Güney Azərbaycan davası
BMT-nin diqqət mərkəzində
Qulamrza Səbri Təbrizi:
"İran rejimi unudur ki, indi dünyada tamam təcrid
olunmuş dövlət siyasəti aparmaq
qeyri-mümkündür"
Tarixdə ilk dəfə
olaraq Birləşmiş Millətlər Təşkilatı
Güney Azərbaycanda milli və insan hüquqları məsələsində
xüsusi komissiya yaradıb. Yaxın müddətdə
bu komissiya Güney Azərbaycanda mövcud olan bu problemlərlə
bağlı fəaliyyətə başlayacaq. BMT
kimi nüfuzlu bir dünya təşkilatının belə bir
qərara gəlməsinin əsas səbəbi isə ötən
il yaradılmış GAMAC (Güney Azərbaycan Milli
Azadlıq Cəbhəsi) təşkilatının rəhbəliyində
təmsil olunan, Avopra dövlətlərində və Amerikada
yaşayan nüfuzlu və məşhur alimlərimizin və
ziyalılarımızın səmərəli fəliyyətinin
nəticəsi kimi qəbul etmək lazımdır. GAMAC-ın
təsisçilərindən biri, Edinburq Universitetinin
professoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri
prezidenti Qulamrza Səbri Təbrizi ilə görüşərək
bütün bunlara aydınlıq gətirməsi
üçün onunla söhbət etdik.
(Əvvəli
ötən sayda)
- Qulamrza müəllim, son zamanlar Tehran, İsfəhan, Qum, Yəzd, Şiraz, Kirman və digər universitetlərdə türk dilinin inkarı istiqamətində bir sıra uydurma elmi tədqiqatlar dərc olunub. Bu əsərlərdə açıq şəkildə bildirilir ki, türk dili dövlət, elm, siyasət, ünsiyyət dili ola bilməz. Çünki türk dili sadə bir dil olmaqla məhəlli xarakter daşıyır. Türk dilində yüksək səviyyəli bədii əsərlər yaratmaq, mədəniyyətə malik olmaq mümkün deyil...
- Fars irqçliyi, şovinizmi Quzey Azərbaycandakı uğurlardan dəhşətə gəldiyi üçün bu təbliğata üz tutub. ötənlərdən fərqli olaraq indi Quzey Azərbaycan dövləti 20 ildir öz dövlət müstəqilliyini əzmlə qoruyur. Baxmayaraq ki, Azərbaycan dövlətinin 25 faiz ərazisi erməni qəsbkarları və onların havadarları tərəfindən işağl olunub, bu dövlət öz mövcudluğunu qorumaqla yanaşı, həm də beynəlxalq aləmdə tədricən böyük nüfuz qazanmaqdadır. Bu faktlar Güney Azərbaycanda çox böyük məna daşıyır. Quzey Azərbaycana turist kimi və ya adicə ticarət üçün gələnlər buradakı milli dildə təhsilin, mədəniyyətin durumunu da görürlər.
