Qadın aşıqlığı

 

Bildiyimiz kimi, bu, kifayət qədər maraqlı, eyni zamanda müəyyən qədər mübahisələrə səbəb olmuş bir mövzudur. Ona görə yazılarımızda biz də mütəmadi olaraq bu mövzuya toxunmuşuq. Və məsələyə həmişə az-çox aydınlıq gətirməyə çalışmışıq. Lakin güman edirəm ki, vacib məqamlara bir daha nəzər salmaq daha məqsədəuyğun və faydalı olar.

Ümumiyyətlə, "qadından aşıq olmaz" ifadəsini işlətməyin özü düzgün deyil. Çünki peşəkar xüsusiyyətlər nəzərə alınmazsa, musiqidə sərhəd yoxdur. Rus bəstəkarı V.P.Salavyov-Sedoyun bu haqda bir fikri var: "İlk insanın daxmasına musiqinin nə vaxt daxil olduğunu müəyyən etmək mümkün deyildir". Bu, doğurdan da belədir. Konkret desək, musiqi insanın qəlbindədir. Xalça toxuyan və ya cəhrə əyirən nənənin, daş yonan bənnanın zümzüməsində də bir musiqi var. Axı insanlar əsrlər boyu məhz belə yaşayıb və folklor nümunələri yaratmışlar. Yəni yuxarıda dediyimiz kimi, musiqi sərhədsizdir. Təbii ki, o yerdəki musiqinin hələ elmi yoxdur. İfaçılıqda peşəkarlıq və konkret olaraq bu istiqamətdə norma və stnadartlar, ölçülər gözlənilmir. Bu mənada, qadının oxuduğu ixtiyari bir mahnıya da musiqi nümunəsi deməmək mümük deyil. O cümlədən də aşıq mahnılarına. Təbii ki, o da bir musiqi nümunəsidir. Sadəcə olaraq biz peşəkarlığın sərt qanunlarına və aşıq musiqisinin bədii-estetik, fəlsəfi-ürfani dəyərələrinə istinad etsək, onda bu ifalardakı qüsurları aydın görərik.

Məsələ ondadır ki, bu gün aşıq sənətində, ümumiyyətlə, peşəkarlığın, ifa dəqiqliyinin özü zəifdir. Kişi aşıqlarının özləri ənənəvi aşıq mahnılarını qeyri-peşəkar tərzdə ifa edirlər. Kimi solo saz çalmaqla, kimi şeir söyləməklə, kimi də balabanın müşayiəti ilə oxumaqla, daha doğrusu, bir növ gizlənməklə bu sənətdə qalırlar. Hətta aşıq sənətində vəziyyət o yerdədir ki, artıq bəzən qadın ifaları kişi ifalarını üstələyir. Əslində bu, qadın ifaçılığının güclü olması deyil, kişi ifaçılığının zəif olması deməkdir. Yəqin ki, oxucularımız üçün də maraqlı olar. Bir dəfə tanınmış və hamı tərəfindən sevilən qadın aşıqlarından biri mənim yanımda dedi: "Hələ kişilər bizə "sağ ol" desinlər ki, biz bu sənəti indiyə qədər qoruyub saxlamışıq".

Onun sözündə kişi aşıqlarının sənət zəifliyi baxımından bir həqiqət vardı. Doğrudan da kişi aşıqları o qədər passiv və qeyri-peşəkar fəaliyyət göstərirlər ki, meydan qadın aşıqlarının ümidinə qalıb. Digər tərəfdən, bir çox alim və ziyalılarımız da məhz qadın aşıqlarını himayə edirlər. Deyərdim ki, hətta bəzən həddindən artıq dərəcədə. Şəxsən mən bir oxucu kimi dəfələrlə müxtəlif elmi mənbələrdə vaxtilə qadın aşıqlarının olduqlarını və aktiv fəaliyyət göstərdiklərini qiymətli fakt kimi əsas tutan alimlərimizin adına rast gəlmişəm. Məsələn, Şınıxlı Aşıq Cəvahir, Göyçəli Şımpırlı Aşıq Sevgili, Borçalı Aşıq Sona, Tovuzlu Aşıq Sayad, Aşıq Əsginas və başqaları. Mənim üçün burada aydın olmayan yalnız bir məqam var. Bu gün yüzlərlə qadın aşığı gözümüz qarşısında olduğu halda, bu misallar, nümunələr nəyə gərəkdir? Deməli, bu qədər əyani sübutun qarşısında biz hələ də qadın aşıqlığının mümkünsüzlüyünü başa düşə, anlaya bilmirik? Ona görə də tarixə baş vururuq? Qəribədir, deyilmi? Axı gözümüz önündə bu qədər Cəvahirlər, Sevgilər, Sonalar, Əsginaslar ola-ola bu tarixi faktlara nə ehtiyac var?

