Gəl axtar məni
Şair Ədalət Nicat ədəbi aləmdə yeri olan fəal qələm dostlarımızdandır. Ədalət Nicat əslən Qubadlıdandır. Süleyman Rəhimov, Əli Vəliyev, Cəlal Bərgüşad, Ramiz Rövşən, Eldar Baxış, Əlağa Aslan kimi Azərbaycan ədəbiyyatının adlı-sanlı nümayəndələrindən sonra Qubadlıdan olub ədəbi cameədə çıxıb söz demək, şeir kitabı buraxmaq böyük məsuliyyətdir.
Ədalət Nicat bu məsuliyyəti dərk etdiyi üçün şairdir. Mən hökm vermirəm, hökm vermək Allaha məxsusdur. Mən el-oba deyəni deyirəm. İbrahim İlyaslı, Ramiz Hümmətov, Məmməd Namaz... kimi sözü möhür şairlərimizin dediyini deyirəm. "Dedilər mən də dedim" (Ə.Vahid).
Elə lap bu günlərdə Ədalət qardaşımızın "Gəl axtar məni" adlanan daha bir şeirlər kitabı işıq üzü görüb. Mübarək olsun deyirik! İnanırıq ki, Ədalətin bu kitabı da oxucu rəğbəti qazanacaq. Kitaba şairin son zamanlar qələmə aldığı yeni şeirləri və Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevə həsr olunmuş epik poeması daxil edilib. Vətən məhəbbəti, yurd həsrəti, xalqa bağlılıq, milli təəssübkeşlik bu kitabdakı şeirlərin leytmotivini təşkil edir.
Noyabrın 2-də Ədalət qardaşımızın 45 yaşı tamam olur. Qoy Ulu Tanrı bizə Ədalətin 50 yaşını Həkəri çayının şırıltısının sədası altında qeyd etmək qisməti nəsib eləsin, inşallah!
Həmid Ormanlı
Təzadlar.- 2011.- 2 noyabr.- S.7.