Həzin sətirlər
Azərbaycan poeziyasına Nailə İbrahimovanın imzası yaxşı tanışdır. Çünki artıq ədəbi ictimaiyyət onun iki kitabını düşüncəsindən keçirib. Buna qədər isə müəllifin mətbuat səhifələrində müxtəlif vaxtlarda bir-birindən maraqlı şeirləri çap olunmuşdu. "Düşüncələr", "Ürəklə söhbət" kitabları N.İbrahimovanın haqqında bütöv təsəvvür yaradır. Bir növ onun yaradıcı imkanlarını, hansı istedada malikliyini aydınlaşdırır. N.İbrahimovanın yaradıcılığı haqqında ədəbi tənqid də özünün sözünü deyib.
Ədəbi tənqidin bir çox görkəmli nümayəndələri onun şeirlərinin təhlilini verib, spesifik duyum və düşüncə tərzi haqqında qənaətlərini ümumiləşdirməyə çalışıbdı. Elə "ürəklə söhbət" kitabına yazılmış ön sözdə də bu aydınlıqla görünür. Kitaba filologiya elmləri doktoru, professor M.Allahmanlı "Sözün və səsin pıçıltısı" və filologiya elmləri doktoru Vaqif Yusifli "Baharlı duyğular" adlı maraqlı başlanğıc yazı yazmışlar. Burada N.İbrahimovanın yaradıcılığının spesifikası, klassik ənənədən gələn xüsusiyyətlər, xalq şeiri ruhunun təsiri məsələləri çox doğru olaraq vurğulanır. M.Allahmanlı yazır: "Dastanlarımızdan, nağıllarımızdan, bayatı, layla, oxşama, rəvayət, əfsanə örnəklərimizdən ona çox pay düşdüyü qənaətində oldum. Yaradıcı ruhunun olması məndə xoş təəssürat yaratdı".
Bədii düşüncə üçün başlıca amil yaradıcı ruhun olmasıdır. N.İbrahimovanın bütün şeirlərində bu ruh bir bolluqla, həm də son dərəcədə aydınlıqla nəzərə çarpır. Onun yeni şeirlər toplusu müasir ədəbi prosesin uğurları haqqında düşünmək zərurəti yaradır. Bu şeirlər bir əxlaq, mənəviyyat toplusu təsiri bağışlayır. Orada vətən, el-oba sevgisindən insana və dünyaya sevgiyə qədər hər şeylə qarşılaşmaq olur. "Külək" adlı şeirində maraqlı şəkildə deyir:
Obaları, elləri
Həzin-həzin dolaş sən.
Qitələrdən qitəyə
Dünyalara yol aç sən.
Qoy yayılsın hər yana,
İsti, ilıq nəfəsin.
Şad xəbər elçisi ol,
Gətir bizə sülhü sən.
Bu gün bütün dünyanın həmin isti, ilıq nəfəsə ehtiyacı var. Çünki müharibələr fəlakət, ölüm-itim, dağıntılar deməkdi. Azərbaycanımız həmin qanlı savaşların min illər boyunca şahidi olub, onun ağrılarını çəkibdi. Bu gün də eyni əzabları yaşayır. Qarabağımız, Zəngəzurumuz, tarixi Qərbi Azərbaycan torpaqlarımız erməni işğalçılarının əlində inləməkdədi. Elindən-obasından didərgin düşən qaçqınlarımız hələ də həmin yurd yerlərinin həsrəti ilə yaşayır. Axşamları-səhərləri o ağrılarla açır. Müharibənin gətirdiyi fəalakətləri bir vətəndaş kimi N.İbrahimova da çəkib və çəkmədədi. Bir yaradıcı kimi həmin ağrıları yazıya gətirir, "gətir bizə sülhü sən" deyir. "Sevinməsin yağı düşmən" şeirində isə N.İbrahimovanın ağrılarının bir başqa tərəfini, yurd kontekstində nə qədər dözülməz olduğunu görürük.
Doğulduğum yurdum mənim,
İndi mənə bir qürbətdir.
Gözlərimdə donan kədər,
Gizli bir dərd, bir xifətdir.
Zaman döndü bir iblisə,
Verdiyini aldı bizdən.
Yurd yerləri küskün, səssiz,
Düşmənlərə qaldı bizdən.
Bunlar, bütün bu ağrılar N.İbrahimovanın yaradıcılığında bir istiqamət kimi görünür. Ancaq ümumilikdə kədərə hesablanmır. Burada real vəziyyətin doğurduğu düşüncə var. N.İbrahimova həmin düşüncələrin içərisində hələ hər şeyin son olmadığı qənaətində dayanır. Eyni zamanda onu da deməyi özünə borc bilir ki, bir gün gələcək yağı düşmən özünün layiqli cəzasını alacaqdı. Bu uzaqda deyil, yaxındadı. Milyonların, bütünlükdə haqq tərəfində olan dünyanın qənaətidir. Xalqımız həmin bayramı Şuşada, Zəngəzurda bir atəşfəşanlıqla keçirəcək. Buna N.İbrahimova gün kimi əmindir.
