Vətəndə vətənsizlik
dərdi
Subut Mehdiyev: "Bakıdakı ermənilər hər
şeylə təmin olunublar, normal şəraitləri var, hətta
onlardan dövlət qulluğunda, vəzifələrdə
işləyənləri də az deyil"
"Laçın RİH-in bəzi işçiləri
yaxın adamlarının adına şişirdilmiş rəqəmlərlə
sənədlər tərtib etməklə külli miqdarda
maliyyə vəsaitini mənimsəyiblər"
Müsahibimiz
"qlobxeber.az" internet portalının sahibi Subut
Mehdiyevdir.
- Mayın 18-də
Laçın rayonunun işğal olunmasının 19-cu ili
tamam olur. Bu işğalda bir çox insanların adları
hallanıb, bəzi faktlar açıqlanıb. Ancaq 19 ildir nəinki
ölkə ictimaiyyəti, hətta laçınlılar belə,
sözügedən işğal faktında müqəssirlərin
konkret kimlərin olması barədə tam təfərrüata
malik deyillər. Lakin Laçın xəyanətin qurbanı
oldu...
- Şuşanın
ardınca Laçının işğal olunmasının əsas
səbəbi hakimiyyət uğrunda gedən amansız
savaş oldu. Sapı özümüzdən olan baltalar həmin
rayonların zəbt edilməsinin günahkarları idi.
Başda Etibar Məmmədov olmaqla Xalq Cəbhəsinin
hazırda ağızdolusu danışan bəzi rəsmiləri
bu işğal faktında mühüm rol oynadılar. Çünki
həmin vaxtlarda mən və mənimlə bərabər
Laçın ictimaiyyətinin əksər nümayəndələrindən
ibarət xüsusi dəstələr torpaqlarımızı
qoruyur, vətənin keşiyində dayanırdıq.
Laçının müdafiəsində dayanan
könüllülər batalyonunun komandiri isə Arif
Paşayev idi. Sonradan onu qanunsuz olaraq vəzifəsindən azad
etdilər. Bizim də bütün zəhmətimiz və əziyyətimiz
hədər getdi. Laçın işğal olundu. O zamanlar eşitdiyimə görə,
Etibar Məmmədov tərəfindən qrup halında
maşınlar və xüsusi adamlar göndərilmişdi. Həmin
adamlar Laçında təbliğat aparırdılar ki, rayonu
tezliklə boşaltmasalar, laçınlılara divan tutulacaq,
onlar kütləvi şəkildə qırılacaq, girov
götürüləcək və s. Bir sözlə, ikinci
Xocalı faciəsinin baş verəcəyi barədə
aparılan təbliğat rayonumuzda ciddi psixoloji gərginlik
yaratmışdı. Həmin ərəfədə şəhid
olanlar, əsir düşənlər oldu. Laçın və
laçınlılar hakimiyyət uğrunda gedən savaş
üzündən aparılan psixoloji müharibənin
qurbanı oldu. Laçının və digər 6 rayonun, eləcə
də Dağlıq Qarabağın işğal
faktlarının araşdırılması ilə
bağlı komissiyalar yaradılsa da, uzun illərdir konkret nəticələr
ortada yoxdur. Bütün baş verənlərə görə
də məsuliyyət Etibar Məmmədovun və haqqında
bəhs etdiyim bəzi Xalq Cəbhəsi yetkililərinin üzərinə
düşür və onlar layiqli cəzalarını
almalıdırlar.
- İşğaldan sonra
laçınlı məcburi köçkünlər
respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşıblar.
Laçında olarkən bir-birləri ilə sıx əlaqədə
və təmasda olan əksər ailələr bu gün həm
məsafənin uzaqlığı, həm də maddi çətinliklər
üzündən bir-birlərinin evlərinə gediş-gəliş,
qonaq qəbul etmək kimi məsələlərdə ciddi
problemlərlə üzləşiblər. Başqa sözlə
desək, bəzi laçınlı ailələr arasında əvvəlki
istiqanlılıqdan əsər-əlamət qalmayıb,
soyuqluq getdikcə artmaqdadır...
