Güney Azərbaycan davası BMT-nin diqqət mərkəzində

 

Qulamrza Səbri Təbrizi: "İran rejimi unudur ki, indi dünyada tamam təcrid olunmuş dövlət siyasəti aparmaq qeyri-mümkündür"

 

(Əvvəli ötən saylarda)

 

-  Professor, axı milli mücadiləyə qarşı rejim tərəfindən olduqca sərt şəkildə dirənişlər göstərilir. İnsanlar təqib olunur, zindanlara atılır, işgəncələrə məruz qalırlar.

-  Bəli, öz milli haqlarını tələb edənlərimizin mübarizəsinə qarşı rejim tərəfindən sərt münasibət var. Rejim çalışır ki, insanları qorxu içində saxlasın. Səid Mətinpur kimi milli fəalımızı səkkiz il müddətinə həbs ediblər. özü də nəyin üstündə? O, rejimdən ölkə Ana Yasasının qanunlarına uyğun olaraq ana dilində təhsil almaq hüququnun olmasını tələb etmişdir. Bizə daxil olan məlumatlara görə, insanları qorxutmaq üçün xüsusi cəza evlərində həbsdə saxlanılanların gözlərini çıxarırlar, mədələrini dəlmə-deşik edirlər. İnsanlara elə işgəncələr verilir ki, nəticədə onların daxili orqanları tamamilə sıradan çıxır. Elə məhbuslar var ki, həbsdən çıxdıqdan sonra ömürlük əlil durumuna düşürlər. İran rejimi unudur ki, indi dünyada tamam təcrid olunmuş dövlət siyasəti aparmaq qeyri-mümkündür. Öz milli hüququnu tələb edən, ana dilində məktəb istəyən insanlara verilən işgəncələr haqqında demək olar ki, hər gün dünya birliyini məlumatlandırırıq. Təbii olaraq, insan haqlarını əsas sayan beynəlxalq birliyin də belə bir siyasətə münasibəti daha kəskin xarakter almağa başlayıb.

- Axı Məşrutə Hərəkatı, Şeyx Məhəmməd Xiyabani, elə Seyid Cəfər Pişəvəri hərəkatı dövründə də beynəlxalq birlik Güney Azərbaycandakı milli hərəkatların yanında durmayıb. Dünyanın başqa xalqlarının milli hərəkatları hər zaman təqdir olunsa da, Güney Azərbaycan məsələsində sanki bizə qarşı soyuq münasibət göstərilib.

- Bəli, doğru buyurursunuz ki, 1905-1911-ci illər Məşrutə Hərəkatı Şərqdə ilk demokratik hərəkat olub. Bu hərəkatın əsas məqsədi ölkədə parlametin yaradılması, bələdiyyə seçkilərinin keçirilməsi, bütün xalqların öz ana dilində məktəblərinin açılması, milli və mədəni hüquqların rəsmiləşdirilməsi olmuşdur. Bütün dünyanın gözü elə Səttarxanın lideri olduğu Məşrutə Hərəkatına dikilmişdi. Ancaq o zaman 1-ci Dünya Savaşı ortaya çıxdığı üçün Məşrutə Hərəkatına olan marqalar da arxada qaldı, müdafiə olunmadı. Şeyx Məhəmməd Xiyabaninin başlatdığı və Güney Azərbaycanda ayrıca Azadistan dövlətinin qurulması siyasəti bir tərəfdən yerli feodalların, digər tərəfdən isə dünyanın yenidən bölüşdürülməsi prosesində qurban verildi. Çünki Bolşevik Rusiyası çar Rusiyasının işğalı altında olan regionları yenidən işğal edərək, Güney Azərbaycanda baş verən inqilabi hərəkata Şərqdə yeni imperialist siyasət aparan güclərlə birlikdə beynəlxalq səviyyədə ağır zərbələr vurdular. 1945-ci ildə yaranan Azərbaycan Milli Hökumətinin ömrü bir il sürdü. Bu dəfə 2-ci dünya savaşının nəticəsi kimi dünya birliyi "kapitalist" və "sosialist" dünyası düşərgələrinə bölündüyü üçün Milli Hökumətin ömrü qısa oldu. İndi dünyada soyuq savaş dönəmi iflasa uğrayıb. Təkqütblü dünya siyasətini ortaya atmağın heç bir perspektivi də yoxdur. İndi dünya birliyi sivil cəmiyyətlərin ortaq münasibətləri əsasında formalaşır və inkişaf edir. Bu dəyərə daha çox önəm verilir. Baxın, ərəb ölkələrində baş verən sosial inqilabi proseslər məhz sivil münasibətlər məcrasında inkişaf edir. Köhnə dünyanın siyasi dəyərlərini təmsil edən totalitar rejimlər, diktatorlar bir-birinin ardınca öz hakimiyyətlərini itirməyə başlayıblar. Bütün bu proseslərin obyektiv və subyektiv tərəflərini daim incələməkdəyik. Buna görə də yaranmış şəraitdən faydalanaraq, Güney Azərbaycan davasını beynəlxalq səviyyədə qabartmağa başlamışıq. İndiki şəraitdə dünyada ən çox önəm verilən əsas qayə insan hüquqlarının fəal şəkildə müdafiəsi ilə bağlıdır. Buraya həm də hər bir millətin milli hüquqlarının tanınması, hər bir millətin öz ana dilində təhsil almaq, milli mədəni hüquqlarına sahib çıxmaq kimi şərtlər daxildir. Biz beynəlxalq hüququn bütün prinsiplərini uzun illərdir öyrənməklə bunun Güney Azərbaycanda öz əksini tapmasına çalışmışıq. çünki bir milləti öz milli hüquqlarından məhrum etmək elə bu millətin bütün milli və genetik enerjisini onun əlindən almaq deməkdir. Yəni bir millətin milli hüquqlarından məhrum etməklə onun bütün enerjisini başqalarının inkişafına yönəltmək deməkdir bu.

