Qələmin həmişə
iti və yazar olsun!
Ömrünü, dahi Nizaminin tədbirincə desək, varlığın anasının dünyaya gətirdiyi ən gözəl övlada - sözə həsr edən, dolanışığını qələmdən çıxaran, sözə don tikməkdə, bəzək vurmaqda ustalaşmış həmkarlarımızın - "İsmayıllı xəbərləri" qəzetinin təsisçisi və baş redaktoru, şair Şahməmməd Dağlaroğlunun (Soltanov) 55 yaşı tamam olur. Bir anlıq onu düşünəndə gördüm ki, o, bu əlli beş ildə zərrəcə dəyişməyib (həm daxilən, həm də zahirən). Necə vardısa elə də qalıb. Səmimi, sadə, işgüzar. Bir qələm adamı kimi Şahməmməd Dağlaroğlunu həmişə sözün işiğına üz tutan, sözə dəyər verən, qısası, sözlə nəfəs alan görmüşəm. Bəlkə də onu dünyanın heç bir maddi neməti ilə sevindirmək mümkün deyil, ancaq gözəl bir şeir, yaxud nəsr nümünəsi yetərlidir ki, Ş.Dağlaroğlu uşaq kimi sevinsin. Məhz bu minvalla sevinmək dostumuzun uşaqlıq saflığını saxlayan sair təbiətindən irəli gəlir.
Respublikamızın mətbuat orqanlarında, həyatımızın aynası olan "İsmayıllı xəbərləri"ində qələm çalan sənət dostumuzu oxucularına, o cümlədən rayon ictimaiyyətinə sevdirən onun gözəl həyat duyumu, qələmindəki şirinlik, mövzularındakı aktuallıqdır. Adətən, jurnalist qələmini kotana bənzədirlər. "Kotan işlədikcə parıldadığı kimi, qələm də yazdıqca cilalanır" - deyirlər. Şahməmməd də hələ uşaq ikən əlinə qələm almış, hiss və duyğularını ağ kağıza köcürərək, qələmini cilalaya-cilalaya bu səviyyəyə çatmışdır. Onun "Bu yaz niyə gecikdi", "Nəğmə xundum be tati", "ömürdən əlli yarpaq", "Eldən gedən yol" kitabları dediklərimizə sübutdur. İnanırıq ki, ömrünün ən yaxşı vaxtını keçirən qələm dostumuz daha yüksəklikləri fəth edəcək, qələmini bütün sahələrdə sınaqdan çıxaracaq.
Şahməmməd sözü şahmat taxtasında fiqurlar kimi lazım olduğu yerə düzür. Sözü sözdən seçir. Onun seirlərində Azərbaycanın əsrarəngiz təbiəti, dünyaya poetik baxış, zamanın balansı, mürəkkəb dünyamızın problemləri, insana və vətənə məhəbbət hissləri əks olunub. O deyir ki, Azərbaycan varlığımdı, canımdı, qanımdı, İsmayıllı isə döyünən ürəyimdir. Odur ki, Şahməmməddə vətəndaşlıq pafosu olduqca güclüdür. O, hadisələrə məna verməyi, ictimai motivləri qabartmağı bacaran şairdir.
Şahməmməd Dağlaroğlunun yaradıcılığı rəngarəngdir. O, hansı mövzuda yazır-yazsın, xalq ruhunu, milli-mənəvi keyfiyyətlərimizi uca tutur. Şahməmməd Dağlaroğlu maddi deyil, mənəvi cəhətdən özünü zənginləşdirən bir insandır.
Sözün poetik dəyərini, çəkisini, siqlətini yaxşı bildiyindən həmişə özünə, sözünə məsuliyyətlə yanaşıb. O, əlinə qələm götürəndə öncə üzərinə düşən məsuliyyəti, missiyanı dərk etməyi, yaşı minilliklərlə ölçülən poeziyamızın yaşarı ənənələrinə sadiq qalmağa cəhd göstərib.
Yazıçılar Birliyinin
üzvü Şahməmməd Dağlaroğlu gənc yazarların himayəçisi,
yol göstərənidir. Neçə-neçə
şeirlər kitabının redaktoru və
tərtibçisidir. "Dağ
çiçəkləri" ədəbi məclisinin fəal
üzvü olan şair Şahməmməd Dağlaroğlu
"Dağ çiçəkləri"
adlı almanaxın işıq üzü
görməsində müstəsina əməyi olmuşdur.
***
Söhbət zamanı Şahməmməd Dağlaroğlu dedi:
- Jurnalistika elm deyil, peşədir! Peşəni isə kitab oxumaqla öyrənmək mümkün deyil. Jurnalist peşəkar olmalı, daim püxtələşməlidir. Qələm əhli hər gün eyni obyektdən, eyni mövzuda yazı yazmır. Hətta elə mövzular var ki, illərlə ona müraciət etmirlər. Amma bu o demək deyil ki, həmin mövzuda zəif yazmalıdırlar. Xeyr! Jurnalist ən əvvəl yazdığı mövzunu öyrənməli, yazdıqca sahənin problemlərindən, incə məqamlarından məlumatlı olmalıdır.
Daha sonra şair, publisist və jurnalist Sahməmməd Dağlaroğlu deyir ki, "Azərbaycan dilində "təmiz danışmaq" hələ onu mükəmməl bilmək sayılmır. Fikrini səlis və aydın, həm də mümkün qədər sadə cümlələrlə ifadə etməlisən ki, oxucu səni anlayıb, duya bilsin".
Mən də bu peşəyə yaxın adam kimi bu sənətin ağırlığını duyub qiymətləndirirəm. Ömrünü, gününü bu peşəyə həsr edənləri əsl qəhrəman sayıram. S.Dağlaroğlu da bu qəhrəmanlardan biridir. Bunu deməklə heç də dostumuz, qələm yoldaşımız Şahməmmədin şəxsiyyətini şişirtmək məqsədi güdmürük. Şahməmmədin demək olar ki, "İsmayıllı xəbərlər" qəzetinin təkbaşına çap etməsi, qəzetdəki xəbərlər və müxtəlif səpkili yazılar, müsahibələr, neçə-neçə təbii, dadlı-duzlu yazısı onun bu sənətdə özünü təsdiqlədiyini aydın göstərir.
Əziz dost! Yubley - həmkar, dost haqqında səmimi duyğuları ifadə etmək üçün yaxşı fürsətdir. Bu fürsətdən istifadə edərək Sizi təbrik edir, sizə möhkəm can sağlığı, ailə sevinci, yeni yaradıcılıq uğurları arzulayıram. Qələmin həmişə yazar olsun!
Hacıməmməd
MƏMMƏDOV
Təzadlar.- 2011.- 26 oktyabr.- S.7.