Bir sevgi - bir ömür...

 

Yaxud, indiyədək adını bilmədiyimiz istedadlı yazıçı Həbib Fərşbaf

 

Son dövrlərdə çağdaş Güney Azərbaycan ədəbiyyatının yeni-yeni nümunələri ilə tanış olmağımız bizi hədsiz sevindirir. Güneyli qardaşlarımızın yaradıcılığında poeziya nümunələri ilə müqayisədə nəsr nümunələrinin azlığı diqqəti cəlb edən məsələlərdəndir. Məlumdur ki, nəsr həyat gerçəkliyinin daha dərindən, daha ətraflı və təfərrüatlı əks etdirilməsi doğma dilin incəliklərinə daha dərindən bələdliyi ilə bağlıdır. Ədəbiyyat tariximizdən bilirik ki, nəsrimizin inkişafında xidmətləri olan ədiblərimiz arasında müəllimlər az olmamışdır.

Qüzeydə Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Sultanməcid Qənizadə, Rəşid bəy Əfəndiyev, Güneydə Mirzə Həsən Rüşdiyyə, Səməd Behrəngi müəllim olmuşlar. Xalqımızın ictimai şüurunda böyük rol oynamış bu şəxsiyyətlər həm də xalqın həyatını dərindən bilən ziyalılarımız olmuşlar. Cəmi 28 il yaşamış böyük istedad sahibi, yazıçı və folklor toplayıcısı Səməd Behrəngi həm də cəfakeş bir xalq müəllimi olmuş, qısa ömrünü millətin balalarının təhsilinə həsr etmişdir. Əsl peşəsi müəllim olan Həbib Fərşbafın "Nurlan" nəşriyyatında çapdan çıxmış, yeni əldə etdiyim "Bir sevgi - bir ömür" hekayələr toplusu indiyədək adını bilmədiyimiz istedadlı Azərbaycan yazıçısından xəbər verir.

Müasir Güney ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan, istedadlı şair, nasir, müəllim Həbib Fərşbaf 1944-cü ildə Təbrizin məşhur Bağmeşə məhəlləsində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. İbtidai təhsilini Təbrizin "Mümtaz" adlı mədrəsəsində bitirmiş, əlaçı şagird kimi "Siqətilislam" dəbiristanında orta təhsilini davam etdirərək diplom almışdır. Təhsil illərində Həbibin ana dilinə, şifahi xalq ədəbiyyatına marağı artır. İlk müəllimləri Əlipurun, Firidun Qərəçorlunun təsiri ilə o da müəllim olmaq qərarına gəlir.

H.Fərşbaf uzun illər ərzində Qaradağın ucqar kəndlərində müəllimlik etmiş, çətinliklərə, ciddi sınaqlara baxmayaraq, yolundan dönməmişdir. Həsən İldırım yazıçının kitabına yazdığı "Xalq həyatının bədii lövhələri (Ustad Həbib Fərşbafın hekayələrinə ötəri baxış)" adlı dəyərli ön sözdə H.Fərşbafın fədakar müəllimlik fəaliyyəti barədə belə yazır: "O, Qaradağın ən ucqar kəndlərindən başlayaraq, ömrünün ən gözəl çağlarını, barlı-bəhərli illərini qaradağlılarla keçirmişdir. Qaradağda mərdəsəsiz kəndlərdə məktəb tikib, klas qurub, bu sayaq o yurdda mədrəsə binası tikə-tikə, elm toxumunu əkə-əkə, dələduzlarla döyüşə-döyüşə qaradağlıların bütün işlərində yaxından iştirak etmişdir: gündüzlər mədrəsələrdə kəndlilərin oğlan-qızlarına klas təşkil edir, gecələr də öz evində kəndlilərə Mirzə Cəlilin hekayələrini, "Hop-hop", Möcüz və başqalarının əsərlərini oxuyurtoylarda, yaslarda xalqın sevincinə, qəminə şərik olur. Xəstələrin dərmanını Təbrizdəki həkim dostlarının vasitəsilə təmin edir. Küsənləri barışdırır. Zorakıları yerində oturtdurur. Qaradağı oba-oba, oymaq-oymaq gəzir. Aşıqların məclisində olur. Müəllim və ziyalıların cəmiyyətlərinə qatılır". "Aşıq elin anasıdır" məsəlini eyni uğurla fədakar müəllimlərimizə, Həbib müəllimə də aid etmək olar. Xalqının sevincinə-kədərinə şərik olan, onun məhəbbətini, etimadını qazanan Həbib Fərşbaf Həbib müəllim olur, xalqın bayatı, qoşma, nəğmə, nağıl və atalar sözlərini toplayaraq Təbrizdə folklor sahəsində çalışan dostlarına çatdırır. Sonrakı illərdə o, səhhəti ilə bağlı olaraq Təbrizə qayıdır, Dəvəçi, Şengilan məhəllələrində müəllimliyini davam etdirir.