- Hörmətli professor, Sizin BMT-yə olan müraciətinizdən sonra buna necə reaksiya verildi?

- İlk dəfə idi ki, Güney Azərbaycan ziyalıları və alimlərinin birlikdə BMT baş katibi Pan Gi Muna müraciəti göndərilmişdir. Biz heç gözləmirdik ki, qısa bir zamanda yüksək səviyyədə, çox nəzakətli davranışla müraciətimizə cavab veriləcək. Bizim müraciətimiz şəxsən BMT baş katibi tərəfindən qəbul edildi və Güney Azərbaycan məsələsinin bu beynəlxalq təşkilatın səviyyəsində diqqət mərkəzində saxlanılacağı bildirildi. BMT baş katibinin bizə verdiyi rəsmi açıqlamada qeyd olunubdur ki, bu təşkilatın səlahiyyətləri daxilində xüsusi bir komissiya İrana göndəriləcək. Həmin komissiya İran Ana Yasası müddəalarına baxılacaq və bütün xalqların öz ana dilində təhsil almaq, milli-mədəni hüquqlarından yararlanmaq və bunun tapdalanması səbəbləri araşdırılacaq. Eyni zamanda bu komissiya BMT baş katibi qarşısında İranda və Güney Azərbaycanda öz milli hüquqlarını tələb edənlərin və həbs olunanların haqqında xüsusi məruzə ilə çıxış edəcək. Siyasi məhbusların dərhal azad edilməsi, bütün xalqların öz ana dilində təhsil almaq hüquqları məsələsi isə İran hökumətindən tələb olunacaq. Belə bir addımın atılması həm də yüz mindən çox həbsdə saxlanılan milli fəallarımızın azad edilməsi deməkdir. Bu, MBT-nin qəti qərarıdır. Biz Güney Azərbaycandakı problemlər, insan hüquqlarının durumu, öz ana dilində təhsil almaq azadlıqlarının olmaması barədə BMT-nin komissiyasına təmənnasız olaraq lazım olan köməkliyi etmək üçün təkliflərimizi də təqdim etmişik.

- Sizin fikrinizcə, BMT-nin bu təşəbbüslərinə İran bir dövlət olaraq mane olmayacaq ki?

- Çox yaxın müddətdə bütün dünya bunun şahidi olacaq. Əgər İran dövləti BMT-nin bu komissiyasını həmin araşdırmaları aparmağa mane olacaqsa, onda Tehran rejimindən soruşulacaq ki, niyə öz Ana Yasa qanunlarına əməl olunması üçün ölkə vətəndaşlarının hüquq və azadlıqlarını boğursan? Niyə vətəndaşlar öz ana dilində təhsil almaq tələbi ilə müraciət etdikdə onları həbsxanalara salırsan? Niyə vətəndaşların sərbəst şəkildə etiraz etmək hüquqlarını pozursan? Nə üçün BMT kimi beynəlxalq təşkilatın üzvü ola-ola onun qəbul etdiyi qərarlara tabe olmursan? BMT-nin üzvü kimi beynəlxalq insan hüquq və azadlıqları konvensiyasına İran dövləti imza atıbsa, nə üçün bu konvensiyasının müddəalarından irəli gələn prinsiplərə əməl etmirsən? Sullar olduqca çoxdur. Mən inanıram ki, İran rejimi bu sulların qarşısında duruş gətirə bilməyəcək. İndi dünya həmin dünya deyil. Kimin çoxlu silahı varsa, istədiyi kimi inadcıl siyasət aparması qeyri-mümkündür.