Quzey Azərbaycanda uşaq bağçalarını, orta məktəbləri, universitetləri, televiziya və radioları, qəzet və dərgiləri, teatr və mədəniyyət ocaqlarını gördükdə güneyli soydaşlarımız bundan qürur duyurlar. İnsanların küçə və meydanlarda sərbəst şəkildə ana dilində necə şirin-şirin danışdıqlarından fərəhlənirlər. Axı dili bir, canımız və qanımız bir, qardaşımız olan Güney Azərbaycan türkləri də insani hüquqlardan istifadə etmək arzusundadırlar. Necə ola bilər ki, Quzey Azərbaycanda türk dili dövlət dili, beynəlxalq ünsiyyət vasitəsi kimi bərabərhüquqlu statusa malik ola bilir və bunu hər kəs özünün gündəlik həyat tərzində adi bir iş kimi qəbul edir, ancaq Güney Azərbaycanda insanlar adicə bir qəzet və ya dərgi nəşr etməkdən belə məhrum olunublar. İrandakı rejim isə türk dilini bütün gücü ilə utanmadan inkar edir. Ən azından Dədə Qorqud eposunu oxumaq lazımdır ki, biz türklərin ədəbiyyatı və mədəniyyəti olan dövrdə farslar hələ bilmirdilər ki, mədəniyyət və ədəbiyyat nə deməkdir. Fars ədəbiyyatının ən böyük nümayəndəsi Firdovsidir ki, o da min il öncə yaşamışdır. Min ildir İranda farslar Firdovsinin "Şahnamə" adlı cəfəngiyyatlarla dolu olan "fars şovinist və irqçi" siyasətini ortaya qoyan əsərini təbliğ etməkdən usanmırlar. Bu həmin İrandır ki, Firdovsinin "Yusif və Züleyxa" əsərini min ildir nəşr etməkdən belə qorxur. Çünki Firdovsi ömrünün son illərində yazdığı "Yusif və Züleyxa" əsərində etiraf edib ki, "Şahnamə"də "qatı fars şovinizmi" haqqında yazdığı bütün hekayətlər onun öz uydurmasıdır. Firdovsi "Yusif və Züleyxa" əsərinin birinci hissəsində belə qeyd edir: "Mən bilərəkdən qədim Hind və Babil əfsanələrini, rəvayətlərini və nağıllarını Əflatun və Ərəstunun fəlsəfi əsərləri üzərində kökləyərək, bunu pers (fars) milli kimliyi zirvəsinə qaldırmağa çalışmışam.
Halbuki bütün bunların biz farslarla heç bir ilgisi yoxdur. Bunları mən uydurmaqla biz perslərin də yüksək əxlaqlı, mədəniyyətli bir xalq olmaq iddiamızın olmasını istəmişəm. Çox təəssüf edirəm ki, "Şahnamə"ni yazmaqla mənsub olduğum xalqı daim qonşu xalqlarla düşmən mövqedə olacaqlarını görür və bunu etiraf edirəm". Bax, indi Güney Azərbaycanda güclənməkdə olan milli fikir mücadiləsinin mayası bundan ibarətdir. Biz məhz bu anlamı ümumdünya səviyyəsinə çatdırmaq üçün mübarizə aparırıq. Firdovsinin uydurma və yalanlar üzərində qurulan siyasət və ideologiyasının dəyərsizliyi min il öncə necə olubdursa, bu gün yenidən bizim millətimizin həyat tərzinə çevrilməsinə qarşıyıq. Sanki bu ideya ilə xalqmızı min il geri salmaq üçün bütün bunlar tətbiq olunur.
- Professor, Güney Azərbaycanla bağlı daha hansı problemləri dünya birliyinə çatdırmaq istəyirsiniz?
- İran rejimi ötən 31 ildə elə bir siyasət qurub ki, hətta universitet bitirən insanlarımız belə, özlərinə doğulub boya-başa çatdıqları şəhərlərdə iş yerləri tapa bilmirlər. Onlar məcbur olub İranın Kirman, İsfəhan, Mazəndaran, Tehran, Yəzd və digər fars şəhərlərinə üz tuturlar. Çünki İranda əsas sənaye müəssisələri, emal sahələri, inşaat sektoru və digər iqtisadi sahələr məhz farslara məxsus bu şəhərlərdə yerləşir. Həmin şəhərlərə gedən soydaşlarımız və onların ailələri tədricən assimilyasiyaya məruz qalırlar. Pəhləvi irticası zamanında da belə siyasət aparılıb. İranın digər regionlarından fərqli olaraq, Güney Azərbaycanda əhalinin say tərkibinə görə ali təhsilli və savadlı həkimlərin, mühəndislərin, müəllimlərin, digər ixtisas sahələri üzrə mütəxəssislərin sayı xeyli dərəcədə azdır. Güney Azərbaycanın təbii sərvətləri xammal şəklində çıxarılaraq İranın digər uzaq regionlarındakı emal müəssisələrinə göndərilir. Bununla da Güney Azərbaycanda total şəkildə işsizlik kimi ağır və üzücü problemlər yaranır. Bu da öz növbəsində əhalinin kütləvi şəkildə savadsızlığına və işsiz qalmasına səbəb olur. Güney Azərbaycan ərazilərində iri neft yataqları kəşf olunsa da, bunun istismarına dövlət səviyyəsində maneçilik törədilir. Güney Azərbaycanda qızıl, molibden, mis, alüminum, kobalt, mərmər, sink, volfram, uran və digər qiymətli yataqlar var. Bu yataqlardan qismən istifadə olunsa da, çıxarılan xammala görə Güney Azərbaycanda tələb olunan emal müəssisələrinin yaradılmasına imkan verilmir. Biz hətta şahidi olmuşuq ki, Almaniya, İngiltərə, İsveç, Hollandiya və digər dövlətlərdə yaşayan iş adamı kimi məşhur olan soydaşlarımız öz şəxsi maliyyə vəsaitlərilə Güney Azərbaycanda yatırımlar qoymaq istədikdə, dərhal Tehran hökuməti bu yatırımlara ancaq farslara aid regionlarda izazə verilə biləcəyini onlara açıq şəkildə bildirir. Heç bir siyasətə, ideologiyaya bağlı olmayan bu insanlar doğulub boya-başa çatdıqları regiondakı məşəqqətli həyat tərzinə görə ürəkləri ağrıdığı üçün ən azından əllərində olan maliyyə vəsaiti sayəsində müəyyən istehsal vasitələrinin yaradılması ilə övlad borcunu yerinə yetirmək istəyiblər. Ancaq neçə illərdir buna nail ola bilmirlər.
