Talan olmuş əsir şəhər - xatirələrdə

 

(Vahid Qazinin "Ruhlar şəhəri"ni oxuyarkən...)

 

Bu gün İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və neçə-neçə başqa yurd yerlərimiz erməni vəhşilərinin tapdağı altında inləyir. Şəhər və kəndlərimiz yerlə-yeksan edilib, xarabalığa çevrilib, yer üzündən silinib. Belə şəhərlərdən biri də möhtəşəm Ağdamdır.

 

Publisist Vahid Qazinin "Ruhlar şəhəri" kitabı erməni cəlladlarının işğal etdikləri Ağdam şəhərindən bəhs edir. "ön söz", "Son söz" və on beş essedən ibarət kitabın müxtəlif başlıqlı hər bir bölümündə Ağdam şəhərinin keçmiş qaynar həyatının müəyyən bir anı yad edilir, real həyat faktları, insanları, evləri, küçələri anılar, bədii sözlə tablosu çəkilir. Ağdam şəhərinin daxili quruluşu, küçələri, mədəniyyət ocaqları, məktəbləri, çayxanaları, kinoteatrı, müxtəlif təbəqədən olan ayrı-ayrı insanları xatırlanır, onlarla bağlı maraqlı hadisələr göz önündə canlandırılır. Hər bir ana həssaslıqla yanaşan Vahid Qazi insanı heyrətləndirəcək dərəcədə sanki keçmişə real səyahətə aparır.

Kitab sevimli şairimiz Ramiz Rövşənin "Mümkünsüz qayıdış"ın əzabı" başlıqlı ön sözlə açılır.

 

***

 

Vahid Qazi ilk sözünü oxuculara müraciətlə belə deyir: "Dostum oxucu! Bu kitabı sənə əmanət verirəm. Ağdama yolun düşəndə gətirərsən. Bu sətirlərə iki kəlmə əlavə edib qaytaracam özünə. O ikicə kəlmə "Azad Qarabağda" yazılacaq" (səh. 8).

Müəllifin müraciəti oxucularda kitaba maraq yaradır. Bu fikrin ardınca o, "ruhlar şəhəri" siyahısına salınan Ağdam haqqında xarici nəşrdən sitat gətirir: "www.WebUrbanist.com internet nəşri Ağdamı turistlər arasında maraq doğuran 24 ruhlar şəhəri siyahısına salıb. Sayt Ağdamı oxucularına belə təqdim edir: "Ağdam - Ruhlar şəhəri. Müharibədə darmadağın olmuş, tərk edilmiş Azərbaycan şəhəri. Ermənilər bir zamanlar 150 mindən çox (rayon nəzərdə tutulub - S.R) məğrur insanın yaşadığı bu qələbəlik şəhəri zəbt edərək vandalizmə məruz qoyublar, xarabazarlığa çeviriblər..." (səh. 9)

Vahid Qazi bu sözlərlə danışacağı sonrakı hadisələr arasında sanki körpü yaratmışdır.

Kitabda birinci esse "On yeddi" adlanır. Müəllif "sakini sərgardan ruhlar olan" şəhərə oxucunu səyahətə çağırır. İlk sözə ingilis jurnalisti Tomas de Vaalın "Qara Bağ" kitabından gətirdiyi : "...1993-cü ildə ermənilər Ağdamı ələ keçirdikdən sonra küçələri, evləri bir-bir talayıb daşıdılar..."(səh. 12) sözləriylə başlayır.

Vahid Qazi 17 rəqəmini xüsusi vurğulayır: "...Bu yay Ağdamsızlığın 17 yaşı olacaq. "17" tanıdığım ilk rəqəmdi. 1, 2, 3-dən , elə 7-dən əvvəl. "Baharın 17 anı" filmindən tanıyıram onu, ilk sevimli filmim olub. 17 nömrəli sovet xokkeyçisi Xarlamov uşaqlığımın kumiriydi. 17 yaşımda ağdamlı uşaqlığımla sağollaşdım. 17 yaşımda xəyallarımın şəhəri Bakıda gəncliyimlə salamlaşdım. Sonra dava başladı. Qohum-əqrəbanın sevimlisi, əzizim Anarı Xramord ətəyində erməni gülləsi 17 yaşında haqladı..."