Yeri gəlmişkən, bu yaxınlarda qadın ifaçılarına həsr olunmuş və çox gözəl tərtibatlı "Qadınlar Azərbaycan musiqi həyatında" adlı bir kitaba rast gəldim. Kitabda tanınmış qadın ifaçıları, xüsusilə də müğənnilər haqqında geniş məlumat verilmişdi, o cümlədən də instrumental ifaçılar haqqında. Bunlar öz yerində. Mənə qəribə gələn kitabın üzərində sinəsində saz tutmuş bir qadın şəklinin təsviri idi. Sadəcə, başa düşə bilmədim ki, həmin şəklin kitabın içindəkilərlə nə əlaqəsi? Kitabda xanəndə və sazəndə qadınlar haqqında yazıldığı halda, sazın və qadın aşığının burada təsvir olunmasının nə lüzumu? Hansı ki, tarixdə peşəkar bir sənətkar kimi heç belə obraz olmayıb da. Ola bilsin ki, kimlərsə bu ifadənin müqabilində bizlərə aşıq Pərini xatırlatmaq istəsin. Xahiş edirəm, bu barədə zəhmət çəkməsin. Çünki Pəri xanım ədəbiyyata və şeiriyyata meylli və hədsiz gözəl bir xanım olub, peşəkar aşıq yox.

Əgər doğrusunu axtarsaq, bizim aktiv və yaradıcı qadınlarımızın xalq musiqisi yaradıcılığı sahəsində fəaliyyətləri daha geniş olub, nəinki aşıq musiqisində. Çünki xalq mahnıları həyatın hər bir sahəsini əhatə edir. Burada real həyatla bağlı olaraq qadın bədii yaradıcılığının da öz payı var. Özü də lap çox. Məsələn, toyuğu itmiş bir gəlin də ən azı bircə beyti zümzümə edərək oxuyub. 

 

Səni yanasan touyq tutan,

Odlanasan toyuq tutan.

 

