"Bir çox Qərb siyasi xəritələrində
Urmu bölgəsi "kürd
məkanı" kimi qələmə verilir"
"Millətçilik"
qəzetinin baş redaktoru, tanınmış
yazar-araşdırmaçı Pərviz Elaylənin "Təzadlar"a
müsahibəsi.
- Pərviz bəy, Urmu məsələsi
ilə bağlı fikirləriniz nədən ibarətdir və
rejim bununla nəyə nail olmaq istəyir?
- Hələ fars Pəhləvi sülaləsi dövründə
(1924-1977) Güney Azərbaycan ərazisinin
boşaldılması, türklərdən təmizlənməsi
dövlət siyasətinin mühüm strateji hədəflərindən biri idi. Bunun
üçün ən "məhsuldar"
vasitə bölgənin iqtisadi
inkişafını əngəlləmək və əhalini iqtisadi baxımdan digər bölgələrə
köçməyə məcbur etmək kimi
siyasət yeridilirdi. Bu baxımdan, Urmu hədəfdə öndə gəlir. Çünki Türkiyə və Quzey
Azərbaycanın sərhəddindədir, bu
iki müstəqil türk
dövlətlərindən gələn azadlıq və türkçülük rüzgarını ilk içinə çəkən, PKK ilə
üzbəüz olduğundan milli türk
hissləri yüksək olan bir bölgədir. Həm də bölgənin
coğrafi xüsusiyyəti (fars təhsil və idarə mərkəzlərindən
uzaqlıq) fars təsirini azaldır.
İranda farsların kompakt
yaşadığı bölgələrdə Azərbaycan
türklərinin icmalarına nəzər yetirsək,
onların əksəriyyəti məhz Güney
Azərbaycanın qərbindən, ilk
növbədə Urmudan olduğunu
görərik. Soydaşlarımız dözülməz iqtisadi şəraitdən bezərək, iş və dolanışıq dalınca digər
regionlara, xüsusilə iqtisadi
cəhətdən inkişaf etdirilən fars bölgələrinə üz
tuturlar. Bununla da fars rejimi
istədiyinə nail olur.
Farsların çoxluq təşkil etdiyi regionlara köç etmiş
türklər ikinci nəsildə artıq
farslaşmağa başlayırlar.
Urmu gölünün
quruması məhz Pəhləvi dövründən
başlamış, daha sonra
ruhani qiyafəli fars
şovinistləri dövründə davam
etdirilən siyasətin nəticəsi kimi
dəyərləndirilməlidir. Təsərrüfatın və
iqtisadiyyatın qərəzlə inkişaf
etdirilmədiyi yerlərdə ekoloji fəlakət
qaçılmazdır.
Amma əminliklə demək olar ki, Tehrandakı
farsçı rejim Azərbaycan türklərinin
yüksək səviyyədə etiraz nümayiş etdirəcəyini gözləmirdi.
Buna görə də bölgəyə təcili
maliyyə yardımı artırılması barədə qərar
əslində, az da olsa, Güney Azərbaycanın
əldə etdiyi mühüm
uğurdur.
- Sizcə, rejim Urmu gölünü
qurutmağa nail olsa, proseslərin sonrakı mərhələsi necə ola bilər?
- Tarixən antidemokratik dövlətlərdə milli azlığın məhv edilməsi üçün insani və
ya ekoloji fəlakətdən
istifadə geniş yayılmış təcrübədir.
Sovetlər dönəmində Kreml
quraqlıq və məhsuldarsızlıqdan istifadə edərək
Qazaxıstanda, Ukraynada ("qolodomor" soyqırımı) milyonlarla qazaxın və ukraynalının məhvinə
nail olmuşdu. 1920-ci
illərdə Güney Azərbaycanda milli hərəkatı yatırmaq üçün ingilislər və fars şovinistləri də böyük
aclıq yaratdılar ki, bunun
nəticəsində milyona qədər Azərbaycan
türkü məhv edildi.
Bu az öyrənilmiş
tarixi faciə barədə hətta diplomatik (səfarət, elçilik)
yazışmalar və digər sənədlər də var.
Mən bir tarixi faktı nəzərinizə
çatdırmaq istəyirəm. Sovetlərin
çinlə düşmənçiliyi dövründən SSRİ-nin dağılmasınadək çinin Rusiya ilə sərhəd
bölgəsində yerli əhali mancurlar idi. çin şovinistləri bu
bölgəni elə duruma gətirdilər
ki, mancurların böyük
bir qismi ölkənin
içərilərinə doğru miqrasiya (köç) etdi, bölgə boşaldı.