- Sizinlə tamamilə
razıyam. 73 minə yaxın laçınlı bu gün
respublikamızın bütün regionlarında özlərinə
yurd-yuva qurublar. Onların uzun illərdir mövcud olan
çoxsaylı problemlərinin həlli istiqamətində
müəyyən işlər görülüb. Dövlət
tərəfindən laçınlılara çörəkpulu
verilir, kommunal xərclərdən azad edilib və s. köməkliklər
göstərilib. Ancaq əksər məsələlər hələ
də çözülməmiş qalıb. Məsələn,
dəfələrlə məsələ
qaldırmağımıza baxmayaraq, məcburi
köçkünlərə hələ də torpaq sahəsi
verilməyib. 19 ildir torpaq sahəsindən məhrum olan
laçınlılar əkin-biçinlə məşğul
ola və özlərinin sosial-iqtisadi durumlarını
yaxşılaşdıra bilmirlər. İş yerləri ilə
bağlı çatışmazlıqlar var. Bütün
bunlar da şübhəsiz laçın camaatının maddi
vəziyyətini yaxşılaşdırmağa imkan vermir. Bu
səbəbdən də qeyd etdiyiniz problem uzun illərdir həllini
tapmır. Əvvəlki birlik getdikcə dağılır,
gediş-gəliş kəsilir, sıx əlaqə və səmimi
münasibət zaman-zaman pozulur. Bu gün pulsuzluq üzündən
digər rayonlarda yaşayan qohumları, həmkəndliləri,
həmyerliləri, hətta ailə üzvləri ilə telefon
vasitəsilə əlaqə saxlaya bilməyən
laçınlılar var. Bir faktı da qeyd edim ki, ötən
il laçınlıların ən çox kompakt
yaşadığı Ağcabədi rayonunun Taxtakörpü
qəsəbəsində subasmalar nəticəsində
Laçından olan məcburi köçkünlərin evlərinə
və təsərrüfatlarına kifayət qədər maddi
ziyan dəydi. Ev quşları və ev heyvanları tələf
oldu. Ancaq həmin zərərçəkmişlərə hələ
də kompensasiya verilməyib. Ona görə də
sadaladığım problemlərin çözülməsi
üçün dövlət tərəfindən
laçınlı məcburi köçkünlərə
yaşamaq üçün normal şərait
yaradılmalıdır.
Bundan ötrü bir sıra
işlər görülməli, tədbirlər planı, yaxud
dövlət proqramları hazırlanmalı və həyata
keçirilməlidir. Problemlərdən biri də
laçınlı məcburi köçkünlərin
keçmiş SSRİ dövründə banklara qoyduqları əmanətlərin
batması və bu günə qədər həmin pulları
ala bilməməsi ilə əlaqədardır. Laçın
rayonu işğal olunduqdan sonra batmış əmanətlərlə
bağlı sənədlər də itdiyindən, yəni
"əsirlikdə qaldığından" bu məsələnin
çözülməsi də düyünə
düşüb. Hətta cari ilin dövlət büdcəsində
də qeyd etdiyimiz əmanətlərin qaytarılması məsələsi
öz əksini tapmayıb. Məhz sözügedən maliyyə
vəsaitlərinin qaytarılmaması üzündən də
əmanət sahibi olan laçınlılar özlərinə
normal şərait qura bilmirlər. Əgər həmin pullar
qaytarılsa, əmanət sahibləri özlərinin həyat
tərzini yaxşılaşdıra bilərlər. Ona görə
də dövlət rəhbərliyi bu barədə ciddi
düşünməlidir. Çünki batmış əmanətlərə
ehtiyacı olanlar və bu pulları almaq arzusuyla yaşayan
laçınlılar kifayət qədərdir.
- Ağcabədi rayonunun
Taxtakörpü qəsəbəsində fəaliyyət
göstərən Laçın rayon İcra Hakimiyyətinin
respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşmış
laçınlılara maddi və mənəvi dəstəyi və
bu istiqamətdə fəaliyyəti barədə nə deyə
bilərsiniz?
- Ümumiyyətlə,
adıçəkilən icra orqanının fəaliyyətini
qənaətbəxş hesab etmirəm. Çünki icra
hakimiyyətinin bəzi sözçüləri vədlərlə
laçınlıları aldatmaqla məşğul olurlar.
Onlar məcburi köçkünlərlə görüşmək,
onların problemləri ilə yaxından tanış olmaq və
həlli vacib məsələləri çözmək əvəzinə,
öz məqsədlərinə və şəxsi mənafelərinə
xidmət edən təbliğat işlərini həyata
keçirirlər. Adicə bir fakt deyim. Bir müddət
öncə Laçın RİH məktəb
direktorlarını və onların müavinlərini təzyiq
və təsir göstərməklə Sumqayıtdakı mədəniyyət
sarayına toplayaraq tədbir keçiriblər, adını da
qoyublar ki, Laçın ictimaiyyəti ilə görüş
keçirilib. Görüntü yaratmaq məqsədilə
özlərini reklam etdirirlər. Ancaq
laçınlıların çoxsaylı problemlərinin həlli
istiqamətində çox az iş görürlər. Onlar vətəndaşlara
deyil, özlərinə xidmət edirlər. Dövlət
başçısı sahibkarlığın, kənd təsərrüfatının
və aqrar sektorun inkişafına dəstək məqsədilə
maddi yardımın ayrılması barədə sərəncam
imzalayıb. Amma Laçın RİH-in bəzi işçiləri
yaxın adamlarının adlarına süni və
şişirdilmiş rəqəmlərlə sənədlər
tərtib etməklə ayrılan külli miqdarda maliyyə vəsaitlərini
mənimsəyiblər. Bununla bağlı kifayət qədər
faktlar var. Hətta ölkə prezidenti İlham Əliyevin rəhbərliyi
ilə dövlət səviyyəsində antikorrupsiya tədbirləri
həyata keçirilərkən müəllimlərə hədə-qorxu
gəlinib ki, onlar Laçın rayonunun təhsil sistemində
rüşvətxorluq və korrupsiya hallarının
olmadığını desinlər. Vəzifələrini,
yaxud iş yerlərini itirməkdən qorxan həmin müəllimlər
isə rəhbərliyin dedikləri ilə razılaşmaq məcburiyyətində
qalıblar. Hətta onların maaşlarından hər ay 5 manat
tutulsa da, bu barədə ictimaiyyətə məlumat verməyə,
hüquq-mühafizə orqanlarına şikayət etməyə
risk etmirlər. Laçınlıların
sağlamlıqlarının qorunması, onların müxtəlif
yoluxucu xəstəliklərdən mühafizəsi istiqamətində
aparılan işlərin səviyyəsi də çox aşağıdır.
