Qarabağsız döyünən şair ürəyi

 

İlk dəfə Rəfail Tağızadənin yazısını "Təzadlar" qəzetində oxumuşam. Sonra bu imzanı izləməyə başladım. Rəfail müəllimin yazıları Qarabağ tarixindən, Qarabağ döyüşlərindən bəhs etdiyinə görə mənim marağıma səbəb oldu. Bir gün "Təzadlar" qəzetinin növbəti sayını almışdım. Qəzetdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Sənanın atası, döyüşçü Əkbər Rüstəmov haqqında Rəfail Tağızadənin məqaləsi çıxmışdı. Yazıda o, mənim Əkbər Rüstəmov haqqındakı bir yazımdan sitat gətirmişdi. Mən dostum Əkbər Rüstəmova zəng edib Rəfail müəllimin telefon nömrəsini aldım. Onunla zəngləşib təşəkkürümü bildirdim. Bununla da bizim qiyabi tanışlığımız başladı. Bir gün Bakıya gedəndə ona zəng edib görüşmək istədiyimi bildirdim. Rəfail müəllim məmnuniyyətlə razılıq verib metronun "Nefilər" stansiyasının çıxışında məni qarşılayacağını dedi. Mən ondan tez gəlib metronun çıxışında gözləyirdim.

mən onu tanıyırdım, o, məni. Bir-birimizin heç şəklini görməmişdik. Əkbər müəllim zəng edib harda olduğumu soruşdu. "Neftçilər" metrosunun çıxışında Rəfail müəllimi gözləyirəm dedim. Həm əlavə etdim ki, onu üzdən tanımıram, heç bilmirəm necə olacaq. Əkbər müəllim "İndi gəlirəm", - deyib, telefonu bağladı. Aradan bir neçə dəqiqə keçmişdi ki, metrodan çıxan sarışın bir kişi mənə yaxınlaşdı. "Məmməd müəllim sizsiniz?"-deyə, müraciət etdi. Mən: - "Siz Rəfail müəllimsiniz?"-deyərək, soruşdum, "Bəli"- deyə cavab verdi.

Biz çox səmimi görüşdük. Xeyli söhbət etmişdik ki, Əkbər müəllim gəlib çıxdı. üçümüz eyni dərdli olduğumuzdan söhbətimiz çox şirin gedirdi. Bir-birimizdən ayrılmaq çətin olsa da, ayrılmalı olduq. Rəfail müəllim mənə özünün "Qarabağ rüzgarları" kitabının bir nüsxəsini hədiyyə verdi. Mən öz növbəmdə təzə işıq üzü görmüş "Qarabağa gedən cığır" kitabımın birini Rəfail müəllimə, birini Əkbər müəllimə bağışladım. Bir-birimizə uğurlar arzulayıb ayrıldıq.

Rəfail Tağızadənin "Qarabağ rüzgarları" kitabındakı şeirləri oxuyuram, hörmətli şairimiz Famil Mehdinin onun haqqında dedikləri ilə mənim fikirlərim üst-üstə düşür. Professor Famil Mehdi Rəfail haqqında yazır: "... Şeirlərindən hiss edirdim ki, həmdərdik. Qarabağdan danışanlardan, yazanlardan çox, Vətən uğrunda yananlardansan. Yanğını poeziya dili ilə ifadə edənlərdənsən".

Doğrudan da Rəfail müəllimin poetik düşüncələri Qarabağ üstündə köklənib. Torpaqlarımız uğrunda gedən döyüşlərin iştirakçısı olan şair, səngərdə başına güllələr yağsa da, yaradıcılığından qalmır. İndiki zamanda da onun yaradıcılığının əsas mövzusu Qarabağdır. Rəfail Tağızadə qaçqınların vaqonlardakı, qaçqın şəhərciyindəki, yol kənarındakı həyatını, qaçqın qəbristanlığını, qaçqın məktəblərini...elə bədii təsvirlə qələmə alıb ki, mən indiyə qədər Qarabağdan bu qədər ağrılı yazan şair, yazıçı tanımıram. Bəlkə var, mən tanımıram.

Bizim kimi ata ocağını itirən Rəfail Tağızadə ürəyindəki kədəri kağıza köçürüb dərdini həmdərdliləri ilə bölüşmək istəyir:

 

A Vətən torpağı,

A Vətən dağı,

Çəkilib sinəmə

Bir Vətən dağı.

 

Vətən həsrəti ilə yaşayan şair yurdundan didərgin düşən körpələr uşaqlar haqqında elə yanıqlı yazır ki, istər-istəməz qaçqın həyatı yaşayanlar keçmiş xatirələrini yada salmalı olurlar. "Vaqonun altından asılan beşik" şeirindəki kövrək notlara nəzər salaq:

 

Vaqonun altından asılan beşik,

İçində körpələr böyüyür indi...

Sonra yazır:

...Yatır mışıl-mışıl ağlamaz, dinməz,

Dünyanın bəxtəvər uşağı kimi...

Şeirin son bənd isə belədir:

 

...Vaqonun altında böyüyən uşaq,

Mənzilə çatmayan vaqon nədi ki?

