Yaşasaydı...
Görkəmli
alim Əliheydər Qəhrəmanovun dünyaya gəlməsindən
100 il ötür
Ömrünü kitablar arasında yaşadı, varlığını kitablara bağladı, istirahətini kitabxanalarda axtardı, kitablarla bölüşdü sevincini, kədərini. Yaşasaydı, bu il nə az, nə çox düz 100 illik ömrünü qeyd edəcəkdi. Cismən aramızda olmasa da, mənən yanımızdadır. Əbədiyyətin əbədi varlığı, yaxşıların yaxşısı idi.
Bu sözləri Milli Kitabxananın qocaman işçilərindən eşitmişəm.
Azərbaycanın ilk görkəmli biblioqraf alimi, müəllim, dövlət biblioqrafiyası və ədəbiyyat sahəsində gözəl mütəxəssis, kitabxana-biblioqrafiya kadrlarının hazırlanması işində qayğıkeş və bacarıqlı təşkilatçı kimi tanınan Əliheydər Qəhrəmanov (1911-1959) respublikanın kitabxana ictimaiyyəti və ədəbiyyatşünasları tərəfindən həmişə hörmətlə yad edilir.
Ə.Qəhrəmanovun həyat və fəaliyyəti xalqa fədakarlıqla xidmətin və kitaba olan ehtiraslı məhəbbətin nümunəsidir. O, bütün mənalı həyatını və yaradıcılıq qüvvəsini Azərbaycanda biblioqrafiyanın inkişafına sərf etmişdir.
Ə.Qəhrəmanovun meyl və marağı çoxcəhətli olmuşdur: biblioqrafiyaşünaslıq, kitabxanaşünaslıq və kitabşünaslıq. O, bu sahələrdə elmi, təcrübi fəaliyyət göstərməklə yanaşı, orta məktəblərdə, sonralar isə ali məktəblərdə müəllimlik etmişdir.
Həcmcə çox böyük olmayan bu məqalədə şübhəsiz ki, onun nəzəri və təcrübi fəaliyyətini hərtərəfli əhatə etmək mümkün deyil. Odur ki, onun ömür yolunu bir daha varaqlamaq maraqlı olardı.
Əliheydər Baba oğlu Qəhrəmanov 1911-ci ildə Bakının Biləcəri kəndində anadan olub. 1925-ci ildə 50 saylı məktəbi bitirdikdən sonra BXMŞ-nin Pedaqoji Texnikumuna daxil olub və 1929-cu ildə təhsilini başa vurub. Bu illərdən başlayaraq onda kitaba və ədəbiyyata oyanan həvəs və məhəbbət Ə.Qəhrəmanovun gələcək həyat yolunu müəyyənləşdirib. O, texnikumda təhsil aldığı illərdə və texnikumu qurtardıqdan sonra A.Səhhət adına Kitabxanada kitabxanaçı vəzifəsində işləyib. 1940-cı ilə qədər bu kitabxananın direktoru vəzifəsində çalışıb.
Azərbaycan ədəbiyyatı
ilə dərindən maraqlanan Ə.Qəhrəmanov 1932-ci ildə
ADPİ-nun Azərbaycan dili və ədəbiyyatı
fakültəsinə daxil olub və 1936-cı ildə oranı
bitirib. 1940-cı ildən Bakı Mədəni-Maarif Texnikumunda
müəllimlik etməyə başlayan Ə.Qəhrəmanov
1942-ci ildən 1948-ci ilə kimi texnikumun direktoru fəzifəsində
işləyib. 1944-cü ildən başlayaraq o, həm BDU-da,
həm də APU-da müəllimlik edib.
***
1947-ci ildə onun səyi nəticəsində BDU-nun Filologiya fakültəsində Kitabxanaşünaslıq şöbəsi açılıb və həmin ildən də Ə.Qəhrəmanov orada biblioqrafiya kursu üzrə mühazirələr oxumağa başlayıb. O, 1948-ci ildən ömrünün axırına kimi universitetin Kitabxanaşünaslıq və Biblioqrafiya kafedrasına rəhbərlik edib.
1937-ci ildən Kitab Palatası ilə əməkdaşlıq edən Ə.Qəhrəmanov 1942-ci ildə elmi katib, 1941-42- ci illərdə palatanın çapdan buraxdığı "Azərbaycan kitab letopisi", "Azərbaycan qəzet məqalələri letopisi"nin tərtibçisi, 1943-cü ildən palatanın direktoru, 1946-cı ildən ömrünün axırına kimi müntəzəm olaraq Kitab Palatasının çapdan buraxdığı letopislərin redaktoru olub.
Ə.Qəhrəmanovun Azərbaycanda həm də sahəvi retrospektiv biblioqrafiyanın inkişafında böyük xidmətləri olub.
ötən əsrin 40-cı illərindən başlayaraq onun bədii ədəbiyyata, görkəmli ədəbi simaların bədii irsinə aid tərtib etdiyi 8 retrospektiv və şəxsi biblioqrafik göstəricilər daim böyük marağa səbəb olub. Lakin Ə.Qəhrəmanov yalnız biblioqrafik göstəricilər tərtib etməklə kifayətlənməyib. O, eyni zamanda tarixi və əlamətdar günlər, yazıçıların yubileyləri münasibətilə dövrü mətbuatda fəal çıxış edərək respublikada biblioqrafik fikrin təbliğində, geniş yayılmasında böyük xidmətlər göstərib.
Azərbaycan xalqının ilk görkəmli biblioqraf alimi Ə.Qəhrəmanovun vəfatından sonra onun dissertasiya işinin birinci hissəsi 1962-ci ildə Azərnəşr tərəfindən "Rus-Azərbaycan ədəbi əlaqələrinə dair" adı altında çap olunub.
Azərbaycan dilində biblioqrafiyadan ilk dərsliklərin, "Kitabxana-biblioqrafiya terminləri lüğəti"nin müəllifi, istedadlı alim-biblioqraf Ə.Qəhrəmanov 1959-cu ildə 48 yaşında vəfat edib. Lakin onun sevimli peşəsini ləyaqətlə yaşadan qızı Zemfira Qəhrəmanova və nəvəsi İradə Useynova var.
Nəzmiyyə Hicran
Təzadlar.- 2011.- 15 sentyabr.- S. 7.