Duyğuların dili ilə yazılanlar...
Demək ki, qismətimdə məşhur "Şıxlılar" ocağının sakinlərindən biri - sözün tam anlamında işığlı bir insan, Moskvada yaşayan və çalışan gözəl ziyalı, savadlı həkim, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, ¸Şəhriyar" Ədəbi Məclisinin üzvü, şairə Afaq Şıxlının "Səni düşünürəm!.." adlı şeirlər toplusuna şərh yazmaq varmış. İlk oxuduğum şairənin yaradıcılığının demək olar ki, qayəsini təşkil edən bu misralar oldu:
Sevgi dolu sözlərini
sətir-sətir yazsan belə,
inanmaram...
Axşamüstü
qoy küləklər pıçıldasın
sənin isti nəfəsinlə.
Dəli sevdan
avaz-avaz düşsə belə dildən-dilə,
inanmaram...
Qulağıma özün söylə
o "sevirəm" kəlməsini öz səsinlə!
Bu misraları oxuyarkən düşündüm ki, sözlə ifadəsi heç də asan olmayan duyğularla başlayan bir kitab oxucuları özünə çəkməyə bilməz! Məhz, duyğuların bu kitabın baş qəhrəmanı olması məni hisslər və həyacanlarla dolu bir aləmə apardı... Çoxları düşünə bilər ki, axı, duyğusuz da şeir yazmaq olar? Olar! Son zamanlar ədəbi mühitdə yaranan "adını bilmədiyim" vəziyyət, buraxılan kitablar, dərc edilən şeir və s. materiallar bunu deməyə əsas verir. Nə yaxşı ki, Afaq Şıxlı qələmi məhz bu qəbildən olan yazılardan uzaqdır. Mən üç kitab müəllifi olan şair dostumun, demək olar ki, bütün şeirlərini oxumuşam və bilirəm ki, onun bir-iki şeirini oxudunsa, hamısını oxuyacaqsan, bir-birindən gözəl şeirlərlə dolu bu aləmdən əliboş qayıtmayacaqsan...
Aldığın havanın, içdiyin suyun yaşam üçün nə dərəcədə vacibliliyini anlayırsansa, bax, həyat eşqi ilə zəngin bir şair qəlbinin dediklərinin də mənəvi qida kimi ruha çəkməyin və nəfəs kimi cana sümürməyin gərəkliliyini də o dərəcədə anlayacaqsan.
Bu da bir qismətdir ki, bu yazı mübarək Ramazan ayı ərəfəsində baş tutdu. Ola bilməzdi ki, Afaq xanım bu müqəddəs ayda diləklərini şeirlə dilə gətirməmiş olsun:
Silinsin göz yaşı gözlərimizdən,
Gülüş silinməsin
gözlərdən! Amin!
Küsüb
incisək də bir-birimizdən,
Qəlblər
qırılmasın sözlərdən! Amin!
Yaxud:
Durulsun səmanın
qaranlıq üzü,
Silinsin dünyadan "qan"," dava" sözü.
özünə şah olsun hər insan özü,
Bir əl
o birinə möhtac olmasın!
Necə də
gözəl arzulardır... Bu arzulara mən də
"Amin!" - dedim.
Afaq xanımın şeirlərini oxuyarkən, sanki kiminləsə
danışırsan. İlk baxışdan sadə
görünür bu misralar. Şeirə məxsus ədəbi
qaydaları pozmadan, xüsusi ustalıqla yazıya
alınmış adi danışıq dilimiz... Bax, budur hisslərin
və duyğuların sözlə ifadəsi və ona olan həm
məhəbbət və həm də məsuliyyət!
Şairlərin qəribə taleyi olur, deyirlər. Afaq
Şıxlının da taleyinə qəriblik düşüb.
O, uzaq Moskva şəhərində yaşayır. Qəlbi Vətən
və həmvətənləriylə döyünən
şairin ürək çırpıntılarını hər
an hiss etmək elə də çətin
deyil:
Bülbüllər
verəndə yenə səs-səsə
Qayıda
biləydim lap son nəfəsə!
Salamlar
söyləyin məndən hər kəsə,
Afaqın
sevdiyi Vətən var olsun!
Və ya
Sübh
çağı bürüsün üstünü duman,
Yatmayım
gecəni, itməsin zaman...
Yaman
darıxmışam, mən sənsiz, yaman,
Mənim
Vətən adlı sərvətim, salam!
Yenə
sadə, oxunaqlı, axıcı misralar... Onu da
qeyd edim ki, şairənin yaradıcılığında ədəbi
ruhumuzun və xalq ədəbiyyatımızın laylası
sayılan qoşma janrı üstünlük təşkil
edir. Bu, zənnimcə, müəllifin zəngin ədəbi
irsimizin bu sahəsinə marağı, xalq çeşməsinə
bağlılığı və özünün əslən
"Şairlər vətəni" adlandırılan Qazax
torpağından olması ilə əlaqədardır:
Uzaqdan-uzağa
sənə yoldaşam,
Düşüncəm qoyarmı düz yoldan
çaşam?!
Afaqam,
sanma ki, soyuğam, daşam...
Mənim
günahımı alma, əzizim.
Umumiyyətlə, Afaq xanım hansı mövzuda
yazırsa yazsın, təblə və sonsuz həvəslə
yazır. Onun şeirlərində özünəməxsus
söz "oynatma" bacarığı var. Folklorumuzun zəngin
qaynaqlarından bəhrələnən, bolluca söz
ehtiyatı olan müəllifin yaratdıqları bir də
onunla səciyyələnir ki, bu yazıların
daşıdığı ruh millidir. Mən şairənin
qəriblikdə yaşamasını elə-belə
xatırlatmadım, uzun müddət dilimizdən, adət-ənənəmizdən
uzaq düşən bir yazarın şeirindəki milli kolorit,
işlənən sözün məna çaları və
poetik yükü məni heyran etdi:
Həyatın
mənası tox olmaq deyil!
