Talan olmuş
əsir şəhər - xatirələrdə
(Vahid Qazinin "Ruhlar şəhəri"ni
oxuyarkən...)
(Əvvəli dünənki sayda)
"Novruz sabahının pəncərəsi"
kitabdakı yeddinci essedir. Müəllif
10 yaşlı uşağın yağış yağarkən
pəncərədə oturub gəlib-gedənə
tamaşa eləməsini gələcəyə
doğru yeni ümidin parıltısı kimi
göstərir. Fransız
yazıçısı Floberi
xatırlayır və onun fikirlərini öz düşüncə tərzi ilə
müqayisə edərək deyir: "150 il əvvəl "Əyalətdə pəncərə
teatr və gəzintini əvəz edir" yazan Floberin Fransasında da belə
olub, indi də belədi,
yəqin 100 il sonra da belə olacaq..." (səh. 43).
"Dünya bir pəncərədi..."
məsəlini dünyaya pəncərədən
baxmışlar yəqin daha yaxşı anlayar" deyən müəllif gah pəncərə önündən
keçən "Qırmızı tirmə şal
üstündə oturdulan kuklalı
QAZ-21-də aparılan gəlinə", gah
"izdihamın çiynində
yırğalana-yırğalana Qarahacılı qəbiristanlığına gedən tabut"a baxır, gah da "Mardakert,
Kəlbəcər dağlarından, yaylaqdan
dönən köçün asfaltdan qopan ayaq səsiylə quzu mələşməsinin
yaratdığı xoş bir
musiqi"ni dinləyir.
Bəzən
"Səhər tezdən camaatı pambıq
yığımına səsləyən mədəniyyət evinin "avtoklubu"nun" çaldığı mahnıya, bəzən
də süd-qatıq satan
"Xıdırlı arvadların solo
çığırtıları"na oyanır.
Pəncərənin
solundan, sağından çıxan
neçə adamın xarakterini
açır və beləcə, oxucunu bu gün mövcud
olmayan bir şəhərin
uzaq 70-ci illərinə, xoşbəxt
çağlarına aparır.
V.Qazi oxucunu "Yusifüzlü
kitablar" adlı essedə şəhərin
kitab, "Rəngsiz kino"da isə kino
dünyasına səyahətə aparır, Ağdamın o vaxtkı ziyalı mühitiylə
tanış edir. Şəhərin kitabxanaları,
kitab mağazaları, dram
teatrı, onun Tofiq Qarayev kimi məşhur
aktyorları, adı dillərdə gəzən "Dostluq" kinoteatrı, onun
"...haqqında rəvayət və lətifə gəzən
arıq, balacaboy, əsəbi və söyüşcül olmasına baxmayaraq, hamının hörmət etdiyi" "kino Fazil" çağrılan müdiri,
çayxana və onun
"qəhrəmanları", tum satanlardan tutmuş
neçə-neçə məşhur adamacan
yada salır, şirin
xatirələri elə şirin dillə
də danışır.
"Azan oxuyan göyərçin"
essesində müəllif müxtəlif sənət
adamlarından maraqlı hadisələri yada
salır. Oxucuya tanış olan-olmayan musiqiçilərdən söhbət
açır. 70-80-ci illərin Rəmiş əfsanəsi, Qədir
sehri, Səxavət məlahəti,
Şahmalı klassikası, Sədi səmimiyyəti və daha nə qədər sənətkar sevgiylə
yad edilir.
"Ağdamdan musiqiçi gətizdirmək
"prestij" sayılırdı. Məhərrimlikdə
toy olmayanda Yerevandan çimkəndədək səpələnirdilər",
"Sədinin də səsi Azərbaycan boydaydı",
"Səxavətin sənətə gəlişi səs-küylü
oldu, toy kasetləri əl-əl
gəzirdi", "Bulvarın qırağındakı Eldarın səsyazma
studiyasından Şahmalı Kürdoğlunun
səsi aləmi başına götürmüşdü,
...bulvarın ağaclarını, quşlarını belə
sehrləmişdi", "Başqa
yaxşı gitaraçılar kimi üzbəüz
qonşu Rzanın da bəxti
onda gətirmədi ki,
Rəmişlə eyni vaxtda,
eyni şəhərdə yaşadı".
Yurdundan didərgin düşmüş
sənətkarın taleyini ikicə kəlməylə
belə nəql edir: "Vaxtı ilə
atamın toyunu çalmış qonşu Paşa
dayının səsini son dəfə bir-iki il əvvəl
Bakı restoranlarının birində eşitdim.
