"Ölümə, ömürə
sərhəd qoymadım..."
"...Bəlkə
bu sətirləri mənə göydə dolaşan bir ağ
bulud topası, pəncərəmə qısılmış
sarıköynək ciggiltisi, qanadından yaralanıb
eyvanıma qonmuş bir qumru quşunun ürək
döyüntüsü, ya da gecələr yuxuma ağır
yerişiylə, yaxşı-yaman dərdləriylə,
paltolu-papaqlı, siqaret tüstüsündə görünməz
olan, kədərli gözlərində yaşı donan Akifin
Ruhu yazdırdı..."
Bir sənətkarın
portretini onunla birlikdə dövranlar yola salmış
ömür-gün yoldaşından daha yaxşı kim çəkə,
kim dilə gətirə bilər ki?! Yuxarıda Akif Səmədin
ömür-gün yoldaşı Mayisə xanımın
yazısından misal gətirdiyim cümlələri oxuduqca
Anadolu türkləri demiş, "tüylərim dikən-dikən
oldu". Və birdəncə ağlıma gəldi ki, ilk dəfə
Akif Səmədi elə beləcə - "ağır
yerişiylə, yaxşı-yaman dərdləriylə,
paltolu-papaqlı, siqaret tüstüsündə görünməz
olan, kədərli gözlərində yaşı donan"
bir şəkildə görmüşəm.
Rəhbərlik
etdiyim Gənc yazıçıların Respublika Ədəbi
Birliyinə ilk gəlişlərindən ta Bakının
Alatava deyilən səmtində Aydın Qurbanoğlunun evindəki
qonaqlıqdan maşınımla Bayıl səmtindəki evinə
apardığım son görüşümüzə qədərki
zaman məsafəsində Akif Səməd mənim də xəyalımda
Mayisə xanımın təsvirindəki kimi qalıb.
Bu fani dünyada
hər insanın (özəlliklə yaradıcı
insanın) özünəməxsus qəlibləşmiş
bir portreti olur və çevrədəkilər belə
insanların bütün görüntülərindən
yalnız birini seçib əbədiləşdirir. Bu,
heç şübhəsiz ətə, qana
bürünmüş ruhun ölümsüzlük portretidir.
Və hərdən adama elə gəlir ki, Akif Səməd
dünyaya elə "siqaret tüstüsündə
görünməz olan, kədərli gözlərində
yaşı donan" görüntüsüylə gəlmişdi.
Bu görüntü sizə hardasa dərvişləri
xatırlatmırmı, Baba Dərvişləri?!
Xarici
görünüşü ilə daxili dünyası bir-biri ilə
uyum saxlayan Akif Səməd kimi sənət adamlarına az-az
rast gəlinir... Bir qönçə necə
açılırsa, bir bulaq ilk dəfə torpaqdan necə
mükəmməl çıxırsa, Akif də dünyaya elə
beləcə dərviş misalı müdrik doğulmuşdu.
öz başıma gəldiyindən deyə bilərəm ki,
sonralar oxuduğu orta və ali məktəblər onun ruhlar aləmindən gətirdiklərinə
dəstək olmaq yerinə bəlkə də əngəl
olmuşdu və o da beləcə "Adəmdən Akif Səmədə
qədərki" dünyada Allahdan verilənlərlə
gördükləri arasındakı ziddiyyətlər
burulğanında yaşamışdı. Bu hal onun şeirlərindən
də görünməkdədir. Ədəbi birliyin məşğələlərində
tay-tuşlarına, hətta birliyin ünlü qonaqlarına
münasibətdə bu yetkinlik halı özünü
göstərməkdə idi...
Həyat hekayəsi,
daxili dünyası şeirlərinə elə yansıyıb
ki, şairin hansı ovqatın qanadlarında
yaşadığını ortaya qoymaq elə də çətinlik
törətmir:
Kərəmin Əslisi oldum,
Lələcə
yaşadım, oğul.
Bülbülü
fəryad eləyən
Güləcən
yaşadım, oğul.