- Professor, bizim araşdırmalarımıza görə indiki İran adlı ərazidə fars şovinist siyasəti yüz ildir ki, modern üslubda və fərqli biçimlərdə daim inkişaf etdirilir. Siz təcrübəli bir elm xadimi olaraq bütün bunlara son qoyulmasını, Güney Azərbaycan türklərinin bir millət olaraq başqa xalqlar kimi imzalar içində öz imzasını necə təsdiq etdirə bilər?
- Yüz ildən
çoxdur ki, fars şovinizmi tarixdə heç zaman olmayan bir
rasizm ideologiyası həddinə çatdırılıb. Pəhləvilər
irticası zamanı bu siyasət "qərbləşmək
və modernləşmək" adı altında
aparılırdısa, son 31 ildə bu daha çox klerikal
ehkamların şərtləri səviyyəsində
inkişaf etdirilib. Bu ötən yüz ildə bizlər bir
millət olaraq çox şeyləri itirmişik. Dünyəvi
inkişaf prosesindən xeyli geri qalmışıq. Bu yöndə
müəyyən fərdlər dünyanın nüfuzlu şəxslərinə
çevrilsələr də, millət olaraq bəşəri
inkişaf təkamülündə iştirak etməyimiz yasaq
olunub. Müasir Yaponiya, Güney Koreya, Tailand, İndoneziya kimi
inkişaf etmiş dövlətlərin böyük uğurlar
qazanmasında təkcə iri şirkətlər, elmi mərkəzlər
deyil, bütovlükdə bu prosesdə millətin özü
iştirak edir. Buna görə də elm və sənaye, millət
və dövlət bəşəri inkişaf prosesində
birgə iştirak edirlər. Hansı xalq, dövlət bu
siyasətə üz tutursa, orada çox böyük
inkişaf və rifah mövcuddur. Müasir
Türkiyə dövləti dünyada
sıçrayışla inkişaf edən və ən
güclü potensiala malik olan regionlardan biri hesab olunur. ötən
yüzilin 90-cı illərində Türkiyənin
ağıllı dövlət adamları ölkənin
inkişafında bütövlükdə millətin iştirak
doktrinasını ortaya qoydu. Əvvəllər adicə
kənd təsərrüfatı ölkəsi olan Türkiyə
indi dünyada sənayeləşən və qlobal güc
sahibi olan bir dövlətə çevrilib. Biz bütün
bunları uzun illərdir araşdırmaqla, indi Güney Azərbaycanın
malik olduğu potensialı da dəyərləndirərək
proseslərin təbii yolla inkişafı strategiyasının
inkişaf etdirilməsinə çalışırıq. Eyni
zamanda Güney Azərbaycanın inkişafına
dünyanın ehtiyacı olduğunu da inandırmaq
üçün çox ciddi addımlar atmaqdayıq. BMT-yə
etdiyimiz müraciətin də əsas səbəblərindən
biri də bu mühüm amillə bağlıdır. Bir tərəfdən
də qeyd etmək lazımdır ki, Güney Azərbaycanda
milli oyanış prosesi çox sürətlə inkişaf
edir. Güney Azərbaycanda xalqın əsas tələbi
öz milli dilində təhsil almaq, milli-mədəni təsisatlarına
sahib olmaqdır. Bu yöndə artıq möhtəşəm
bir hərəkat güclənməkdədir. Bu prosesdə bizi
ən çox sevindirən amil odur ki, təkcə
ziyalılar, tələbələr deyil, daha çox sadə
vətəndaşların da fəal şəkildə
iştirak edir. Siz bir baxın Təbrizin "Traktor" futbol
takımı futbol meydançasına çıxdıqda
insanlar necə də böyük coşqu ilə
"Bakı-Təbriz-Ankara!!! Biz hara, farslar hara!!!",
"Fars-rus-erməni, hamısı türkün düşməni!!!"