Müəllif "Vətən" "Yurd" sözlərinin mənasını özünəməxsus tərzdə açmağa çalışır: "Vətən böyükdü, hamınındı, ümumidi. Bakı, Şəki, Ordubad da vətəndi... Aydan baxsan, Yer vətəndi. Amma hər kəsin içində balaca, yalnız özünə məxsus bir küncü var, bax, ora Yurd deyirlər. O, diridi, tərpənir. Yaxınlaşıb baxırsan, qoxulayırsan, toxunursan, o üzünə, bu üzünə çevirirsən, qapısını açıb içinə girirsən. Girirsən görürsən ki, o, elə özünsən..."

Müqəddəs sandığı Yurdun dağılmasını təsəvvüründə belə canlandırır: "düşmənlər səni bir vaxtlar kölgəsində kitab oxuduğun armud ağacına sarıyıblar. Ağzını yummayıblar, ürəyin sıçrayıb dişlərinin arasından düşənədək bağırasan deyə. Gözlərin açıqdı, görəsən - çıxıb uzaq dağlara, yaxın həyətlərə baxdığın damı dəmir-dəmir necə sökürlər, gizlənqaç oynayanda arxasında gizləndiyin divarı daş-daş necə qoparırlar, üstündə min oyundan çıxdığın ananın cehizlik xalısı döşənmiş döşəməni taxta-taxta necə yarırlar, yağışlı günlərdə tərli şüşəsinə barmağınla şəkil cızdığın pəncərələri lay-lay necə çıxarırlar, hərəsindən bir xatirən sallanan ağacları budaq-budaq necə kəsirlər..."

Hər gecə bu mənzərənin beləcə təkrarlandığını, yuxunu ərşə çəkdiyini yazır. Sonunda üzünü dost dediyi oxucuya tutur: "Heç bilirsənmi xatirələrin külü qoxuyur? Heç yanan ruh gördünmü? Heç qoxuladınmı yanmış ruhun külünü? Amma mən bilirəm! 17 ildi qoxulayıram bunu" (səh. 14) Vahid Qazinin bu sözləri oxucunu daxilən sarsıdır, titrədir, ona mübarizə üçün ruh, enerji verir.

Birinci esse Ağdamı son görənlərdən biri, çex jurnalisti Petruşka Şustrovanın məqaləsindən sitatla bitir: " vaxtsa gözəl şəhər olmuş Ağdamın indi olduqca qorxunc mənzərəsi var... ona baxmaq olduqca dəhşətlidi... Ağdam xarabalıqlarını gəzəndə birdən cib telefonuma mesaj gəldi. Qısa mesaj sanki gördüyümüz bu mənzərənin dəhşətini bir ironiya - sarkazmla vurğulamağa çalışırdı: "Azərbaycana xoş gəlmişsiniz. çexiyaya zəng vurmaq üçün ilk öncə + 420 yığın" ( səh. 15). Bu sitatdan sonra müəllif sanki bütün dünyaya müraciətlə soruşur: "Bəs mənim ruhlar şəhərimin kodunu bilən varmı?"

 

***

 

"Heyva qoxulu zirzəmi" adlı ikinci essedə müəllif uşaqlığının ilk illərinə qayıdır. Hər səhər Seyidli kəndinin Mollalar məhləsindəki nənəsinin evində radio "Danışır Bakı. Bakı vaxtıyla saat 6-dır" (səh. 16) deyərək səhərin sükutunu pozurmuş. Radioda əvvəl sovet Azərbaycanının himni, daha sonra isə səhər gimnastikası verilirmiş. "Ayaqlarınızı aralı saxlayın, əllərinizi yuxarı qaldırın!" Yaxşı ki, bütün cümlələri əmrdən ibarət olan idman proqramı elə "Azad!" əmriylə bitirdi. Yoxsa hələ əllərimiz yuxarı, ayaqlarımız aralı qalmışdıq."

V.Qazi kəndə nənəsigildə yaşadığı günləri əziz xatirə kimi oxucularına danışır. "...Yazda daşıb çay, yayda quruyub arx olan Qaraçava", "Molla Qurbanlılar, Qazılılar, Təpəməhlə, Ayağıyalınlar məhlələri", "...Nikolayın babasından qalma baba evi", "divardan asılan tablo", "pəncərədəki radionun yanında sallanan lobya, noxud, kəklikotu, ... qovurğalıq buğda torbaları", "evin heyva qoxulu zirzəmisi", "zirzəminin qorxunc qaranlığı" axıcı təhkiyyəylə təsvir olunur (səh. 20).

 

(Davamı var)

 

 

Sabir Rüstəmoğlu,

Azərbaycan Müəllimlər İnstitutunun

Ağcabədi filialının dosenti

 

Təzadlar.- 2011.- 13 oktyabr.- S.6.