Sən ordan sallaşıb hələ yatırsan,

Gedə bilmədiyin yurd yerinə sən,

Şirin röyalarda gedib çatırsan.

 

Bu dərdi çəkənlər bilir ki, qızmar günəş altında daldalanmağa kölgə tapa bilməyən, qışın şaxtasında, qarında odsuz-ocaqsız qalan qaçqınların əlləri havadan asılı olur. O, qələmə aldıqlarını öz gözü ilə görüb, bu ağır həyatı yaşayıb. Rahat evindən, məhləsindən uzaq düşüb, meyvə üzünə həsrət qalmış qaçın uşaqlarının halına acıyır. Ona görə   körpələrin-uşaqların gələcək həyatı onu narahat etməyə bilmir. Müəllifin "Qaçqın uşağı" şeirində olduğu kimi:

 

...Küçəsi- səhranın çıxış xətti,

Məhləsi-yardım məntəqəsinin yanı,

Evi-sonuncu çadır,

Yatağı-çadırın küncü-

Qaçqın uşağı...

 

Bu şeiri oxuyan biologiya elmləri namizədi, ehtiyatda olan zabit Təvəkkül İsgəndərov Rəfail Tağızadə haqqında belə yazır: "Vaqonlarda dünyaya göz açan, çadırlarda böyüməkdə olan Qarabağlı körpələrin gələcəyi şairin qəlbini ağrıdır, bu dərdi qulaqardına vuran şərəfsizləri qamçılayır...".

Rəfail Tağızadənin şeirlərində, poemalarındakı Vətən nisgili, yurd həsrəti qabarıq şəkildə oxucunu özunə cəlb edir. Şair təmtəraqlı misralardan uzaqdı. Görüntü xatirinə gəlişi gözəl sözlərdən qaçır. Gözəl poetik düşüncələri, - deyimləri var. O qədər sadə yazır ki, hər misrası tez yadda qalır.

 Müəllifin "Qarabağa yağan yağış" şeirində belə bir ovqatla rastlaşırıq:

 

Yağışa hamilə bulud...

 

Bu sadəliyi müəllifin özündə görmək çətin deyildir. Onun üzünün nuru yazdığı şeirlərinə hopub. Rəfail müəllim çox səmimi bir insandır. Onun səmimiliyi yuxarıda qeyd etdiyimiz kimi şeirlərindən duyulur. Əslində istər şairin, istərsə yazıçının əsərlərini diqqətlə oxuyanda müəllifin dünyasını qismən tanımaq olur.

 

Döyüşdən keçən

Şairin şeirləri...

 

Rəsul Rza mükafatına layiq görülmüş şair Rəfail Tağızadə qanlı-qadalı, əzablı cəbhə günlərini yaşayıb. Səngərdə gördüklərini, şəhidlərimizin ruhlarını, ayağını, qolunu itirmiş Qarabağ qazilərinin obrazlarını öz şeirlərində canlandıraraq bu günümüzə, gələcəyimizə çatdırmağa çalışır. Şairin "Qarabağ qazisi haqqında ballada", "çadır şəhərciyi" poemaları, "Döyüşdə kantuziya almış əsgər", "Qarabağ uğrunda şəhid olmuş Sənan Rüstəmovun xatirəsinə", "Şəhid gül", "Şəhid məktubları" sairə şeirləri ağrılı-acılı günlərin xatirələridir. Onu başqa şairlərdən fərqləndirən, Qarabağ mövzusuna sadiqliyidir. Bütün bunlardan sonra cəsarətlə demək olar ki, Rəfail müəllimin Qarabağsız döyünən ürəyi yalnız torpaqlarımız işğaldan azad olunandan sonra sakitləşə bilər.

Doğma kəndi, məhləsi, həyətindəki meyvə ağacları, kənd qəbiristanlığında uyuyan Gözəl nənəsi yuxularından çıxmır. Ona görə oğluna "Güllələ məni, oğlum"- deyə müraciət edir:

 

... Siz bağışlasanız da,

Bağışlamaz məni Vətən.

Yaşamağa yurdun,

Oynamağa yerin yox, oğlum,

Güllələ məni, güllələ,

Qoyma bu günahımla

Qiyamətə qalım...

 

Vətənpərvər şair, ehtiyatda olan zabit kimi yurdunu döyüşlə işğaldan azad etməyə həmişə hazır dayanıb, həmin günü səbirsizliklə gözləyir. Öz günahının oğluna, nəvəsinə qalmağını istəmədiyindən, "çadır şəhərciyi" poemasının sonunu belə tamamlayır:

 

...Qoy yuxum çəkilsin, yuxum yox olsun,

Köçkün öz yurduna çatana kimi,

Həsrətli torpağı bağrına basıb,

Həsrəti gözündən atana kimi.**

 

Əziz qardaşım, tezliklə həsrətini çəkdiyin yurduna qovuşasan! Sənə bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

Məmməd Gürşadoğlu

 

Təzadlar.- 2011.- 13 yanvar.- S.15.