Eşitdim və on yeddi ildir tikə-tikə itirdiyim ürəyimin bir
parçası da içinə beş-on manat atılan
qavalını görəndə yerə düşdü".
"Hafiz Sədrzadə zil və
yanıqlı səsiylə seçilirdi...
"Zəminxarə"nin ustasıydı... Sonralar
məscidin minarəsindən azanı onun
səsiylə verirdilər. Dinləyən kafir
balası da islama gələrdi.
Mən hələ o cür
azan eşitməmişəm, nə İstanbulda, nə Səmərqənddə, nə
də Sovetskidə..." V.Qazi kitabın bu essesini ürək paralayan kədərlə bitirir:
"...Onun səsini bu
səhər yenə "eşitdim". Çevrilib baxdım. Günəş iki minarə arasında dayanıb durmuşdu. Azanın bitməsini gözləyirdi.
Hafizin azanı ağappaq
göyərçin kimi Ağdam
məscidinin minarəsinə qonmuşdu. Ruhlar şəhərinin sakinlərini ibadətə
çağırırdı",
(səh. 74).
"Hökümətə
məhkumlar" adlanan on
birinci essedə müəllif "nəinki
kommunist, heç komsomolçu da olmayan" atasının, "Sovet
hökumətinə yönəlik ikibaşlı sözlərini"
sonralar anladığı tarix
müəlliminin, fotosunu hər gün dərsə getdiyi yolun üstündəki milis
idarəsinin divarına vurulmuş
"onları milis axtarır" lövhəsində
gördüyü "Qaçaq
Hüseyn"in və
başqa adamların dolğun
portretini yaradıb. Müxtəlif peşə
sahibi olan bu adamları birləşdirən bu nüans var
- onlar "hökumətə məhkum"durlar.
Esse bu cümlələrlə
bitir: "Sənə sərhəd
tanımayanlardan, qadağaları sevməyənl?rd?n, çərçivədə
yaşamaq istəməyənlərdən
danışdım! Hələ yazmadığım nə qədər
adam qaldı. Onların hökumətlə
işi yox idi, onların davası yalnız öz içlərindəki bapbalaca
da olsa
azadlığı, ləyaqəti qorumaq
davasıydı. "Hökumətə məhkum" min-min sovet adamı kimi..."
"Sümük abidə" essisi
müəllifin oxuduğu məktəbdən
bəhs edir. Burada məktəb
həyatı kiçik detallarınacan təsvir
olunub: şagirdlər, müəllimlər,
idman meydançaları, korpuslar,
sinif otaqları, bağça,
yeməkxana, "pis uşaqların" siqaret çəkdiyi tualet.
"...Sonra bilirsənmi, nələr oldu? Sonra dava başladı. Davaya elə birinci o "pis uşaqlar"
getdi. Şəhəri onlar
qorudu, həmin o dəli-dolu
uşaqlar vaxtilə özləri kimi vurub-tutan, dili kimi dilçəyi də
olan böyüklərə qoşuldular, vuruşdular,
yaralandılar, şəhid oldular, əlil
oldular, öldülər."
"Toz adamlar"da isə V.Qazinin oxuduğu sinif
xatırlanır, ayrı-ayrı hadisələr, bir-birindən
maraqlı uşaqlıq dostları və müəllimlərin
xarakteri xoş təbəssüm
yaradan şirin təhkiyyəylə
nəql olunur. Digər bölümlərdə
olduğu kimi burada da müəllif oxucunu düşündürücü
bir kədərlə baş-başa
qoyur: "Deyirlər, doğulanda
h?r bir insanın taleyi alnına yazılır və
"yazıya pozu yoxdu".
Bizdə belə olmadı. Ağdamsızlıq (Fələk) taleyimizi ömür
ağacının elə yenicə cücərən anında
yaxaladı, alnımızdakını pozub
yerində nə yazdı, hansı xətlə yazdı, biz bir yana,
sonra heç özü də oxuya bilmədi.
Fələk (Ağdamsızlıq) divara dəyən
tabaşirli yastıqcadan qopan
toz dənələri kimi
hərəmizi bir yana
uçurtdu, bir diyara saldı... hər yerə, hər yana səpələndilər. Harda
desən varıq, Ağdamdan savayı...
"
(Davamı var)
Sabir Rüstəmoğlu,
Azərbaycan Müəllimlər
İnstitutunun
Ağcabədi
filialının dosenti
Təzadlar.- 2011.- 15 oktyabr.-
S.6.