Akif havalı,
soykökünə bağlı adam idi və bu hava dünyaya
onunla birgə gəlmişdi. Əslində hər insan bir
havadır. Dünyamız başındakı havanı
könül sazında çaldırmağı bacaranlarla,
bacarmayanların dünyasıdır! Akif Səməd elə
bir hava yaxalamışdı ki, bu havanı oxumaqla,
görüb götürməklə öyrənmək
olmazdı. Bu, vergili bir havadır. Başındakı
havanın nə olduğunu hamıdan yaxşı bilirdi, bilməsəydi,
heç özü bu bəyanda bulunardımı:
"Sazın Nəsimi, Füzuli, Qazı Burhanəddin...
kökləri olub, unudulub. Yaxşı ki, sözlər
qalıb, söz cığırına düşüb söz
kökünə çatmaq olar... ""Heç nə
unudulmur unudulsa da". Sazın Müşfiq kökündə,
Nazim Hikmət kökündə köklənmək də Akif
Səməd üçün yad
deyildi. Bu köklər dünyaca sınaqdan
keçirilmiş əbədiyyət kökləri idi. Bu
kökləri bilə-bilə, görə-görə öz
havanı bulmaq, öz kökünə köklənmək isə
hər şairə nəsib olmur. Saz, söz
cığırına düşüb həqiqi sözün
kökünə çata bilmişdi Akif Səməd:
"...Gördünüzmü söz canlıdır,
canlıdır adam kimi, daş kimi, torpaq kimi, yarpaq kimi, su kimi,
yel kimi. Mənim də haqqım var ürəyimə yatan
sözləri sevməyə..."
Akif sözlərin boyunu övladı
kimi sevən şair idi. Bəlkə
də sona sözün
qalacağını bildiyindən sözü
övladlarından yox, bəlkə canından da artıq
sevirdi:
Özümdən
sözlərim dərin,
Gedin
daşları dindirin.
(Özündən sözünün dərin
olduğunu bilən neçə şairimiz var, varın da
cavabını siz verin...)
Könüldən kağıza qədər
ki yolda çəkilən şair əzabını bundan
yaxşı necə dilə gətirmək olar?
Vərəqə düşə bilmir,
Qələmdə söz qocalır..
Sahibini tərk etmiş sözlərin
sabaha yolçuluğudur həqiqi şeir: "Su bulaqdan
axıb gedir, bulaq baxa-baxa qalır..."
İnsanların çoxu bunun fərqində
olmasalar belə, insan dünyaya gəlincə ölümü
də onunla birlikdə doğulur... Akif Səməd
ölümünün yaşıdı olduğunu hamıdan
yaxşı bilirdi:
Əzrayıla üstün gəldim,
Özüm xoşluqla ölürəm.
...Təzə ha deyil bu xəbər,
Lap uşaqlıqdan ölürəm.
Yaxud:
Mən ömrümə qəsd elədim,
Ölüm ilə dost elədim...
Ölümün yaşıdı
olduğunu bilməsəydi, ilk şeirlərindən son
şeirlərinə qədər ölümlə əlləşə,
onu misralara düzüb, boyunu sevərdimi?
Endim bəmdən-bəmə,
zülümdən qaçdım,
Gül gəzən arıydım,
gülümdən qaçdım.
Mən sizlərə görə
ölümdən qaçdım,
Guya yaşamaqdan ötrü
ölürdüm.
Bilməsəydi, keçmişdən gələcəyə
"sifariş" göndərərdimi:
...Ay başdaşı gəzən,
nekroloq yazan,
Özüm öz yazımı yazıb
gedəjəm.
Dünyanı əməlli tanıya
bildim,
Bu başdan o başa azıb gedəjəm.
Məclis-mərəkədən bir az yan
durun,
Özü heç,
ağırdı adı
andırın,
Balaca Güləni
asta qandırın,
Məzarı bir
gündə qazıb gedəjəm.
Bilməsəydi, ömrü gün günorta yerinə qalxmamış bu amansız cümlələri
qələmə, kağıza
etibar edərdimi:
"Birdən-birə niyə
ömrümü hərflərlə,
kiril əlifbası ilə (mixi yazı da, run qrafikası da, ərəb hüsn xətti də ola bilərdi) ağ vərəqlərə
köçürmək fikrinə
düşdüm. Ona görə ki, gördüm, ömrüm
zəhlə tökəcək
qədər uzanır..."
Otuz-qırx yaşında
belə amansız və sərt cümləlləri ona yazdıran hansı qüvvə idi. Tay-tuşları keifində-damağında
olanda, güldən, bülbüldən yazanda onu könüldən və ölümdən yazmağa vadar edən hansı qüvvə idi? Bu sualın cavabını Akif Səməd hamımızdan yaxşı
bilirdi. Belə deyirlər ki, vəliləri Əzrayıl
öldürmür, onlar
ölümlərini özləri
sifariş verirlər.
