Talan olmuş əsir şəhər - xatirələrdə

 

(Vahid Qazinin "Ruhlar şəhəri"ni oxuyarkən...)

 

(Əvvəli dünənki sayda)

 

...Müəllif kitaba daxil etdiyi "çəpər" essesində çəpər qonşularından şirin röya kimi danışır. Milis rəisinin, baş hakimin evi, rayon milis şöbəsi onların çəpər qonşuları imiş. Burada çəpər sanki başqa bir dünyayla sərhəd idi, elə bir sərhəd ki, balaca uşaq buradan həm keçmişə, həm də gələcəyə boylana bilirdi.

"Xilaskar ölüm marşı" essesi Ağdam Musiqi Texnikumunun şəhərin həyatında oynadığı rola bədii işıq tutur. Müəllif evlərinin birinci mərtəbəsində yaşamış musiqiçi tələbə qızların onun musiqi dünyasının formalaşmasından həvəslə söz açır və musiqiyə münasibətini belə bildirir: "Musiqini səhər çalarlar! Hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, ...ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda çalarlar."

 

***

 

"Ağ gecənin yuxusu" və "Vaxt olmayan yer" esseləri oxucunu o dövr oğlan uşaqlarının futbol dünyasına aparır.

Burada müəllif "Köhnə hamamın Lenin küçəsinə burulan tinindən milis idarəsinə qədər olan hissəni" (səh. 33) futbol meydançasına çevirmələrini sanki böyük bir tarixi hadisə kimi danışır. Küçə "stadion"unu belə təsvir edir: "Hamam istixanasının borusundan çıxan qara-qura his küçənin havasına qəti təsir eləmirdi, olsa-olsa anaların təzəcə yuyub asdığı köynəklərə qonar, ya da uşaqların alnından axan tərə yapışardı. Sağ olsun küçə uzunu sıralanan, boyu hamam borusundan da uca yamyaşıl çinar ağacları; yad qoxuları udar, havanın keşiyini çəkərdi. Yad qoxular dedim, gedəndə sol, gələndə sağ səkiylə nazlanan "uçilişa" qızlarının ətri, mülki geyimli "OBXSS" milislərin bahalı odekolon qoxusu yad olmadığından çinar yarpaqları onu udmurdu, saxlayırdı bizə..."

Müəllif evlərindən şəhər stadionuna gedən yolu zərgər dəqiqliyiylə çəkib: "Stadiona məhləmizdən getmək üçün Bakı-Qazax magistralının Yevlax şəhərinin içindən keçən hissəsindəki dairədən başlayan, Bərdənin baş prospektini kəsib Stepanakertdə dirənən yolun Ağdamı ikiyə bölən 28 aprel küçəsi adlanan hissəsiylə yol alıb, "Çörəksatan" Kamilin (hələ dava başlamayıb, hələ oğlu Şamil şəhid olmayıb) dükanından keçib, Ağdam Dram Teatrının qabağındakı meydanı arxada qoyub, Lenin bağının tinindən yolu adlayıb sovet illərində regionun işləyən yeganə məscidiylə, indiki dillə desək, analoqu olmayan çay Evinin arasından Ət Kombinatına sarı üz tuturduq."

Yol boyu sonralar milli qəhrəman olacaq iki nəfər də yad edilir: şəhər restoranının yanından keçəndə Allahverdi Bağırov və stadiona bitişik evin qarşısından ötəndə sahibi Fred Asif.

Qarabağ xanlarının ailə qəbiristanlığının yerləşdiyi "İmarət" tarixinə qısa nəzər salınır, 80-ci illərdə burda keçirilən "Natəvan" qızlar bayramı, "Xarı Bülbül" beynəlxalq festivallarından xüsusi zövqlə söz açılır. "1989-cu ildə keçirilən sonuncu festivalda dünyanın müxtəlif ölkələrindən 60 ansambl iştirak edirdi. Meksikalılar daha maraqlı çıxış etdilər. "Uşaqlar onları braziliyalı bilib "Zikonun yerliləri" deyib çağırırdı" (səh. 38).

"Qarabağ" futbol klubunun sələfi "Şəfəq"in Masallının "Viləş"iylə "İmarət" stadionunda keçirdiyi oyunun nostalji qarışıq yumorla təsviri oxucu simasında xoş təbəssüm yaradır. "Tribunadakıların bağırtısı (Əziz Nesinin yerliləri hələ indi öyrəniblər stadionda bağırmağı), xəttin qırağındakı uşaqların qışqırtısı topu rahat ram eləməyə imkan vermirdi, rəqib oyunçular topu dərhal itirirdilər. Qapıçı bilmirdi oyunu izləsin, topa baxsın, yoxsa qapının arxasındakı uşaqları güdsün. Çünki hücum anında arxadan elə səs qopurdu ki, deyirdin bəs, gələn monqol-tatar qoşunudu... İmarət ləngər vururdu. Stadiondakı bir-iki min azarkeşin bağırtısı, yalan olmasın, on minlərlə "Marakana" tamaşaçısının səsini batırardı, inan! Həmin gün stadionun səsi çahargah üstündə köklənmişdi. "Şəfəq"in şöləsi projektor olub rəqibin gözünü tutmuşdu. "

Oxucunun xoş ovqatı uzun sürmür, müəllif bu bölməni dərin bir kədər hissiylə bitirir, hamını düşünməyə vadar edən kədərlə: "İndi mənim küçəmdəki stadionum böyüyüb, Ağdamın özü boyda meydana çevrilib. Bir vaxtlar anamın aldığı oyuncaq stadionda öz-özümlə oynadığım kimi indi orda düşmən də özü-özüylə oynayır. Bir yanda tanklar, o biri yanda BTR-lər düzüb, top oynadır. Amma mənimkindən fərqli olaraq, bu "stadion" oyuncaq deyil, poliqondu. vaxtsa Braziliyanı belə udmağa iddialı görünən şəhərdə indi oyunlar bizsiz keçir. Uduzub çıxmış kimiyik... "Lazım gəlsə", bir girəcəyik oyuna. "Lazım gəlsə" hələ gəlməyib, deyirlər gedib top almağa..."

 

(Davamı var)

 

 

Sabir Rüstəmoğlu,

Azərbaycan Müəllimlər İnstitutunun

Ağcabədi filialının dosenti

 

 Təzadlar.- 2011.- 14 oktyabr.- S.6.