 

***

 

Həbib məktəblərdə şifahi xalq ədəbiyyatı nümunələrindən, xalq mahnılarından, muğamlarımızdan tədris prosesində geniş istifadə etmişdir. O, şagirdlərə savad verməklə bərabər, onlarda yüksək insani keyfiyyətlər, nəcib duyğular tərbiyə etməyə birinci dərəcəli əhəmiyyət vermişdir. İnqilabdan sonra Təbrizdə fəaliyyət göstərən Yazıçı-Şairlər Cəmiyyətinin rəyasət heyətinə üzv seçilən H.Fərşbaf "Qaradağ kəndlərində", "Dan yeri", "Uşaq bağçası" adlı kitablar çap etdirmiş, Tehranın 4-cü məntəqəsində müəllimliyini davam etdirmiş, burada ədəbi cəmiyyətlərdə iştirak etmişdir.

Həbib Fərşbafın "Bir sevgi - bir ömür" kitabında toplanan hekayələrində diqqəti ilkin cəlb edən ən əlamətdar cəhətlər hansılardır? Bu əsərlərin mövzusu həyatdan götürülüb, onlar yazıçının Azərbaycan kəndlərində müəllimlik etdiyi illərdə yazılıb. Burada uydurma heçyoxdur, müəllif elə bil ki, sənədlər əsasında tariximizi yazır. Tarix məgər ancaq hadisələrin nə zaman baş verdiyini qeyd etməkdən ibarətdir? Bəs insanın, vətəndaşın həyatda qarşısına çıxan çətinliklərlə mübarizə aparması, təslim olmaması, şəxsiyyətini qoruyub saxlamağa çalışması tarix deyil? Tarixin bu tərəflərinin yazılması daha çox yazıçıların üzərinə düşür. Yazıçıdan tələb olunan yalan yazmamaq, ancaq gerçəyi deməkdir. Bilə-bilə bəzi məsələlərin üzərindən sükutla keçmək elə ən böyük yalandır. H.Fərşbafın hekayələlərində biz tariximizin müəyyən dövründə həyatı, şəxsiyyəti, mənliyi uğrunda mübarizə aparan Güney Azərbaycan türkünü, onun sevincini, kədərini, faciəsini görürük. Realist yazıçının əsərində, təbii ki, faciə daha çoxdur, lakin bu faciə mənən yenilməyən, təslim olmağı ağlına belə gətirməyən, ölümün gözünə gülə-gülə, dik baxan adamların faciəsidir. "Bir sevgi - bir ömür" hekayəsində sevgilisi həlak olmuş, yoxsulluq içində çabalayan, məhəbbətinə xəyanət etməyib ona elçi düşənləri qapıdan geri qaytaran, hər gün sevgilisinin yeganə məktubunu təkrar-təkrar oxutduran və xəyalən xoşbəxt günlərinə qayıdan Zeynəbbəyimdən söhbət gedir. Bir zamanlar çox gözəl olmuş bu savadsız qadının yenilməz, möhtəşəm şəxsiyyəti göz qabağındadır. Ürəyində yaşatdığı sevgisi bu ağır şəraitdə yaşayan, axşamlar ac yatan qadını məğlubedilməz, qüdrətli şəxsiyyətə çevirmişdir. Həyata belə münasibət böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini (məsələn, "Şeyx Şəban") xatırladır: İnsanın həyatı faciədir, lakin hamının sonu eynidir. Faciə qaçılmazdır və deməli, şəxsiyyətini qoruyub mümkün qədər ləyaqətlə yaşamaqdan başqa çıxış yolu yoxdur.

