Nə Laçına, nə də
laçınlılara layiq olduğu dəyər verilmədi
(19 ildir torpağına həsrət qaldığım
Laçına həsr edirəm)
...Müasir Azərbaycan
dövlətinin ən strateji nöqtələrindən olan
Laçın bölgəsinin erməni-rus qoşunları tərəfindən
işğalından 19 il ötdü.
Mənə sual
verən olsa ki, bu torpaqlar üçün nə etmisiniz?! Birmənalı
olaraq deyərdim ki, heç nə.
Əslində,
Laçının işğalı prosesinin tarixi 19 ildən
çox-çox əvvəllərə gedib
çıxır. Bu işğalın baş tutmasında
ermənilərdən çox, laçınlıların yox,
o vaxt Azərbaycan hökumətinə rəhbərlik edənlərin
günahları vardır.
Laçına
ermənilərin hücumu əsasən 1902-1905-ci illərdən
mütəmadi olaraq 1992-ci ilin 18 mayına qədər davam
etmişdir. Laçına görə ermənilər deyilən
müddətdə demək olar ki, hər gün bu və ya digər
tərzdə hücum etmişlər, müxtəlif təxribatlara
əl atmışlar.
Hələ XIX əsrin son illərində indiki Minkənd və keçmiş Bayandur kəndlərinə Tiflisdən bir erməni müəlliminin göndərilməsini təşkil etməklə - ermənilər burada erməni məktəbi açmaq, erməni kilsəsi tikmək, erməni əhalisini bu torpaqlarda məskunlaşdırmaq istəmişdilər. Bu istək həmin məktəbin islam dərsləri aparan bir türk insanının köməyi sayəsində baş tutmamışdı.
1902-1905-ci
illərdə silahlı hücum təşkil edən və hər
il bu hücumları təkrar edən ermənilərin
cavabını Laçının Araflı (Alaflı) kəndindən
olan İbrahim bəyin dəstəsi vermişdir. Bu hücumlar
get-gedə genişlənmiş, bütün Zəngəzuru və
Qarabağı əhatə etmişdir. Bu məqamlarda
da İbrahim bəyin başçılıq etdiyi
özünümüdafiə dəstələri
Laçını, Zəngəzuru və Qarabağın bir
xeyli bölgələrini ermənilərdən müdafiə
etmiş, erməni işğallarının
qarşısını ala bilmişdir.
***
1905-1907-ci illər
erməni işğalına yetərli cavab verən İbrahim
bəyin dəstələrinə, Laçının
Hacısamlı bölgəsindən olan Paşa bəy və
oğlu Sultan bəy də qoşulmuşlar.
XIX əsrin əvvəllərində
Yuxarı Qarabağın, Zəngəzurun Laçın
bölgəsində xeyli türk tayfalarını təmsil edən
bəylər, mülkədarlar, din xadimləri, vətənpərvər
insanları təkcə Qarabağda deyil, Azərbaycanda
tanınırdılar. Qarabağ
xanlığında sərkərdəlik etmiş, Zəngəzurun
Sultanı olmuş Murtuza bəyin törəmələri bir
çox bölgələrlə yanaşı indiki
Laçının Araflı ətrafında 30-dan artıq
yaşayış yerlərinə mənsub idilər,
böyük təsərrüfatları var idi. Hacısamlılar,
Qaraçanlılar, Bağırbəylilər, Nəbibəylilər,
Şadmanlılar, Təhməzlilər, Karvanlılar,
Peçeneqlər, Alməmmədlilər, Gəloxçular,
Bayandurlular, Məzməzəklilər, Sultanlılar, Cəbrayılbəylilər,
Şahsuvarbəylilər, Seyid Hacılar, Ağalarlılar və
s. tayfaların böyük bir eli var idi. Bölgənin
hər hansı bir məsələsində onlar toplanıb bir
olur, öz məsələlərini özləri həll
edirdilər.
Qarabağın
dağlıq yaylasında baş verən istənilən hadisələr
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsində bu qayda Səfəvilər imperiyasından
çox - çox əəvəldən mövcud idi. Təkcə
burada deyil, bütün Şimali - Qərbi Azərbaycanda bu
cür türk tayfaları ölkənin ağır günlərində
bir yerdə olardılar və bölgənin özünəməxsus
adət - ənənələri formalaşmışdır.
Laçın əraziləri
Qarabağın dağlıq hissəsi olmaqla Kiçik
Qafqazın ən yüksəklik torpaqlarıdır. Buranın
torpağı, suyu, flora və faunası müstəsna bir
xüsusiyyətə malikdir.
