Sükutdan asılmışam

 

Gecə yarı, sükunət, hücrəmdə tək qalmışam,

Dərd əlindən məhkumtək sükutdan asılmışam.

Fikirlər dəryasında təlatümlü, dalğınam,

Kimsə yox, bir sahilsiz burulğanda bayğınam.

Bənzəyirəm səhrada susuz, yorğun dəvəyə,

Ayaq tutub yalanlar, nəyə inanım, nəyə?!

Fasiqlər hökm eləyir, atıb imanı, dini,

Hey çəkirəm dünyanın, insanlığın dərdini.

Günahsız qanlar axır, çatan yoxdur köməyə,

Adam özü utanır - mən insanam! - deməyə.

O Xatın, Xirosima, Xocalı faciəsi,

Ərşi-gürşü yandırır çeçenlərin naləsi.

Fələstin od içində, ucalır fəryad səsi,

öldürür körpələri yəhudinin gülləsi.

Döyüşə bax, ay Allah, görünməmiş möcüzə!

Sapandla tanklar gəlir döyüşlərdə üz-üzə.

İraq fəryad eləyir, ərəblər səksəkədə,

Bilən yoxdur haqq harda; insanlar mərəkədə.

Əfqanıstan xaraba, insanlıq unudulub,

Yazıq xalqın taleyi əllərdə oyun olub.

Kəşmirə "dur!" deyən yox, silahlar düşür işə,

Qurulmuş dinamittək hər anı bir əndişə.

Hindistanla Pakistan yaralı aslan kimi

Dayanıblar göz-gözə, məhv edəcək kim-kimi?!

O gecə acı terror vurdu əkiz qülləni,

Nadanlıq insanlığa tuşlamışdı gülləni.

Görəsən, bu fitvalar gəldi hansı əbləhdən?!

Hələ o vahimələr çıxmayıb ürəklərdən.

Amerika - super güc sakitlik tapa bilmir,

Min oyuna əl atır, siyasətin dəyişmir.

İnsanları salıbdır bir-birinin canına,

Liviyanı, Misiri bələyib öz qanına.

Min fənd ilə bu fasiq, hiylə qurub indi ,

Dişini qıcayıbdır Suriyaya, İrana.

Növbəti gedişinin hədəfi bəlli deyil,

Yenə hansı dövləti salacaqdır oyuna?

Kabusa bürüyüblər yeri, göyü, dünyanı,

Yoxa çıxıb ədalət, itib haqqın mizanı.

" ölüm" xərçəng kimi bürüyübdür bəşəri,

Hər kəs biri-birinə atır böhtanı, şəri.

Bəs hanı o insanlıq, hanı o haqq, ədalət?

Belə buyurmuşdumu Musa, İsa, Məhəmməd?!

Bil, haqdır "Zəbur", "Tövrat", "İncil", "Qurani-Kərim",

Ayələrdə deyilir: dost olun, edin rəhm!

Vida xütbəsində demədimi Məhəmməd:

- Hamı Adəm övladı, yoxdur fərqli bir cəhət!

Axı bu həqiqəti bildiyi halda insan,

Niyə belə zalımdır, qan tökür dayanmadan?!

Anlamaq çox çətindir insanların işlərin,

Gələcəyin unudub, hamı axır-məhşərin!

Heç kəs unutmasın ki, haqq-qiyamət gələcək,

Sıratdan keçmək üçün hamı cavab verəcək.

Onda açılacaqdır əməllərin dəftəri,

İnanmayan bu haqqa nadandır, ya sərsəri.

Zəqqum suyu içirdib odlara atacaqlar,

Cəhənnəm dəhşətindən nicat tapmayacaqlar.

Onda gecdir Allaha əfv üçün yalvarmağa,

Düşünməsin müşriklər onu pulla almağa.

Qatillər, allahsızlar düşməsinlər gümana,

İman əmələ bağlı, tövbə gərəkdir ona.

Bənzəyirəm səhrada susuz, yorğun dəvəyə,

Ayaq tutub yalanlar, nəyə inanım, nəyə?!

Fasiqlər hökm eləyir, atıb imanı, dini,

Hey çəkirəm dünyanın, insanlığın dərdini.

Gecə yarı, sükunət, hücrəmdə tək qalmışam,

Dərd əlindən məhkumtək sükutdan asılmışam.

 

 

Şöhlət Əfşar

 

Təzadlar.- 2011.- 18 oktyabr.- S.15.