- Milli Məclisdəki
deputatınız Nazim Fərəcovun fəaliyyətini necə
qiymətləndirirsiniz? Millət vəkili Laçın
ictimaiyyətinin problemlərinin həllində rol oynaya bilirmi?
- 73 minə yaxın
Laçın əhalisinə xidmətdən söhbət
gedirsə, Nazim Fərəcovun bir deputat kimi fəaliyyəti məni
qane etmir. Çünki onun parlamentdə hər hansı bir
laçınlının, yaxud laçınlı məcburi
köçkünlərin problemləri barədə
danışdığını eşitməmişəm. Amma
guya onu laçınlılar Milli Məclisə üzv
seçiblər və o, laçınlıların millət
vəkili kimi yuxarıda sadaladığımız problemləri
parlamentdə qaldırmağa, müzakirə etməyə və
onların həllinə nail olmağa
çalışmalıdır.
- "Aydın Fikir" qəzetinin
baş redaktoru və təsisçisi, eləcə də
"qlobxeber.az" internet portalının sahibi kimi
Laçın və laçınlı məcburi köçkünlərin
problemləri ilə bağlı qəzetinizdə və
saytınızda yer ayırırsınızmı?
- Əlbəttə. Həm məcburi
köçkün olduğumdan, həm də uzun illərdir mətbuat
aləmində çalışdığımdan
laçınlılarla bərabər, işğal olunmuş
digər rayonlardan didərgin düşənlərin problemlərini
çox yaxşı bilirəm. Həm onların, həm də
bütün Azərbaycan xalqının xidmətində həmişə
dayanmışam. Problemləri qəzetimizdə və
saytımızda təmənnasız yaymışam. üstəlik,
həmin problemlərin həlli istiqamətində əlimdən
gələni etməyə çalışmışam, aidiyyəti
qurumlar qarşısında məsələ
qaldırmışam. Bu gün də bu ənənəi davam
etdirirəm. Ancaq bir KİV nümayəndəsi və məcburi
köçkün kimi məni daha çox narahat edən məsələlərdən
biri də ermənilərə qarşı hansı mövqenin
tutulması ilə əlaqədar Azərbaycan ictimaiyyətində
yaranmış fikir ayrılığı və təzadlardır.
Problem ondadır ki, bəziləri
ermənilərlə barışmağı, onlarla dost
olmağı təklif edir. Digərləri, xüsusilə də
şəhid və döyüşçü ailələrinin
nümayəndələri isə nəsillikcə və
ömürlük düşmən olacaqlarını deyirlər.
Lakin bu vəziyyəti araşdırmağa ciddi ehtiyac
yaranıb. Düşmənçiliyi dostluqla, qonşuluqla əvəzləmək
istəyiriksə, şəhidlərimizin ruhlarına, şəhid
ailələrinə, torpaqlarımızın
azadlığı uğrunda fiziki sağlamlıqlarını
itirmiş şəxslərə, onların ailə üzvlərinə
və eləcə də digər döyüşçülərə
nə cavab verə bilərik? Bu gün Bakıda on minlərlə
erməni yaşayır və onlar uzun illərdir ölkəmizdədirlər.
Ancaq Ermənistanda bir nəfər də olsun azərbaycanlı
yoxdur. Paytaxtdakı ermənilər hər şeylə təmin
olunublar, normal şəraitləri var, hətta onlar arasında
dövlət qulluğunda, vəzifələrdə işləyənlərin
olduğu da söylənilir. Lakin onların həyat tərzi
ilə müqayisədə bizim şəhid və əlil ailələrinin
maddi və sosial-iqtisadi durumları çox aşağı səviyyədədir.
Məlumdur ki, həmin ermənilər öz qohumlarına güllə
atmazlar. Amma onları üzə çıxarmaq hökmən
lazımdır. Onları məcbur etmək lazımdır ki,
Ermənistanda, yaxud Dağlıq Qarabağda yaşayan ermənilərə
müraciət esinlər ki, separatçılar
silahlarını yerə qoysunlar və ölkəmizi tərk
etsinlər. Azərbaycan ictimaiyyəti də bu işdə
maraqlı olmalıdır.
Təbriz VƏFALI
Təzadlar.- 2011.- 17-19 may.- S.10.