Bu gün xalq mahnılarımız arasında qadın dilinin məhsulu olan istənilən qədər nümunələr var. Məsələn, "Qoy gülüm gəlsin, ay nənə", "Həsri basma dolan gəl", "Küçələrə su səpmişəm", "Yar bizə qonaq gələcək". Amma qadın dilinin məhsulu olan bir dənə də olsun aşıq mahnısı yoxdur, ola da bilməz. O ki qaldı dastanlardakı qadın obrazların ifa etdikləri mahnılara, əslində onların da yaradıcıları yenə də kişi aşıqlarıdır. Dastanın nəqli zamanı da bu mahnıları elə kişi aşıqları ifa edirlər. Bununla belə, ola bilsin ki, saz aşağı zümrənin musiqi aləti kimi nisbətən sadə quruluşlu və bəlkə də kasıb kütlənin gücü çatıb ala bildiyindən instrumental şəkildə qadınlar tərəfindən ifasına meyl bir qədər güclü olmuşdur. O cümlədən təbii ki, burada türkçülük də əsas rol oynamışdır. Amma bu günün özündə belə, aşıq musiqisi qadınlar tərəfindən peşəkar tərzdə, fərqi yoxdur, istər instrumental, istərsə də vokal formada ifa edilir demək heç cür olmaz. Bir halda ki, şifahi-peşəkar musiqi, daha doğrusu, muğam ifaçıları olan qadın xanəndələrinin ifaları ilə müqayisədə. O cümlədən, kitabda haqqında yazılan Cahan Talışınskaya, Həqiqət Rzayeva, Sürəyyə Qacar, Rübabə Muradova, Zeynəb Xanlarova və s. kimi korifey müğənnilərin ifaları ilə. O ki qaldı kitabın üzərindəki qadın aşığı şəklinin konkret səbəbinə, güman edirəm ki, bu, sadəcə olaraq insanlar tərəfindən bəzən aşıq sənətinə formal yanaşmanın bir nəticəsidir. Yeri gəlmişkən onu da deyim ki, orta dövrlərdə saza-sözə, musiqiyə, baməzə danışığa meylli, hətta bir qədər eşqli-ilhamlı, şən və bəzən də el dili ilə desək, vergi verilmiş, bir növ havalanmış adamların hamısına el arasında elə aşıq demişlər. O cümlədən də təbii ki, bu vəziyyətdə olan xanımlara. Bir sözlə, "aşıq" sözü orta dövrlərin leksikonunda çox titulları əvəz etmişdir. Bu mənada, qadın aşıqlığı orta dövrlərdə rəmzi və formal xarakter daşımışdır. Təəssüf ki, bu gün bir çox ziyalılar belə, orta əsrlərin bu cür qadın aşıqlarına həqiqi sənət sahibləri kimi çox ciddi yanaşırlar. Bununla da gözlərimiz önündə əqidələrdə quru yalanlar kök salır.

Bildiyimiz kimi, bu il "Aşıq deyişməsi" adı altında bir müsabiqə keçirildi. Ümumilikdə pis keçmədi və uğurla yekunlaşdı. Yaxşı ki, yarışda qalib SMS-lə müəyyənləşirdi. Əks halda, münsiflər heyətinin qalibi necə müəyyənləşdirəcəyini təsəvvür edə bilmirdim. Məsələn, sevimli şairimiz İlyas Tapdıq müsabiqənin gedişində belə bir maraqlı fikir söylədi: "Yaxşı olar ki, kişi aşığı kişi, qadın aşığı isə qadın aşığı ilə deyişsin". Çox təəssüf ki, sevimli şairimiz özündə güc tapıb deyə bilmədi ki, çünki qadın aşığının oxuduğu başqa şeydir, kişi aşığının oxuduğu başqa. Biz onları müqayisə edə bilmirik. Çünki onlar arasında ümumi bir meyar, parametr yoxdur. Bu ifaların hər ikisini ənənəvi aşıq mahnısı adlandırmaq olmaz. Konkret desək, qadın aşıqlarının oxuduqları nəğmədir, aşıq mahnısı yox. Qəribədir ki, qalibin kimliyindən asılı olmayaraq, yarışın gedişində əks fikir yarandı. Belə ki, yaxşı çıxış edənlər elə qadınlar oldu. Xüsusilə də Aşıq Lətifə çeşməli. Aşıq Lətifə qadın səsinin imkanları daxilində maksimum dərəcədə yaxşı oxudu. Lətifə xanım bundan artıq heç nə edə bilməzdi. Çünki texniki ifa cəhətdən o, mümkün olan hər şeyi etdi. Sadəcə, Lətifə xanımın oxunuşunda qadın səsinin aşıq musiqisi ilə uzlaşmayan bədii xüsusiyyətləri öz mənfi təsirini göstərirdi. Daha doğrusu, bu əlamətlər özünü büruzə verirdi. Yəni aşıq musiqisi üçün xarakterik olan məxsusi intonasiyalı oxunuşlar, ağır melodik tələffüzlər, titrəyişli səs uzatmaları, fermatalar, yaxud sərbəst vəznli vokal intermediyalar və müxtəlif boğaz qaynatmaları qadın səsi ilə heç cür alınmazdı. Qəribədir ki, aşıq Lətifə bəzən bu texniki taktikalara nə qədər uyğun olmasa da, çox cürətlə əl atırdı. Kişi aşıqları isə əksinə, tamamilə sabit tərzli xırdalıqlar, melodik çevirmələr, kalaraturlar olmadan monoton tərzdə oxuyurdular. Bir sözlə, kişilər nə etməli idilərsə qadınlar, qadınlar edəcəklərini isə kişilər edirdilər. O ki qaldı müsabiqədə iştirak edən Şirvan aşıqlarına, mən dəfələrlə dediyim kimi, onların ifalarını müstəqil xarakterli sinkretik bir musiqi janrı hesab edirəm. Daha doğrusu, ənənəvi xarakterli aşıq musiqisi janrı yox. Ona görə də müsabiqədə Şirvan aşıqlarının çıxışları haqqında konkret fikir bildirməyi lazım bilmirəm.

