"Ədəbi əsərdə
müəllif dilindən küçə sözlərinin
yazılması tərbiyəsizlikdir"
Zaur Qəriboğlu:
"Elələri var ki, bu günə qədər
ortalığa bir əsərini belə qoymayıb, ancaq
Anarı, Elçini söyməklə özlərini cəmiyyətə
sırıyıblar"
AYB üzvü, Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
yazar Zaur Qəriboğlunun "Təzadlar" qəzetinə
müsahibəsi.
- Zaur bəy, postmodernizm nədir və
onu ədəbi cərəyan hesab etmək olarmı?
- Əlbəttə olar. Mən indi burada
sizə postmodernizmin nəzəri tərəflərindən
danışmaq istəmirəm. çünki əslində
dünyada da heç bir alim, filosof hələlik bu
dalğanın doğru-düzgün tərifini verməmişdir.
Fəqət, bu cərəyan var və bəzi müasir
dünya ədəbiyyatında bu cərəyanı görə
bilirik.
- Bizdə təqdim edilən postmodernizmlə
fransa postmodernizmi arasında oxşar cəhətlər
özünü göstərirmi?
- Ümumiyyətlə, mən bizdəki
postmodernizmi anlaya bilmirəm. Məgər postmodernizm bir romanda
eyni cümlənin bir yana dursun, eyni fikrin təkrar-təkrar
yazılmasıdırmı? Bu deyil. Zənnimcə, biz hələ
tam olaraq bu cərəyanı qavramamışıq. Bu üzdən
də digər ölkəylə müqayisə etməyə dəyməz.
Öncə öyrənək, sonra müzakirə edək.
- Bəs küçə sözlərini
ədəbiyyata gətirmək nə qədər
düzgündür və belə sözlərlə
oxunaqlı ədəbi əsər yaratmaq
mümkündürmü?
- Şəxsən mənə görə,
hansısa bir ədəbi əsərdə müəllif dilindən
küçə sözlərinin yazılması tərbiyəsizlikdir.
Amma bu o demək deyil ki, yazmamalısan. Ədəbiyyat həyatdı.
Həyatı isə oxucuya olduğu kimi təqdim etməlisən.
Bu üzdən də hansısa əsərdə obraz dilindən
söyüş verilməsi normal haldır və bunu bizdən
öncəki ədəbi nəslində əsərlərində
görə bilərsiniz, həmçinin mənim romanımda
da obraz dilindən söyüşlər var. Amma yenə də
deyirəm, müəllif dilindən söyüşün
verilməsi, bu artıq müəllifin səriştəsizliyindən
və qeyri-peşəkarlığından xəbər verir
ki, başqa onu əvəz edən bir söz tapa bilmir ki,
ağzına gələn küçə sözlərindən
istifadə edir.
- Bu cərəyanın
davamçılarının tənqid hədəfləri
yaşlı şairlər, yazarlardır. Onları ədəbiyyata
heç bir xeyri, dəxli olmayanlardan hesab edirlər.
Doğrudanmı, yaşlı nəsil yeni ədəbi əsərlərin
yaranmasına, xüsusilə gənc yazarların ədəbiyyat
meydanına daxil olmasında "maneə baryeri"dirlər?
- Bildiyim qədəriylə, dünənə
qədər yaşlı nəsli söyənlər artıq
bu gün barışıq təklif edirlər. Mən bu
riyakarlığı sevmirəm. Əgər sonunda belə edəcəkdinsə,
niyə əvvəldən ağzına gələni
danışırdın?! Əslində, mənə görə,
bu da onların taktikaları idi. Mən bunu hamısına aid
etmirəm. çünki onların arasında istedadı və
konkret olaraq yaradıcılığı göz önündə
olan yazarlar var. Fəqət, aralarında o adamlar da var ki, bu
insanlar bu günə qədər ortalığa bir əsərini
belə qoymayıb, ancaq Anarı, Elçini söyməklə
məşğul olub, özlərini bu yolla cəmiyyətə
sırıyıblar. Bizim də bir maraqlı xüsusiyyətimiz
var, əgər birisinin ortalıqda heç bir əsəri
yoxdusa da, sadəcə, bir köşə yazarıdır və
köşələrində də yaşlı nəsli
söyürsə, həmin adamı dərhal şişirdib,
ondan yazıçı düzəldirik. Hansı ki, bu
adamın ədəbiyyata heç bir dəxli yoxdu. Bu adamlar -
yenə də deyirəm, bu fikrim onların hamısına aid
deyil. Onların içində çox istedadlı imzalar var
ki, mən onları çox böyük zövqlə oxuyuram.