Keçmiş Sovetlər Birliyinin aqibəti bütün dünyaya bəllidir. İndi sayı milyonları ötən xalqların milli hüquqlarının tanınması labüd strategiyaya çevrilib. Çünki sayı 30-40 milyonu aşan xalqların silahlanıb öz milli azadlığı uğrunda aparacağı mübarizəsi yeni etnik və regional münaqişlərə səbəb ola bilər. Buna görə də beynəlxalq birlik ağıllı şəkildə həmin problemləri diqqətlə araşdırır. Nəticədə həmin xalqın milli, insani hüquq və azadlıqlarını tanımaq üçün ona dəstək verir. BMT baş katibinə həmin müraciətin bir səbəbi də bu amillə bağlıdır. Çünki bir millətin öz milli azadlıqları uğrunda apardığı silahlı mübarizə, terrorizmə önəm verməsi heç də problemin həll olunması şəklində qəbul edilmir. Zatən, Güney Azərbaycandakı milli mübarizə nə terrorizmə, nə də silahlı üsyanlara dəstək vermir. Güney Azərbaycan nə istəyir? Axı Urmu gölü süni şəkildə rejim tərəfindən qurudulur. Urmu gölü dünyada ikinci ən böyük duzlu göldür. Bu göl sabah tamam qurusa, qısa bir müddət ərzində bağlı-bağatlı, əkinə yararlı olan tarlalar, meşələr ekoloji fəlakətə görə tamamilə məhv olacaq. Bununla da regionda yaşayan 10 milyona yaxın əhali öz tarixi yurdundan didərgin düşəcək. Başdan-başa şoranlaşacaq bu ərazilərdə heç kim yaşamaq istəməyəcək. Bu ekoloji fəlakətə görə indidən həyəcan təbili çalan əhaliyə dəstək olmaq əvəzinə, Tehran rejimi etiraz mitinqi keçirənlərə qarşı xüsusi cəza dəstələri göndərmiş və yüzlərlə vətəndaşlarımızı, fəallarımızı həbs etmişdir. Urmu gölünün quruması, dəhşətli ekoloji təhlükə mənbəyinə çevrilməsinin bir zərbəsi də Təbriz və onun ətrafındakı onlarca şəhərlərə və yüzlərlə kəndlərə də dəyəcək. Bu böyük fəlakət barəsində BMT-yə xüsusi müraciət edəcəyik.

- Bəs bu fəlakətin miqyasını Tehran rejimi niyə gizlədir? Burada maraqlar nədən ibarətdir?

