Həyat sən öyrədən deyil, müəllim

 

(Poemadan parçalar)

 

(Əvvəli ötən saylarda)

 

Dedin mənasızdır eşqsiz bu dünya,

Həyatın cövhəri saf məhəbbətdir.

Eşqin mehrabıdır vəfa, ülviyyət,

Sevginin ziynəti pak sədaqətdir.

 

Eşqin varlığına yoxdur inanan,

İndi sevgi var, aşiq-məşuq.

Bizi bizdən alıb həris nəfsimiz,

İlahi hisslərdən məhrum olmuşuq.

 

Deyirdin yuxuda buta verirlər,

Sevənlər canların fəda edirlər.

İndi yuxularda Dubay görürlər,

Həyat sən öyrədən deyil, müəllim!

 

Yaman dəbə düşüb qadın alveri,

Mayası xarablar namusu satır.

Qazanc mənbəyinə çevrildiyindən

İnsan tacirinin qurbanı artır.

 

Çeynənib tapdanır ürf-adətimiz,

Pozur cəmiyyəti zinakar, harın.

İtdikcə ləyaqət, tərbiyə, əxlaq,

Hər gün sayı artır atılmışların.

 

Dedin, dinimizi uca tutun siz,

Etiqad göstərin, imanlı olun.

Bilin, müsəlmanıq, şərəfliyik biz,

Qoruyun islamın müqəddəs yolun.

 

Din-dinə qarışıb, məzhəb-məzhəbə,

Yaman faydalanır hibrid əshabə.

Saxta "hacı"lardan bezibdi Kəbə,

Həyat sən öyrədən deyil, müəllim!

 

"Hacı" var, dinəndə küfür söyləyir,

Pul görsə, canını oda bələyir.

Arxada şeytanla dostluq eləyir,

Həyat sən öyrədən deyil, müəllim!

 

"Hacı" var, "şef"inə cangüdən durur,

Gah qeybət eyləyir, gəh hiylə qurur.

Qəbirdə ölünün arasın vurur,

Həyat sən öyrədən deyil, müəllim!

 

Nəzir qutuları düzülüb saysız,

Hey dolub-boşalır, seltək hesabsız.

Fəqət, möhtac olan qalıb nicatsız,

Həyat sən öyrədən deyil, müəllim!

 

Deyirdin, həkimlər and da içirlər,

Hippokrat əminin yolun seçirlər.

İndi ölünü qırxıb biçirlər,

Həyat sən öyrədən deyil, müəllim!

 

"Həkim" var, qəssabtək ancaq piy arar,

Xəstə keçinsə , dərman aldırar.

Saysız reseptlər yazıb xəstəyə,

Aldadıb aptekdə qaztək yoldurar.

 

"Həkim" var, söz salıb hər şeydən öncə,

Fənd ilə xəstənin cibini əllər.

Vahimə yaradıb onun qəlbində,

Xəstəni qorxudan fikirlər söylər.

 

Ölü dəfnə hazır, məzar tapılmır,

Kasıbdır, yazıqdır vecə alınmır.

Gor yeri satanlar insafı qanmır,

Həyat sən öyrədən deyil, müəllim!

 

İndiki yaslardan baş açılmayır,

Bəzən üç verilmir, yeddi olmayır.

Ölü sahibləri heç ağlamayır,

Həyat sən öyrədən deyil, müəllim!

 

Bəzi yas yeri var, toylara bənzər,

Süfrəni meyvələr, xörəklər bəzər.

Məclisdə yaramaz söz-söhbət gəzər,

Həyat sən öyrədən deyil, müəllim!

 

Ö sahibi var dişi örtülmür,

Arabir məclisə özü söz atır.

Yasın kədərini çəkmək istəmir,

Pul verib ölüsün ağlayan tutur.

 

Əndazədən çıxıb indiki toylar,

Yüngül musiqilər başı aparar.

Xeyir-dua vermək dəbdən düşübdü,

Məclisdə şoumen tufan qoparar.

 

Axşamdan başlayır diskotekalar,

Başı dumanlılar hay-həşir salır.

Atılıb-düşürlər yarıçılpaqlar,

Adamın əlləri üzündə qalır.

 

Fonoqramla çıxır çoxu səhnəyə,

Utanmır müğənni, heç həya etmir.

Elə güc verirlər səsucaldana,

Ağızın dediyin qulaq eşitmir.

 

Daha "Uzundərə" çalınmır toyda,

"Cəngi" unudulub, itibdi "Onluq".

Min kərə desən , yoxdu bir fayda,

Qanı kərdiyarlar edir fironluq.

 

Toylar var, ət tökür, lap xəcalətdir,

Gəlinlər duvaqsız, həm yarıçılpaq.

Bəzi bəy geyinir lap daram-düdtək,

Diskoya başlayır hamıdan qabaq.

 

Qaynana bəzənir kukla sayağı,

Şit-şit ortalıqda atılıb-düşür.

Qaynata keflənir toydan xəbərsiz,

Gəlişir yeməyə, arağa həşir.

 

Dedin, elmi əsər dəyər kəsb etsin,

Yeni sirlər açıb, bizə öyrətsin.

Tətbiqi ölkəyə mənfəət versin,

Həyat sən öyrədən deyil, müəllim!

 

Yetən köhnə arxın dibini qazır,

Nəysə qurdalanır, hey cızır, pozur.

Bu ondan, o bundan köçürüb yazır,

Həyat sən öyrədən deyil, müəllim!

 

Çoxu bir-birini təqlid eləyir,

Dəni yox, boşuna xəlbir ələyir,

Quyruğu tapdansa, böhtan söyləyir,

Həyat sən öyrədən deyil, müəllim!

 

Kimin day-dayı var, namizəd olur,

Qanqal gülü kimi açmamış solur.

İstedadın işi çək-çevir olur,

Həyat sən öyrədən deyil, müəllim!

 

Sanma ki, yazdığı qəpiyə dəyir,

Elmi, məntiqi yox, özünü öyür.

Ağacı atırsan "alim"ə dəyir,

Həyat sən öyrədən deyil, müəllim!

 

(Davamı var)

 

 

Şöhlət Əfşar

 

Təzadlar.- 2011.- 14-17 may.- S.15.