Bir palıd ağacı qopdu kökündən

 

Bir palıd ağacı qopdu kökündən,

Kaş gedən biləydi qalan nə çəkir...

 

Adətən yazılarıma onu bitirdikdən sonra sərlövhə seçirəm. Amma bu dəfə bilmirəm niyə əksinə oldu. Bəlkə də qələmə almaqda çətinlik çəkdiyim, yazının ruhu məni buna vadar etdi...

 

***

 

Tanrının yaratdığı varlıqlar üçün zamanın dünyaya açılan pəncərəsindən uzanıb gedən ömür yolu bir gün də mənzil başına çatar-çatmaz qapanır. Ona görə də nədənsə, ölüm haqqında çox az fikirləşirik. Bu, bəlkə də ondan irəli gəlir ki, "ölüm haqdır, çıxmaq olmaz əmrdən" həqiqətini dərk edirik, bir gün doğulduğumuz kimi bir gün də ölüb gedəcəyik reallığı ilə özümüzə və başqalarına təskinlik veririk.

Ancaq o da həqiqətdir ki, bunları asanlıqla qəbul etmək də çox çətindir. Xüsusilə də alışdığın, gündəlik həyatında ünsiyyətdə olduğun, özünə hörmət və məhəbbət qazandıran, özgələrinə də eyni hörmət və məhəbbət bəsləyən birinin aramızdan əbədilik getməsini qəbul edə bilmirik.

 

* * *

 

Düz qırx gün bundan əvvəl - avqustun qızmar, bürkülü günlərindən biriydi. Qəfildən eşitdiyim, bu günün özündə hələ də inanmağım gəlmədiyi bir xəbər içimi titrətdi, havanın bürküsündən təntidiyim bir vaxtda məni soyuq tər götürdü: Mustafa müəllim Yesentukidə qəflətən rəhmətə gedib... Daha heç nə deyib, heç nə soruşmağa heyim qalmadı. Sanki birdən içimdə göylər şaqqıldadı, elə bil gurultu, nərilti bürüdü aləmi. Bilirdim ki, bir neçə gün olar ömür-gün yoldaşı Rəfiqə xanımla birlikdə Yesentukiyə dincəlməyə-müalicəyə gedib. Arabir ürəyindən şikayətlənirdi, ancaq bunu heç də hər yerdə büruzə vermirdi. Elə mənə də dedilər ki, "ürək apardı onu". Daha demədilər ki, ürək dözə bilmədi, ürək qoyub getdi onu. Çünki o, ürəyi ürək kimi, yağ içində böyrək kimi saxlamadı, onu hamı ilə bölüşdü, bir parça ürəyində hamıya yer ayırdı, hamının, eləcə də zamanın sevincindən, kədərindən "pay yüklədi" ona və arzusu, diləyi olmayan, el üçün, doğmalar üçün yanmayan bir ürəyi heç ürək də hesab eləmirdi. Şan-şöhrəti bir elə, bir mahala sığmayan, adı doğma Azərbaycanımızın hüdudlarından kənarda da sayılıb-seçilən kişilər sırasında çəkilən Cahan kişinin - Cahan Əliyevin halal ocağından - üzü gündoğana dayananda qənşərində sirli-soraqlı tarixlər yola salmış Murğuz dağı, sağda saz-söz dünyası Ulu Göyçənin, başqa bir tərəfdə şairlər oylağı Qazağın canlı sipər kimi əhatəyə aldığı, Azərbaycan elminə, ictimai-siyasi həyatına bir sıra tanınmış simalar bəxş edən Qaraqoyunlu bölgəsinin Əmirxeyir kəndindən pərvazlanıb atasının, soyunun, elinin adına layiq hörmət-izzət sahibi olan, dəyərli insan, tanınmış ziyalı, respublikanın Əməkdar müəllimi, fəaliyyəti bir çox diplom, fəxri fərman və digər mükafatlara layiq görülən Mustafa Əliyevin şərəfli ömür və həyat yolu çoxlarına örnəkdir, həm təsəlliverici, həm də qürur duyulası bir yoldur.

İmanını, inamını, kişiliyini heç vaxt dəyişmədi dünya varına. Ağıllı, tərbiyəli, ismətli, mehriban 5 övlad - 4 qız, bir oğul böyütdü ömür-gün yoldaşı Rəfiqə xanımla birlikdə. Hamısına ali təhsil verdi, ev-eşik sahibi etdi. Bütün arzusuna, istəyinə yar olanlar sırasındaydı Mustafa müəllim. Təkcə Teymurun övladını görmək, nəvələrinin toyunda iştirak etmək arzusunu, həsrət və intizarını apardı özü ilə haqq dünyasına...

