Gözəl həkim, qayğıkeş insan...
Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Sənəti ginekoloqdur. Hazırda Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvüdür. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub.
L.Əlizadə 2006-ci ildən Azərbaycan Respublikası "Səhiyyə və Sağlam Həyat" İctimai Birliyinin sədridir. Rəhbərlik etdiyi təşkilatın 5 nəfər İdarə Heyətinin üzvü və 200 nəfərədək üzvü var.
Lətafət xanımın ictimai-fəaliyyəti müddətində milli mənəvi dəyərlərimizin qorunması, səhiyyənin inkişafı, sağlam mühitin yaradılması və inkişafı, vətəndaşların sosial problemlərinin həlli istiqamətində düz 42 il xalqımıza, dövlətimizə və cəmiyyətimizə əvəzsiz xidməti olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. Qarabağ müharibəsi dövründə Tərtər, Qazax, Füzuli, Ağdam, Tovuz bölgələrində yerləşən hərbi hissələrdə günlərlə qalaraq döyüşçülərimizə qayğı və köməklik göstərib.
Bir həkim kimi and içdiyi Hipokrat andına həmişə sadiq qalan Lətafət xanım bu gün də xalqımızın sağlam həyat tərzi uğrunda bilik və bacarığını əsirgəmir. Həmişə gənclərlə hərbi vətənpərvərlik mövzusunda söhbətlər aparır, onlara vətənə xidmət etməyi tövsiyə edir.
Rəhbərlik etdiyi qurum qeyri-hökümət təşkilatı kimi üç dəfədir aktual və qlobal problemlərə aid Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə layihələr yerinə yetirir.
Həmin layihələr aşağıdakılardır:
- Qadınlarda olan infeksion xəstəliklərin sonsuzluğa təsiri;
- İslah əmək müəssisələrində yoluxucu xəstəliklərin yayılması səbəbləri və bu xəstəliklərdən mühafizə olunmaq qaydaları;
- XXI əsrin bəlası olan hepatitlər, QİCS və narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması və profilaktikası.
Bakı şəhərinin baş infeksionisti Gülnarə Əliyevanın, Narkoloji dispanserin psixoloq- narkoloqu Fəzail Sadıxovun, Tusi adına klinikanın virusoloqu Sabirə xanımın iştirakı ilə 27 aprel 2011-ci il tarixdə ANS-də gedən "Sağlam ol" verlişinin 30 dəqiqəsi "XXI əsrin bəlası olan hepatitlər, QİCS və narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması və profilaktikası" mövzusuna həsr olunub. Bununla əlaqədar minlərlə tələbə, şagird maarifləndirilib.
Tədbirlər zamanı Nəsimi rayonundakı 5 və 292 saylı orta məktəblərdə, Binəqədi rayonundakı 217 saylı orta məktəbdə, 2 saylı qadın məsləhətxanasında və Ədliyyə Nazirliyinin Renitensiar xidməti müalicə müəssisəsində yüzlərlə məhkumun narkomaniyanın törətdiyi fəsadlardan və cinayətlərdən danışılıb, diskusiyalar aparılıb, suallar cavablandırılıb.
Layihənin növbəti seminarı Nəsimi rayonundakı eşitmə və danışma qabiliyyətində qüsur olan respublika mərkəzi uşaq bağçası və körpələr evində olacaq. Həmin körpələr evində 80 körpə və uşaq var. Eyni zamanda infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər keçiriləcək.
Analara övlad sevinci bəxş edən gözəl həkim, qayğıkeş insan, ictimaiyyətçi, yüksək intellektual səviyyəli Lətafət Əlizadə bundan sonra da öz fəaliyyətini davam etdirmək məqsədilə daha aktual mövzulu layihələr yerinə yetirmək arzusundadır.
Təzadlar.- 2011.- 28 may.-
S.11.