Talan olmuş əsir şəhər - xatirələrdə

 

(Vahid Qazinin "Ruhlar şəhəri"ni oxuyarkən)

 

(Əvvəli ötən saylarda)

 

"Sağ qalan lərirlər"də sanki şəhərin xəritəsi çəkilib. Evdən çıxıb məktəbə gedəndə bir, qayıdanda isə başqa yolla gəlirmiş... Əli İbrahimov, Lenin küçələri, milis idarəsi, Mirbəşir Qasımov küçəsi, "Qarabağ bülbülləri"nin məşq elədiyi "Pioner evi", maarif şöbəsi...,

"Növbəti kəsişən küçə Voroşilov adlansa da, bu sovet marşalını at belində burdan keçən görən olmamışdı... Ağdam Dram Teatrının sol böyrü, "Lenin yolu" qəzetinin redaksiyası və rayon prokurorluğu binasının qabağından keçən, 28 Aprel küçəsindən başlayan "Voroşilov"un harada qurtardığı yadıma düşmür, trayektoriyasının yarısını xatırlayıram: "28 Aprel"dən yola çıxan "Voroşilov" "Lenin"dən aldığını alıb, "Frunze"dən götürdüyünü götürüb, "Əzizbəyov"dan keçib sonra haracan gedirdi, ta bilmirdim... Bu bolşevik, kommunist adlarına fikir vermə, buralar nəinki kommunizmdən, sosializmdən d? uzaq yerlər idi. "

Maksim Qorki küçəsini keçən kimi "...soldakı birmərtəbəli binanın hər pəncərəsindən bir səs gəlirdi: piano, qarmon, tar, kamança, skripka, başqa səslər. 1 saylı Şəhər Musiqi Məktəbiydi, el arasında Laura müəllimənin məktəbi deyirdilər. Mənim skripka, atamın tar təkidi bu sətirlərin müəllifini hər ikisindən qoydu. Görünür, uşağı bəzən məcbur eləmək lazımdı! Elə heyfsilənirəm ki... indiki ağlımla atam məni lap kontrabas sinfinə qoysaydı da, gedərdim. "

Sonra uşaq bağçası, Musəvi küçəsi, məktəb, bazar... və beləcə şəhərin digər küçələri, evləri, mağazaları, bağları...

Sonuncu, yəni on beşinci esse "Xəyal memarı" adlanır. Vahid Qazinin Ağdam şəhərinin yenidən tikiləcəyinə dərin inamı var: "Heç bilirsənmi, Ağdamı xəyallarımda neçə dəfə tikmişəm?! Uşaq vaxtı qonşu Şahinlə həyətimizdəki qum təpəciyində şəhər salırdıq - yolları, tunelləri, evləri olan şəhər. Hər dəfə dağıdıb əvvəlkindən daha yaxşısını tikirdik. Bax o qumluqdakı kimi hər gecə dünənki şəhəri dağıdıb yenisini tikirəm. " (səh. 111).

Sonra müəllif oxucuya müraciət edərək deyir: "Mənimlə Ağdamı tikməyə gedirsənmi? Gedirsən, bilirəm! İnanıram sənə, səninlə canbir qəlb olmadınmı bu 15 yazımda - əsir yurda 15 səfərimdə.."

Müəllif sanki bir memar kimi şəhərin tikinti planını çızır. "Bərpa işlərini şəhər məscidindən, İmarət, Qarahacılı qəbiristanlığından başlarıq. Şuşa yolunun üstündəki abidənin yerində Qarabağ müharibəsi qurbanlarına əzəmətli heykəl ucaldarıq. Elə uca abidə ki, Bərdə yolu gələndə Uzundərədən, bir Şuşa yolu gedəndə Əsgərandan görünsün. Ağdamın şəhid olmuş 6 min adamının adını qranit lövhəyə yazarıq bir-bir. Vəssalam! Müharibəni xatırladacaq daha heç lazım deyil! Savaşla yaşadığımız yetər, onun bizə yaşatdıqları yeddi arxa dönənimizə bəsdi. Təzələnmiş şəhərimizdə yeni həyata başlarıq!"

"Küçələrə ağac adlarını qoyarıq. "28 Aprel" olar Palıd prospekti, əvvəlindən axırınadək palıd əkirik. Kommunist küçəsini Küknar edərik. "Süleyman Sani Axundov" olar Vələs, "Əzizbəyov" Şam, "Voroşilov" Gilas, "Maksim Qorki" Alma, "Lenin"in əvvəlki çinarlarını bir əkərik, olar çinar küçəsi. "Budaqov"u Heyva, "İslam Hacıyev"i Söyüd adlarına dəyişərik."

Tikiləsi ən zəruri obyektlərin siyahısını verir...

"Şellidə nar zavodu açarıq. Göyçaylılara göstərərik nar necə olur."

"Ta pambıq əkmərik, əvəzində taxıl becərərik. Mərzilidən üzü Haramı düzünə elə bir taxıl zəmisi salarıq ki, sorağı Qazaxıstana çatsın, təcrübəmizi öyrənməyə gəlsinlər."