və digər yüzlərlə şüarlar səsləndirirlər. Futbol
meydanlarında "Traktor" takımının oyunlarına
Güney Azərbaycanın bütün şəhər və
kəndlərindən vətənpərvər insanlar
qatılaraq həmin milli şüarları səsləndirirlər.
Sanki bununla da
milli düşüncə sahibləri milli bütünlük
və bərabərlik sürəcində birlikdə öz
etirazlarını dünyaya göstərirlər. Bu
şüarları əslində hansısa bir milləti
aşağılamaq üçün deyil, sadəcə
milyonlarla insanların yüz ildir boğulan səsinin
hayqırtısı kimi qəbul etmək lazımdır.
Güney Azərbaycan türkü artıq
öncələrdəki kimi zülm və işgəncələr
altında yaşamaq istəmir. Hər bir
millətin özünə məxsus dəyərləri
olduğu kimi, Güney Azərbaycan türkləri də öz
dəyərləri ilə yaşamaq istəyir. Bu gün xalqımızın apardığı milli
mücadilənin hədəflərində hər hansı bir
rasizm meylləri belə yoxdur. Digər millətləri
aşağılamaq, onlara xor baxmaq kimi təmayüllərə
rast gəlinməz. Millətimiz milli
mübarizəsində ölüm saçan silahlı yolu
deyil, daha çox milli məfkurə yolunu seçib. Bu da bütün dünyada ən mədəni və
sivil siyasət olaraq qəbul edilir. Bu, həm
də bizim milli mübarizəmizin mədəni xətt üzərində
inkişaf etdiyinin təsdiqidir.
- Axı milli mücadiləyə qarşı rejim tərəfindən olduqca sərt şəkildə dirənişlər göstərilir. İnsanlar təqib olunur, zindanlara atılır, işgəncələrə məruz qalırlar.
- Bəli, öz milli haqlarını tələb edənlərimizin mübarizəsinə qarşı rejim tərəfindən sərt münasibət var. Rejim çalışır ki, insanları qorxu içində saxlasın. Səid Mətinpur kimi milli fəalımızı səkkiz il müddətinə həbs ediblər. Özü də nəyin üstündə? O, rejimdən ölkə Ana Yasasının qanunlarına uyğun olaraq ana dilində təhsil almaq hüququnun olmasını tələb etmişdir. Bizə daxil olan məlumatlara görə, insanları qorxutmaq üçün xüsusi cəza evlərində həbsdə saxlanılanların gözlərini çıxarırlar, mədələrini dəlmə-deşik edirlər. İnsanlara elə işgəncələr verilir ki, nəticədə onların daxili orqanları tamamilə sıradan çıxarılır. Elə məhbuslar var ki, həbsdən çıxdıqdan sonra ömürlük əlil durumuna düşürlər. İran rejimi unudur ki, indi dünyada tamam təcrid olunmuş dövlət siyasəti aparmaq qeyri-mümkündür. Öz milli hüququnu tələb edən, ana dilində məktəb istəyən insanlara verilən işgəncələr haqqında demək olar ki, hər gün biz dünya birliyini məlumatlandırırıq. Təbii olaraq, insan haqlarını əsas sayan beynəlxalq birliyin də belə bir siyasətə münasibəti daha kəskin xarakter almağa başlayıb.
(Ardı var)
Ənvər YUSİFOĞLU
Təzadlar.- 2011.-14-17 may.- S.7.