Ölüm, onlar ölməyi istəyəndə
gəlir. Akif Səməd də ovsunçu ovunu ovsunlayan kimi ölümü ovsunlamış,
ölümsüz şeirləri
ilə ölümə
meydan oxuyur, onu görüşə çağırırdı. Ölüm
mələyi yaşına,
başına baxmadan onun bu - vəli
misallı adamın sifarişini yerinə yetirmək üçün
gəlməli idi, gəldi də...
Bəzən bir-birinin
qonşuluğunda çeşitli
bulaqlar yerdən boy göstərir. Amma sularının sərinliyi
də, tərkibi də əsla bir-birinə bənzəmir.
Hətta eyni yerdən qısa fəsilləllərlə gah
isti, gah da soyuq çıxan
su qaynaqları da bilinməkdədir. Yerin şah damarından çıxan
bu bulaqlar bir Tanrı möcüzəsi olduğu
kimi, şeirdə də baş döndürücü təsirlər
burulğanında yaşayıb
da heç kimə bənzəməmək
də bir Tanrı vergisidir. Akif Səmədin ədəbiyyata gəldiyi
zaman şerimiz qondarma mövzulardan təmizlənir, tarixinin unudulmuş köklərindən
yenidən pöhrələnib
boy atırdı. Bu elə
bir dönəm idi ki, şeirimizdə
təqlid olunası, bir-birinə bənzəməyən
forma və biçimlər
təqdim edən bir neçə şair yaşayırdı.
Bir az əvvəlki
illərdə hecada S.Vurğunun, sərbəstdə
R.Rzanının təsir
dairəsi vardısa, artıq Akifin şeirə gəldiyi zamanlarda şerimizin Ə.Kərimləri, M.Yaqubları,
V.Səmdoğluları, R.Rövşənləri
vardı. Bu siyahını
daha da uzatmaq
olar. Zatən, A.Səmədin özü
bu şairlərin geniş panoramını şerə gətirib, pis də gətirməyib.
Bir bu qədər
şair və şeir bolluğunda A.Səməd kimsənin təsiri altına düşmədən öz
fərqli sənət
dünyasını yarada
bildi. Onu da nəzərə alsaq ki, bir
zamanlar onun ədəbi nəslini
"itirilən nəsil"
adlandırmaq "dəbdə"
idi. Amma Akif Səməd "itirilən nəslin" möhrünü ədəbiyyat
tariximizə vurmağı
qərarlaşdırmışdı. Əsl istedadın dünyaya və sənətə gəliş missiyası da bu deyilmi?
Ağır, ağır
olduğu qədər
də əzablı axtarış yolunda Akif Adəmdən üzü bəri sürüb gələn şeirin elə qatına düşdü ki, o qat, irfani
ruhun yenidən şahlanmasına gətirib
çıxaracaqdı. çıxardı
da!
Gülə can verən arıyıq,
Yönü sevdaya
sarıyıq.
ölüm heç
nədi, ayrılıq
Yamandı, ay gedən, əylən...
"Əylən" desə də yaşadığı
zaman kəsimində əbədiyyətə qovuşmağa
tələsən də
hamıdan çox o özü idi:
Alma dərdim niyə olmadı şirin,
Mənim bilmədiyim
o sirlər gözəl.
...Yaşadım, otuzda əlliyə çatdım,
Gördüm ki,
kəndiri kəsirlər
gözəl...
Bu, vergidir, "otuzdan əlliyə çatıb" bilmədiyin
sirləri bilmək vergisi! Və bu vergini öncə
də vurğuladığım
kimi, bu dünyada oxumaqla, çalışıb çabalamaqla
qazanmaq mümkün deyil. Bu vergi o dünyadan, sirlər aləmindən bu dünyaya bədən donu geyib görüntü
qazanan insan adlı yaradılanın gözəgörünməz ruhuyla
gəlir. Bu ruhlar ona görə də yerüstü heç nəyə boyun əyməz. Belə ruhların tapındığı tək
bircə qüvvə var, o da ona
vergi verən Allahdır. Hansı rejimdə yaşamalarından
asılı olmayaraq belə, ruhlar hər zaman özgür olur. Çünki onların sənət ölçüləri
də, davaranış
və işləkləri
də yer yasalarına uyğunlaşmayan
səmavi ölçü
və qəliblərinə
hesablanıb. Çevrəsindəki
buqəlmunların üzdə,
sözdə ona dəstək olub, arxada puçunu buranların acığına
qızıl qurultayda qızıl qırmızı
Yazıçılar Birliyi
sədrliyinə namizədliyini
verməsi və cəmi bir səs
alması da səmavi ölçülərin
yerdə həyata keçirilməsi deyildimi?
