"Türkçülük, Azərbaycançılıq ideyası Güney Azərbaycanda ən güclü məfkurəyə çevrilməkdədir"

 

Tufan Kərim: "Hesablamalarımıza görə, İranın zəiflədilməsi planında millətimizə düşmən olan qüvvələr Güney Azərbaycanda böyük soyqırım törətmək niyyətindədirlər"

 

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) başqanı Tufan Kərimin "Təzadlar"a müsahibəsi.

- İran Ermənistanla əlaqələrini inkişaf etdirir. Sizcə, İran Ermənistanla bağlı siyasətinə nə üçün bu qədər önəm verir?

- XIX əsr Qacar sarayında ermənilərin güclü qruplaşması var idi. Qacarlar rus, ingilis və fransız imperiyaları ilə əlaqələrdə ermənilərdən istifadə                                edirdilər. Amma ermənilər də eyni zamanda öz məqsədləri üçün sarayda istədikləri planları gerçəkləşdirir, özləri üçün təhlükə saydıqları saray adamlarını qəsd və ya fitnə-fəsadla aradan qaldırır, xristian ölkələrinin sifarişlərini yerinə yetirirdilər. 1924-cü ildə fars Pəhləvilər hakimiyyəti tutub Qacar səltənətinə İran adı verəndən, yəni fars şovinizmi gücləndikdən sonra ermənilərin fars idarəçiliyndə çəkisi gücləndi. 1979-cu ildə İrandakı inqilabdan sonra hakimiyyətə gələn dini qiyafəli fars şovinistləri də ermənilərin dünya üzrə diasporalarının imkanlarından istifadə edirdilər. İran-İraq müharibəsi dövründə, ABŞ-la İranın münasibətləri gərgin olduğu bir zamanda məhz ermənilərin vasitəçiliyi ilə dini qiyafəli fars şovinistləri ABŞ-dan gizli yolla silah alırdılar. "İrangeyt" (və ya "İran-kontras") adlı qalmaqalı xatırlamaq lazımdır. Eynilə də ermənilər İranla Rusiyanı bağlayan zəncirlərdən biridir.

Əgər biz erməni-fars strateji əməkdaşlığına türkə qarşı ümumi nifrəti, "ari qardaşlığı" adlı cəfəng ideya kimi "mənəvi xəstəlikləri" də əlavə etsək, İranın Ermənistanla əməkdaşlığının altyapısını görərik. Dəhşətlisi odur ki, türkə qarşı nifrəti, "ari irqçiliyi" kimi xislətlərini pərdələmək üçün fars şovinistləri  müqəddəs islam dinindən istifadə edirlər. Müsəlman torpaqlarını işğal edən, müsəlmanlara, yəni Azərbaycan türklərinə zülm edən, məscidləri və müsəlman qəbiristanlıqlarını dağıdan ermənilərlə əməkdaşlıq quran, onlara yardım edənə müsəlman demək olarmı? Əlbəttə ki, yox. 

- Son günlər İranın dini, hərbi rəhbərliyi tərəfindən Azərbaycana qarşı kampaniya başlanılıb. Sizcə, İran Azərbaycandan nə istəyir?

- Məsələ göründüyündən də asan izah edilə bilər. Rəsmi Tehran qonşuluğunda olan bütün dövlətləri ABŞ-la müttəfiqlikdə ittiham edir. Buna görə də qonşularına qarşı hədə-qorxu, təhdid kampaniyasına başlayıb. Azərbaycana münasibətdə isə Tehran elitasını cırnadan iki əsas səbəb var. Birinci səbəb Güney Azərbaycan faktoruyla bağlıdır. Sədri olduğum partiyada durumu analiz etdikdə biz bu qənaətə gəlirik ki, bu gün İranın xüsusi xidmətlərinin başçıları Güney Azərbaycan Milli Hərəkatı daxilinə yeritdiyi agentlərinin "irançılıq-farsçılıq" amalına sədaqətinə belə inanmırlar. Yəni Türkçülük, Azərbaycançılıq ideyası Güney Azərbaycanda ən güclü məfkurəyə çevrilməkdədir. Quzey Azərbaycan isə bu ideyanın mənəvi ocağıdır. 

İkinci səbəb isə, İslam kimi müqəddəs dindən Azərbaycanda fars şovinistlərinin sui-istifadəsinin qarşısının alınmasıdır. Bu isə İranda bəzilərinin yuxusunu pozmuşdur.

- Bu gün İrana qarşı müharibə məsələsi gündəmdən düşmür. Sizcə, Güney Azərbaycan Milli Hərəkatı İranda baş verə biləcək ciddi dəyişikliklərə hazırdırmı?

- çətin cavab verilə biləcək sualdır. çətinlik ondan irəli gəlir ki, bölgədə ciddi dəyişikliklər zamanı Güney Azərbaycan türklüyü vahid mərkəzə, mərkəzdən idarə olunan maliyyə və insan resurslarına malik olmalıdır. Nəzərə almaq lazımdır ki, baş verə biləcək hadisələr zamanı siyasi oyunun iştirakçıları təkcə bizdən və farslardan ibarət olmayacaq. Bu oyunda anqlo-sakson, Avropa, Rusiya kimi fövqəldünya gücləri, ermənilər və PJAK kimi mütəşəkkil və arxalı qüvvələr də var. Bu fövqəldünya gücləri, arxalı mütəşəkkil qüvvələr millətimizi vahid və iradəli mərkəzə malik güc kimi görsələr, bizimlə hesablaşacaqlar.

-  İrana qarşı hərbi zərbələr, daha kəskin desək, bölgədə müharibə başlasa Azərbaycanın mövqeyi necə olmalıdır?

- Bu mövzu barədə partiyada xüsusi müzakirələr aparmışıq. Bizim hesablamalarımıza görə, İranın zəiflədilməsi planında millətimizə düşmən olan qüvvələr Güney Azərbaycanda böyük soyqırım törətmək niyyətindədirlər. Məqsədləri Güney Azərbycanı, xüsusilə, Türkiyə ilə sərhəd bölgələri Azərbaycan türklərindən təmizləməkdir. Planlaşdırılan soyqırımın fonunda Quzey Azərbaycanın müdaxiləsinin qarşısını almaq üçün bu qüvvələr tərəfindən Qarabağda müharibənin canlanması da istisna deyil. Mən hələ mümkün qaçqın kütləsinin doğuracağı fəsadları demirəm.

İndidən deyim ki, regional dövlət olan İranın zəiflədilməsini istəyən fövqəldünya qüvvələri heç də Güney Azərbaycan faktorunun siyasi meydana çıxmasını, Türkiyənin bölgədə güclənməsini istəmirlər.

Hazırda Azərbaycan Türklüyünün əsas məqsədləri: 1) Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsi; 2) Güney Azərbaycan Türk faktorunun fiziki toxunulmazlığına, Güney Azərbaycan Türklüyünün milli-mədəni hüquqlarına təminat. İlk növbədə, biz bu mövzuda ondan çıxış etməliyik ki, münaqişədəki potensial qüvvələr bizə - Azərbaycan dövlətinə və Azərbaycan Türklüyünə nə vəd edəcəklər? Amma İranla bağlı hadisələrin ən kəskin gedişində Rusiya və ABŞ kimi iki əsas qüvvə arasında ziddiyyət artmaqdadır. Biz fövqəldünya güclərinin mənafe toqquşmasından öz məqsədlərimizin təmin edilməsi üçün maksimum istifadə etməliyik. 

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2011.- 19 noyabr.- S.12.