BƏYƏNMƏYİR

 

Sən dünyanın işinə bax,

Əyri düzü bəyənməyir.

İş o yerə çatıbdır ki,

Astar üzü bəyənməyir.

 

Haqqımızı kimdən alaq,

Az qalıbdır dəli olaq.

Başımıza daş salaq,

Nadan bizi bəyənməyir.

 

İnsanların üzü dönük,

Həyat eşqi solğun, sönük.

Bu cəmiyyət xarab, çürük,

Görən gözü bəyənməyir.

 

Qəlbimizin odu yoxdur,

Suyumuzun yodu yoxdur,

Ağzımızın dadı yoxdur,

Damaq duzu bəyənməyir.

 

Gözlərimiz intizarda,

Xətir-hörmət yox heç harda.

Yanıb-yanıb qurtaranda,

Ocaq közü bəyənməyir.

 

Hamı işə biganədir.

Görün hansı zəmanədir,

İndi hər şey tərsinədir,

Qarı qızı bəyənməyir.

 

Dövrümüzün çətin vaxtı,

Ağır gedir hər saatı.

Cəfakeşli bu həyatı,

İlham özü bəyənməyir.

 

 

DANIŞAR

 

Bir məmura ithaf edirəm

 

Məəttəl qalmışam öz-özümə mən,

Bu insan qədər yalan danışar.

Göz-gözə, üz-üzə baxıb qırmızı,

Yüksək bir kürsüdən böhtan danışar.

 

Qeyrətli oğullar düzdü çox olur,

Düşmənin gözünə xəncər, ox olur,

Bir buna tuş gələn yalnız yox olur,

Hamıya şər atıb, hədyan danı\şar.

 

İlham görə-görə fəlakətləri,

Çatdıra bilmirik həqiqətləri.

Tanrım bağışlamaz cinayətləri,

Vaxt gələr bunları zaman danışar.

 

 

QALMAYIB

 

Son vaxtlar zəmanə kəskin dəyişib,

Daha əvvəlki tək hörmət qalmayıb.

Hamı bir-birinin üzünə durur,

Heç kəsdə insaf, mürvət qalmayıb.

 

Millətə olmazın yalan satıblar,

Şirin vədlər verib, çox aldadıblar.

Ölkəni talayıb, lap dağıdıblar,

Beləcə, var-dövlət, sərvət qalmayıb.

 

Açıq görə-görə olmuşuq lal-kar,

İtibdir bizdəki əzəmət, vüqar.

İlham, danışmağın mənası var,

Torpaq əldən gedib, qeyrət qalmayıb.

 

1993-cü il.

 

 

DANIŞA-DANIŞA

 

Birisi var gecə-gündüz,

Qalıb danışa-danışa.

Başımızı zülmə-ərşə

Salıb danışa-danışa.

 

Batırıb ad-sanımızı,

Zəhərləyib qanımızı,

Əzrail tək canımızı

Alıb danışa-danışa.

 

Çöl donuzu, kəli kimi,

Əl çəkməyir zəli kimi,

Son zamanlar dəli kimi

Olub danışa-danışa.

 

Başımızı təmiz qatıb,

El-obanı yeyib, satıb.

Amma deyən axrı çatıb,

Solub danışa-danışa.

 

Hər şey bizə tam əyandı,

İlham, başqa bir zamandı.

İndi halı lap yamandı,

Ölüb danışa-danışa.

 

 

İlham MUSAOĞLU

 

Təzadlar.- 2011.- 19-21 may.- S.15.