"Çərpələng uçuran"
haqqında...
...Qarabağ boyda faciəsi olan bir millətin yazarı əgər postmodern adı altında milli-mənəvi dəyərlərə qarşı çıxırsa, cəmiyyəti də buna sürükləyib, özünün sayıqlamalarından ibarət olan yazılarına maraq oyadırsa, vay həmin cəmiyyətin halına...
"Çərpələng uçuran" əfqan əsilli yazıçı Xalid Hüseyninin ilk əsəridi. Çox hallarda müəllif ilk əsəri ilə elə də şöhrət qazana bilmir. Amma Xalid Hüseyni naxışı yaxşı düşən yazıçılardandı ki, elə ilk əsərindən dünyada şöhrət tapdı. ümumiyyətlə, mənə elə gəlir ki, Azərbaycandan kənarda nə yazırsansa, yaz, çox tezliklə dünyada məşhurlaşa bilərsən. Amma Azərbaycanda bu vəziyyət bir az fərqlidi. Çünki bizdə olan mənəmlik hissi digər dünya xalqlarında yoxdu. Əsas da ki, bir-birimizi qəbul etmir, azacıq işıq gələn yerə də barmağımızı tutub, işığın qabağını kəsirik ki, gəlməsin.
Bu üzdən də bu gün dünyada Çingiz Abdullayevdən (qismən) başqa tanınan, oxunan yazarımız yoxdu. Hansı ki, dünyaya çıxacaq kifayət qədər istedadlı yazarlarımız var ki, bu gün onları öz işıqlarında boğmaqla məşğuluq. Bu gün ixtisasından, savadından asılı olmayaraq hər kəs ədəbi tənqidlə məşğul olur, özlərini zorla və məcburən ədəbiyyata sırımağa çalşır. Bu üzdən də bəlkə də ən azından dünyada Xalid Hüseyni qədər şöhrət tapa biləcək istedadlarımızı da itiririk.
Nə isə, deyəsən, mövzudan kənarlaşdım, axı Xalid Hüseynidən danışırdım... Hə, deməli, Xalid Hüseyninin "Çərpələng uçuran"ının Azərbaycan dilində çap edildiyini eşidən kimi sevindim, elə həmin gün də kitab mağazasına girib, cibimdə olan-qalan pulumu da verib, kitabı aldım, dərhal da acgözlüklə oxumağa başladım.
Əsəri dilimizə Xədicə İsmayıl tərcümə edib. Deyim ki, Xədicə xanımın ilk tərcümə işini oxduğum üçün gərək əsərin tərcümə tərəfi haqqında da oxuculara bir-iki kəlmə məlumat verim. Xədicə İsmayılı peşəkar bir jurnalist kimi tanıdığım üçün bədii əsəri nə dərəcədə uğurlu tərcümə edib-etməməsi mənə çox maraqlı gəldi. Kitabın ilk səhifələrindən dilin axıcılığı, sözlərin səlisliyi diqqətimi çəkdi. Qeyd edim ki, roman dilimizə çox gözəl tərcümə olunub. Daha sonra romanı oxuduqca, son illərdə ən gözəl tərcümə işi oxuduğunu dərk etdim. Hansı ki, ondan öncə Nərmin Kamalın tərcüməsində Yusten Garderin "Sofinin dünyası"nı və Cavanşir Yusiflinin tərcüməsində Patrik Züskindin "Ətriyyatçı"sını da oxumuşdum və həmin əsərləri də yaxşı tərcümə nümunəsi hesab edirdim. Xədicə İsmayılın da bu tərcüməsini özüm üçün yaxşı tərcümələr siyahısına əlavə etdim. Hətta tərcümə o qədər ürəyimcə oldu ki, Xədicə xanımın "Facebook" səhifəsində Azərbaycan oxucusuna bu cür dəyərli bir tərcümə işini hədiyyə etdiyi üçün də minnətdarlığımı bildirdim .
Əsər uşaqlığında atası ilə birgə Əfqanıstanı tərk edən gənc bir yazıçının ötən illəri xatırlamasından ibarətdi. Həmin bu xatirələrdə yazıçı kifayət qədər ciddi problemləri sadə dillə oxucuya çatdırır. Əsərin müəllifi özü sırf Şərqli olsa belə, "çərpələng uçuran"ı Şərq ədəbiyyatı adlandlrmaq olmaz. Baxmayaraq ki, romanda danışılan hadisələr də Şərqdən bəhs edir. İndi niyə hesab etmək olmaz, onu da deyəcəyəm. Amma öncə əsərin gedişatından bir neçə söz deyim:
Əsərdə mənim daha çox xoşuma gələn müdrik kəlamlar oldu ki, bu kəlamların da elə də yaşlı olmayan bir yazıçının qələmindən çıxıb, həm də bu gün həmin yazıçı Amerika yazıçısı sayılsa belə, şərqli olması məni sevindirdi.
Əsərdə Əmirin uşaqlıqdan yazıçılığa meyl etməsi və saatlarla hekayə yazmasını göstərməklə, müəllif yazıçılığın böyük zəhmət tələb edən bir iş olduğunu demək istəyir. Bununla yanaşı, qəhrəmanın kitablara marağını da təsvir edərək, bir yazar üçün mütaliənin də əsas şərtlərdən biri olduğunu vurğulayır. Amma əsər bunlardan ibarət deyil. Əslində bu əsərdə Əfqanıstan təsvir olunaraq, ümumilikdə Şərq dünyasının cizgiləri çəkilib. Belə ki, bir vaxtlar Talibanların
Əfqanıstanı işğal etməsini qələbə hesab edən xalq sonradan bu terrorçu qrupun əsl məqsədlərini bildikdən sonra peşman olur. İnsanlar görür ki, din, "Allah adına" mübarizə aparan Taliban terror qrupunun başındakılar əslində əyyaşlar və cinayətkarlardı. üzlərini saqqaları örtsə də, ürəyindəki niyyətləri açıqca bəlli idi.