Sovetlər dağıldıqdan sonra Rusiya ilə sərhəd ticarəti gücləndi,
onda bu bölgənin strateji və iqtisadi əhəmiyyəti
də artdı. Çin şovinistləri boşalmış bu bölgəyə çinlilərin və çinli şirkətlərin kütləvi
şəkildə yerləşməsi üçün
şərait yaratdılar. İndi bu bölgədə mancurlar
say azlığındadır və öz əzəli vətənlərində
çinliləşirlər. Eyni siyasət
Çinin Uyğurustan bölgəsində
aparılır.
Zənnimcə,
farsçı rejim tərəfindən
Türkiyə və Azərbaycan arasında strateji
əhəmiyyətə malik, yəni
"Türk Dünyasının strateji qapısı" olan
Urmu bölgəsi barədə də oxşar plan gerçəkləşdirilməkdədir.
- Necə düşünürsünüz, Güney Azərbaycan Milli
Hərəkatı dünyada baş verən siyasi dəyişikliklərə
hazırdımı?
- Son etiraz
dalğasını təkcə Urmu gölünün quruması ilə bağlamaq düzgün
olmazdı. Soydaşlarımızı xiyabanlara
çıxaran fars şovinizminin
yaratdığı, illərlə üst-üstə yüklənən
milli zəmində aşağılama və
türkə qarşı nifrət siyasətinə etiraz idi. Bu hərəkat
göstərdi ki, artıq Azərbaycan
türkləri sırf öz mənafeləri,
öz milli mənliyi uğrunda mübarizə edə bilir. XX əsrin əvvəllərində və
70-ci illərində Güney Azərbaycan
hərəkatı "irançılıq" kimi çərçivədən çox cüzi halda kənara çıxa bilirdi.
Nəticədə, bir farsçı rejimini digəri əvəz edir,
qazanan yenə farslar olurdu. İndi isə bu hərəkat Azərbaycan türkünün
öz milli mənafeləri
üçün mübarizə istiqaməti
alıb. Beləliklə, artıq təşkilatlanan bu hərəkat konkret (əsas)
və praqmatik (real) hədəfləri
götürüb. Bu
hədəflərə çatmaq üçün itkilər əbəs deyil.
Dünyada baş verən
proseslərə gəldikdə, yenə də Azərbaycan Milli Hərəkatı bu
proseslərdən nə gözlədiyini və nəyi əldə
edəcəyini dəqiq bilməlidir.
- Bu gün ən çox səslənən fikirlərdən biri də odur ki, Qərb Amerika Milli Hərəkatını dəstəkləmir
və s. Bəlkə onlar
Milli Hərəkatı bir
güc olaraq
görmürlər?
- Daha doğrusu, Qərb və
Amerika Güney Azərbaycan
Milli Hərəkatını görmək
istəmirlər. Hətta bir çox Qərb siyasi xəritələrində
Urmu bölgəsi "kürd
məkanı" kimi qələmə verilir. Bu, çox
narahatedici faktdır.
Qərb və
ABŞ bilməlidir ki, regionda
Azərbaycan və türk faktorunu
qulaqardına vurmaqla öz
mənafelərini öncədən uçuruma
yuvarladırlar. Urmu gölünün
quruması ilə bağlı etiraz hərəkatından
sonra da regionda türk faktorunu dışlayıb, PKK-PJAK-a,
ermənilərə və ya fars islahatçılarına həlledici amil kimi baxmaq
siyasi intihardır.
Bu cür qərəzli
yanaşmada onlar
Rusiyanın səhvini təkrar edirlər. Rusiya
Güney Qafqazda erməniləri
dəstəkləməklə gerçək olaraq
öz təsir dairəsindən
Gürcüstanı itirdi, potensial
(bütöv) olaraq Azərbaycanı
itirmək üzrədir və bu regionda Türkiyəni gücləndirdi. Qərbin
antitürk dairələrinin bu cür siyasi
korluğu ona gətirib
çıxara bilər ki, Azərbaycan türkü onlara vacib olan anda
onların gözləmədiyi gedişatı edə bilər.
Ona görə də regionda
marağı olan güclər Azərbaycan
Türklərinin Milli Hərəkatı
ilə hesablaşmalıdırlar.
Elnur Eltürk
Təzadlar.- 2011.- 7-10 oktyabr.-
S.7.