münasibətin olmasından heyrətlənir və dəhşətə gəlirlər.

- Eşitdiyimizə görə, İrandakı uşaq bağçalarında və orta məktəblərdə başqa millətləri təmsil edən uşaqlara qarşı hətta həqarətlər belə yağdırılır.

- Bəli, bütün bunlar tamimilə bir həqiqətdir. Elə götürək Güney Azərbaycan türklərinə qarşı olan münasibəti. İranın hər yerində bağçaya və ibtidai sinfə gedən uşaqlara ilk gündən müəllimlər belə bir həqarətli ifadələri işlədirlər: "Sən türksən, ona görə də heç nəyi anlamırsan. Bu dil ancaq çoban dili səviyyəsi üçün lazımdır. Türk olduğun üçün də eşşəksən. Buna görə də türkdən adam olmaz" deyirlər.

Bizim əlimizdə olan çoxsaylı faktlara görə, bu uşaqlar fars dilini bilmədiklərinə görə hətta müəllimləri tərəfindən döyülürlər, onlara hər dərsdə sillə və təpiklər də vurulur. Sanki türk cocuğu məktəbə döyülmək və təhqir olunmaq üçün gəlib. Son vaxtlar əldə etdiyimiz məlumatlara və sənədlərə görə, İranda belə bir münasibət digər millətlərə də qarşı intensiv xarakter almaqdadır. Bəluc, lor, gilək, türkmən, ərəb, kürd və digər xalqlara da qarşı biz türklərə olan qəddar və rasizm münasibəti göstərillir. İrandakı islam rejimi, "Qurani-Kərim"in dili olan ərəb dilini Xuzistandakı ərəb xalqının belə bu dildə yazıb-oxumasını yasaq ediblər. İndi İranda aparılan əsas siyasət digər millətləri təhqir etməklə onların zor gücünə farslaşdırılması prosesinin gücləndirilməsidir. Apardığımız müşahidlərə və təhlillərə görə, zorla farslaşdırma indi bir rasizm səviyyəsinə qaldırılıb. Hətta dövlət idarələrində, hökumət işlərində başqa xalqların nümayəndələrinin azad şəkildə fəaliyyət göstərməsi belə yasaq olunmaqdadır. İrandakı rejim bunu açıq şəkildə elan etməsə də, bu prosesin dərinləşdirilməsi müşahidə olunmaqdadır. Kim dövlət və hökumət işlərində çalışmaq istəyirsə, ilk öncə onun etnik kimliyi araşdırılır. Əgər bu şəxs qarışıq ailəyə (xüsusilə farslarla qarşığı olmaq şərtilə) malikdirsə, bu zaman onun üçün yaşıl işıq yandırlır. çünki belə ailələrə mənsub şəxslərdə milli təfəkkür anlayışı heç zaman olmur.

- Professor, eşitdiyimizə görə, İranda yenidən pəhələvilər dönəmindəki kimi, irqçilik din pərdəsi altında inkişaf etdirilir.

-  Pəhləvilərin 52 illik irticası zamanında olduğu kimi, bu gün də farslar, fars dili, fars ədəbiyyatı və mədəniyyəti ən üstün, yəni "ariyayi" irq kimi təlqin edilməkdədir. Kim bu siyasətə qarşı etiraz səsini ucaldırsa, onu "sionizmin cəsusu", "xarici dövlətlərin qulu", "dövlət üçün ən təhlükəli cani" elan etməklə ən azından həbs edirlər. Ən ağır cəza isə bu insanlara qarşı müxtəlif dərəcəli böhtanlar atmaqla onları küçə və meydanlarda belə hamının gözü qarşısında edam etməkdir. Burada əsas məqsəd başqalarını qoxutmaq və bu düşüncəni ictimailəşdirməkdir. Vətənpərvər qızlara və qadınlara qarşı daha qəddar cəza metodlarından istifadə edilir. Belə qadınlar həbsxanalarda kütləvi şəkildə zorakılığa məruz qalırlar. Uzun müddət rütubətli həbsxana kameralarında saxlamaqla bu qadınların sağalmaz xəstəliklərin daşıyıcılarına çevrilməsi üçün çalışılır.

- Bəs bu məzlum qadınların döşlərini niyə kəsirlər?

- Sabah bu qadınlar dünyaya gətirəcəkləri uşaqlarına süd verə bilməsinlər. Qadın sabahın anasıdır. Hər bir uşaq ana südü ilə böyüyür. Ananın mənsub olduğu millətin genetik yaddaşı süd vasitəsilə övladına keçir. Ana hansı millətin genini daşıyırsa, elə bu millətin də mədəniyyətini, milli kimliyini, milli özəlliklərini döşündə olan südü ilə nəsildən-nəslə ötürür. İranda daha da azğınlaşmaqda olan irtica rejimi məhz bu amilləri nəzərə alaraq vətənpərvər, öz millətinin hüquqları uğrunda mübazirə aparan qadınlara qarşı bunca qəddar siyasət yürütməkdədir. Rejim qadına qul kimi baxır. Qadını cəmiyyətin tərkib hissəsi kimi görmək istəmir. Bizim əlimizdə olan çoxsaylı farktlardan biri də qadınların hətta küçə və meydanlarda saxtakarcasına "zinakar"lıqda suçlayaraq edam edilməsidir. Dünyanın heç bir dövlətində qadına qarşı belə münasibət yöxdur. Başqa dövlətlərdə hətta hansısa bir qadın ən ağır cinayəti törətmiş olsa belə, ona qarşı bunca qəddar münasibət bəslənilmir. Özünü islam və şəriət dövləti elan etmiş İran rejimi unudur ki, müqəddəs "Qurani-Kərim"də qadın ən ali varlıq və təbəqə kimi dəyərləndirilir.

- Son zamanlar Tehran, İsfəhan, Qum, Yəzd, Şiraz, Kirman və digər universitetlərdə türk dilinin inkarı istiqamətində bir sıra uydurma elmi tədqiqatlar dərc olunub. Bu əsərlərdə açıq şəkildə bildirilir ki, türk dili dövlət, elm, siyasət, ünsiyyət dili ola bilməz. çünki türk dili sadə bir dil olmaqla məhəlli xarakter daşıyır. Türk dilində yüksək səviyyəli bədii əsərlər yaratmaq, mədəniyyətə malik olmaq mümkün deyil.

 

 

(Ardı var)

 

Ənvər YUSİFOĞLU

 

Təzadlar.- 2011.- 12-14 may.- S.11.