Yazıçının hekayələrinin çoxu novelladır: gözlənilməz sonluq oxucunu dərindən düşünməyə məcbur edir. "Süleyman" hekayəsində kəndlilərin yetişməsini gözlədiyi buğda zəmilərini qəfil yağan dolu bərbad edir. Kəndlilərin bu faciəsi fonunda müəllif gündə birinin damına çıxan, oğurluqda ittiham edilərək məktəbdən qovulan Süleyman adlı bir uşaqdan bəhs edir. Hekayənin sonunda məlum olur ki, sən demə, "oğurluq üstə yaxalanan" Süleyman imkansızlara onlardan xəbərsiz bacadan çörək atırmış.

"Qara qış" hekayəsi, fikrimcə, müəllifin başına gəlmiş əhvalat əsasında yazılmışdır. Qəhrəman özü ilə Təbrizdən kəndə gətirdiyi bir dənə narı xəstələnmiş Güləndam xalaya verir. Kəndi ev-ev gəzən bu pülüşüyünün pərələri sınmış nar bir gün onun evinə qayıdır. Hekayədə yumor, gülüş yox kimidir: əsas diqqət insanların çətin şəraitdə bir-birlərinə həyan olmaları, yardımlaşmalarıdır. Bir nar dənəsi insan qəlbinin genişliyinin göstəricisi olur.

"Humay" hekayəsində Qoşabulaq kəndinin igidi Alişanın kənddə olmadığından istifadə edən Aslan xan böyük bir dəstə ilə gecə gəlib ot tayalarını dəvələrə yükləyib aparır. Alişanın vəfalı həyat yoldaşı, özü kimi igid Hümay bu haqsızlığa qarşı ancaq bir mübarizə üsulu tapır: oğurlanan ot tayalarına od vurur. Aslan xanın qorxaqcasına oğurluğunu qucağında körpə uşağı olan bu gənc qadın belə cəzalandırır. Yazıçı Güney Azərbaycan, Qaradağ kəndlərində gördüyü hadisələri təsvir etməklə cənublu həmvətənlərimizin içində gizlənmiş, zamanı gələndə üzə çıxan daxili qüvvəni hamımıza göstərir.

 

***

 

Bu hekayələrin bir diqqətəlayiq cəhəti də obrazlı, koloritli dilidir. Yazıçı Qaradağ kəndlərinin təmiz havasını, zəmilərinin, meyvələrinin qoxusunu, yayının istisini, qışının soyuğunu fiziki hiss edəcək səviyyədə oxucuya çatdırır. Onun dili xalq dilindən bəhrələnmişdir, folklordan gələn obrazlılığa sahibdir. Yazıçının obazlı dilindən bir neçə nümunə: "Hönkürtülər dağın-daşın bağrını dəlirdi". "Kor cınqırını çıxartmadan nəfəsini oğurlayıb dayanır". "Sazaq iynə-iynə bədənimə sancılırdı".

Fikrimcə, Həbib Fərşbafın hekayələrini bizim üçün dəyərli edən bu qeyd edilən cəhətlərdir. Bu əsərlər güneyli-qüzeyli ədəbiyyatımızın orijinal nümunəsi kimi ədəbiyyatşünaslığımızda öz layiqli qiymətini almalıdır.

 

 

Paşa ƏLİOĞLU,

filologiya üzrə fəlsəfə doktoru

 

Təzadlar.- 2011.- 11 oktyabr.- S.7.