 

* * *

 

Təbii ki, Mustafa müəllimin əmək fəaliyyətini, yaşadığı mənalı və şərəfli ömür yolunu bütövlükdə təsvir etmək, bir qəzet məqaləsinə sığışdırmaq qeyri-mümkündür. Bunlara heç ehtiyac da yoxdur. Amma nə yaxşı ki, dəyərli insan və ziyalı Mustafa Əliyevin ömür yolunda və əmək fəaliyyətindəki şərəfli səhifələrlə təskinlik tapmağa çalışırıq. İllər öncə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirən gənc Mustafa tələbə skamyası arxasından müəllim kimi tələbə auditoriyasına göndərilir. Əlbətdə bu, hər tələbə-məzuna qismət olası səadət deyil. Bir il Xanlar (indiki Göygöl) rayonundakı pedaqoji texnikumda dərs dedikdən sonra onu o vaxtkı Gəncə Pedaqoji İnstitutuna müəllim dəvət edirlər. Dünənki tələbə, bugünkü institut müəllimi Mustafa Əliyevin özünün təzəcə ayrıldığı tələbə skamyası onu dərs dediyi tələbələrin qayğısına qalmağa, onların dərd-sərinə şərik olmağa daha çox cəlb edirdi. Onun gənc kadrların yetişməsinə olan həmin diqqətini bu gün də hamı minnətdarlıqla xatırlayır. Mustafa müəllim sözün həqiqi mənasında ömürlərə işıq verən ziyalılardan olub. Elə buna görədir ki, o Gəncədə bir müddət işlədikdən sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə dəvət edilib və ömrünün sonuna qədər həmin Universitetdə coğrafiya və ibtidai hərbi hazırlıq fakültəsində dekan kimi çalışıb, kollektiv və tələbələr arasında böyük nüfuz sahibi olub. Onun yetirmələrinin çoxunun səsi-sorağı bu gün nəinki təkcə Azərbaycanın, dünyanın müxtəlif yerlərindən gəlir.

Mustafa müəllim əsl elm adamıydı. Onun dünyaya baxışlarında, insanlara cəmiyyətə münasibətində özünəməxsus fəlsəfi düşüncələri varıydı o, həyata əsl filosof kimi gəlmişdi. Həmişə qürurla girdiyi auditoriyalardakı tələbələrinin yaddaşında da o, belə qalıbdı. O, kölgə kimi özgə hesabına yaşamayan, imkanı daxilində hamıya əl tutan, təəssübkeş, qeyrətli, gül kimi sadə təmiz, kövrək bir ürəyə sahib olan oğul idi. Yüksək əxlaqa, ali intellektə, milli-mənəvi dəyərlərə sahib, müəllim kimi şərəfli peşəsini ürəkdən sevən, bacarıqlı təşkilatçı, cəmiyyət quruculuğunda fəal iştirak edən, həm öz sözünün sambalı, çəkisi olan hikmət xiridarı, bircə baxışla hər kəsə öz yerini göstərən ağsaqqal idi Mustafa müəllim.

 

* * *

 

İndi bu günlərin nisgili qurumaq bilməyən göz yaşları ilə yanaqlara yox, ürəyin başına axır. Amma Mustafa müəllim özü heç vaxt kimsənin gözlərində yaş olmasını istəməzdi. Qəlbən qədər kövrək olsa da özünü həmişə tox tutmağı bacarırdı mən bunları, çətin olsa, onun övladlarında da görmək istərdim. Əbədi ayrılığın son günü oğlunun, doğmalarının çiynində, qohum-əqrəbanın, dost tanışların, el-obanın dövrəsində Mustafa müəllim son mənzilə "yol alanda" Teymurdan fərqli olaraq Aygünün, Nuranənin, Aynurun, Samirənin baxışlarındakı nisgili, sifətlərində gilələnmiş göz yaşlarını gördükdə bunları da təbii qəbul etdim. Belə bir məqamda kimlərisə ovundurmaq, hıçqırıq dolu göz yaşlarının qarşısını almaq çətin idi.

 

* * *

 

Düz 40 gün bundan öncə Mustafa müəllim böyük bir izdihamın müşaiyəti ilə haqq dərgahına qovuşdu, onun həyat yolu əbədiyyət yolu ilə birləşdi. Yoxluğu qəlbləri göynətdi, gözləri yaşartdı. Axı, bu cür ayrılıq həmişə göz yaşları gətirir. Ona görə onunla bağlı arzular da yanaqlardan axan göz yaşları kimi ünvansız oldu. Cəmi bir neçə gündən sonra yeni dərs ili başlayacaq. Onsuz nəinki yoldaşları, onu həmişə görməyə adət etmiş bu acı xəbəri ilk dəfə eşidən tələbələri sarsılıb darıxacaqlar. Çünki Mustafa müəllimin yoxluğu ilə barışmaq çox çətindir. İllər keçsə həsrəti çəkiləcək, bu həsrət isə sahili görünməyən ümmana bənzəyir.

Ruhun şad, yerin behişt olsun, Mustafa müəllim! Sən mənən ölməzlik qazanmaqla yaddaşlarda əbədi yaşayacaqsan!

Ruhuna dərin hörmət ehtiramla

 

 

Rafiq FƏRƏCOV

 

Təzadlar.- 2011.- 16 sentyabr.- S. 7.