Osmanlı
imperiyası çökdükdən sonra rusların köməyi
ilə Qərbi Azərbaycana başlayan erməni axını
Türkiyənin intiqamını humanist, qonaqpərvər Azərbaycan
türklərindən çıxmağa girişdilər. Ermənilərlə
ən böyük savaş 1918-ci ilin yayın sonu və
payız aylarına düşür. Arxasında ruslar,
fransızlar, ingilislər, yunanlar, ABŞ və s. kimi hegemon
dövlətlər dayanan ermənilər artıq Qərbi Azərbaycanı
tutmuş, Zəngəzurda 164 kəndi xaraba qoymuş,
insanlarını vəhşicəsinə məhv etmiş,
Qarabağ ermənilərini silahlandırmaqla onlar təcrübəli
erməni qoşunlarına rəhbərlik edən Andraniki
Abdallar kəndinin ətəyindən - Zabux dərəsindən
keçməklə Şuşa - Qarabağ erməniləri ilə
birləşib Qarabağı, Gəncəni tutmaqla
S.Şaumyanın erməni - daşnak ordusu ilə birləşməklə
Tiflisə qədər gedib çıxmaq, bütövlükdə
Şimali Azərbaycanı tutmaqla "Böyük Ermənistan"
dövləti yaratmaq istəyində idilər.
Ermənilərin
bu arzusunu ürəyində qoyan Sultan bəy Zabux dərəsində
Andraniki çox ağır məğlubiyyətə
uğratdı.
Bu işdə Sultan bəyin arxa - dayağı
ancaq laçınlılar, yuxarıda adları çəkilən
tayfaların, ailələrin köməyi və birliyi
olmuşdur. Aran Qarabağ tərəfdən
isə Qarabağa general - qubernator göndərilmiş
Müsavat hökumətinin üzvü Xosrov bəy çox
ciddiliklə, erməniləri tərkisilah etməklə,
dövlətə tabe olmağa məcbur etmişdir. Bu münvalla Qarabağın, Zəngəzurun və
onun bir parçası olan Laçının ermənilərin
əlinə keçməsinin qarşısı
alınmışdır. Onu da qeyd edək ki, istər
Sultan bəyin və istərsə də Xosrov bəyin ermənilərlə
mücadiləsi Azərbaycanın ermənilərlə 300
illik savaş tarixində ən böyük savaş olmaqla
yanaşı, bu illərdə ermənilərə vurulan ən
böyük zərbədir. Bu fədakarlığın
hər iki müəllifi laçınlı olsa da, onlarla təkcə
laçınlılar deyil, bütün Azərbaycanlılar fəxr
etməlidirlər və bütün Azərbaycan gəncliyinə,
Azərbaycanın iddialı şəxslərinə nümunə
olaraq təqdim etməlidirlər. Laçın
- Qarabağın Zəngəzur sultanlığının, Zəngəzur
mahalının, Tatef mahalının bir parçası olmaqla,
Laçın bölgəsi adını 1924-cü ildə
Sovetlər birliyi dövründə almış və
Laçın şəhərinin 85 illiyi 2009-cu ildə qeyd
edilmişdir. Laçın şəhəri,
onun qədim və müasir tarixi barəsində ilk
böyük həcmli kitabların - "Laçın-85"
və "Zəngəzurun altın tacı Laçın"
elmi kitabının müəllifi isə bu sətirlərin
müəllifidir.
...Laçınlılar
hazırda "Laçın koridoru" adlanan yolu
bağladılar. Amma ermənilər
iddialarından heç cürə əl çəkmədilər
ki, əl çəkmədilər.
Hərbi cəhətdən
böyük əhəmiyyət kəsb edən bu
torpaqların əhəmiyyətini laçınlılar həmişə
dərk etmişlər və bu yolda mübarizələrdən
çəkinməmişlər. Ermənilər də
bunu yaxşı bilirdilər, elə bu səbəbdən də
Laçın uğrunda hər dəqiqə
"oyun"larını oynayırdılar. Sovetlər dövründə ermənilər onlarla
olan sərhəddi dəfələrlə torpaqda, xəritədə
dəyişdirmiş, Moskvanı aldatmış və bu
strateji məkanı ələ keçirməyə cəhd
etmişlər. Onlar Qaragölü, onun ətrafındakı
İşıqlı dağını, Keçəl
dağı, Bozdağı, Ceyil düzünü və s.
