"Borçalı
bölgəsində ermənilərin fəaliyyəti yox dərəcəsindədir"
Marneuli Gənclər
Mərkəzinin idarə heyətinin üzvü, fəal
ictimaiyyətçi Emin Əhmədovun "Təzadlar"a
müsahibəsi
- Emin bəy, təşkilatınız hazırda Gürcüstanda yaşayan gənclərimizlə bağlı hansı layihələri həyata keçirir?
- öncə təşkilatla bağlı qısa məlumat vermək istərdim. Marneuli Gənclər Mərkəzi (MGM) 2003-cü ildən fəaliyyət göstərir. MGM-nin missiyası, Gürcüstan gənclərinin savadlı, məsuliyyətli, fəal, inteqrasiya olunmuş vətəndaş olmaları, bölgənin və digər bölgələrin ictimai həyatında iştirak etmələri üçün onların təhsil, idman və mədəniyyət sahəsində inkişafına, həmçinin gənclərin gürcü cəmiyyətinə inteqrasiyasına dəstək olmaqdır.
Marneuli Gənclər Mərkəzi əsasən gənclərin təhsili, fiziki sağlamlığı, cəmiyyətə inteqrasiyası, ümumiyyətlə, gənclərin inkişafına yönəlik layihələr həyata keçirir. 2011-ci ildə həyata keçirilən layihələrə gəldikdə isə, bunları qeyd edərdim:
- "Yerli QHT-lərin inkişafı və əməkdaşlığı forumu" layihəsi "Cəmiyyətin İnkişafı Fondu" (CİDA) tərəfindən maliyyələşdirilir. Məqsəd yerli QHT-ləri inkişaf etdirmək, onların rəqabətə davamlılığını gücləndirməkdir.
- "Məcburi köçkünlərin işlə təmin olunması" - layihə Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi 2008-ci ildə baş verən Gürcüstan-Rusiya müharibəsi nəticəsində məcburi məskunlaşdırılmış qaçqın gənclərin və yerli azərbaycanlı gənclərin işlə təmin olunması və onların inteqrasiyasıdır.
- Digər bir layihə kimi gənclərin və tələbələrin inkişafını nəzərdə tutan "Gənclərin İnkişafı Akademiyasını" göstərmək istərdim.
Daha bir layihəmiz "Marneuli rayonunda idmanın inkişafı və sağlam həyat tərzi" layihəsidir. Layihə "World Vision Germany"nin dəstəyi ilə keçirilir. Layihə çərçivəsində MGM-də gənclər üçün bodi-bilding zalı, qizlar üçün isə fitnes zalı yaradılmışdır.
Marneuli Gənclər Mərkəzində (MGM) gənclər üçün müxtəlif kurslar fəaliyyət göstərir. Bunlar ingilis dili, gürcü dili, kompüter və jurnalistika kurslarıdır. Kurslar 3 ay ərzində davam edir və hər üç ayda bu kurslardan 250 gənc və yeniyetmə bəhrələnir.
Bundan əlavə, idman bölgəmizdə boks, kik-boks, akrobatika, kapoeyra, bodibilding, fəaliyyət göstərir.
Layihələr və kurslarla paralel olaraq müxtəlif tədbirlərimiz, aksiyalarımız və görüşlərimiz də olur. Əlbəttə, bütün bu fəaliyyətlər gənclərin inkişafına xidmət edir və müsbət nəticəsini göstərməkdədir.
7 illik fəaliyyət dönəmində bizim mərkəzdən 5000-dən artıq gənc bəhrələnib. Amma bununla kifayətlənmirik, beynəlxalq donorlarla çalışmağa və onlarla əməkdaşlıq etməyə üstünlük veririk. Beynəlxalq donorlarla yanaşı, biznes strukturlarla da əməkdaşlıq edirik. Məqsədimiz yalnız Kvemo Kartlini deyil, eyni zamanda bütün Gürcüstanı əhatə etməkdir.
- Bu gün gənclərimizin əsasən hansı problemlərlə üzləşirlər?
- Təhsil problemi bölgə üçün
ən aktual problemdir. Məktəblərdə kadr çatışmazlığı
və şəraitin olmaması bu problemi daha da
kəskinləşdirir. Bəzi dövlət və qeyri-dövlət proqramları
və layihələri
keçirilməsinə baxmayaraq,
görülən işlər
bu problemin aradan qalxmasına kifayət etmir.
İşsizlik problemi də öz aktuallığı
ilə geridə qalmır. Təhsili olmayan gənclər əsasən xarici dövlətlərdə müvəqqəti
iş yerləri tapırlar. Xaricə iş tapmaq üçün üz tutan gənclərimizin qeydiyyat olunmalarında və iş tapmalarında da çətinliklər var.
- Mərkəzin fəaliyyəti
üçün Azərbaycan
və Gürcüstan
hakimiyyətindən hansısa
yardımlar göstərilirmi?
- QHT olaraq fəaliyyətimizi əsasən donor təşkilatlarla,
layihələr vasitəsilə
qururuq. Ancaq dövlət strukturları
və yerli hakimiyyətlə də əməkdaşlığımız olur. Misal olaraq yerli hakimiyyətin dəstəyi
ilə sentyabr ayında başlayacaq
"Gənclər - daha
yaxşı gələcək
üçün" layihəsini
göstərmək olar.