Əmirin qardaşı Həsəni zorlayan və bu kimi iyrənc işlərlə məşğul olan Asif Talibanların Əfqanıstanı işğalından sonra həmin terror təşəkilatının başına keçir, "Allah yolunda" adı ilə milləti olmazlara düçar edirlər. Hətta Asif o qədər vicdansız biri olur ki, atasını zorladığı uşağı atasının ölümündən sonra yetimxanadan çıxarır, atasına etdiklərini ona da edir. Hətta, Həsənin oğlu Söhrab həmin bu molla rejiminin rəhbərlərindən olan Asifin yeganə qurbanı olmur. Talibanlar insanları cinsi zorakılığa məruz qoyur, onlara tabe olmayanları isə din adı altında edam edir, diri-diri basdırırlar.
Yazıçı əsərdə terrora qarşı olduğunu göstərsə də, əslində, bu terrorun İslam olmadığını da demək istəyir. Hansı ki, gözünü dünyaya açandan atası Babanı ateist kimi görsə də, sonralar özünün dinə qayıtmağı, namaz qılmağı ilə düzgün yolun Allaha dönüş olduğunu dərk edir. Bununla da şərqli olmasını göstərən Amerika yaqzıçısı Xalid Hüseyni əslində əsərdə Babanın dilindən yazdığı bir cümlə ilə bütün Şərq dünyasını darmadağın edir. Bununla da Şərq əsilli olan bir insanın nədən bu qədər dəyişdiyinə təəccüb edirsən. Bu hansı cümlədir?! Bəlkə də çoxları bu əsəri oxuyub, həmin cümlənin də üstündən ötüb keçib, amma mənanın fərqinə belə varmayıb. Hansı ki, "Çərpələng uçuran"ın əsas ideya qatı həmin cümlənin üstündədir. Əsərdə Baba oğlu Əmirlə söhbəti zamanı belə bir söz deyir: "Dünyada üç əsl kişi var: Xilaskar Amerika, Britaniya, İsrail. Qalanları isə qeybətcil arvaddan başqa bir şey deyillər".
Amma bu o demək deyil ki, əsər elə bununla da bitir. Əsla, belə düşünməyin. Yazıçı bu əsərində uşaq olub, uşaqlıq yaşamayan bir cəmiyyətin ağrı-acısını çox böyük ustalıqla qələmə alır, körpəlikdən cinsi təcavüzə məruz qalan əfqan uşaqlarının timsalında Söhrabı göstərərək, bir cəmiyyətin gələcəyinin körpəlikdən məhv edilməsi ilə ümumilikdə həmin cəmiyyətin sabahının məhv olunduğuna işarə edir. Bu gün cinsi təcavüzə məruz qalan uşaqlar sabah onların da uşaqlarının bu olayları yaşamasını istəməyərək, atalarının ideyalarını davam etdirə bilməzlər. Müəllif burada insanları avropalaşmağa, köləlikdən, molla rejimlərindən qurtulmağa səsləyir.
Həmçinin əsərdə dünyada mövcud olan molla rejimləri kəskin surətdə tənqid olunur və hər birinin "Dünyanın üç əsl kişi"ləri tərəfindən dağılacağı, həmin millətlərin də azadlığa çıxacağına da işarə olunur.
Zənnimcə, hazırkı Əfqanıstanın təsviri "çərpələn uçuran"da ən gözəl boyalarla verilib. Burada yazıçı Əfqanıstan faciəsini əks etdirə bilib. Amma gəlin baxaq, illər öncə Əfqanıstanın taleyini yaşayan, sadəcə yeganə fərqi bu cinayətlərin molla rejimi tərəfindən yox, ermənilər tərəfindən törədilən Qarabağ faciəsini biz ədəbiyyatımızda nə qədər ustalıqla verə bilmişik?! Məncə, çox zəif... Son illər gənc yazıçılarımız da sanki milli-mənəvi dəyərlərimizə qarşı çıxaraq, tamamilə keçmişini unutmağa doğru gedir. Bu gün intim əlaqələrdən bəhs edən kitabları, hansısa yazarın sayıqlamaları olan primitiv bir əsərini ağızdolusu tərifləyir, ədəbiyyat adı ilə cəmiyyətə sırıyırıq. Amma iki il bundan öncə işıq üzü görmüş əyalətdə yaşayan bir yazıçı Meyxoş Abdullahın "Əsir qadın" romanı haqqında heç birimizin məlumatı yoxdu, varsa da, bəzilərinin patriot damğasından qorxub, susuruq. Hansı ki, son illərdə Qarabağ faciəsini ən gözəl qələmə alan və ədəbiyyata gətirən Meyxoş Abdullah və onun "Əsir qadın"ıdı.
Bu gün Qarabağ boyda faciəsi olan bir millətin yazarı əgər postmodern adı altında milli-mənəvi dəyərlərə qarşı çıxırsa, cəmiyyəti də buna sürükləyib, özünün sayıqlamalarından ibarət olan yazılarına maraq oyadırsa, vay həmin cəmiyyətin halına...
Sonda oxuculara, bu iki kitabı diqqətlə oxumağı tövsiyə edərdim: "Çərpələng uçuran" və "Əsir qadın".
Zaur Qəriboğlu
Təzadlar.-
2011.- 5 noyabr.- S.15.