DAŞA DA GÜVƏNİR VƏTƏN

 

Günün qara daşa dönsün.

 

El qarğısı

 

Kündəsi küt gedən günüm,

Üzünə daşmı yamanıb?

Bu ləlöyün ayrılıqlar

Mənə səndənmi yan alıb?

 

Qəm dəhmərlər çəhlim boyu

günümün atını.

Görən harda isladıbdı

Kəm bəxtim öz barıtını?

 

Günüm dönə qara daşa,

Alnımı söykəyəm hərdən.

Oğullara güvənən tək,

Daşa da güvənir vətən.

 

 

ÜZLƏ GEDƏCƏM KƏNDƏ

 

Gözüm-könlüm dolu ümüd,

Dağ boyda arzuynan gəldim.

Bu şəhərə xoş yığvalnan,

Halal bir ruzuynan gəldim.

 

Bu şəhər "ah" kimi elə

Çəkib tükəndirdi məni.

Dağı da yoxuydu çıxam,

Bağımda yurd saldı çəni.

 

Yaddaşıma üz tutacam,

Vaxtı salacam kəməndə.

Sınıq könlümü götürüb

üzlə gedəcəm kəndə?

 

 

SƏRHƏD

 

Tatar şairi Musa Cəlilə

 

Şair arzularının səddi yox,

Şair xəyalının sərhədi yox,

Şair sevgisinin son həddi yox.

Bir şairinin önündə

ayaqlarına

dörd divarı sərhəd qoydular.

Günəşi -

Üzünə həsrət,

Ömrünə son hədd qoydular.

Bir otağın sükutunu

Qulaqlarına sərhəd qoydular,

Ürəyinə sərhəd çəkə bilmədilər...

Bir otağa sığışmada şeirləri,

Bir ölkəyə sığışmada şeirləri.

 

Şeir - sərhəd, qala bilməz!

Şeir - məhbus ola bilməz.

Sözlərinin səddi,

Şeirlərinin sərhədi-

Bu dünyanın sonsuzluğudur şairlərin.

 

 

VƏTƏNİN DADI

 

Dünya bilir,

Dilsiz körpələrdən soruşun

Anaların böyüklüyünü.

Ağaclardan soruşun

Torpağın göylərdən umduğunu.

 

Bəzən, unuduruq

Yuxuda qazanılan pul kimi

Vətənin unudulduğunu.

Beşmərtəbə meydanında

Heykəli torpağa əyib başını,

Min il sonramıza yazıb adını.

 

Gedin...

Gedin Füzulidən soruşun

Vətənin dadını.

 

 

SÖZ

 

Fikri zorla mindirəndə

Nalsız misranın tərkinə.

İki ömür bəs eləmir

Dözməyə sözün ərkinə.

 

Yandım, Allah... zalımmış

Yetim dərdin ərköyünü.

Söz gəzirəm çitəməyə

Ömrün-günün söküyünü.

 

Məndən başqa pay ummasın

Qohum-qardaş daha, lələ.

Gümanım bir sözə idi,

O da ki, yoxumdu hələ...

 

 

ADSIZ ŞEİR

 

İmtahandan kəsiləntək

Çıxıram hər səhər evdən.

Ehtiyac dönüb şüşəyə,

Can umuram daha divdən.

 

Ünvansız məktub kimidi,

Daha hər günüm, hər anım.

Hər gün özümü aldadıb,

Özgəyə necə inanım?

 

Dərdi-qəmi ovutmaqdan

Yorulub ürəyim, sözüm.

Dəymə, qoy ağlasın uşaq,

Gəl məni ovut, əzizim.

 

 

NURAFİZ

 

Təzadlar.- 2011.- 18 oktyabr.- S.15.