Azərbaycan dövlətinin yardımı
kimi ARDNŞ-in dəstəyini
yüksək qiymətləndiririk. Yerləşdiyimiz
1200 kv metrlik, tərkibində idman zalları, auditoriyaları,
xalçaçılıq sexi və s. olan ikimərtəbəli binanın ARDNŞ-in yardımıyla
bizə təmənnasız
istifadəyə verilməsi,
texniki bazanın təminatı, binanın təmiri, kommunal xidmətlərin ödənişi
və s. göstərmək
olar. Bundan əlavə, "SOCAR Georgiya"ya layihə ilə də müraciət etmişik.
Bu, bütün Gürcüstanı əhatə
edəcək, gənclərin
inkişafına yönəlik
bir layihədir. ümidvarıq ki, həmin layihənin də Gürcüstan gənclərinin
inkişafına böyük
dəstəyi olacaq.
- Soydaşlarımızın gürcü
cəmiyyətinə inteqrasiyası
hansı səviyyədədir?
- Son illərdə Gürcüstan
dövləti milli azlıqların gürcü
cəmiyyətinə inteqrasiyası
üçün müxtəlif
layihələr həyata
keçirməkdədir ki,
bunun da əsasını dövlət
dilinin yüksək səviyyədə öyrədilməsi
təşkil edir. Milli azlıqların abituriyentləri üçün
nəzərdə tutulan
4+1 proqramını da
xatırlatmaq yerinə
düşərdi ki, bu da dövlət
dilini bilməyən gənclərin ana dilində imtahan verərək ali
məktəblərə qəbul
olunmasını nəzərdə
tutur. Bu proqram çərçivəsində gənclər bir il ərzində
gürcü dilini öyrənir, ilin sonunda isə gürcü dilindən imtahan verərək birinci kursa daxil
olur.
Qeyd
olunanlarla yanaşı, bildirmək istəyirəm ki,
inteqrasiya prosesi kəndlərdə çox zəif inkişaf
etmişdir. Kəndlərdəki əsas problemlər kimi
aşağıdakıları qeyd etmək yerinə düşər:
təhsilin aşağı səviyyədə olması,
işsizlik, məlumat
çatışmamazlığıdır və s. Bu problemlər
isə nəticədə inteqrasiya prosesinin zəifləməsinə
gətirib çıxarır.
Gənclərimizin
gürcü cəmiyyətinə inteqrasiya prosesi yüksələn
xətt üzrə inkişaf etməkdədir və bu prosesin
nəticəsi özünü yaxın illərdə göstərəcək.
- Erməni
təşkilatlarının fəaliyyəti əsasən
hansı istiqamətdədir? Bölücülük xəttini
davam etdirirlərmi?
- Kvemo
Kartli (Borçalı) bölgəsində əsasən azərbaycanlıların
yaşadıqlarını nəzərə alaraq deyə bilərəm
ki, bu bölgədə erməni təşkilatları fəal
deyillər, hətta yox dərəcəsindədir.
-
Soydaşlarımızın çoxluq təşkil etdiyi
Borçalı bölgəsində iqtisadı
yatırımlar qoyulurmu?
- Problemlərin
olması ilə yanaşı, işlər də görülməkdədir.
Bir neçə dövlət proqramı həyata keçirilir.
Bölgədə əsasən Azərbaycan şirkətləri
fəal işləyir. "SOCAR Georgia" şirkətinin
yatırımları regionda əsas yer tutur. Bu
yatırımlar yalnız neft deyil, eyni zamanda qeyri-neft sektorunu
da əhatə edir.
Bu
yatırımlara baxmayaraq, regionun iqtisadi yatırımlara
çox ehtiyacı var. Borçalının kənd təsərrüfatı
bölgəsi olduğunu nəzərə alsaq, bu sahənin
inkişaf etməsi üçün sərmayə
qoyulmasına böyük ehtiyacı var.
-
Qarşıda hansı layihələri həyata keçirməyi
düşünürsünüz?
-
Qarşıda bir çox ideya və layihələrimiz var.
İlk növbədə regionda
xalçaçılığın tarixi peşə
olduğunu və bugünkü tələbatı nəzərə
alaraq bu sahəni inkişaf etdirmək istəyirik. Buna texniki
bazamız da bu yönlü layihələr həyata
keçirdiyimiz üçün təcrübəmiz də
imkan verir və artıq dəstək almışıq.
"Borçalı
xalçaçılığının inkişafı"
layihəsi "Peas Corps"un dəstəyi ilə həyata
keçiriləcək. Layihə çərçivəsində
MGM-də xalçaçılıq kursunun və
kitabxananın yaradılması nəzərdə tutulur.
Biz əldə
etdiyimiz nailiyyətlərlə kifayətlənmirik,
çünki qarşıda görüləsi çox işlər
var. Son olaraq onu deyə bilərəm ki, bu gün Marneuli Gənclər
Mərkəzi artıq regionun ən güclü təşkilatına
çevrilməkdədir və bizim fəaliyyətimiz də
bu yöndə davam edir. Məqsədimiz müasir
düşüncəli, inkişaf etmiş və milli ruhlu
layiqli vətəndaşlar yetişdirməkdir.
Elnur Eltürk
Təzadlar.- 2011.- 16 sentyabr.- S. 8.