Fərasət
- dövləti çox olmaq deyil!
ölmək - bu dünyadan yox olmaq deyil,
Qəlbimdə
qalacaq izlərin ki var!
Afaq
Şıxlı şeirlərinin mayasını ən ali hiss hesab edilən sevgi təşkil edir. Yolu yerdən - göyə, insandan - Allaha doğru
uzanan ilahi bir sevgi. Müəllif bu səpkidə
özünəməxsusluğu və bədii tərənnüm
xarakterinə görə seçilən rəngarəng şeir
nümunələri yaratmışdır:
Hər
işini çözdüyün,
Ədasına
dözdüyün,
Arxasınca
gəzdiyin
Mənim kmi sevməzdi.
Atəşinə
yandığın,
Hər nəfəsdə
andığın,
Bir məleykə
sandığın
Mənim kimi sevməzdi.
Məni
valeh edən cəhətlərdən biri də şairin ən
qəmli-kədərli anlarında belə qələmə
aldığı, adına "həsrət
nəğmələri" dediyimiz şeirlərində qəribə
bir ümid işığının olması, təəssüfün
içərisindən baş qaldıran cücərtilərdə
sabaha nikbin baxışdır. Mübarizlik, əzmkarlıq,
dözüm və bunlarla yanaşı, haqqı
çatdığı yerdə verdiyi dəyərli məsləhət,
ərki çatdığı yerdə deyə bildikləri
şairin əlindən tutan ilk köməkdaşıdır:
Eşqini unutma, qəlbində gizlə,
Həyat sınasa da hər zaman bizi.
Bu təmiz sevgini qoru, əzizlə,
Zamana buraxma hisslərimizi!
Şairə görə sevgi
o qədər müqəddəs
bir hissdir ki, hətta yeri gələndə, o, Tanrı çiçəyi
qədər təmiz və pak eşqə
əyilməyi şərəf
sayır:
Sevgimə əyildim, anlamadın
sən,
Allah bağışlamaz bu eşqə gülsən.
Afaq Şıxlı
sərbəst vəzndə
də qələmini sınamış və gözəl şeir nümunələri yarada bilmişdir. Onun bu qəbildən olan "özün söylə...", "Qoyma
gedəm", "Mənə
sevgilim demə!",
"Yollar uzaq..." və s şeirləri xüsusilə maraqlı və oxunaqlıdır. Müəllifin "Minnətdaram" şeiri artıq dillər əzbərinə
çevrilmişdir. Şeirdən
bir parça:
Sağ ol, canım!
Ey məhəbbət xanimanım!
Yalnız
mənə bəxş
etdiyin bu an üçün,
Səninlə bir keçirdiyim
zaman üçün!
Sevgi dolu
sətir-sətir sözlər
üçün,
Şəfqət dolu
od baxışlı
gözlər üçün!
Sən olduqca ürəyimdə mən də varam.
Varlığınçün
bir özünə,
bir də səni Yaradana minnətdaram!
Diqqətlə oxuyanda
görürsən ki, bəzilərinin dediyinin əksinə olaraq,
sərbəst vəzndə yazılan şeirlərin də bir ayrı ahəngi və ritmi
var. Oxuduqca oxuyursan, yüklənmirsən, əksinə
sözün poetik yükü səni ovsunlayır. Şeirlərdəki
axıcılığı, dilin
saflığının qorunmasını, hər bir sözə həssaslıqla yanaşma tərzini və s.
bu kimi məziyyətləri
də əlavə etdikdə, şeiri də
sevirsən, şairi də! Onu da deyim
ki, uca Allaha
minnətdarlıq şairin, nəinki,
şeirlərində səslənir, hər zaman
dilinin əzbəridir. Bu
isə, Afaq xanımın hər şeydən
əvvəl qəlbi Allah eşqi
ilə dolu olan bir insan olaraq
Yaradana sədaqətindən və həm
də dilimiz qədər dinimizə də
sonsuz ehtiramından xəbər verir.
***
Beləliklə, həyatın keşməkeşli yollarında ətrafdakıları və onlara münasibəti müşahidə etmək qabiliyyəti, həyata və təbiətə özəl prizmadan baxış və olanlara, öz fəlsəfi düşüncələrinə söykənməklə, ədəbi nəfəs vermək bacarığı bütün yaradıcılığı boyu müəllifli müşaət edir.
İxtisasca həkim olan Afaq xanım olduqca həssas, duyğusal, son dərəcə
nəcib, humanist bir insandır. O, həm də gözəl pianoçudur. özünü
heç vaxt bəstəkar hesab etməsə də bəstələdiyi mahnılar
populyar müğənnilər
tərəfindən sevilə-sevilə
ifa olunmaqdadır.
***
Sözümün sonunda Afaq xanıma
yeni yaradıcılıq
uğurları arzulayır,
ona, "Hər zaman addımın mətin, fikrin qəti, qələmin iti olsun!" - deyirəm.
Əziz
oxucular! Mən işıqlı insan və gözəl
şairə Afaq Şıxlının bu kitabda toplanmış dəyərli şeirləri
haqqında fikirlərimi
qısa da olsa sizinlə bölüşməyə çalışdım.
İndi isə, söz sizindir.
Elman Tovuz,
Moskva
Təzadlar.-
2011.- 18 oktyabr.- S.11.