Laçın rayon torpaqlarını mənimsəməkdən
imtina etmirdilər. Səbəbi isə
Qaragöl yaylağının, İşıqlı
dağın, Keçəl dağın əldə edilməsi
Azərbaycanın bir çox bölgələrini nəzarətdə
saxlamağa imkan verməsi idi. İşıqlı
dağa sahib olmaqla bütün Naxçıvan bölgəsinə,
Vedibasara, Şərqdə və Cənub - Şərqdə
bütün Qarabağa, Gəncə bölgəsinə,
Muğana nəzarəti əldə saxlamağa imkan
yaranır.
Bu
torpaqların əsl qara günü ermənilərin
Moskvanı aldadaraq Zəngəzur sultanlığının
çox böyük hissəsinin bizdən alınma tarixindən
başlayır. 1927 - 1929-cu illərdə Ermənistanla Azərbaycan
arasında "sərhəd" düzəldərkən
adlarını çəkdiyimiz dağ və yaylaqların
çoxu ermənilərə verilib. Lakin, Qaragöl,
bütövlükdə Azərbaycan sərhəddi daxilində
qalmışdı. Hətta, 1928-ci ildə
Qaragöl və Qaragöl yaylağı 3 saylı yay
otlağı kimi Qarıqışlaq kolxozunun istifadəsinə
verilib. Məsələ 2-ci dəfə 3 may 1951-ci 557
saylı Respublika Nazirlər Sovetinin qərarı ilə də
bir daha təsdiq olunub. 1964-cü ildə Gorus
rayonunun erməniləri Qaragöldə su nasosu qoymuş, əl
dəyilməsi günah sayılan Qaragöldən su çəkməyə
başlamışlar.
Heç bir əsası olmadan ictimaiyyətdən gizli olaraq 7 may 1969-cu il iki respublika Ali Sovetlərinin birgə qərarı ilə Qaragöl və Qaragöl yaylaqlarının 250 hektar sahəsi ermənilərə növbəti bəxşiş olunmuşdur. Lakin Laçın elinin vətənpərvərliyi nəticəsində bu işlərin baş tutmasının qarşısı alınmışdır. Hələ otuzuncu illərin sonunda kommunist İsmayıl Mirzəyevin bu bölgənin Buzovçu dərəsinin başlangıcında Qəysəfə adlanan yerdə məcburi olaraq heyvandarlıq damları tikdirməklə erməniləri pis vəziyyətə salmışdı. Ermənilər öz xislətlərinə uyğun olaraq ilk sərhəd xəritələrini Bakı, Tiflis və Moskvadakı arxiv sənədlərini oğurlayıb, onun yerinə başqa tarixlə yeni sənədlər qoymuşlar. Bu sənədlərə qol çəkən Azərbaycandan Respublika MİK-nin o vaxtkı işlər müdiri Qadakçıyan, Moskva və Yerevan tərəfdən isə Qriqoryan, İsaxanyan, Qalustyan, çerekeşvili, Metreveli, Akopcan, Karakaşadze, Matekeviç, Kotyuk, Tatulov və Komarovski olmuşlar. Necə deyərlər, yiyəsiz vilayət kimi ruslar, ermənilər, gürcülər istədikləri kimi özləri doğub, özləri də bələmişlər.
Laçınlıların, xüsusən Qarıqışlaq kənd müəllimi Çingiz Mehdiyevin, İbiş Əsgərovun müxtəlif distansiyalara göndərdikləri 500-dən artıq məktub və 1927-28-ci illər xəritəsi erməni və Azərbaycan "ermənilərinin" bu işi başa çatdırmaqla bir tormoz vurur.
O vaxtkı Azərbaycan rəhbərliyinin bivecliyi ucbatından hər iki respublika hökumətinin Moskva təzyiqi ilə 17 noyabr 1987-ci il 408/717 saylı qərarı ilə Qaragölün bir hissəsi bizim üçün Qaragöl kimi, ermənilər üçün isə 2-ci hissəsi "Sevlic" gölü adı altında ümumi qoruğa çevrilməsi məsləhət görülür. Ermənilər təcili olaraq buradakı hər iki qəbiristanlığı məhv edir. Qaragölə - "Sevlicə" yol çəkir, tikililər tikməyə başlayırlar, Azərbaycan isə öz "yatmağında" davam edir.
1988-ci il Ermənistandakı ulu torpaqlarından Azərbaycan türkləri qovularkən laçınlılar ayağa qalxmış, Qaragöl ətrafındakı erməni tikililərini məhv edib özlərini də bu yaylaqlardan qovmuşlar. Qeyd edək ki, laçınlıların bu müqavimətinə Azərbaycanın Moskvadakı daimi nümayəndə rəhbəri, Araflı bəylərinin bacısı oğlu Ənvər Hüseynovun xeyli dəstəyi olmuşdu.
