Hər kərpici kəsəndə Nizami babamın "Bərəkallah"ını duyurdum sanki...

 

(Nizami - 870)

 

Nizaminin böyüklüyünü hamı kimi mən də uşaq yaşlarımdan bilmişəm. Və elə bilmişəm ki, dünyanın ləngərini də o, düzüb-qoşub, mizanını da. Nədənsə, mən onu şair kimi düşünməmişəm. Ona şair də deməyi fikirləşməmişəm.

 

Elə bu düşüncələrlə də böyümüşəm. Böyüdükcə də bu böyük idrak və düşüncə sahibini öz dünyamda həmişə əlçatmaz bir məqamda düşünmüşəm:

 

Nizami - filosof

Nizami - şeyx

Nizami - ustad

Nizami - söz sultanı

 

Düşüncələrimə hakim kəsilən bu fikirlər həmişə içimə bir rahatlıq, qəlbimə fərəh və ömrümə qürur gətirib.

Hələ lap uşaq yaşlarımdan "Kərpiç kəsən kişinin dastanı" bir həyat idealım kimi qəbul etmiş və elə o cür düşüncələrlə də yaşa dolmuşam. Mənim düşüncəmdə kərpiç kəsən qoca böyük Nizaminin özü idi.

 

Onunçün öyrətdim ki, əlimi bu sənətə,

Bir gün sənə əl açıb düşməyim xəcalətə.

 

...12-13 yaşım olardı. Kəndimizin Kür çayına söykənən səmtində ki, dərənin döşündə ağ-sarı torpaq qatları boluydu. Həmin yerdə kərpic kəsənlər varıydı. Həmin dərədə mən də özümə yer düzəltdim. Torpaq eşdim. Saman qatdım. Su tökdüm. Palçıq ayaqladım və qalıf (qəlib) tapıb kərpic kəsməyə başladım. Gördüyüm bu işin qüruru elə bil mənə qanad vermişdi. Uçurdum. Taytuşlarımdan mənə gülənlər də vardı, qahmar çıxanlar da. Və mən hər kərpici kəsəndə elə bilirdim Nizami babam bu hünərimə görə mənə "Bərəkallah" deyir.

Yaxşı yadımdadı. Həmin yayı iki yüz ədəd kərpic kəsdim. Və bir gün kəsdiyim kərpiclərə müştəri gəldi. İlk dəfəydi qazancımı görürdüm. Həmin pulla mənə ayaqqabı və kitab-dəftər aldılar. Hələ bir az cibimdə "xərclik" də qaldı.

Orta məktəbdə çox güclü ədəbiyyat müəllimlərimiz vardı. Onlar Nizami, Füzuli vurğunuydular. Dərs hissə müdirimiz Sədrəddin (Sədi) Dəmirçiyev deyərdi: - Orta məktəbdə dərs deyən müəllimlər ona görə xoşbəxtdir ki, onlar Nizamini və Füzulini tədris edirlər.

Məhəmməd müəllimin keçdiyi dərslər həkk olurdu öyrəncilərin şüuruna. Nizamini bir daha sevdim Məhəmməd müəllimin sayəsində. Məmməd Səid Ordubadinin "Qılınc və Qələm" romanını da orta məktəb illərində oxudum. Böyük Nizamiyə məhəbbəti dərindən dərk etdim. Və mən IX sinifdə oxuyarkən akademik Bertels adlı bir ədəbiyyat alimiylə tanış oldum Məhəmməd müəllimin sayəsində. Onun bir monoqrafiyası varıydı. Həmin monoqrafiyanın adı beləydi "Nizaminin epoxası, həyatı və yaradıcılığı".

Əlbəttə, dəyərli bu tədqiqat əsəri bir IX sinif öyrəncisinin qafasına görə deyildi. Amma mənim təkidlə daha çox oxumaq və öyrənmək istədiyimi bilən Məhəmməd müəllim həmin kitabı mənə verdi. Oxuduqca-oxudum Nizamini. öyrəndikcə öyrənməyə çalışdım. Və bitməyən, tükənməyən bir xəzinəyə, keçilməsi mümkün olmayan bir ümmana rast gəldim.