- Bu rejim yarandığı gündən ölkədə insanlara təlqin edir ki, bu dünyanın mal-mülkünə həvəs göstərməyin, var-dövlət ardınca qaçmayın. Kim bu siyasətə üz tutacaqsa, o dünyada qır qazanında yanacaq. Ancaq ötən 31 il ərzində rejimin başında duranlar dünyanın ən zəngin və varlı zümrəsinə çevriliblər. Yəni klreikal rejimin başında duranların hamısı indi İranın oliqarxları, hətta maqnatları hesab olunurlar. Hərəsi özü üçün bir xüsusi fond yaradıb və dövlətin milli gəlirlərini həmin fondlara köçürtməklə ən zəngin qüvvəyə çevriliblər. Bu şəbəkənin hər birinin öz nəzarətində olmaqla xüsusi cəza dəstələri saxlanılır. Onlar ölkədə əhalinin öz hüquqları çərçivəsində hər hansı bir etiraz aksiyasını boğmaq üçün dərhal bu cəza dəstələrini göndərirlər. İndi elə bir durum yaranıb ki, ölkədə heç kim klrerikal rejimin başında duranlara inanmır. Klerikal rejimin liderlərinin bircə silahlı var. Bu, başdan-başa mövhumatdan, bir zamanlar Firdovsinin uydurmalarına bənzər nağıl və hekayələrdən ibarətdir. İnsanlar bu nağıl və hekayələrdə təsvir olunan cənnət rəvayətlərinin moizələrinə inanmırlar. Çünki cəmiyyət həmin oliqarxlar tərəfindən insanların yoxsul həyat tərzində yaşamağa məcbur edilməsinin fərqindədir. Klerikal rejim artıq marksizmin kapital əxlaqı prinsipləri ilə siyasət yürüdür. Əhalyə isə "elmi kommunizm", yəni o dünyada cənnət açarı rəvayətlərini təlqin edir. Klerikal rejimin əzəl gündən əsas təbliğat mənbəyi "ölkədə əhalinin hər şey haqqında düşünməsinə ehtiyac yoxdur. Biz hamınızın əvəzindən düşünəcəyik. Bütün sosial-iqtisadi problemlərinizin yanında duracağıq. Bütün şəri hökmləri araşdıraraq cəmiyyəti idarə edəcəyik. Sizin bu dünya ilə heç bir işiniz olmamalıdır. Hər kəs axirət dünyası haqqında düşünməlidir" prinsipi olub. Bizim Güney Azərbaycan davamızda isə bu prinsiplərə yer yoxdur. Biz heç o klerikalların işinə də müdaxilə etmirik. Əsas məqsədimiz öz ana dilimizdə təhsil almaq, öz milli mədəni təsisatlarımıza sahib olmaq, təbii sərvətlərimizdən doğru-düzgün istifadə etmək hüquqlarımızdan yararlanmaqdır. Bizim milli hərəkatımızda bütün xalqların hansı dilə və dinə malik olmasının heç bir önəmi yoxdur. Biz bütün xalqların milli kimliyinə və dini inanclarına sayğı ilə yanaşırıq. Müsəlman kimliyimizdən də imtina etmirik. Quzey Azərbaycanın milli bayrağında olan bütün rəmzləri elə özümüzün milli rəmzimiz olaraq qəbul edirik. Tehran rejimi çox yaxşı anlayır ki, öz milli hüquqlarını tələb etmək hər hansı bir top-tüfəngdən daha qorxulu bir silahdır. Çünki milli hüquqlar uğrunda mübarizə hər hansı bir qrupun, siyasi cərəyanın, sosial təbəqəbinin maraqlarını deyil, bütövlükdə 35 milyon Azərbaycan türkünün öz azadlığı uğrunda olan bir möhtəşəm hərəkat deməkdir. Mən inanıram ki, bizim milli hərəkatımız bu rəzalətdən öz canını qurtarmaq üçün daha böyük gücə çevriləcək. Bizim milli hərəkatın özəlliyi onun şovinist və ya irqçi mahiyyətində olmamasıdır. İran rejimi bu gün ölkədə vüsət alan Xuzistan, Bəlucistan, Loristan, Türkmənistan, Kürdüstan və Güney Azərbaycan milli hərəkatlarının daha geniş miqyas almasından çox qorxur.

Bu hərəkatları yerindəcə boğub məhv etməyə çalışır. Tehran rejimi unudur ki, mahiyyətcə yeni məzmun daşıyan bu proseslərin qarşısını ala bilməyəcək. Çünki indi 21-ci yüzildir. Hər yüzilin öz sosial, ictimai və siyasi şərtləri var. Xalqların gələcək taleyi də məhz bu amilə bağlıdır. Bu prosesə beynəlxalq müstəvidə yanaşdıqda bunun bütün çalarlarını çılpaqlığı ilə daha aydın şəkildə görmək mümkündür. Tehran rejimi heç bir halda bunun qarşısını ala bilməyəcək. Tehran rejimi ötən 31 ildə müxtəlif xalqları bir-birinə qarşı qoyaraq onları düşmənçilik həddinə çatdırmaq siyasəti yürütmüşdür. İndi bu siyasətə bütün xalqlar arxa çevriblər. Bax Güney Azərbaycan milli hərəkatının uğurlarından biri də bundan ibarətdir. Hər bir xalq öz tarixi torpaqlarında milli hüquqları çərçivəsində normal həyat tələbi ilə çıxış edir.

Elə bu yaxınlarda Londonda BBC televiziyasının binası qarşısında bütün İran xalqlarının birlikdə keçirdiyi mitinqi buna örnək gösərmək olar. Güney Azərbaycan milli hərəkatı üzü günəşə doğru gedir. Köhnə, çağdaş dünyanın təməl prinsiplərinə cavab verməyən çox ideyalar, rejimlər artıq qaranlıqda qaldıqlarının fərqinə varmalıdırlar. İndi xalqları zülmət içində yaşamağa məcbur etmək mümkün deyil. Bir həqiqəti də bildirmək istəyirəm. Bizim milli hərəkatımız ancaq özünə güvənməlidir. Böyük bir gücə çevrilə bilsək dünya birliyi də bizimlə hesablaşacaq. Milli hərəkatımız bütün bunları dəyərləndirərək daha möhtəşəm gücə çevrilməlidir.

 

 

Ənvər YUSİFOĞLU

 

Təzadlar.- 2011.- 17-19 may.- S.7.