"Ağdam" çaxırını ta rus "ağdamşik"ləri yox, fransız xanımları üçün istehsal edərik, konyakı da ingilis lordlarına satarıq. Limonadı müsəlman ölkələrinə ixrac edərik, onlara spirtli içki olmaz. "

"...İmarətdəki stadionun tikintisini yubatmaq olmaz. "Qarabağ" öz meydanında oynamalıdı. Gələnilki Avropa kuboklarınadək hazır olmalıdı. Qonaqları öz aeroportumuzda gül-çiçəklə qarşılayarıq. Oyundan sonra apararıq Şuşaya, gəzdirərik, Cıdır düzündə şəkil çəkdirərlər, yedirdib, içirdib yola salarıq. "

"...Məscidi yaxşı təmir edərik. Ustaları İstanbuldan, Səmərqənddən gətirərik. Məsciddə azanı yenə Hafiz oxuyar. "

"...Çörək Muzeyinə qaçqınlıq illərinin yadigarı olan çörəkləri eksponat kimi düzərik. Ərəblərin, almanların, türklərin göndərdiyi yardım unlarını qalın şüşə altında nümayiş etdirərik. Gələcək balalar, nəvələr, nəticələr elin dar gününü unutmasınlar..."

"..."Konzavod"a strateji obyekt kimi baxmaq lazımdı. Qarabağ atının şöhrətini qaytarmalıyıq. Növbəti olimpiadaya öz atımızla gedərik. Neçə milyonasa kənardan at almaq ayıbdı. Bir azdan özümüz başlarıq ora-bura at satmağa. Minsk qrupu ölkələri prezidentlərinin hərəsinə bir at bağışlayarıq. Yazıqlar bu illər ərzində əldən-ayaqdan getdilər. "

Müəllif hüznlü duyğularla yazılan kitabı böyük bir nikbinliklə bitirir: "Bilirsən, bura daha ruhlar şəhəri deyil. Burdakı ruhlar ilahi bir əfsunla öz bədənlərinə döndü. Xatırlayırsanmı, yazmışdım: "Yaxşı bax bu külə, çünki gələcəyin bu küldən yoğrulacaq..." Allah onları yanmış ruhların külündən yoğurdu, ağızlarına nəfəs üfürdü... Həyətimizdəki kötükdən pöhrələyən cavan tut ağacının yarpaqlarını daha kabus nəfəsi əsdirmir... Oğlumdu, tut çırpır, şipşirin... Yuxu kimi şirin tut..." (səh. 117)

Kitaba "Qiyamətə qalmış 4 dəqiqə" adlı son sözü dünya şöhrətli alim Rafiq Əliyev yazıb. Akademik kitab haqqında, onun müəllifinin ürək yanğısı ilə ruhlar şəhəri- Ağdamı necə təsvir etməsini dəyərincə qiymətləndirib.

 

lll

 

Vahid Qazinin "Ruhlar şəhəri" kitabı Ağdam şəhəri haqqında kövrək duyğuları, canlı xatirələri, vətən sevgisini özündə ehtiva etmişdir. Azərbaycan ədəbiyyatında az işlənən esse janrı müəllifin özü üçün seçdiyi ən yaxşı üsuldur. Ayrılıqda hər bir essenin dili şirin, xalq dilinə yaxın, rəvan lakonikdir. üslüb baxımından canlı xalq ifadələri ilə yoğrulmuşdur. Buna görə oxucunu özünə ram edə bilir.

Müəllif Ağdam şəhərinin 1970-1993-cü illər arasındakı canlı qaynar həyatını obrazlı şəkildə oxucuların nəzərinə çatdırır. Şəhərin küçələri, evləri, yolları, yaşayış binaları, idarələri onların yerləşdiyi binalar, kinoteatr, məktəblər, bağçalar, pioner evi, mağazalar, əfsanəvi Ağdam bazarı, orada müxtəlif ticarətlə məşğul olan adamlar, elm sənət adamları şairlər yad edilmiş, onlar uşaq məhəbbətilə yad olunmuşdu.

Bu esseləri bir ideya, bir arzu, bir amal, bir ovqat birləşdirir - "Ruhlar şəhəri" Ağdama olan sonsuz məhəbbət, istək sevgi.

Vahid Qazi sanki şəhərin bədii dillə xəritəsini tablosunu çəkmişdir. Gözümüz önündə öz əzəməti vüqarı ilə seçilən Ağdam şəhəri canlanır. Müəllifin uşaqlıq illərindən qalan xatirələri çözülür həmin illərdə baş vermiş irili-xırdalı əhvalatlar bir an göz önündən kino lenti kimi gəlib keçir. Bu gün qədər acı olsa da həmin anları yada salmaq özü xoş xatirədir.

Mən publisist Vahid Qaziyə qəmgin notlardan uzaq yaradıcılıq uğurları arzulayıram.

 

 

Sabir Rüstəmoğlu,

Azərbaycan Müəllimlər İnstitutunun

Ağcabədi filialının dosenti

 

Təzadlar.- 2011.- 18 oktyabr.- S.13.