Nizaminin öz gündüzü-günəşi, gecəsi-ayı, ulduzları var.

Ədəbiyyatı, fiqhi, fəlsəfəni, məntiqi, riyaziyyatı, coğrafiyanı, fizikanı, astronomiyanı daha nə bilim nələri bu qədər dərindən bilən və dünyanın idarə olunmasını idrak eləyən bir düha ancaq Nizami ola bilərdi. Və oldu da!

Hər kəlməsində Allaha sığınan, Allaha güvənən və İslamın müqəddəs dəyərlərinə söykənən. Gəncədən bir addım da olsa kənara çıxmayan, fəqət dünyanın müxtəlif tərəflərindən "ovlayıb" gətirdiyi yeddi gözəli sənətinin böyüklüyünə səcdə qıldıran Nizamidən başqa kim ola bilərdi?!

Dünyanı diz çökdürən və lərzəyə gətirən Böyük İsgəndəri Azərbaycan (Bərdə) hökmdarı Nüşabənin önündə kim əl-qolunu bağlamaq qüdrətinə sahib oldu?

Əlbəttə, yenə böyük Nizami!

Hər əlinə qələm götürüb yazmağa başlayanda "Bismillah"la başlayan Nizami çox böyük qüdrətə və qüvvətə söykəndiyini təsdiqlədi həmişə.

 

Ey adı ən gözəl başlanğıc olan,

Adınla bağlıdır yazdığım dastan.

 

"Leyli və Məcnun" bir ərəb hekayəsi, bəlkə də əfsanələşmiş həqiqətdir. Amma Nizami qələminin dühası bu əsəri farsca yazmasına baxmayaraq, ona türk nəfəsi, türk ruhu vermişdir. Fikrimizi təstiqləmək üçün Borçalı əsilli (əslən Sadaxlıdan olan) professor, ədəbiyyatşünas alim Pənah Xəlilovun fikirlərinə üz tutmağa dəyər məncə. Bu böyük ədəbiyyat alimi Nizaminin "Leyli və Məcnun" mənzum romanını çox orijinal təhlil etmiş və uğurlu bir nəticəni təsdiqləmişdir. Pənah müəllimə görə, Nizaminin Leylisi türk qızıdır. Əlbəttə, müəllifi türk olan bir əsərin qəhrəmanının türk olması bütün məntiqi düşüncələrlə əsaslanmış olur.

Mən "Sirrlər xəzinəsi" əsərini əvvəllər Süleyman Rüstəmin tərcüməsində oxumuşdum. Sonralar Xəlil Rza Ulutürk bu əsəri orijinaldan türkcəmizə çevirdi. Mən onun tərcüməsini də dönə-dönə oxudum. Və Nizaminin hələ nə qədər açılmamış və zaman-zaman açıla biləcək dərin qatlarının olduğunu gördüm.

Nizami Gəncəvi "Xəmsə"siylə dünyanı fəth etdi. Bilirik. Amma bu böyük beşliyin təklikdə hər hansı biri də olmuş olsaydı, yenə bu dahi insan dünya ədəbiyyatı korifeyləri sırasında öz layiqli yerini tutardı.

Bu gün Nizami Gəncəvi dünyanın hər yerində var. Avropada, Asiyada, Afrikada. Yəni Doğuda, Batıda, Güneydə, Quzeydə.

Nizami adının arxasında kültürümüz, ədəbiyyatımız, tariximiz durur.

Nizamiyə görə, dünya bir eşqin ətrafında dolanır. Göylər yerə, yerlər göyə sevdalı. Və bunsuz dünyanın heç bir mənası yox!

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədi dəyərin.

 

Dahi şairin sevgi dolu, ağıl dolu, məntiq dolu sətirləri, beytləri, aforizmləri ulu Borçalı ellərində də dillər əzbəridir. Onun böyük adı hər eldə, hər obada, hər məktəbdə sevgi və sayğılar selinə qərq olub.