Bir həqiqəti də deməyi özümə borc bilirəm. Tarixdə adətən anormal, fizianomiyalı, yaxud psixoloji və ya əxlaqi, həmçinin bəzən anonim qüsurları olan qadınlar daha çox aşıqlıq ediblər. Mən konkret ad çəkmək istəmirəm. Amma şəxsən öz gördüklərimdən əlavə, bunu çox ustadlardan da eşitmişəm. Bir də ki, bu halı elə indinin özündə müşahidə etmək olar. Heç uzağa getmək lazım deyil. Sadəcə olaraq, indi dövran dəyişib. İndi daha sağlam və əqidəli xanımlar da aşıqlıq edirlər. Bu da sənət meydanlarının boşluğundan və aşıq sənətinin, ümumiyyətlə, nəzarətsiz qalmasından irəli gəlir. O cümlədən, bir çox ziyalılarımızın qadın aşıqlarına qarşı himayəçi mövqeyi və kişi iradəsizliyi bu prosesi daha da gücləndirir.

İndi isə məsələyə bir qədər elmi aspektdən yanaşaq. Qadın səsinin müxtəlif növləri var - Soprano, Messo-soprano, Kontralto. Soprano səslər zil olmaqla həm də lirik və kalaraturlu xarakterdə də olurlar. Kontralto isə alt səsdir. Yəni bəmdir. Bu səslərin heç biri aşıq mahnısını ənənəvi tərzdə oxumaq üçün uyğun deyil. Daha doğrusu, yaramır. Bu səslərlə aşıq havalarının yalnız texniki quruluşunu və sadə melodik eskizini şərh etmək mümkündür, tam melodik mahiyyətini, leytmotivini yox. Bu, təbiətən belədir. Məsələn, sevimli müğənnimiz Zeynəb Xanlarovanın səsi lirik-sopranodur. Sara Qədimovanın səsi soprano, Şövkət Ələkbərovanın səsi messo-soprano və s. Amma bu səslərlə "Humayun", "Şüştər", "Bayatı-Şiraz", "Çahargah" muğamlarını da adətən oxumurlar (baxmayaraq ki, Zeynəb Xanlarova "Çahargah" muğamını oxumuşdur). Qadınlar adətən, kiçik həcmli zil tessituralı "Qatar", "Şahnaz" və digər muğamları daha çox oxuyurlar. Təbii ki, burada da konkret bir qadağa yoxdur. Bir daha xatırladıram ki, musiqi sərhədsizdir. Hər kəs öz istədiyini oxuya bilər, lakin burada söhbət ifanın yüksək peşəkar effektiv nəticəsindən gedir.

Aşıq musiqisi fəlsəfi-urfani dəyərlərə malikdir. Burada həm ozan nəfəsinin, ozan kalamının intonasiyaca gücü, ağırlığı, həm də dərviş avazının yanğısı var. Bunu qadın səsi ilə açıqlamaq, şərh etmək mümkün deyil, bəzi halda lap gülməlidir. Hər bir aşıq havasının ideya-tematik xüsusiyyətləri yalnız kişi səsi ilə şərh oluna bilər. Xüsusən də tenorla. Qoca, pirani bir babanın öyüd-nəsihəti, yaxud bir igidin, ərənin nərəsi, hayqırtısı və ya ilahi haqqa tapınmış bir dərvişin canlara od salan naləsi, harayı kimi.

 

 

Lətif HƏSƏNOV     

 

Təzadlar.- 2010.- 8 yanvar.-S.11.