"Heçlik vadisi"ndən boylanan ömür

 

Vaqif Sultanlının hekayələri Türkiyənin ədəbiyyat dərgilərində

 

Bu günlərdə tanınmış yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "Heçlik vadisi" adlı kitabı işıq üzü görüb. Nəfis şəkildə çap edilən kitaba müəllifin eyniadlı essesi, həmçinin müxtəlif dövrlərdə yazdığı povest hekayələri daxil edilib. Qeyd edək ki, kitaba daxil edilən yazılar müxtəlif mətbuat orqanlarında nəşr edilən bədii örnəklərdən ibarətdir.

Moskvada yaşayan görkəmli nasir Çingiz Hüseynov kitaba yazdığı "Məktub şəklində müqəddimə" adlı ön sözdə müəllifin yaradıcılığı haqqında qənaətlərini belə ifadə edir: "Yadımdadır, o vaxt yazdığın hekayələrini oxumuşdum, bəyənmişdim - görürəm ki, təriflərimdə yanılmamışam, onlarin lirik üslubu, romantik ruhu, fəlsəfi düşüncələrə vadar edən ümidlər dolu məzmunu, ab-havası, sadə, lakin gizli məna daşıyan adları belə - göstərir ki, seçdiyin nəsr yolu sənin yolundur".

Kitab müəllifin bir qədər həzin, kədərli ruhda qələmə aldığı "Heçlik vadisi" adlı essesi ilə başlayır: "Yaşanmış illərin arxasından dönüb geriyə baxanda dumanlı bir heçlik vadisindən savayı nəyinsə xatıra gəlmədiyi o uzaq keçmişdən görünməz, bilinməz xəyalların, gerçəkləşməsi mümkün olmayan, sərgərdan arzuların arxasınca qaçmaqda, mənasız qovğalarda, çəkişmələrdə xərclənərək tükənən bir ömrün əzabları, ağrıları boylanır".

Eyni ovqata köklənmiş "ölüm yuxusu" povestində yol çəkilişi ilə əlaqədar qəbiristanlığın köçürülməsi cəmiyyətdə baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Bu xaos təsvir olunan obrazların daxili-mənəvi dünyasını aşkarlamağa imkan verir. Qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə yazıçı mənəvi-əxlaqi dəyərlərə qarşı çıxmağı ölümlə eyniləşdirmək məramı izləmişdir.

"Heçlik vadisi" kitabına daxil edilmiş "Dərviş", "Mağara", "Nəvai-Qumru", "Qütb gecəsi", "Vətən", "Ada", "İlğım", "Kor düyün" digər hekayələr özünəməxsus dil üslub xüsusiyyətləri ilə seçilməkdədir. Hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənməsi, cəmiyyətə hakim olan insanın özgələşmə probleminə etiraz motivləri ilə seçilməsidir. Kitaba daxil edilmiş yazılar həmçinin forma orijinallığı problemin fərqli aspektdən işıqlandırılması baxımından da maraq doğurmaqdadır.

İnanırıq ki, Vaqif Sultanlının "Heçlik vadisi" kitabı geniş oxucu kütləsinin diqqət marağını çəkəcək, ədəbi tənqid tərəfindən layiqincə qiymətləndiriləcək.

Yeri gəlmişkən, 2011-ci ilin yanvar-aprel aylarında Türkiyədə çıxan bir sıra nüfuzlu ədəbiyyat dərgilərində V.Sultanlının hekayələri dərc olunub. "Berceste" (Kayseri) dərgisinin fevral sayında yazıçının "İlğım", "Çukurova Sanat" (Adana) dergisinin yanvar-mart saylarında " yol" "Bağlı qapı", "Mor Taka" (Trabzon) dərgisinin yanvar sayında "Ada", "Dergah" (İstanbul) dərgisinin yanvar sayında "Kor düyün", "Türk edebiyatı" (İstanbul) dərgisinin aprel sayında  isə tarixi mövzuda yazılmış "Nəvai-Qumru" hekayəsi dərc olunmuşdur. Hekayələri Türkiyə türkcəsinə Trabzon Universitetinin dosenti dr.Ənvər Uzun çevirib.

Xatırladaq ki, İstanbulun Avropa Yakası Yayınları dr.Ənvər Uzunun çevirməsində Vaqif Sultanlının "Yovşan ətri" adlı hekayələr kitabını da bu il nəşr edəcək.

 

 

ELBAR

 

Təzadlar.- 2011.- 14-17 may.- S.15.