Sevgi dolu qəzəlləri könüllərdə qönçə tutur, dodaqlarda çiçəkləyir. Bilmirəm, bəlkə də onun "canan" dediyi sevgilisi bir könül sevdalısı deyil. Bəlkə də anamız, atamız və sevgilimiz olan qoca dünyadır. Bəlkə dünya üçün narahatdı Nizami babamız.

 

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,

Gecə-gündüz arayıb olmaz o rahət sənsiz.

 

Mənə elə gəlir ki, üzünü bir canana yox, dünyaya tutur şeyx Nizami. Və o, burda dunyanın gələcəyindən rahatsızlığını açıqlayır.

Təxminən doqquz əsrə yaxındır ki, dünya ədəbiyyatının günəşi kimi, bütün kainatın poeziya yolunu aydınladır, ona öz nurunu səpələyir Nizami poeziyası.

Bu dünyanın bir yolu var. O da Nizami yoludur. O yol aydan arı, sudan duru yoldur. O yol Nizami dühasının qurduğu dünya yoludur. O yol Haqq tərəzisinin işlədiyi yoldur. Və bütün dünya o yolu gedəcək, Nizaminin qurduğu halallıq məktəbini quracaq. Onda nə qan olacaq, nə qada. İnsanlar son çörəyini bir-biriylə bölüşəcək.

 

...Bizdə bərabərdir hamının varı,

Bərabər bölərik bütün malları.

Bizdə artıq deyil heç kəsdən heç kəs,

Bizdə ağlayana bir kimsə gülməz.

 

Bax budu Nizami idealı, Nizami düşüncəsinin məhsulu! Bəşər Nizamiyə doğru getməli! Kainat Nizamiləşməli!

 

 

NİZAMİ MƏQBƏRƏSİNDƏ

 

Sən ey ulu babam, səcdənə gəldim,

Baş aldım gecədən gündüzə kimi.

Diz çökdüm önündə, endim-yüksəldim,

Dünyada ən ülvi möcüzə kimi.

 

Sən səma vüqarlım, dəniz qürurlum,

Dünyanın gözündə uca dağ oldun.

Amalı müqəddəs, niyyəti nurlum,

Sənət dünyasında çıl-çıraq oldun.

 

O ulu kölgənə sığındı tarix,

Uçan küləklərdən aldın əsrini.

Sənsiz əfsanəydi, nağıldı tarix,

Qızıl kitablara saldın əsrini.

 

Zaman ətəyindən tutdu - yeridi,

Aləm qüdrətindən gövhər əmirdi.

Heç kəs inciməsin, desəm, yeridi,

Onda heç Avropa iməkləmirdi.

 

İsgəndər qələmin taxtına çıxdı,

"Xəmsə"ni dünyaya pənah dedilər.

Bu qismət xalqımın baxtına çıxdı,

Sənə gedən yola dərgah dedilər.

 

Bir eşqin odundan alışdı cahan,

Varlığı titrədi bu ulu yerin.

Məhəbbət aləmə yarandı dastan,

"Eşq oldu mehrabı uca göylərin".

 

Sən inci dünyası, sən dürr aləmi,

Yarandın aləmə şöhrət-şan kimi.

Əlində adicə lələk qələmi,

Əlçatmaz eylədin kəhkəşan kimi.

 

Torpağın müqəddəs, məzarın ulu,

Bu günəş ocağı nurunla yanar.

Dünyada bir yol var - Nizami yolu,

Bütün yollar gedər orda dayanar.

 

Asılıb nurundan yol gəlir bəşər,

Çata bilməyibdir söz işığına.

Nə qədər ucalır, yüksəlir bəşər,

Dühan cəlb eləyir öz işığına.

 

Alovlu qəlbindən tökülüb atəş,

Bu vətən büsbütün oddur, ocaqdır.

Dünyaya Gəncədən nur saçan günəş,

Min illər ötsə də, gur yanacaqdır.

 

Cahan təbəssümlə güldü ahəstə,

Aləm başdan-başa ilk bahar oldu.

Sənin sözlərinin hikməti üstə,

Dünyanın ləngəri bərqərar oldu.

 

 

Dərviş Osman Əhmədoğlu

 

Təzadlar.- 2011.- 3 noyabr.- S.7.