UŞAQLIQDAN  MƏN YADAM

 

Duyğularım fırlanır

Yerlə göy arasında.

Yıxılıb ölümmü mən

Qaşla göz arasında?

 

Səni incik görəndə

Özümə mən yer tapım

Dünyanın harasında?!

Öylə sevirəm səni,

İstəyirəm gəzdirim

Gözümün qarasında!..

 

İçimdəki duyğular

Aşıb-daşmaq istəyir.

Haqsızların çəkdiyi

Bəndi aşmaq istəyir...

 

Halallıqla dolandım,

Harama əl atmadım.

Bir kimsənin önündə

Özümü alçaltmadım...

 

Amma haqsızların mən

Qarğışına tuş gəldim.

Xeyirxah insanların

Gözündəsə yüksəldim.

 

Sevincimə sevincin

Qatanlarım az oldu.

Sevincimi eşidib

Kimlərsə nasaz oldu.

 

Ümüdümü Allaha

Bağışlayan bir insanam.

Xəbisliyə, bicliyə

Uşaqlıqdan mən yadam.

 

Mən haqqın dərgahından

Hayqıran bir fəryadam...

Adamı hövsələdən,

Çıxarmaz, qardaş, adam.

 

Alnı açıq, üzü ,

Dolanıram obamda.

Haram tikələr mənim

Qaynamayır sobamda.

 

Ölkə-ölkə gəzmişəm

Çox dərdli ürəklərin,

Dərdini mən sezmişəm!

Öz dərdimi gizləyib,

Özgəninsə dərdini

Özümə dərd bilmişəm!..

 

Ey müqəddəs Ruhlar,

Qəlbim əyandır sizə!

Fırıldaqla, yalanla,

Nəfsi qılıncdan iti,

Əqidəsiz olanla

Necə gəlim üz-üzə?

 

 

MƏNİM QONŞUM

 

(Məzahir qonşuma)

 

Qonşum mənim sərvətimdir,

Sevinci sevincimdir,

Xiffəti xiffətimdir...

Qonşuluq haqqı

Boynumuzdadır...

Doğmalar çox uzaqda,

Qonsu yanımızdadır!..

Qonşusunu sevməyən

Haqqı da sevməz, bilin.

Nankor olan qonşunu

Yaddaşınızdan silin.

 

 

NİYYƏTİM

 

Qəlbimdə Allah

eşqi,

Ruhumda sufi

sevdası,

Gözlərimdə ümid

işığı

Yönəlmişəm qibləyə

"Allahu Əkbər!" deyə.

 

Pis əməldən

uzağam,

Yurd yerində

çırağam,

Vurğun olub

Nəbiyə

Sığınmışam

tövbəyə.

Mehr salıb Kəbəyə,

Yönəlmişəm qibləyə

"Allahu Əkbər!" deyə!..

 

 

AĞLAMA ANA

 

(Dünyadan vaxtsız köçmüş Zərbəliyev Fuadın dilindən)

 

Ay ana, qismətim belə yazıldı,

Toyum olmalıydı, qəbrim qazıldı,

Köçdüm mən dünyadan ömrüm az oldu,

Sızlama, ağlama, ana, ağlama...

 

Bu dünya fanidir, biz bilməliyik,

Allahın əmrinə baş əyməliyik,

Gec-tez haqq dünyaya köç etməliyik,

Sizlama, ağlama, ana, ağlama...

 

Ölüm bir əmrdir, Allahdan gəlir,

Ondan gəlir, Ona yüksəlir.

Bu ki həqiqətdir, hal əhli bilir,

Sızlama, ağlama, ana, ağlama...

 

Səbrini bir olan Allahdan dilə,

Gələni qarşıla sən gülə-gülə.

Qəst etmə özünə gəl bilə-bilə,

Sızlama, ağlama, ana, ağlama...

 

Yaranan öləcək Quranda bəlli,

Allahın əmrindən alın təsəlli...

Dünya Süleymana qalmaz, məsəldi,

Sızlama, ağlama, ana, ağlama...

 

 

SƏNSİZ YAŞAMAĞA DƏYMƏZ BU DüNYA

 

(ömür-gün yoldaşım Təranə xanımın əziz xatirəsinə)

 

Fikrim-zikrim pərən-pərən olubdur,

Gözümə yaş, qəlbimə qəm dolubdur...

Arzularım ürəyimdə qalıbdır,

Sənsiz yaşamağa dəyməz bu dünya!

 

Tənhayam özümlə danışıram mən,

Kədərlə, qüssəylə anlaşıram mən,

Zamanla dartışıb, çarpışıram mən,

Sənsiz yaşamağa dəyməz bu dünya!..

 

Neynim, düşdüm mən talehin oynuna,

Qara torpaq yarım aldı qoynuna.

Bu cahan mənimçün olmuş qəmxana,

Sənsiz yaşamağa dəyməz bu dünya!..

 

Zaman mənə kək gəldi,

Can almağa mələk gəldi,

Ah-naləm ərşə yüksəldi,

Yaşamağa dəyməz dünya...

 

Hissimin, duyğumun məkanı idin,

Ömrümün ən gözəl bır anı idin,

Dərdli Gülqardaşın sən canı idin,

Sənsiz yaşamağa dəyməz bu dünya!..

 

 

Gülqardaş BƏYDƏMİRLİ

 

Təzadlar.- 2011.- 5 noyabr.- S.15.