Öz dövründə Qaragöldə xeyli işlər görmüş böyük sərkərdə Murtuza bəyin Qaragöldəki ruhu uzun müddətə sevinmədi. Onun yurdunun sakinləri olan Qarıqışlaq, Hacılar, Quşçu, Soyuqbulaq, Qılışlı, Mişni, Mais və s. kənd sakinlərinin ermənilərə göstərdikləri dirsəyin arxasında başabəla "siyasətçilərimiz" dayanmadı.
Qürurlu laçınlılar bu bölgənin əhəmiyyətini həmişə dərk etmiş, onu müdafiə etmiş, Azərbaycan üçün əhəmiyyətini yetərincə qiymətləndirmişlər.
1988-1992-ci illər ərzində Azərbaycanda ilk olaraq ermənilərin basqınlar etdiyi, qətillər yetirdiyi torpaqlar Laçın bölgəsi olmuşdur.
Laçınlılar bu dövrdə də keçmiş sələflərindən heç bir cəhətdən geri qalmayıblar. Əksinə aktivlik həm fiziki, həm də intelekt cəhətdən daha da üstün olmuşdur. Fərq ancaq mərkəz biganəliyi, el demiş, arxasızlıq olmuşdur. Hesab edirik ki, Laçın torpaqları laçınlıların ümidinə qalsa idi və onlara əngəllər törədilməsə idi, hazırda bir milyon didərgin olmazdı, Qarabağ işğala məruz qalmazdı. Ermənistandan bütün türk və kürd xalqı qovulandan sonra ermənilər "Laçın dəhlizinin" davasına girişdilər. Bunun müqabilində laçınlılar ilk olaraq Laçın Polisi nəzdində Xüsusi Təyinatlı Milis Rotası yaratdılar. Bakıda isə mən də iştirak etməklə laçınlı ziyalılar Respublikada ilk olaraq "Laçın" xeyriyyə cəmiyyəti yaratdılar. O, dövrdə adı çəkilən rotanın komandiri kapitan Rövşən Cavadov oldu. Rota Laçının ermənilərlə sərhəd kəndlərin müdafiəsinə cavabdeh idi. Laçın-Şuşa yolu üstündə kənardan gəlmə silahlılar, kənd erməniləri ilə bu yola əngəl törətdilər.
Bunun qarşısını almaq məqsədilə Daxili İşlər Naziri general Əsədov bu bölgənin bütövlükdə təhlükəsizliyi üçün Laçınla Şuşa arasındakı Qaladərəsi, Onverst, Kirov, Göytala kəndlərindən erməni qımdaxlarını çıxarmaq, təhlükəsizliyi təmin etmək üçün rəhbəri Əbil Rzayev olmaqla Xüsusi Təyinatlı Milis Dəstəsi təşkil etdi. Laçına Şuşa tərəfdən təhlükə xeyli zəiflədi. Laçının Ermənistanla sərhəd zolağının 125 km və qalan hissənin Dağlıq Qarabağ erməniləri ilə həmsərhəd olması buranın müdafiə məsələsini çox ağırlaşdırdı. Amma, həmişə olduğu kimi, onda da laçınlılar qorxu nə olduğunu bilmək belə istəmirdilər. Bu dövrdə Arif Paşayevin rəhbərliyi ilə Milli Ordunun Laçın alayı, Laçın özünümüdafiə dəstəsi yaradıldı. Bu mübarizədə Arif Paşayevlə Laçının polis şöbəsinin rəisi Akif Səlimov çox fərqlənirdilər, qeyrətli işlər görürdülər və bütün laçınlılar onları dəstəkləyir - bellə, yaba ilə, balta ilə kolxoz maşınlarında Laçına gələrək onlara dəstək olurdular, hər dəqiqə ölümə hazır idilər.
Ancaq ölümdən əvvəl erməni öldürmək arzusu ilə yaşayırdılar. Laçının müdafiəsində axıra qədər mərdliklə döyüşən, vətənpərvərlik, mətanətlik nümayiş etdirən, bir çox milis fərdlərindən fərqli olaraq vəzifəsində öz xeyri üçün deyil, ancaq və ancaq Laçının müdafiəsinə çalışan Akif Səlimov dövlətinin keşiyində əsl türk əsgəri qeyrəti nümayiş etdirmişdir.
(Ardı var)
Ziyadxan Nəbibəyli,
professor, Azərbaycan
Yazıçılar
və
Jurnalistlər Birliklərinin üzvü
Təzadlar.- 2011.- 19-21 may.- S.6.