Belə ruhlar bəzən yandaşını
bu ölümlü, ahlı dünya da bula bilir,
çox zaman da yalqız gəldikləri kimi də yalqızca da bu dünya
deyilən fanidən uf demədən çəkilib gedirlər.
Bir də "yaşamaq" deyilən şey yalnız bu dünya deyilən
faniyə doğub törəmək, beş hissinə qul olmaq üçün gərəklidir. Amma dünyəvi süslər
və zövqlərdən
arınmış müqəddəs
ruhlar fiziki anlamda da çox
zaman sevgilərini bula bilmir, onların
sevdikləri özlərindən
ya bir əsir
öncə doğulmuşdur
ya da özlərindən
üç əsir sonra doğulacaq. Bu nədənlə də yaşadığı zamanının
müxalifi olub, sevgisini qazanmağa can atmayan belə ruhlar, əslində o dünyada qoyub gəldikləri ilahi sevgiyə qovuşmaq üçün tələsən
və hətta buna görə özünü İudaya
"satdıran" İsa
misalı xəstəlik
deyilən əngəllərin
gəlişinə sevinərək
tələsirlər:
Cənabi həqq,
Akif adlı
Bir bəndəniz
də boğulur...
Bulağın haradan, hansı qayanın altından sızıb çıxacağı
özündən asılı
olmadığı kimi,
nə yazıq ki, sənətkarın da zaman və
məkan seçmək
imkanı olmur. Bu ondan yox, tale deyiləndən asılıdır.
Beləliklə, hər
kəs ona biçilmiş libası geyməyə, ona seçilmiş zamanı yaşamağa məhkumdur.
Bir rus ata
sözündə deyildiyi
kimi: "Vremena ne vıbirayut, V nix jivut i umeraet". Amma seçilməyən zamanda seçilmiş olmaq da bir
Tanrı xoşbəxtliyidir.
Akif Səmədə də heç şübhəsiz belə
bir alın yazısı qismət olmuşdu. Yaşadığı
zaman çərçivəsinə sığmadığı, başqalarına
bənzəməyən davranışları
seçilmişliyinin bir
göstərgəsi idi...
Ruhun qurtuluşu bədənin ölümündən
asılıdır:
...Köçüb getmək zamanıdır
Dünya viranda
qalınca.
Dünyada insandan
güclü maqnit yoxdur. Yaşayanları çox zaman cismən ölənlər
idarə edir, onlara yön verir. Bunu elə
rəhmərtlik Akif Səmədin şəxsində
də görə bilərik. Bir insan ancaq sevdiyi
şeylər uğrunda
mübarizə aparar və yeri gələndə
özünü qurban
verər. Azad insanın
taleyi zamana və tarixə görə hər zaman faciəvidir. Kafka deyirdi ki, şeir
həyatı gözəlləşdirir.
Şairlik bir millətin əsəb nöqtəsi, qançəkər
yeri olmaqdan başlayır... Söz bizdən yaşlıdır,
söz bizdən cavan... Hegel demişkən,
şeir insanlığa
Tanrı tərəfindən
içini aça bilməsi üçün
verildi. Başqa sözlə, şeir insanlığın ANA DİLİDİR. Şairin sevgisi şerin sevgisidir.
Göte deyirdi
ki, isedadı mezarı doğruldur. Şairin və şeirin qədəri göylərdə yazılıdır.
Akif Səməd bu fani-dünyadakı az-azacıq ömrünü
dopdolu yaşadı və bu ömrün
zamanlara sığmayacağını
hamıdan əvvəl
idrak etdi:
...Ölümə, ömürə sərhəd
qoymadım,
Zamansız bir
ömür yaşadım,
oğul.
Sevgili oxucu,
önündəki nar
dənələri kimi
dopdolu olan bu kitab, yuxarıda
dediklərimizin vaz keçilməz sübutudur.
Bu bir kitab dolu şeir Akif Səməd ilhamının sabaha və əbədiyyətə
yolçuluğudur. Oxuyacağınız
hər misrada şair enerjisinin dipdiri, capcanlı qaldığını siz
də görəcək
və mənim kimi ölümsüz Akif Səməd ruhuna fatiha oxuyacaqsınız...
Məmməd İSMAYIL
Azərbaycan.-
2011.- 17 sentyabr.- S. 13.