Asif Mərzilinin yeni kitabı işıq üzü gördü

 

Tanınmış jurnalist sayca 4-cü olan bu kitabı "Mübarizədə keçən ömür" adlanır...

 

Qeyd etmək yerinə düşər ki, kitab tanınmış neftçi-alim Yusif Səmədovun ötən əsrin 60-70-ci illərində Bakıda bütün dövlət müəssisələrində vacib sahələri ələ keçirmiş ermənilərlə açıq mübarizəsindən, həmçinin onun Kuba Respublikasındakı, Baykonur Kosmik Mərkəzindəki peşə fəaliyyətindən, həyatdakı inanılmaz mübarizəsindən bəhs edir.

Kitabın müəllifi, tanınmış jurnalist Asif Mərzilinin əsərə yazdığı "ön söz" oxuyuruq:

""Özün haqqında, yeri gələndə, heç özüm ətraflı bilmirəm".

Bu fəlsəfi fikirlər türk dünyasının böyük ustadı Bəxtiyar Vahabzadə ilə apardığım bir müsahibəmdə deyilmişdi. Ustad şair, əslində, özünün bir şeirində söylədiyi kimi, demək istəyirdi ki,

"İnsan göydə ay kimidir,

Görünməyən tərəfi var..."

Qəhrəmanımızın ulu keçmişinə yaxşı bələdəm, elə özünün keçdiyi həyat yoluna da. Biz həm Qarabağın Mərzili obasında keçmişi ilə tanınan eyni nəsildənik, ulu babalarımız Alverdi bəy olub. 1937-ci ildə anti-sovet fəaliyyətinə, milli ruhlu olmasına Müsavatçılığına görə Sovet "NKVD"si tərəfindən Bakıda güllələnib.

Amma babamızdan sonra gələn biz nəslin heç vaxt güllələnmək fikrimiz olmayıb. Biz babamız qədər olmasa da, gücümüz çatan qədər Azərbaycanın işıqlı gələcəyi üçün çalışmışıq, Vətəni parçalanmadan, zəiflədilmədən qorumaq üçün mübarizəmizdən geri çəkilməmişik. Mən jurnalistikada, Yusif Səmədov isə Sovetlər dönəmində çalışdığı məsul vəzifəsində.

Mənim işim peşə fəaliyyəti kimi sayıla bilər. Amma professor Yusif Səmədov Sovet hökümətinin vəzifəsini daşıya- daşıya həm həmin hökümətin düzgün olmayan "beynəlmiləl" siyasətinə açıq- aşkar maneçilik törədib, Azərbaycandakı dayaqlarını zəiflətməyə səy göstərib.

Şəxsən mən bunları çox sonralar bilmişəm. Bu o demək deyil ki, mən bunları lap çoxdan bilməli idim. Baş verənlərin bilinməsi üçün onun bildirilməsi vacibdir. Amma tanınmış neftçi- alim Yusif Səmədov həmin dövrlərdə Bakıda vacib vəzifələri sahələri ələ keçirmiş ermənilərin gözəgörünməz tərzdə bu vəzifələrdən kənarlaşdırılmasını, onların yerinə milli kadrların yerləşdirilməsi yolunda etdiklərini, bu yolda başına gələnləri adi vətəndaş borcu bilərək uzun illər dilə gətirməyib. Onun arxiv sənədlərinə həmin illərdə onunla birgə çalışmış yoldaşlarının xatirələrinə nəzəri baxış çox mətləblərdən soraq verir...Yusif Səmədov həyatını risqə qoyur o dövrün əli lap yuxarılara çata bilən məsulları ilə üz-üzə gəlir. Amma düzgün siyasət, ağıllı təmkinli tədbirlər onu xilas edir. Nəticədə o, istədiyinə nail olur...Bütün bunlar barədə kitabda ətraflı tanış olacağıq. Amma bir sual həm yəqin ki, hamımızı düşündürür: Yusif Səmədov, əslində, kimdir onun həyat hekayəsinin bizlərə məlum olmayan hansı səhifəsi hələ oxunmayıb?".

Kitabın müəllifi olan Asif Mərzilinin özünün oxuculara verdiyi bu suallarına cavab tapmaq istəyənlərin isə "Mübarizədə keçən ömür" kitabını birnəfəsə oxuması vacibdir.

Bəs kitabı necə əldə edib oxumalı?

Təbii ki, yeri gəldikcə kitabın elektron variantını sosial şəbəkələrdə, internet portallarında təqdim edəcəyik. Həmçinin kitabı əldə etməklə, tanınmış alimin həm Azərbaycanın tarixində böyük rol oynamış görkəmli dövlət xadimləri - Mir Cəfər Bağırov, Vəli Axundov, İmam Mustafayev, Heydər Əliyev, görkəmli alim Xudu Məmmədov, Rafiq Əliyev, xalq şairi Bəxtiyar Vahabzadə... ilə bağlı indiyədək kimsəyə bəlli olmayan, yaxud az bəlli olan hadisələrə dair baxışları xatirələri ilə tanış olmaq istəyənlər "Təzadlar" qəzetinə müraciət edə bilərlər.

Kitabda bütün fəsillər bölümlər yarımbaşlıqlarla təqdim olunduğundan əsəri daha cəlbedici oxunaqlı etmişdir.

Kitabdakı "Qartal yuvası" əsəri xüsusilə təsirlidir. Qəhramanın dilindən təsvir təqdim edilən əsərdə dilsiz təbiətlə insanların doğma yuvasına bağlılıq əlaqəsi müqayisə edilir. Qartal yuvasına hücum çəkərək balalarını yemək, yuvasını dağıtmaq istəyən tülkünü məğlub edən qalib olan qartalın qalibiyyətli mübarizəsi ilə 1988-90-cı illərdə Qərbi Azərbaycandan sonralar Dağlıq Qarabağdan köç edən, el-obaları düşmənə qalmış insanların taleyi müqayisə edilir, müəllif hamını mübariz olmağa səsləyir. Həm görkəmli alim Xudu Məmmədovun təbirincə deyir: "Deməyin ki, quşun, daşın dili yoxdur... Deyin ki, daşın, quşun dilini bilmirəm..."

Sonda: Xüsusi minnətdarlıq hissi ilə deməliyik ki, kitab "Qanun" Nəşriyyat Evi tərəfindən 500 nüsxə ilə çapa hazırlanıb nəşr edilmişdir.

 

 

Əliabbas Əlimədətoğlu,

əməkdar mədəniyyət işçisi

 

Təzadlar.- 2011.- 19-21 may.- S.11.