Məsələn, Aqşin Yeniseyin şeirlərini, Nərmin
Kamalın, Günel Mövludun yazılarını və s. -
Bu adamlar, sadəcə, qalmaqalla özlərini ədəbiyyata
sırıdılar. Amma bu da müvəqqətidir. Bu gün
hay-şüvənlikləri ilə üzdə ola bilərlər,
amma bir neçə ildən sonra daha onların
söydüyü yaşlı nəsil olmayacaq və
onların da gündəmə gəlmə mövzuları bitəcək.
Həmin vaxt mətn lazım olacaq, onda da ortalıqda mətn
olmayacaq.
- Yazarlarımızın hansısa siyasi
proseslərin içində olmasına necə
baxırsınız? Bəzən deyirlər ki, yazar siyasətdən
kənarda durmalıdır. Hətta bəzən sizin
özünüzü də hansısa siyasi partiyanın
üzvü olmaqda ittiham edir və bunu belə əsaslandırırlar
ki, "Qaragünün Ağgün vəkili"
romanınızda və mətbuatda gedən
yazılarınızda müxalif fikirlər özünü
göstərir.
- Mənə görə, yazarın
partiyası olmamalıdır. Əgər yazarın
partiyası oldusa, demək, həmin vaxt da onun
yazarlığı bitdi. Yazar hər zaman neytral mövqedə
dayanıb, gördüklərini yazmalıdır. Yazar olan
şəxs bir şeyi də dərk etməlidir ki, biz həm
də öz dövrümüzün tarixini yazırıq. Bu
gün müxalifətdə olub iqtidarı söyməklə,
iqtidarda olub, müxalifəti söyməklə tarix
yazılmaz. Zaman keçdikcə bu lazımsız, şəxsi
mənafedən yazılan əsərlər tarixin arxivində
yandırılacaq. Qaldı mənə deyilən ittihamlara, sizə
deyim ki, "Qaragünün Ağgün vəkili"
romanı seçki saxtakarlığından bəhs etsə də,
əslində orada bütöv bir cəmiyyətin problemi var.
Amma bu o demək deyil ki, əsərdəki Qaragün şəhəri
Azərbaycandı, yaxud da başqa hansısa bir ölkədi.
Yazıçı ümumbəşəri yazır. Həmin
romandakı problemlər bu gün başqa ölkələrdə
də var və bəlkə də Azərbaycandan da
çoxdur. Mən xüsusi olaraq vurğulamaq istəyirəm
ki, mən nə müxalifət, nə də iqtidar
partiyalarının heç birinin üzvü deyiləm. Mənim
üçün bir vətəndaş olaraq hər şeydən
öndə dövlətçilik maraqlarıdır. Bəzən
mən bu maraqlardan çıxış edəndə, iqtidar tərəfdə
olanlar mənim müxalif yönlü, müxalifət tərəfdə
olanlar isə iqtidar yönümlü olduğumu zənn edirlər.
çünki içlərində bəziləri var ki,
dövlətçiliyi iqtidar-müxalifət
döyüşü hesab edirlər. Amma mənim
üçün dövlətçilik bu deyil. Çünki
bu dövlətin qurulması üçün minlərlə
insan canından keçdi. Bu gün mən bir vətəndaş
kimi istəmirəm ki, hansısa xarici qüvvələr tərəfindən
bu dövlətin sabitliyi pozulsun və yenidən müstəqilliyini
itirmək təhlükəsiylə üz-üzə
qalsın. Mən nə müxalifət yönümlü, nə
də iqtidar yönümlü deyiləm. Mən bir vətəndaşam,
bu ölkədə yaşayıram, bura mənim vətənimdi.
Bu vətənin dövlətçiliyinə xəyanət etməyə
çalışan doğma atam, qardaşım belə olsa, mən
zərrə qədər də onların zərərsizləşdirilməsinə
heyifslənmərəm. çünki mənə görə
dövlətçilik müqəddəs bir şeydir.
- Bu günlərdə sizin təsisçilik
və baş redaktorluğunuzla yazarklub.org yeni ədəbiyyat
dərgisi oxucuların ixtiyarına verildi. Sizcə, sayt ədəbiyyat
məkanında öz oxucu auditoriyasını toplaya biləcəkmi?
- Dərginin yayıma başlaması
çox qısa müddət olsa da, hazırkı durum bizi
qane edir, artıq gün ərzində 500-dən çox oxucu
dərgiyə daxil olub, yazıları oxuyur və rəylər
yazaraq, aktivlik göstərir. Əgər gücümüz, imkanımız
çatarsa, belə də davam edəriksə, inanıram ki,
çox yaxın bir vaxtda yazarklub.org Azərbaycanın virtual məkanında
öz yerini tutacaq.
Elnur Eltürk
Təzadlar.- 2011.- 26 oktyabr.-
S.7.