Bir parça çörək

 

Bir çörək parçası atılıb yerə,

Heyrətdən quruyub, donub qalmışam.

Heç kimin önündə sınmazdım belə,

Çörəyin önündə sınıb qalmışam.

Necə tullayıblar, necə atıblar,

Çörək yerlərə düşərmi görən?       

Çörəyin yanından ötən adamlar

Belə saymazyana keçərmi görən?

Çörəyin üzünə həsrət qalanlar,

Bir tikə çörəyə çox mohtaclar var.

Çörəklə sınağa çəkilən şahlar,

Çörəksiz can verən yalavaclar var.

Diz qoyub çörəyi götürürəm mən,

Öpürəm, qoyuram gözüm üstünə.

Elə bil təndiri qalayır nənəm,

Çörəyi düzürəm közün üstünə.

Əlimdə günəşdir bir parça çörək,

Kim atıb, görəsən, günəşi yerə?

Mənim əllərimi yandırdığı tək

Kimin əllərini yandırar belə?

Qurandan irəli ruzidi, gəlib,

Bizə yaradanın haqqı-sayıdır.

Haqsızın həmişə burnundan gəlib,

Çörək insanlara Tanrı payıdı.

 

Esmira Məhiqızı çağdaş poeziyamızın ən isti, ən kövrək nümunələrini yaradan qələm sahiblərindəndir. Onun şeirləri obrazlılığı, səmimiyyəti özünəməxsusluğu ilə seçilir. "Bir xışma xəyal"la oxucuları ilə ilk görüşə gələn Esmira xanımın şeir boğçasından bir neçə nümunəni təqdim edirik.

 

 

Ay Ağdamın gecələri...

Ay Şuşanın gecələri...

 

İşıq-işıq sıralanıb

Bir su kimi axırsınız.

Bulud-bulud ağrı çəkib

Yağış-yağış yağırsınız.

Mən bu yandan boylanıram,

Siz o yandan baxırsınız,

Ay Ağdamın gecələri,

Ay Şuşanın gecələri.

Şirin-şəkər xatirələr

Bir yarımçıq nağıl imiş.

Vüsalınız necə uzaq,

Həsrətiniz yaxın imiş.

Pərvanəsi ölü yurdun,

Zənguləsi yanğı imiş, 

Ay Ağdamın gecələri,

Ay Şuşanın gecələri.

Gözəl-gözəl çağlarımın

Nənəsi siz, babası siz.

Perik düşən yuvaların

O dağılmış yuvası siz.

Nəğmələrin qəm axını,

Nisgillərin havası siz,

Ay Ağdamın gecələri,

Ay Şuşanın gecələri.

Sizdə mənim mənə bənzər

Günüm qalıb, ayım qalıb.

Sırsırada qarlı qışım,

Cırhacırda yayım qalıb.

Təpələrdə dəli qıyım,

Dərələrdə hayım qalıb,

Ay Ağdamın gecələri,

Ay Şuşanın gecələri.

Xatirəmdə bir yüyrük var,

İçində mən yellənirəm.

Ruhum hara qonaq olur,

Ağrısına millənirəm.

Qısılıb bir gül koluna

Həzin-həzin dillənirəm,

Ay Ağdamın gecələri,

Ay Şuşanın gecələri.

Bulaqların qan ağlayan

Suyu elə göz yaşımdı.

Başı kəsik kötüklər

Mənim qırıq başdaşımdı.

Sizdə salıb itirdiyim

Elə sizli yaddaşımdı,

Ay Ağdamın gecələri,

Ay Şuşanın gecələri.

Nənəm, babam, atam ölüb,

Edamlarda dardayam mən.

Dönərgələr elə dönüb,

Heç bilmirəm hardayam mən.

Çığırmaqdan səsim batıb,

Burdayam mən, burdayam mən,

Ay Ağdamın gecələri,

Ay Şuşanın gecələri.

Gecələrin qaranlığı

Qaramatdı qorxu kimi.

Biri varda-biri yoxda

İtib gedir duyğu kimi.

Gözlərimdən qaçırsınız,

Qaçırsınız yuxu kimi,

Ay Ağdamın gecələri,

Ay Şuşanın gecələri...

 

 

Esmira Məhiqızı

 

Təzadlar.- 2011.- 11 yanvar.- S.15.