N.İbrahimovanın şeirlərində bir bahar təravəti var. "Həzin bir nəğməyə dönüb günlərim", "Çox sevirəm baharı", "İlk məhəbbət", "Mən şeirəm, nəğməyəm" və bu silsilədən olan digər şeirlər bunu aydınlıqla göstərir. Bu şeirlərin hər birində bir həzinlik, saflıq, təmiz duyğuların dil açması var. Bu bir istiqamətdə müəllifin şəxsi xarakterindəki əvəzsiz keyfiyyətlərlə bağlanır. Çünki yaradıcılıq sənətkarın xarakterinin, iç dünyasının ortaya qoyulmasıdır. N.İbrahimova da bir-birindən gözəl şeirləri ilə bir növ özünü, özünün taleyini, böyük ideallara hesablanan arzu və istəklərini dilə gətiribdi.
Heç bilmirəm nə üçün,
Çox sevirəm baharı.
O,ömrümün işığı,
O,ömrümün nübarı.
Qışda, yayda, payızda
Bahar köçür qəlbimə.
Bahar köçür ruhuma
O həmdəm olur mənə.
Təbiətə, təbiətin füsunkarlıqlarına aid şairlərimiz, yazıçılarımız müxtəlif səpkili fikirlər bildiriblər, maraqlı mənalandırmalar aparıblar. Klassiklərimizin yaradıcılığında, eləcə də müasirlərimizin ayrı-ayrı əsərlərində bu bir ənənə, istiqamət kimi yaşanır. Ən çox isə bahar bizim poeziyamız üçün bir mövzu olub. Bir-birindən maraqlı poeziya nümunələrinin yaranmasına gətirib çıxarıbdı. N.İbrahimova da məhz bu şeiri ilə orijinal düşüncədə görünür. Hətta qışda, yayda, payızda da bahar təravəti ilə yaşadığını, baharı ruhuna, qəlbinə köçürdüyünü söyləyir. Məhz bu səbəbdən də N.İbrahimova "Həzin bir nəğməyə dönüb günlərim" söyləyir.
Həzin bir nəğməyə dönüb günlərim,
Sevincim də həzin, qəmim də həzin.
Fikirlər qıy çəkib şahə qalxsa da,
Səsimdə zilim də, bəmim də həzin.
Həzinlik
hüznlük demək deyil ki,
Bu bir əzəmətdir insan içində.
Coşub-daşan hissi cilovlayaraq
Məcraya salmaqdı
bir an içində.
Uğurlu nümunədir.
Bu şeir müəllif
haqqında bütöv
təsəvvür yaradır.
Xalq arasında
"bar verən ağac
başını aşağı
tutur" deyirlər.
Bu özlüyündə keyfiyyətdir.
Elə təmkin, səbr də ulu tanrının insanlara bəxş etdiyi ən ali keyfiyyətlərdəndir.
N.İbrahimova da bütün bunları nəzərə alıb xalqdan gələn qənaətlərə özünün
əlavələrini edir.
Həzinliyi bir əzəmət, böyüklük
kimi qiymətləndirir.
Və bu səbəbdən də çox doğru olaraq "mən şeirəm, nəğməyəm"
deyir.
Misra-misra düzülüb,
Qalaq-qalaq kitabam.
Şeir deyərlər
mənə,
Dosta dost, yada
yadam.
Müəllifin özü
haqqında qənaətləri,
"misra-misra düzülüb,
qalaq-qalaq kitabam" deməsi təsadüfi deyil. Burada çox-çox
dərinlərdən gələn
bir səs var. Böyük ideallara, sonsuz həyat eşqinə hesablanmış
səsdir. Yaradıcı
olanın səsidir. Ona görə də bu şeirlər
belə təmiz və təravətli səslənir.
Bu gün
bütün zamanlarda olduğu kimi, şeirimiz bir-birindən maraqlı istedadlarla, özünəməxsus
düşüncə tipləri
ilə təmsil olunur. Ümumiyyətlə,
Azərbaycan poeziyası
həmişə orijinal
düşüncələrin məkanı olubdu. Son dövrlərdə də həmin keyfiyyət yaşanmaqdadı. N.İbrahimovanın
"Ürəklə söhbət"
kitabında gedən şeirlər bunu aydınlıqla göstərir.
Və eyni zamanda müasir poeziyamız haqqında xoş təəssürat
yaradır.
Əsəd TƏHLƏLİ
AMEA-nın Tarix və Etnoqrafiya
İnstitutunun əməkdaşı,
tarix üzrə
fəlsəfə doktoru
Təzadlar.- 2011.- 26-28 may.- S.10.