GÖR NƏLƏR VAR, AY DƏDƏ

 

Oğlun zəmanədən ataya şikayəti

 

Sabiranə

 

Bizləri yıxıb sələm,

Əlimiz tutmur, qələm.

Dəyişib dünya, aləm,

İnanmazsan boy, dədə,

Gör nələr var, ay dədə.

 

Hər dövrün öz gərdişi,

Bir yada sal keçmişi.

Ac-giclər oldu kişi,

Sən yerində say, dədə,

Gör nələr var, ay dədə.

 

Başımızı qatırlar,

Torpaqları satırlar.

Bizə yaxşı tuturlar

Gecə-gündüz toy, dədə,

Gör nələr var, ay dədə.

 

Dolu, sel yağır, gəlir,

İl-ildən ağır gəlir.

Mal-mağmın, fağır gəlir,

Hər şey çıxıb zay, dədə,

Gör nələr var, ay dədə.

 

Donuruq, üşüyürük,

Qaçmamış tövşüyürük,

Yalandan döşüyürük,

Qırılırıq vay, dədə,

Gör nələr var, ay dədə.

 

İş yoxdur, axı, bil,

Gəzirik, veyil-veyil.

Heç dəyişən deyil,

Bunu düşün, duy, dədə,

Gör nələr var, ay dədə.

 

Yaşamağa yox həvəs,

deyək, bu işə bəs.

Gec olmamış gəl tələs,

Sən Allah, vur qıy, dədə,

Gör nələr var, ay dədə.

 

Öyrənib üzün-gözün,

Bilirsən bunu özün.

Bir şey ki, keçmir sözün,

həyatdır, ay dədə,

Gör nələr var, ay dədə.

 

Əyilirik, sınırıq,

Eləcə çırpınırıq.

Bir təhər dolanırıq,

Çıxaq gedək qoy, dədə,

Gör nələr var, ay dədə.

Gör nələr var, ay dədə.

 

 

BAYATILAR

 

Əzizinəm boya bax,

Boy-buxuna, boya bax.

Nəsə yaxşı görünsün,

Elə üzdən boya, bax.

 

Əzizinəm yaxşı yol,

Yaxşı yapış, yaxşı yol.

Bir tükümüz qalmayıb,

"Başçı" qağa, yaxşı yol.

 

Əzizinəm Eldara,

Yol gedirik Eldara.

Hələ millət ayılmır,

Yaman düşüb el dara.

 

Əzizinəm salamat,

Şükür, qaldıq salamat.

Kişnəyib düşmən basar,

Bir gün köhlən, sağlam at.

 

 

İlham MUSAOĞLU

 

Təzadlar.- 2011.- 14-17 may.- S.15.